Məhkəmə qərarları › İş №2-2(115)-491/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-491/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-491/2024 11.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 6578 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanı mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu dövrdə istifadə etdiyi elektrik enerjisinin borcunu vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh tərəfindən quraşdırılmış sayğac dəfələrlə xarab olmuş və bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək marketdəki ərzaqların və ət dükanındakı ət məhsullarının xarab olduğunu bildirmişdir. Lakin cavabdeh müraciətlərinə məhəl qoymamış və sayğacı dəyişdirməmişdir. Ondan sayğacın dəyişdirilməsinə görə külli miqdarda pul istəmişdir. Nəhayət cavabdehin bu kimi məsuliyyətsiz əməllərindən bezərək əlavə xətt çəkib 17 gün müddətində istifadə etmişdir və həmin müddət ərzində istifadə etdiyi elektrik enerjisinə görə borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli elektrik enerjisindən istifadəyə görə akt tərtib olunmuş və 6578 manat borc hesablanmışdır. Cavabdeh hazırda həmin məbləği ondan tələb edir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ünvanlayaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli aktı əsasında Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış 6377,77 manat borcun silinməsini və tərəflərindən ödənilmiş 5740 manat pulun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı zamanı ərizə ilə müraciət edərək "xxxx" ASC-dən tutularaq ona ödəniləcək məbləğin 6557 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 izahat verərək bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən onların iştirakları olmadan akt tərtib edilib və əsassız olaraq 6578 manat cərimə yazılmışdır. Həmin cərimənin 6377,77 manat hissəsinin silinməsini tələb edirlər. Həmçinin karta pul vurarkən vurulan pulun bir qismi həmin cərimədən silinmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və elektrik şəbəkəsinə qanunsuz qoşularaq elektrik enerjisindən istifadə halı müəyyən edilmişdir. Nəticədə itirilmiş enerjinin bərpası məqsədilə müvafiq hesabat aparılmışdır. Akt əsasında 6677,77 manat cərimə yazılmışdır. İş əvvəlcə Qazax Rayon Məhkəməsinin icraatında olmuşdur. Qazax Rayon Məhkəməsində 2377 manat borcun 1000 manatının ödənilməsi şərtilə qalan borcun silinməsi barədə razılıq da əldə edilmişdir. Məhkəmə baxışınadək iddiaçı cərimədən ödəniş emiş və onun 2377 manat borcu qalmışdı. İddiaçının da istəyi üzrə 1000 manat borcun saxlanması üzrə qalan borcun silinməsi barədə qətnamə qəbul edildi. İddiaçı özü də sayğacdan kənar xətt qoşmaqla qanunsuz olaraq işıq enerjisindən istifadə etməsini etiraf etmişdir. İddiaçı özü də 1000 manat cərimə saxlanmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, iddia əsassız olduğu üçün iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filalının böyük müfəttişi, mütəxəssis X7 məhkəmə iclasında bildirdi ki, 20 iyun 2023-cü il tarixli akt əsasında tərəfin məsuliyyəti Elektrik enerjisindən istifadə qaydaların 8.17-1-ci bəndinin təsir dairəsinə düşür. 8.17-1-ci bəndinə əsasən xətt qoşulu vəziyyətdədirsə hesabat aparılmalıdır, istər ondan istifadə edilsin, ya da edilməsin. Sayğaca son baxışın keçirildiyi gündən nöqsanın aşkar edildiyi günədək lakin hər bir halda 12 aydan çox olmamaqla hesabat aparılır. Saldoya nə daxil edilmişsə tərəfin borcu o olmuşdur. Tərəf həmin akt üzrə borcdan 6556,96 manat pul ödəmişdir. 439,77 manat pulun 121,81 manatı akt üzrə qalan borcdur. Qalan pul tərəfin əvvəlki qalıq üzrə borcundan qalmışdır. 300 manat ümumi borcdan çıxılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan, 22 dekabr 2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir, həmin torpaq sahəsinə plan və ölçü sənədi verilmişdir İş materiallarında olan 20 iyun 2023-cü il tarixli NDQ 016215 nömrəli aktdan görünür ki, EEİQ-nə uyğun olaraq elektirik sayğacına baxış keçirən zaman məlum oldu ki, obyektə məxsus elektirik sayğacdan kənar xətt daxil olur. Belə ki, kənar xətt sayğacın giriş sipp xəttin hər üç fazalı xəttin zədələyərək en kəsiyi 3x4 mm2 olan mis kabel vasitəsilə çəkilərək obyektə sayğacdan kənar xətt ötürülmüşdür. Tərəflərindən kənar xətdən axan yüklər ampermasa vasitəsilə ölçülmüşdür. Kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli icra vərəqindən görünür ki, baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektirik sayğacı dövrədən kənarlaşdırılmışdır. Kənar xətt sayğacın giriş sip xəttinin hər üç xəttini zədələyərək naqil vasitəsilə çəkilərək obyektə sayğacdan kənar xətt ötürülmüşdür. Naqilin en kəsiyinə əsasən hesab verilmiş və nəticədə 6678 manat sərfiyyat hesablanmışdır. Həmiçinin kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə çıxarılmış abonentin saldosundan görünür ki, 21 iyun 2023-cü il tarixdə saldoya NDQ 016215 nömrəli akta əsasən EİQ pozulması qeyd edilməklə 6677,77 manat borc daxil edilmişdir. Sayğac oxunması ilə bağlı 10352,04 manat, aktlar ilə bağlı 6677,77 manat, ödəmələrlə bağlı 16909 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən İddiaçı məxsus obyektin elektirik sayğacına 20 iyun 2023-cü il tarixdə sərfiyyatla bağlı baxış keçirilmiş, baxış keçirən zaman məlum olmuşdur ki, obyektə məxsus elektirik sayğacından kənar xətt daxil olmuşdur. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 20 iyun 2023-cü il tarixli NDQ 016215 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında 21 iyun 2023-cü il tarixdə icra vərəqi verilmiş, abonentə 6678 manat sərfiyyat hesablanmışdır. Lakin abonentin saldosuna aktla bağlı borc 6677,77 manat daxil edilmişdir. Məhkəmə bildirir ki, sayğacdan kənar xəttin quraşdırılması, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi ilə bağlı istehlakçının təqsiri həm enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlər, həm də abonentin özünün etirafı ilə təsdiq edilir. Lakin cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Bununla yanaşı abonent ona akt əsasında yazılan borcun tam deyil, 6377,77 manat hissəsini mübahisələndirmiş və həmin məbləğin silinməsini məhkəmədən xahiş etmişdir. Ona görə 20 iyun 2023-cü il tarixli akta əsasən 21 iyun 2023-cü il tarixli icra vərəqi əsasında iddiaçıya hesablanmış 6677,77 manat borc məbləğinin 6377,77 manat hissəsi abonentin hesabından silinməlidir. Bundan başqa məhkəmə bildirir ki, abonentə yazılmış 6677,77 manat borc məbləğinin 6556,96 manat hissəsi abönent tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə çıxarılmış abonentin saldosundan görünür ki, sayğac oxunması (abonentin istifadə etdiyi enerjinin dəyəri) ilə bağlı 10352,04 manat, aktlar (20 iyun 2023-cü il tarixli NDQ 016215 nömrəli akt) ilə bağlı 6677,77 manat, ödəmələrlə (abonent tərəfindən ödənilən məbləğlər) bağlı 16909 manat qeyd edilmişdir. Göründüyü kimi abonent istifadə etdiyi elektrik enerjisinin məbləğindən artıq akta əsasən yazılmış borcdan 6556,96 manat (16909 manat - 10352,04 manat = 6556,96 manat) ödəmişdir. İddiaçı isə iddia tələbində 6557 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 6556,96 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 86 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 42 manat 80 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 iyun 2023-cü il tarixli NDQ 016215 nömrəli akta əsasən 21 iyun 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 6677 (altı min altı yüz yetmiş yeddi) manat 77 (yetniş yeddi) qəpik borc məbləğinin 6377 (altı min üç yüz yetmiş yeddi) manat 77 (yetmiş yeddi) qəpik hissəsi **********5 (**********90001) nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6556 (altı min beş yüz əlli altı) manat 96 (doxsan altı) qəpik pul məbləği tutularaq İddiaçı qaytarılsın. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar