Məhkəmə qərarları › İş №2-2(113)-55/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-55/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-55/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “İddiaçı” MMC-nin nümayəndəsi, Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh ASC-yə qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 7-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində "İddiaçı" MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan 13112 manat dəyərində məhsullara, "Cavabdeh" ASC-nin Bakı şəhəri Xətai rayon Su idarəsinin fəaliyyətsizliyi üzündən zərər vurulması, həmin zərərin əvəzinin onlar tərəfindən ödənilməsi və ödənilən dövlət rüsumun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 08:00 radələrində "İddiaçı" MMC-nin anbardarı Cahangir Məmmədov işə gəldikdə müəyyən etmişdir ki, ünvan 1 ünvanının birinci mərtəbəsində yerləşən, "İddiaçı" MMC-nin icarəyə götürdüyü anbarına üst qatda olan mənzildən, yəni 2-ci mərtəbədən su axaraq orada olan və MMC-yə məxsus və satış üçün nəzərdə tutulan şirniyyat məhsullarının, makaronların, şərab məhsullarının üzərinə axaraq onları satış üçün yararsız vəziyyətə salmışdır. Qəza baş verdiyi müəyyən olunduğu vaxt anbarın üst qatında yerləşən mənzilin sahibi Elnur anbardara yaxınlaşaraq qəzanın səhər saatlarında baş verdiyini, 2-ci mərtəbədə yerləşən mənzilinin şaxtasında olan su borusu qırılaraq suyun yüksək təzyiqlə mənzilin içərisinə axdığını bildirmişdir. Daha sonra həmin gün səhər saat 06:55 radələrindən "Cavabdeh" ASC-nin qaynar xəttinə qəza ilə əlaqədar məlumat verdiyini, lakin qəza xidmətinin ancaq 07:45 radələrində gəldiklərini və suyu mərkəzdən qapatdıqlarını bildirmişdir. Daha sonra hadisə yerinə qəza xidməti şöbəsinin rəis müavini əməkdaşları ilə gələrək hadisə yerinə baxış keçirib qəzanın törətdiyi fəsadların fotoşəkillərini çəkdilər. Ana xətdən gələn boru istismar müddətini çoxdan bitirdiyindən tamamilə çürümüş və dəfələrlə sakinlər tərəfindən müracətlər olsa da, Xətai su idarəsi tərəfindən heç bir tədbir görülməmiş istismar müddəti keçmiş su boruları dəyişdirilməmişdir, bunun da nəticəsində qəza baş vermişdir. Baş verən qəzanın anbarda törətdiyi fəsadların nəticəsini müəyyən etməkdən ötrü "İddiaçı" MMC-nin icra direktoru Kamal Səfərovun, baş mühasib Rəsmiyyə Sərdarovanın, qonşuluqda yerləşən "xxxxxxxxxxxxxx" MMC-nin insan resursları şöbəsi Gülşən Musayevanın, anbardar Cahangir Məmmədovun, “xxxxxxxxxxxxxx” MMC-nin təftişçisi Yalçın Rəhimovun və qonşu Qorxmaz Əhmədovun iştirakı ilə qəzanın vurduğu ziyanın hesablanması ilə əlaqədar akt tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Tərtib edilən akta qəza ximəditinin rəis müavini və onun əməkdaşlarına təklif edilsə də, onlar imza etməkdən imtina etdilər. Akta əsasən vurulan ziyanın (ərzaq, içki və şirniyyat məhsullarının) məbləği toplam olaraq 13092 manat müəyyən edilmişdir. Dəyən ziyanın rəsmi qaydada müəyyənləşdirilərək qiymətləhdirilməsindən ötrü "İddiaçı" MMC Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinə müraciət edilmişdir. Birlik öz növbəsində yerində müəyyənləşdirmə apararaq xx xxxxxxx 2018-ci il tarixdə 30 saylı məsləhət aktı tərtib etdi və həmin akta əsasən dəyən ziyan təsdiqlənərək 13112 manat müəyyənləşdirildi. M.Hadi küçəsi 7 ünvanında yerləşən binanın sakinlərinin dəfələrlə etdikləri müraciətlərə baxmayaraq, Xətai rayon su idarəsi binanın su təhcizatında istismar müddəti ötmüş boruları vaxtında dəyişdirərək təzələmədiyi ucbatından çürümüş su borusu gündəlik gələn təzyiqə dözməyərək bitişikdən qırılmış və nəticədə ətrafa dağılan su fəvvarəsi "İddiaçı" MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan məhsullarının üzərinə tökülərək onları daxildən və üzdən yararsız vəziyyətə salmışdır, ona görə də "İddiaçı" MMC-yə dəyən zərərin əvəzini "Cavabdeh" ASC-nin Bakı şəhəri Xətai rayon Su İdarəsi ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı” MMC-nin nümayəndəsi, Nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, sözügedən məsələ ilə bağlı Cavabdeh ASC heç bir məsuliyyət daşımır, Cavabdeh ASC-nin məsuliyyəti yalnız sayğacla bağlıdır və yalnız sayğaca qədər olan xəttlərə görə məsuliyyət daşıyır, həmin ana xətt sayğacdan sonra yerləşir, qəzanın baş verməsinə səbəb boruların paslanması olmuş, eyni zamanda həmin binalar mənzil istismar kommunal sahələrinin nəzarətində olduğu üçün onların balansındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ASC-nin Xətai rayon X4 və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəis müavini X2 ifadəsində göstərmişdir ki, onlar hadisə yerinə gələn zaman suyun anbarın içərisindən üzəri bağlanmış xətdən axdığını, qəzayla bağlı ona ərazi üzrə ustanın xəbər verdiyini, suyun 2-ci mərtəbədən axdığı ona bildirilmiş və 2-ci mərtəbəyə baxış keçirərkən suyun ordan axmadığını və həmin mənzili su basmadığını müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş: xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 348 m2-lik qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1000 manat olmaqla, icarə obyektinə vurulan hər cür ziyana görə cavabdehliyi daşımağı icarəçi («İddiaçı» MMC) öhdəsinə götürmək şərti ilə xx xxxxxx 2021-ci il tarixinə qədər «İddiaçı» MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2018-ci ildə «İddiaçı» MMC-nin müvafiq rəhbər vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, yaşayış binasının (1-ci mərtəbəsində yerləşən) anbarına yuxarıdan müxtəlif yerlərdən su axır və subasma nəticəsində anbardakı mallar (müxtəlif adda ərzaq, şirniyyat və şərab məhsulları) yararsız hala düşərək «İddiaçı» MMC-yə ümumilkdə 13092 manat məbləğində ziyan dəymişdir. Sözügedən akta əlavə olaraq xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 305 nömrəli məsləhət aktından görünür ki, aparılmış ekspertiza nəticəsində siyahıda göstərilən örtülü anbar şəraitində saxlanılan «İddiaçı» MMC-yə məxsus müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları həmin ünvanda axıdılan suyun təsirindən ilkin əmtəə görünüşlərini, keyfiyyətlərini itirərək satış və öz təyinatları üzrə istifadə üçün yararsız hala düşmüşlər. Azərbaycan Respubliakası Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 01-02/1-01/190 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su xəttinin dik dayaqları Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunur və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları xidmət göstərir. Həmin binanın zirzəmisində fəaliyyət göstərən «İddiaçı» MMC tərəfindən dik dayağın zirzəmidən keçən hissəsinin qarşısı bağlandığı üçün həmin hissəyə xidmətin göstərilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respubliakası Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019cu il tarixli, 66 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının o cümlədən, dövlət mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 345s saylı, xx.xx.2012-ci il tarixli sərəncamı ilə Cavabdeh ASC-nin balansına verilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, 17243 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, “Azərekspertiza” Birliyinin xx xxxxxxx 2018-ci il tarixli, 305 saylı aktda göstərilən müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsullarının hazırda orta bazar qiymətləri nəzəri qaydada təxminən 13092 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 120 manatdır. xx xxxx 2020-ci il tarixli, 2269/70 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş borunun tədqiqatı zamanı müəyyən edilmiş faktiki halları, eləcə də su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməklə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsinin təmin edilmədiyini nəzərə alaraq, qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istismarı nəticəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozulması nəticəsində baş verə bilərdi. İş materiallarında olan məlumatlara əsasən, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su dirəklərinin Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunduğu və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xidmət göstərildiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3-cü maddəsinə əsasən idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5-cü maddəsinə əsasən dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 328 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin strukturunun 2.3-ci bəndinə görə Xətai rayon Sukanal İdarəsi "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin aşağıdakı bəndlərinə əsasən: 3.2. cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 3.3. Bu məqsədlə Cəmiyyət: 3.3.1. suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; 3.3.2. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.3. tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir; 3.3.4. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasə hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinin 1-ci hissəsinə əsasən kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır: a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi; s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin 1-ci bəndinə görə su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndistexniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: 2.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək və s. “Sudan istifadə Qaydaları”nın: 5.1.8-ci bəndinə görə STKM-in balansında olan STTSAS-da (su təchizatı və tullantı sularının axıdılması sistemlərində) baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüququdur. 9.9-ci bəndinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri, o cümlədən ekspert rəylərini məcmu halda qiymətləndirən məhkəmə aşağıdakı nəticəyə gəlmişdir. İcarə əsasında «İddiaçı» MMC-nin istifadəsində olmuş ünvan 2 ünvanında yerləşən 348 m2-lik qeyri-yaşayış sahəsində xx xxxxxxx 2018-ci il tarixdə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilmədiyindən qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istismarı nəticəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozulması nəticəsində baş vermiş, suyun axması nəticəsində müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları yararsız hala düşmüş və orta bazar qiymətləri ilə müəyyən edilmiş qaydada «İddiaçı» MMC-yə ümumilkdə 13092 manat məbləğində ziyan dəymişdir. ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su dirəkləri Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunur və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xidmət göstərilir. Həmin su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli, su təchizatı və kanalizasiya sistemləri və qurğuları lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilməli olduğu halda STKM (Xətai rayon Sukanal İdarəsi) balansında olan, həmçinin əmlakı hesab olunan həmin su təchizatı və kanalizasiya sistemləri və qurğuları ilə bağlı yuxarıda sadalanan vəzifə öhdəliklərini yerinə yetriməmiş və nəticədə onların təqsiri üzündən istehlakçıya ziyan dəymişdir. Xətai rayon Sukanal İdarəsi "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilat olduğundan öhdəliklərini yerinə yetirmədiyi üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 7-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində "İddiaçı" MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan yararsız hala düşmüş müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsullarına görə, dəyəri orta bazar qiymətləri ilə müəyyən edilmiş, dəymiş ziyan kimi ümumilkdə 13092 manat (ekspert rəyinə əsasən) pul “Cavabdeh" ASC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 99,85%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 99,85%-i, yəni 29,95 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 220 manat məbləğində pulun 219,67 manatı “Cavabdeh" ASC-dən, 0,33 manatı isə "İddiaçı" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 7-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində "İddiaçı" MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan yararsız hala düşmüş müxtəlif çəkilərdə, sayda olan məhsulların ümumi dəyərinin əvəzi 13092 manat və dövlət rüsumu kimi ödənilmiş 29,95 manat məbləğində pul “Cavabdeh" ASC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 220 manat məbləğində pulun 219,67 manatı “Cavabdeh" ASC-dən, 0,33 manatı isə "İddiaçı" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar