Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-910/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu **********7 olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən “X7 Mərkəzi” obyektində quraşdırılmış elektrik sayğacına görə tərtib olunmuş 058308 nömrəli akt əsasında yazılmış 4861 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(042)-1218/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 yanvar 2024-cü il tarixli, 058308 saylı akt üzrə İddiaçı hesablanmış 4861 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-469/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(042)-1218/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində “X7 Mərkəzi” adlı obyekti var. Həmin obyektdə işıq sayğacı mövcuddur. X3 satış üzrə rəisi Mansırlı Vüqar və yanında tanımadığı 4 nəfər şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə onun mülkiyyətində olan “X7 mərkəzi”nə gələrək obyektə fəaliyyət göstərən **********7 qeyri-əhali kodu altında fəaliyyət göstərən 05170650 nömrəli elektrik sayğacına baxış keçirmişlər. O, etiraz etməmiş və V.Mansırlı video çəkliş apararaq elektirik sayğacına kənardan əlavə xətt daxil olduğunu ona bildirmiş və bu barədə akt tərtib olunacağını ona bildirmişdir. V.Mansırlının tərtib edəcəyi aktı yerində yazaraq bir nüsxəsini ona verməli olduğu halda verməmiş, ona yaxınlaşıb X1 götürə biləcəyini bildirmişdir. O, V.Mansırlıya iradını bildirmişdir. Belə ki, video çəklişə başlayanda ayın tarixi və yeri qeyd olunmalıdır. Video çəkliş zamanı elektirik sayğacına baxış keçrən şəxslərin hər birinin adları və soyadları və tutduqları vəzifələri qeyd olunmalıdır. Kənar xətt aşkar olnubsa həmin kənar xəttə ampermaşa taxılmalı, axan yük uca səslə deyilməli və neçə amper yükün axdığı video kadra aydın şəkildə düşməlidir. Tərtib olunacaq akt abonentin iştirakı yerində tərtib olunmalı, abonentin akta imza atmalı və yaxud imza atmadığı təqdirdə abonent imza atmaqdan imtinası qeyd edilməklə imzalanmalı və tərtib olunmuş aktın bir sürəti abonentə təqdim olunmalı və yaxud rəsmi qaydada göndərilməlidir. Lakin satış rəisi V.Mansırlı isə onun haqlı iradlarına məhəl qoymadan yanındakı şəxslərlə çıxıb getdilər. xx.xx.2024-cü il tarixdə ərazidə xidmət aparan mantyorlar Faiq və Məzahir adlı əməkdaşlar gəlib obyektin işığının kəsilməsini, onlara rəhbərlik tərəfindən tapşırıq verildiyini bildirmiş və obyekə gələn işıq xəttini işıq dirəyindən kəsmişlər. O, X5 satış rəisi Vüqar Mansırlının iş otağına gəlmiş və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt ona təqdim edilmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixdə 058308 nömrəli tərtib olunmuş aktda bir sıra kobud qüsurlar olması tərəfindən aşkar olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində tərtib olunan akta, xx.xx.2024-cü il tarixində 4861 manat hesabat verilərək cərimə məbləği koda yerləşdirilməsinə baxmayaraq, həmin aktın üzərində X3 rəisinin vəzifəsini müvəqqəti icra edən Məhəmməd Qurbanovun adı və soyadı yoxdur və onun imzası ilə təstiqlənməmiş, abonentlə müqavilə bağlanmamışdır. Sayğacın məlumatlarının qeyd olunduğu bölmədə sayğacın dövlət möhürü və alt qapaq möhrü bölməsində “var” sözü yazılmışdır. Hansı ki, sayğacın dövlət və alt qapaq möhürləri var və akt yerində tərtib olunduğu halda həmin möhürlərin nömrələri akta yazılmalı idi. Amma akta “var” sözü yazılmışdır ki, bu da həmin aktın yerində tərtib olunmamasının əyani sübutudur. Elektirik sayğacına baxış keçrilən zamanı tərtib edilmiş akta elektirik xəttindən axan yükün ampermaşa vasitəsi ilə ölçülməsi və neçə amper yük axması barədə heç bir məlumat qeyd ounmamışdır. Tərtib olunmuş aktda qeyd olunmuşdur ki, “sayğacın beyni oxunsun”, lakin sayğac yerindədir və beynin oxunması üçün heç bir tədbir görülməyib, lakin məlum cərimə hesablanaraq sistemə yerləşdirilmişdir. Tələb bölməsində qeyd olunur ki, “sayğac sərhəd nöqtəsinə quraşdırılsın və labaratorya şəraitində açılıb yoxlanılaraq rəy verilsin”. Ancaq sayğac açılıb sərhəd nöqtəsində quraşdırılmamış, sayğac labaratoriya şəraitində açılıb yoxlanılmayıb rəy verilməmişdir. Lakin V.Mansırlı tərəfindən qərəzli 4861 manat hesabat verilərək cərimə yazılmışdır. Bu isə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Eyni zamanda onun barəsində 058308 nömrəli saxta akt tərtib edərək bazaya daxil edilmiş və qanunsuz hesabat verilərək onun barəsində 4861 manat cərimə hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında verərək bildirdi ki, özünü təqsirli bilmir, çünki o həmin vaxt obyekti işlətməmişdir. “X7 Mərkəzi” adlı obyekt ona məxsus olsa da, həmin obyekti əmisinə icarəyə vermiş, əmisi obyekti işlətmişdir. Ona görə də, heç bir təqsiri yoxdur. Yazılmış cəriməni ödəməyə imkanı yoxdur. Cərimədən 300 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, 10 yanvar 2024-cü il tarixində iddiaçının obyektində sayğaca baxış keçirilərkən qanunsuz şəbəkəyə qoşulmaqla enerjidən istifadə halı müəyyən edilmişdir. Bu enerji pozuntusu ilə əlaqədar iddiaçı əməkdaşlar tərəfindən çağırılmış, ona izah edilib əyani şəkildə göstərilmiş və bununla əlaqədar akt tərtib olunub cərimə yazılmışdır. İş materiallarında görünür ki, iddiaçı ilə cavabdeh arasında enerji alğı-satısı ilə bağlı müqavilə bağlanmışdır. İddiaçı etiraf edir ki, cərimədən könüllü şəkildə 2025-ci ilin may ayında 300 manat ödəniş etmişdir. Sayğac tərtib olunmuş aktdan sonra bərpa olunmuş və hal-hazırda sayğac ötürülən enerjini düzgün qeyd edir. Həmin enerji pozuntusu aşkar olunan zaman əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış və videoçəkilişdən də aydın olur ki, iddiaçı kənar xətdən istifadə edib. İtirilmiş enerjinin bərpası məqsədi ilə iddiaçının ödədiyi 300 manat nəzərə alınmamışdır. Bundan əvvəlki məhkəmə iclasında iddiaçı tərəfindən etiraf olundu ki, qanunsuz xətdən istifadə olunması onun günahı deyil. Cərim tətbiq edilməzdən əvvəl X2 Agentliyindən iddiaçının təqsirli olması ilə bağlı qərar alınmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il qeydiyyat tarixli ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən əmlak kompleksi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı (abonent kodu: **********7) arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq abonenti elektrik enerjisi ilə təmin edir, abonent isə aldığı elektrik enerjisinin dəyərini hesabat dövrünün (ayının) 30-dək ona təqdim etmiş edilmiş ödəniş sənədinə əsasən ödəyir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 058308 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Gədəbəy rayonunda yerləşən obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, sayğacın giriş xəttini zədələyərək xəttdə birbaşa uzaqdan idarə etmə pulta qurşadırılıb, sayğac dövriyyədən uzaqlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən verilmiş icra vərəqindən görünür ki, RQ 058308 nömrəli akt üzrə 365 gün üçün 44200 kvt.s.x miqdarında itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmış və 4862 manat borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, İddiaçı RQ 058308 nömrəli akt üzrə xx.xx.2024-cü il tarixə 4862 manat borcunun olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus obyektə quraşdırılmış sayğaca baxış keçirilərək yoxlama aparılmış və həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanlarla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına xx.xx.2024-cü il tarixli 058308 nömrəli akt üzrə 4862 manat borc hesablanmışdır. Lakin həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının qanunsuz qoşulma halına görə təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən sonuncunun hesabına cərimə tətbiq etmişdir. Bununla da, qanunsuz qoşulma halı ilə bağlı borcun qanunveriliyin tələbinə riayət etməklə hesablanmasına əsas olmuş halları məhkəmədə sübuta yetirə bilməmişdir. xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, həmçinin qanunsuz qoşulma halına görə abonentin təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən iddiaçıya cərimə tətbiq edildiyindən yoxlama nəticəsində xx.xx.2024-cü il tarixli 058308 nömrəli akt üzrə hesablanmış 4861 manat borc məbləği silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********21123) 10 yanvar 2024-cü il tarixli 058308 nömrəli akt əsasında hesablamış 4861 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********21123) 10 yanvar 2024-cü il tarixli 058308 nömrəli akt əsasında hesablamış 4861 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-910/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-910/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver