Məhkəmə qərarları › İş №2-2(113)-349/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-349/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-349/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X3 qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 57.144,90 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh fiziki şəxs olan X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 2714-12-16 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Salyan rayon Qarabağlı kəndində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2017-ci il tarixinə İddiaçınə 57.144,90 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə”müqavilənin 3.4cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poet şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1 -ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə xx.xx.2018-ci il tarixli 01İR/13-1284 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən 57.144,90 manat borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 385, 425, 442, 443-cü maddələrinə istinad edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 57.144,90 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iddianın əsassız olduğunu, yazılan borcun qaz sayğacı çıxarıldığı dövr üçün olduğu və hesablamanın düzgün aparılmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkilininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, qaz paylayıcı "İddiaçı" İB ilə istehlakçı X4 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2016-ci il tarixli 2714-12-16 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarından görünür ki, iddiaçı xx xxxx 2018-ci il tarixdə 01İR/13-1284 saylı pretenziya məktubu ilə X3 müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə xx.xx.2017-ci il tarixə Birliyə ödənilməmiş 57.144,90 manat məbləğində debitor borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan abonent X3 məxsus istixananın saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə xx.xx.2017-ci il tarixə qədər 57.144,90 manat ödənilməmiş borcu yaranmışdır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "İddiaçı" İB ilə istehlakçı “X4 arasında xx.xx.2016-ci il tarixdə qazın alqı-satısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək, istehlakçını keyfiyyətli qazla təmin etsə də, istehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixə ödənilməmiş 57.144,90 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, istehlakçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddia tələbi təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. X1 istifadə olunmuş təbii qaza görə yaranmış 57.144,90 (əlli yeddi min yüz qırx dörd ) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.” Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar