Məhkəmə qərarları › İş №2-2(113)-45/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-45/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-45/2020 19.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 69336 manat borc məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü mаddəsinə əsasən ərizə təqdim edərək əsassız hesablanmış 84599,99 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehxxxx“İddiaçı MMC-yə xx xxxxxx 2018-ci ıl tarixli məktub ünvanlanmış və həmin məktubda qeyd edilmişdir ki, iddiaçının cavabdehə 69336 manat məbləğində dəymiş ziyana görə əlavə borcu mövcuddur. Daha sonra məktubda Cavabdeh ASC əməkdaşları tərərfindən tərtib edilmiş akta və ona uyğun olaraq hesablanmış ********* nömrəli hesab fakturaya əsaslanmışlar. Bununla bağlı dəfələrlə cavabdehin nümayəndələrinə borc məbləğinin düzgün hesablanmaması barədə iradlar bildirilsə də, bunun heç bir xeyri olmamışdır. Hesablanmış borcun heç bir əsası yoxdur və formal olaraq yazılmış borc kimi cavabdehin hesabat sistemində qalmışdır. İddiaçının şəxsi hesab vərəqəsində borc məbləği 84599,99 manat yazılmışdır. Bu məbləğ də formal və heç bir əsası olmadan şəxsi hesab vərəqəsinə yazılmışdır. Artıq 3 ildir ki, su sərfiyyatı üzrə ödəniş əvvəlcədən karta yükləməklə nagd qaydada ödənilir. Bundan əlavə cavabdeh təşkilatın əməkdaşları iddiaçının iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər etməklə su təhcizatının normal işləməsinə maneələr yaradır və bununla bağlı iddiaçıya əsassız xəbərdarlıqlar etməkdədirlər. Ona görə hazırda məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, 69336 manat borc iddiaçıya akt əsasında hesablanmış borcdur, iddia tələbinin qalan hissə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, sadəcə həmin məbləğ tam olaraq iddiaçının şəxsi hesab vərəqəsindən silinmədiyi üçün borc kimi qalmışdır. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, sayğac zirzəmidə olmuşdur. Həmin sayğac oradan çıxarılarkən İddiaçı MMC-nin bir neçə nümayəndəsi orada iştirak etmişlər. Sayğacın çıxarılmasına səbəb ona vizual baxış keçirilərkən sayğaca müdaxilənin ola bilməsi ilə bağlı əsaslı şübhələrin olması olmuşdur. Sayğac çıxarılarkən İddiaçı MMC-nin direktoru X7 orada görməmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, sayğaca laboratoriyada baxış keçirilən zaman rəyin verilməsində iştirak etmişdir. Sayğaca laboratoriyada baxış keçirilən zaman onun üzərində möhürlərin olmadığı aşkar olunmuşdur. Bir qayda olaraq sayğac çıxarılarkən həmin gün laboratoriya gətirilir. Lakin sayğac çıxarılan zaman İddiaçı MMC-nin nümayəndəsi tərəfindən aktın imzalanmasından imtina edildiyindən sayğacın həmin gün laboratoriyaya gətirilməsi mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, sayğac iki hissədən ibarət olur. Mexaniki hissə və elektron hissə. Elektron hissədə hər hansı səbəbdən texniki nasazlıq ola bilir. Mexaniki hissədə olan möhürlər isə yox idi. Buradan da görünür ki, sayğaca müdaxilə edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC ilə İddiaçı MMC arasında xx.xx.2015-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 094764 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı MMC-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı MMC isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə məlumata əsasən 49949687 nömrəli sayğacın çıxarılaraq laboratoriyaya göndərildiyi, xəttin birbaşa qoşulduğu və ünvana 00200237 nömrəli sayğacın quraşdırıldığı müəyyən edilir. Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi Suölçən X1 xx.xx.2018-ci il tarixli, 49687/0031756 nömrəli rəyinə əsasən 49949687 nömrəli sayğacın hesablama mexanizminə müdaxilə aşkar olunduğu və onun təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Cavabdeh ASC-nin 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktla müəyyən edilir ki, xx.xx.2018ci il tarixdə saat 15:30-da İddiaçı MMC-nin 49949687 nömrəli su sayğacı çıxarılmışdır. 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli inventarizasiya aktı ilə müəyyən edilir ki, 49949687 nömrəli su sayğacı çıxarılaraq yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi xx.xx.2018-ci il tarixli, 01/01-3-01- 528 nömrəli məktubla İddiaçı MMC-yə müraciət edərək 5 gün ərzində suölçən cihazın dəyərinin ödənilməsini və onun su xəttinin giriş nöqtəsində yerləşdirilməsi üçün görüləcək işlərə şərait yaradılmasını xahiş etmiş, əks halda su təchizatının dayandırılacağı barədə xəbərdarlıq etmişdir. Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi xx.xx.2018-ci il tarixli, 01/01-3-01- 523 nömrəli məktubla İddiaçı MMC-yə müraciət edərək tərtib edilmiş akta və ona uyğun olaraq hesablanmış ********* nömrəli hesab fakturaya əsasən 69336 manat məbləğində dəymiş zərərə görə borcun olduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixli, HS seriyalı, 637457 nömrəli elektron vergi hesab-fakturasından görünür ki, İddiaçı MMC-yə çirkab suyuna görə 34668 manat, içməli suya görə 34668 manat olmaqla, cəmi 69336 manat borc hesablanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh ASC-nin 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli inventarizasiya aktının sonunda “1.Abonent (və ya nümayəndəsi)” qrafasında “F.Əliyev” sözünün qarşısındakı imzanın X11 tərəfindən icra olunmasını və Cavabdeh ASC-nin 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktın sonunda “Aktın doğruluğunu öz imzamızla təsdiq edirik:” sözlərindən aşağıda “3.” rəqəminin qarşısında imza sözünün üstündəki imzanın X11 tərəfindən icra olunmasını müəyyən edilməsi üçün ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30768 saylı ekspert rəyi ilə Cavabdeh ASCnin 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktın sonunda “Aktın doğruluğunu öz imzamızla təsdiq edirik:” bölməsində “3.” rəqəminin önündəki imzanın X11 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-89/2017 saylı qətnaməsi ilə Cavabdeh ASC tərəfindən hesablanmış 16103,66 manat pul məbləğinin İddiaçı MMC-nin şəxsi hesabından silinməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, 69336 manat borcun silinməsinə dair iddia təmin olunmalı, iddia tələbinin 15263,99 manat borcun silinməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə baxış keçirilən zaman Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış 49949687 nömrəli su sayğacının işləmədiyi müəyyən edilmiş, sayğac yoxlanılması üçün çıxarılaraq laboratoriyaya göndərilmiş və bu barədə akt tərtib edilərək imzalanmışdır. xx.xx.2018-ci il tarixdə sayğac laboratoriyada yoxlanılan zaman sayğacın hesablama mexanizminə müdaxilə aşkar olunduğu və onun təmirə və istismara yararsız olduğu müəyyən edilmiş və bu barədə 49687/0031756 nömrəli rəy verilmişdir. İddiaçı MMC-nin direktoru X11 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktın onun iştirakı olmadan tərtib olunduğunu və həmin aktdakı imzanın onun tərəfindən icra olunmadığını bildirmişdir. İş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30768 saylı ekspert rəyi ilə Cavabdeh ASC-nin 09/03567 nömrəli xx.xx.2018-ci il tarixli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair aktın sonunda “Aktın doğruluğunu öz imzamızla təsdiq edirik:” bölməsində “3.” rəqəminin önündəki imzanın X11 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda və laboratoriya rəyində sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 69336 manat borc hesablanmışdır və məhkəmə hesab edir ki, həmin borc silinməklə iddia təmin edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat pul məbləği (ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 122 manatdır) Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 69336 manat məbləğində borc İddiaçı şəxsi hesabından silinsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat pul məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar