Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-300/2025 04.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AKT R 061947 nömrəli aktı ilə yazılmış 861 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Yenikənd kəndində ona məxsus yaşayış şahəsinə dair elektrik enerjisindən və digər kommunallardan istifadə edir və qeyd olunan kommunallara aid hər ay sərf etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəyir. Buna baxmayaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektirik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar müvafiq akt tərtib edilərək ona 861 manat cərimə yazılmışdır. Onun və ailə üzvləri tərəfindən elektrik sayğacına heç bir formada müdaxilə olunmamışdır. Sayğac həyətdən kənarda, ümumi istifadədə olan küçədə yerləşir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli R 061947 nömrəli aktı ilə yazılmış 861 manat cərimə qanunsuz və əsassızdır, ona görə də həmin borc silinməlidir. Samux Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(058)-1028/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair 2(058)- 1028/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpaq sahəsini 2012-ci ildə almışdır və torpaq sahəsi oğlunun adınadır. Daha sonra həmin torpaq sahəsində mağaza tikilmişdir. Çayxana kimi fəaliyyət göstərən obyektdəki sayğac onun adınadır. 26 fevral 2024-cü il tarixdə sayğac yandı və o, "xxxx" ASC-nin əməkdaşlarına məlumat vermişdir. Aprel ayında yeni sayğac quraşdırdılar və sayğacda 950 manat borc yazılmışdı. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, idarənin əməkdaşları abonentin müraciətinə əsasən 26 fevral 2024-cü il tarixdə akt tərtib ediblər. Normal sayğac niyə yanmalıdır? Sayğaca müdaxilə oluna bilər. Əhali üçün nəzərdə tutulan 1 fazlı sayğacı istifadə ediblər. Halbuki, həmin obyektdə qeyri-əhali üçün nəzərdə tutulan 3 fazlı sayğac quraşdırılmalı idi. Yeni sayğac 17 aprel 2024-cü il tarixdə quraşdırılıb. Qeyri-əhali üçün nəzərədə tutulan sayğaclar quraşdırılarkən bədəl pulu ödənilir. Burada 180 manat məbləğində bədəl pulu yazılıb. 2017-ci ildə quraşdırılan sayğac sərfiyyatın olmadığını göstərir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 26 fevral 2024-cü il tarixli № 061947 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğacın alt hissəsində yaranmış boşluqdan sayğac təmamilə yanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli icra vərəqindən görünür ki, 372 kvts. itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 40,92 manat məbləğində cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixdə həmin icra vərəqəsinə yenidən baxılaraq 6336 kvts. itirilmiş elektrik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 696,96 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 722735 nömrəli protokoldan görünür ki, sayğac tam olaraq yanmışdır. İş materiallarında olan **********13029 nömrəli abonent saldosundan görünür ki, 26 fevral 2024-cü il tarixli RQ061947 nömrəli akt üzrə abonentə 696,96 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın: 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehin nümayəndələri tərəfindən abonentin müraciəti əsasında ona məxsus sayğaca baxış keçirən zaman sayğacın alt hissəsində yaranmış boşluqdan sayğacın tamamilə yandığı və sıradan çıxdığı aşkar edilərək bununla bağlı 26 fevral 2024-cü il tarixli, RQ 061947 nömrəli akt tərtib olunmuşdur. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə 62 günlük hesabat aparılaraq 372 kvt.s., dəyəri 40,92 manat olmaqla itirilmiş enerji bərpa edilmişdir. Daha sonra Aktların Uçotu və İcrasına Nəzarət şöbəsində akta yenidən baxılmış artırılaraq 6336kvt.s., 696,96 manat dəyərində itirilmiş enerji hesablanmışdır. Enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş zədələnmənin əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, enerjinin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından göründüyü kimi abonentə məxsus sayğac tamamilə yanaraq tam yararsız hala düşmüşdür. Sayğacın yanmasının abonentin təqsirindən baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Cavabdeh xx.xx.2024-cü il tarixli icra vərəqəsində sayğacın sıxaclar yığımının elektron sxeminin qəsdən yandırıldığını qeyd etsə də, sayğacın məhz abonent tərəfindən yandırılmasını cavabdeh sübut edə bilməmişdir. Bu hal məhkəmə tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan baş verən hal-hesab edilir. Belə olan halda da elektrik enerjisi sərfinin hesabatı uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı idi. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünü tapmaq üçün analoji olaraq abonent saldosunda uçot pozulana qədər olan aylıq sərfiyyatlara nəzər salmaq lazımdır. Abonent saldosundan göründüyü kimi xx.xx.2023-cü il tarixə abonentin aylıq sərfiyyatı 10,89 manat, xx.xx.2023-cü il tarixə 25,08 manat, xx.xx.2023-cü il tarixə 28,27 manat, xx.xx.2024-cü il tarixə 24,53 manat, xx.xx.2024-cü il tarix üçün abonentin 1 aylıq sərfiyyatı 16,72 manat təşkil etmişdir. Qanunvericiliyin tələbinə görə, abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduğundan, elektrik enerjisi sərfinin hesabatı uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə enerji sərfinin hesabatını uçot pozulana qədər olan dövrün gündəlik sərfinə uyğun apararaq hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmadığından hesablaşma təqribən 16,72 manat təşkil etməli idi. Lakin cavabdehin nümayəndələri tərəfindən 30 günün hesabatı aparılaraq 696,96 manat cərimənin hesablanması ilə bağlı düzgün nəticəyə gəlinməmişdir. Çünki abonentin saldosuna nəzər saldıqda abonentin 1 aylıq sərfiyyatının maksimum 28,27 manat olduğu görünür. Belə olan halda sayğacın yanmasında abonentin təqsiri iş materialları ilə öz təsdiqini tapmadığından ona itirilmiş enerjinin bərpası məqsədilə 30 günə görə 696,96 manat borcun yazılması ağlabatan deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 16,72 manat sərfinin olması nəzərə alınaraq onun iddiası tam şəkildə təmin oluna bilməz. İddiaçı ərizəsində 861 manat borcun silinməsini tələb etsə də, göründüyü kimi, akt üzrə 696,96 manat borc hesablanmışdır. İddiaçını 16,72 manat sərfinin olması nəzərə alınaraq cavabdeh tərəfindən hesablanmış 696,96 manat məbləğindən həmin məbləğ çıxılmalı və 680,24 manat borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hesablanmış 680,24 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 680,24 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-300/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-300/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver