Məhkəmə qərarları › İş №2-2(115)-941/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-941/2021

22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-941/2021 22.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən məcburi çıxarılması və əmlak kompleksinin boşaldılaraq iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli 2(043)-618/2017 saylı qətnaməsinə əsasən cavabdehlər “Süleyman” adına X5, X2 və Cavabdeh müştərək qaydada cəmi 594537 ABŞ Dolları 28 sent borcun, məhkəmə xərclərinə görə 30 manatın tutulması, tələbin ipoteka predmeti olan X1 məxsus Gəncə şəhəri Nizami rayonu Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinə və Cavabdeh məxsus Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli 2(104)-788/2018 saylı qətnaməsinə əsasən cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilmiş, 4 kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği dəyişdirilərək 581913 ABŞ Dolları 61 sent müəyyən edilmiş, ipoteka predmeti olan Gəncə şəhəri Nizami rayonu Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 451000 manat, Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin 25.07.2019-cu il tarixli 2(102)-4932/2019 saylı qərarına əsasən cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli 2(104)-788/2018 saylı qətnaməsi cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilmiş, 4 kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği 521913 ABŞ Dolları 61 sent müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır. Hazırda Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 31.01.2020-ci il tarixli çıxarış alınmışdır. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinin 10 gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verməsi barədə 02.09.2020-ci il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdir. Cavabdeh Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksini hazırki tarixədək boşaltmamışdır, bununla da cavabdeh əmlak üzərində mülkiyyətçi kimi onların hüquqlarının həyata keçirilməsinə mane olur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(044)-471/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən çıxarılması və əmlak kompleksi boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Cavabdeh Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(044)- 471/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(044)-471/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(104)-2097/2021 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(044)-471/2021 saylı qətnaməsinin ləğv edilmiş və işə baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 31.01.2020-ci il tarixli hüquqların X4 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksi "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qeyd olunan əmlakın cavabdehin qanunsuz istifadəsində qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən çıxarılmalı və əmlak kompleksi boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən çıxarılsın və əmlak kompleksi boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar