Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-41/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Baman qızının katibliyi ilə, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məmmədov Rövşən Binnət oğlunun cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinə qarşı cavabdehin xx xxxxx 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodayanacaqda yerləşən kafedə tətbiq etdiyi 8835,25 manat cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinəaçıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin xx xxxxx 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodayanacaqda yerləşən kafedə tətbiq etdiyi 8835,25 manat cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehin əməkdaşları iddiaçının kafe-çayxana kimi işlətdiyi Müşfiqabad qəsədəsində yerləşən obyektə daxil olaraq, heç bir əasas olmadan akt tərtib etmiş, 8.835.25 manat cərimə yazmış, obyektə gələn elektrik xəttini kəsərək işi dayandırmışlar. İddiaçı rəsmi qeydiyyatdan keçməklə qanuni fəaliyyət göstərir və ona ********** nömrəli VÖEN verilmişdir. İddiaçı sahibkarlıqla məşğul olduğuna görə obyektə verilən elektrik xəttinin xəbərdarlıq edilmədən kəsilməsi nəticəsində ona xeyli miqlarda maddi ziyan dəymişdir. Cavabdehin iddiaçıya təqim etdiyi xx.xx.2017-ci il tarixli hesab ödəniş vərəqəsindən görünür ki, ƏDV-də daxil olmaqla 69.12 manat borcu vardır. Lakin bu tarixdən 21 gün sonra iddiaçıya təqdim edilmiş hesab ödəniş vərəqəsində isə qalıq borcu 8.835.25 manat göstərilmişdir. Göründüyü kimi cavabdeh heç bir əsas olmadan iddiaçıya borc hesablamış və akt tərtib etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli Aktı imza etməmiş, akta kim tərəfindən imza edilməsi iddiaçıya məlum deyildir. Akt iddiaçıya qaydalara uyğun təqdim edilməmiş, elektrik xəttinə heç bir müdaxilə edilməmişdir. Akta göstərilən məbləğ dəfələrlə şişirdilmiş, hətta aktda göstərilənlər həqiqət olsa idi belə, bir neçə lampa və xırda avadanlıq fiziki olaraq bu qədər sərfiyyat edə bilməzdi. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, kənar xətt olmuş, sayğaca müdaxilə edilmiş və s. Beləliklə mübahisələndirilən Akt xx.xx.2017-ci il tarixində tərtib və təsdiq edilibsə, onda həmin akta əsasən bir gün əvvəl tarixə, yəni xx.xx.2017-ci il tarixinə icra vərəqəsini necə və nəyin əsasında tərtib ediblər. Ona görə də həmin akt saxta olduğuna görə etibarsız hesab olunmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının obyektinə baxış keçirilmiş, enerji avadanlıqları və sxemi yoxlanılmışdır. Baxış zamanı sayğacın alt və üst qapağındakı möhürlərə müdaxilə olunduğu aşkar olunmuşdur. Sayğac demontaj olunmuş və təzə sayğac quraşdırılmışdır. Sayğac dəyişdirildikdən sonra iddiaçının elektrik sərfiyyatı 3 dəfə artmışdır. İddiaçıya məxsus obyektdə keçirilmiş yoxlama reyestrdə qeydə alınmamışdır. Çünki cavabdehin əməkdaşları obyektin fəaliyyətini deyil, öz cihazlarını yoxlayır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, Məmmədov Rövşən Binnət oğlu xx xxxxx 2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. xx xxxxx 2017-ci il tarixli NDQ seriyalı 003041 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı obyektə məxsus elektrik sayğacının dövlət və alt qapaq möhürlərində müdaxilə izləri, sayğac sxemindən kənar xəttin çəkilməsi aşkar edilmişdir. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ 003041 saylı akta əsasən xx xxxxx 2017-ci il tarixdə 1558,68 manat, xx xxxxx 2017-ci il tarixdə 3060,26 manat və xx xxxxx 2017-ci il tarixdə 4134,24 manat, cəmi 8753,18 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və obyektə məxsus elektrik sayğacının dövlət və alt qapaq möhürlərində müdaxilə izləri, sayğac sxemindən kənar xəttin çəkilməsi aşkar olunaraq xx xxxxx 2017-ci il tarixli NDQ seriyalı 003041 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 003041 saylı akta əsasən xx xxxxx 2017-ci il tarixdə 1558,68 manat, xx xxxxx 2017-ci il tarixdə 3060,26 manat və xx xxxxx 2017-ci il tarixdə 4134,24 manat, cəmi 8753,18 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 8835,25 manat deyil, 8753,18 manat borc hesablanmışdır ki, bu halda məhkəmə hesab edir ki, 8753,18 manat borc silinməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin xx xxxxx 2017-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodayanacaqda yerləşən kafedə tətbiq etdiyi 8753,18 manat cərimənin silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (8753,18 manat) iddia tələbinin (8835,25 manat) 99 faizini təşkil etdiyini nəzərə alaraq, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 29,7 manat məbləği cavabdehdən, qalan 0,3 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azərişıq” açıq səhmdar cəmiyyətinin Məmmədov Rövşən Binnət oğluna məxsus Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodayanacaqda yerləşən kafedə tətbiq etdiyi 8753,18 manat cərimənin silinməsi vəzifəsi “Azərişıq” açıq səhmdar cəmiyyətinin üzərinə qoyulsun. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 29,7 manat məbləği “Azərişıq” açıq səhmdar cəmiyyətindən, 0,3 manat məbləği isə Məmmədov Rövşən Binnət oğlundan tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-41/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-41/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver