Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1612/2024 12.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli 048221 nömrəli protokol əsasında qanunsuz hesablanmış 4682,37 manat məbləğində borcun onun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon, Qədimqala kənd ərazisində bir qrup şəxs tərəfindən subartezian quyusu qazılmış, "xxxx" ASC tərəfindən həmin subartezian quyusunun elektrik enerjisi ilə təmin edilməsi üçün tərəflərindən ASC-yə müraciət edilmişdir. "xxxx" ASC-nin TŞ-22/308 nömrəli, xx.xx.2022-ci il tarixli texniki şərtləri tərəflərindən tam yerinə yetirilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən subartezian quyusunu elektrik enerjisi ilə təmin edilməsi üçün güc transformatoru quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin güc transformatorunun qoruyucu üzlüyünün daxilində elektrik enerjsinin istifadəsi ilə bağlı onun adına sayğac quraşdırılmışdır. Güc transformatorunda olan yüksək gərginlik səbəbindən orada yüksək dərəcədə yaranmış istilik səbəbindən transformatorun qoruyucu üzlüyünün daxilində quraşdırılmış sayğac yanmışdır. Bundan sonra "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman onun iştirakı, hal şahidlərinin iştirakı təmin edilməmiş və ona əsassız olaraq, 4682,37 manat cərimə hesablanmışdır. O, istehlakçı olaraq sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır və akt qanunsuzdur. Odur ki, əsassız hesablanılmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(076)-1863/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbi” dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğacı transformatorun içinə quraşdırmışlar. Arteziana quraşdırılmış sayğac təxminən iki gün işlədikdən sonra yanmışdır. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunmuşdur və ona yeni sayğacın quraşdırılacağı bildirilmişdir. Sayğac quraşdırıldıqdan sonra bizə cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, sayğac 17 iyun 2022-ci il tarixdə quraşdırılıb və 27 iyul 2022-ci il tarixdə sayğacın yanması barədə akt tərtib olunub. Sayğac yandığına görə qeyd edilən borcun səbəbini müəyyən etmək olmur. Mütəxəssislərin dediyinə görə, sayğacda qısaqapanma olub, itirilmiş enerjinin bərpası ilə bağlı hesabat aparılıb və borc hesablanıb. Qarşı tərəf ödəniş etdiyini deyir və abonentin saldosundan da görünür ki, 5501,31 manat borc yazılıb. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli № 048221 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğac yanmış və istismara yararsız hala düşmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, 20133 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 4682,37 manat məbləğində cərimə hesablanmışdır. İcra vərəqəsindən göründüyü kimi sayğac tam yandıqdan sonra aktlaşdırılmış və 74 gündən sonra xx.xx.2022-ci il tarixdə z/№ ********* nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 148932 nömrəli protokoldan görünür ki, sayğac tam olaraq yanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sayğac yanaraq yararsız vəziyyətə düşmüş və bunun nəticəsində ona cavabdeh tərəfindən akt üzrə borc hesablanmışdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının mütləq şəkildə enerji sərfiyyatı olmuşdur. Lakin ona cavabdeh tərəfindən ona akt əsasında 74 gün müddətinə borc hesablanmışdır. Hansı ki, “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Hazırki hüquq münasibəti də sayğacın yanması nəticəsində yaranmışdır. Bu hal məhkəmə tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan baş verən hal-hesab edilir. Belə olan halda da elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Lakin icra vərəqəsi əsasından 74 gün müddətinə hesablama aparılmışdır. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli 013863 nömrəli akt əsasında tərtib olunmuş 10 noyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, abonentin kompüter məlumat bazasına daxil edilməmiş 29156 kvts enerji sərfiyyatının nəzərə alınması qərara alınmışdır. İş materialları ilə sübut olunur ki, iddiaçıya xx.xx.2022-ci il tarixində sayğac quraşdırılmışdır. Həmin sayğacın quraşdırılmasından 49 gün sonra cavabdeh tərəfindən 29156 kvts enerji sərfiyyatının olması qərara alınmışdır. Məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünü tapmaq üçün analoji olaraq 10 noyabr 2022-ci il tarixli icra vərəqəsi əsas götürülməlidir. 29156 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla 49 gün üçün enerji sərfi 3207,16 manat təşkil etmişdir. Bunu əsas götürərək 1 günə düşən enerji sərfini hesablasaq, həmin məbləğ 65,45 manat təşkil edər. Qanunvericiliyin tələbinə görə, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı olduğundan 30 gün üçün hesablaşma 1963,50 manat təşkil etməli idi. Lakin cavabdeh tərəfindən 74 günün hesabatı aparılaraq düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 1963,50 manat sərfi olma ehtimalı nəzərə alınaraq onun iddiası tam şəkildə təmin oluna bilməz. Cavabdeh tərəfindən hesablanmış 4682,37 manat məbləğindən borc əvəzinə, 2718,81 manat borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hesablanmış 2718,81 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 2718,81 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-1612/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1612/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver