Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-38/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X6 cavabdeh X4 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “magistral su xəttinin mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh X5 qarşı, cavabdeh X7 tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı X10 məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri əhalisinin, dövlət, özəl və ictimai obyektlərinin içməli su ilə təchiz edilməsi və axıdılan çirkab suların vaxtında və lazımi qaydada nəql edərək təmizlənib lazımi qaydada axıdılması paytaxtımızın gündəlik həyatı üçün mühüm əhəmiyyətə malikdir. Şəhərin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizhizatını təmin edən magistral su kəmərlərinin, həmçinin axıdılan çirkab suların vaxtında nəql edilərək tam təmizlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Cavabdeh X7 tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı X10 məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində Cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin,”Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Naziriər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. İddiaçının nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin altından keçən su xətti 20-ci əsrin əvvəllərində Bakı şəhərinin Şollar suyu ilə təmin edilməsi üçün çəkilmiş su xəttidir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışında iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsi 1973-cü il tarixdə tikilmişdir və hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə baxışında izahat verərək həmçinin yazılı formada müraciət edərək, iddia tələbinə etiraz etdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkilinin etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh X7 tərəfindən ünvan 1 ünvanında hər hansı özbaşına tikili inşa olunmayıb. Qeyd olunan ünvanda cavabdehin xüsusi mülkiyyətində 70.3 kv.m qeyri-yaşayış sahəsi var. Həmin tikili 1973-cü ildə dövlət tərəfindən inşa olunub və ölkəmiz müstəqillik əldə etdikdən sonra həyata keçirilən özəlləşdirmə proqramı çərçivəsində cavabdeh tərəfindən özəlləşdirilib. Bununla əlaqədar Mehman Məmmədova Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə 005451 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamə verilib. İddiaçının iddia tələbinin hər hansı hüququ əsası yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən magistral su kəmərinin üzərində və mühafizə zonasında özbaşına tikili inşa etdiyini və bununla da onun "Su təchizatı və tullantı suları haqqında" qanunun 70-ci maddəsinin tələblərini pozduğunu bildirir və həmin tikilinin Mülki Məcəllənin 180-ci maddəsinə əsasən sökülməsini tələb edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdehə məxsus qeyri-yaşayış sahəsi onun tərəfindən deyil, 1973-cü ildə tam qanuni əsaslarla dövlət tərəfindən inşa olunub. Bundan başqa cavabdeh həmin qeyri-yaşayış sahəsini tam qanuni əsaslarla özəlləşdirmə yolu ilə əldə edib və onun mülkiyyətçisidir. Bu fakt məhkəməyə təqdim olunan qeyriyaşayış sahəsinin mülkiyyət hüququ haqqında şəhadətnaməsinin və texniki pasportunun surəti ilə təsdiq olunur. Mülki Məcəllənin 180-ci maddəsindən göründüyü kimi yalnız özbaşına tikililər müvafiq məhkəmə qərarı ilə sökülə bilər. Mülkiyyətdə olan daşınmaz əmlakın dövlət tərəfindən alınması isə müstəsna hallarda olmaqla başqa qanunvericilik normaları ilə tənzimlənir. İddia ərizəsində boru kəmərinin neçə metrinin qeyri-yaşayış sahəsinin altında olması, tikilinin neçə kv.m-nin su kəmərinin mühafizə zonasına düşməsi ilə bağlı hər hansı məlumat göstərilməyib və ümumiyyətlə cavabdehin qeyri-yaşayış sahəsinin altından və ya yaxınlığından su boru kəmərinin keçməsinə dair məhkəməyə hər hansı əsaslı sübutlar təqdim olunmayıb. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısından avtomobil yolu keçir. Qeyri- yaşayış sahəsinin altından və ya yaxınlığından magistral su kəməri keçdiyi təqdirdə, həmin su kəmərinin tikinti altına düşən hissəsinin cəmi 2-3 m qarşıya çəkilməsi və avtomobil yolunun altı ilə aparılması mümkün olduğu halda cavabdehin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsinin zəruriliyi iddia ərizəsində əsaslandırılmayıb. İddiaçının M.Məmmədovun mülkiyyətində olan tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmaq kimi subyektiv hüququ yoxdur. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" xx.xx.2012-ci il tarixli qanunun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək AR Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilib. Beləliklə, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan "İddiaçı" ASC-nin cavabdehin mülkiyyətində olan tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ və səlahiyyəti yoxdur. Hazırkı iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması məsələsi mübahisəlidir. İddia ərizəsinə əlavə olunan sənədlər arasında "İddiaçı” ASC-nin Nizamnaməsi olmadığından, həmin cəmiyyətin İdarə heyətinin sədrinin öz səlahiyyətlərini Hüquq Departamentinin rəisinə ötürmək hüququnun olub-olmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan İddiaçı ASC-nin “Bakı Sukanal” İdarəsinin rəisinin (Habil Quliyev) ünvan 1 ünvanında inşa edilmiş tikilinin sahibi X5 ünvanladığı xx.xx.2017-ci il tarixli Xəbərdarlıq məktubuna əsasən, X3 özbaşına inşa etdiyi tikilinin sökülməsi və sözügedən magistral su kəmərinin üzərinin və mühafizə zonasının boşaldılmasını təmin etməyi tələb edilmiş, əks təqdirdə İcra Hakimiyyəti orqanları və ya məhkəmə vasitəsi ilə özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi həyata keçirilərək və bununla bağlı çəkilmiş bütün xərclər əlavə xərclərin X3 tələb olunacağı bildirilmişdir. “Bakı Sukanal” İdarəsinin Magistral xətlərə və Kollektorlara texniki nəzarət sahəsinin rəisi Qəhrəman Əhmədovun, həmin sahənin mühəndisi Fuad Əbilovun və Firdovsi Nəcəfovun iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Mühafizə zonasının pozulması barədə” Akta əsasən İddiaçı ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin Nəsimi rayonu, N.Vəzirov küçəsi 1 ünvanından keçən hissəsində xəttin üzərində və mühafizə zonasında özbaşına tikinti işləri aparılıb. Həmin tikili X5 məxsusdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə 005451 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 70,3 kv.m qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə 005452 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 60,0 kv.m qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın X1 və Obyektin xx.xx.2003-cü il tarixdə tərtib olunmuş 005557 nömrəli Texniki Pasportuna əsasən ünvan 1 ünvanında yerləşən 90 saylı mağaza 1973-cü ildə tikilmişdir, tikinti altı sahə 143,8 kv.m, ümumi sahə 130,3 kv.metrdən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12073 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, baxış zamanı tədqiq olunan obyektin yerləşdiyi ərazidən diametri 700 mm olan yeraltı su kəməri keçdiyi müəyyən edilmişdir. Lakin su kəmərinin digər hissələri torpağın altında olduğundan və kəmərin çəkilməsinə dair layihə sənədləri iş materiallarında olmadığından, həmin kəmərin konkret olaraq hansı istiqamətdə çəkildiyini və tədqiq olunan obyektin altından keçdiyini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı ASCnin sökülməsini tələb etdiyi tikili ilə X5 məxsus olan xx.xx.2005-ci il tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə qeydiyyata alınan tikilinin eyni obyekt olduğu və mübahisəli tikilinin xx.xx.2005-ci il tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə əhatə olunan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək huquqlarına malikdirlər. Həmin Qanunun 70-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunnun 1.0.1-ci maddəsinə görə hidrotexniki qurğu – su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, limanlar, gəmiburaxan şlüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə hidrotexniki qurğunun təhlükəsizliyi – hidrotexniki qurğunun qəzaya uğraması və zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən insanların həyatının, sağlamlığının, əmlakının, ətraf mühitin və təsərrüfat obyektlərinin mühafizəsini təmin edən xüsusiyyətləri. Həmin Qanunun 13.1-ci maddəsinə görə hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 13.2-ci maddəsinə gör hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır: - (maddə 13.2.5) qurğulara maneəsiz baxış keçirmək, təhlükəsizliyi barədə materiallarla tanış olmaq və texniki nəzarəti təşkil etmək; - (maddə 13.2.7) qurğuların yerləşdiyi ərazilərdən, çayların məcralarından, digər sututarlardan və onlara bitişik ərazilərdən (suqoruyucu zonalar yerləşən torpaq sahələri istisna olmaqla) istifadə olunmasını razılaşdırmaq; - (maddə 13.2.9) çayların məcralarında, sututarlarda, onlara bitişik sahələrdə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq, yaxud məhdudlaşdırmaq; - (maddə 13.2.10) qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq. Qeyd olunmalıdır ki, «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Fərmanının 6-cı bəndinə görə həmin Qanunun 13.1-ci, 14.2-ci, 14.3cü və 14.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı X9 Nizamnaməsinin 3.1-ci bəndinə görə Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. Həmin Nizamnamənin 3.2-ci bəndinə görə Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Həmin Nizamnamənin 3.3-cü bəndinə görə bu məqsədlə Cəmiyyət suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir, tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə76.2). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı tərəfindən istinad edilən kimi mübahisəli qeyri-yaşayış sahəsi qanunsuz tikili deyil, xüsusi mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olduğundan, həmçinin həmin qeyri-yaşayış sahəsinin texniki pasporta əsasən 1973-cü il tarixdə tikildiyi, iddiaçının qeyd etdiyi su xəttinin isə 20-ci əsrin əvvəllərində Bakı şəhərinin Şollar suyu ilə təmin edilməsi məqsədilə çəkildiyini nəzərə alaraq iddia əsassızdıdır və rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş təbəblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia qaldırılarkən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh X5 qarşı «magistral su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi, magistral su kəmərinin sanitar mühaifizə rejiminin təmin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və iddia qaldırlarkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə digər məhkəmə xərcləri mövcud deyil. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ”İddiaçı” ASC-nin cavabdeh X5 qarşı «magistral su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi, magistral su kəmərinin sanitar mühaifizə rejiminin təmin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verilən gündən 1 ay müddətində 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-38/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-38/2020
12.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver