Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-47/2024 29.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “cavabdeh tərəfindən "xxxx" ASC barəsində tərtib olunmuş akta əsasən müəsissənin abonent koduna işlənmiş 1084 manat borcun silinməsi və mediasiya sessiyasında iştiraka görə ödənilmiş 70 manat pul məbləğinin Cavabdeh ASC-dən tutularaq "xxxx" ASC-nin bank hesabına ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC ilə Cavabdeh ASC arasında “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmış və abonentə 530040 nömrəli abonent kodu verilmişdir. Azərsu ASC İsmayıllı SKİ-nin xx.xx.2023-cü il tarixli, 13157968 nömrəli “13 smartkart tipli su sayğaçının laborator yoxlamadan keçirilməsi barədə iş əmrinə əsasən "xxxx" ASC-yə quraşdırılmış smart tipli su sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron və mexaniki göstəriciləri arasında sərfiyyat fərqi (mexaniki göstərici – 04507, elektron göstərici – 4433,20) mövcuddur. Bu səbəbdən sayğacın çıxarılaraq laborator yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC X3 İdarəsinə göndərilməli olması müəyyən olunmuş və bununla əlaqədar xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən sayğac yoxlamaya göndərildiyi xx.xx.2023-cü il tarixdən abonentə d-20 mm-lik xətlə birbaşa qoşulma verilmişdir. Sayğacın laborator yoxlanılması zamanı su ölçən cihazının hesablayıcı mexanizmini mühafizə edən üst qapağı kipləşdirən vintin üzərində olan qurğuşun (GCZ) möhürün olmaması, su ölçən cihazının hesablayıcı mexanizminin kipliyiyinin pozulması və müdaxilə izlərinin olduğu müəyyən olunmuşdur. Su ölçən cihazının hesablayıcı mexnizmində müdaxilə aşkar olunmuşdur. Su ölçən cihazı təmirə və istismara yarasızdır. Sayğac yoxlanıldıqdan sonra nəticəsinə dair xx.xx.2023-cü il tarixli, 45466/0256453 nömrəli rəy verilmişdir. Rəydə abonentin rəydə iştirakının təmini haqqında məlumat qrafasında “iştirakı təmin olundu” qeydi mövcuddur və iddiaçı bu halı mübahisələndirmir. xx.xx.2023-cü il tarixdən abonentin su təchizatı dayandırılmış və sonra X3 İdarəsi tərəfindən "xxxx" ASC-yə 1 ədəd sayğac quraşdırılmış və 1 ədəd plomb vurulmuşdur. "xxxx" ASC aktın ləğvi və borcun silinməsi barədə pretenziya məktubu ilə Cavabdeh ASC-yə müraciət etməsinə baxmayaraq sonuncu tərəfindən bununla bağlı hər hansısa tədbir görülməmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən İsmayıllı şəhəri, Mikayıl Müşfiq küçəsi 1 ünvanda yerləşən "xxxx" ASC-yə smart tipli su sayğacı quraşdırılmışdır. Qeyri-yaşayış sahəsinə quraşdırılmış smart tipli su sayğacına baxış keçirilmişdir. Baxış zamanı guya məlum olmuşdur ki, smart tipli su sayğacının mexaniki və elektron göstəriciləri arasında sərfiyyat fərqi vardır. Bu səbəbdən müəsissənin sayğacı çıxarılaraq Cavabdeh ASC X3 İdarəsinin labarator yoxlamasından keçirilməsi üçün göndərilmişdir. CavabdehSC X3 İdarəsinin “Su ölçən X1 45466/0256453 saylı rəyində göstərilmişdir ki, su cihazının hesablayıcı mexanizmini mühafizə edən üst qapağı kipləşdirən vintin üzərində olan qurğuşun (GCZ) möhur yoxdur. Su cihazının hesablayıcı mexanizminin kipliyi pozulub və müdaxilə izləri vardır. Su cihazının hesablayıcı mexanizmində müdaxilə aşkar olunub və su cihazının təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Beləliklə, guya müəssisəyə məxsus su cihazına kənar müdaxilə olunduğu və Cavabdeh ASC-nə maddi ziyan dəydiyini, qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək ziyan 1084 manat məbləğ müəyyən edilmişdir. Bundan sonra dəymiş ziyanın məbləği abonent koduna işlənmişdir. Hesab etmişdir ki, müəsissənin abonentin baza məlumatlarında (Vid kod) qeyd olunan nöqsanlar baza məlumatları ilə kodlaşdırılmamışdır. Müəssisə tərəfindən su sayğacına hər hansı bir müdaxilə olunsaydı, o zaman nəzarət (oxuma və fakturama qrupu) vizual görüntü ilə qurğuşun blombunun qırılmasın (GCZ) dərhal aşkar edib kodlaşdırıb idarəyə məlumat verərək həmin nöqsanları aradan qaldıra bilərdi. Smart tipli su sayğacı dövlət yoxlanılmasına göndərildikdən sonra məlum olur ki, Cavabdeh ASC X3 İdarəsinin “Su ölçən X2” nın rəyində göstərilər nöqsanlar aşkar edilmişdir. Lakin ötən dövrdə müəsissənin sayğacı normal şəkildə işləmiş, sayğac göstəricilərdə hər hansı bir nöqsan aşkarlanmamış, müəsissənin sayğacının işləmədiyi haqqında Cavabdeh ASC-yə heç bir vaxt müraciətimiz olunmamış və smart tipli su sayğacı normal qaydada işləmişdir. Su sayğacının mexaniki və elektron göstəriciləri arasında sərfiyyat fərqinin yaranması müəsissənin günahı üzündən baş verməmişdir. Hesablanmış borcun necə yarandığı, hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu müəsisəyə aydın olmamışdır. Müəssisə barəsində tərtib olunmuş aktın surəti müəsisəyə verilməmiş, qaldırılmış məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə ”Azərsu “ASC-nin İsmayıllı su kanal sahəsinə müraciət olunmuşdur. Lakin etdikləri müraciətiə qanunla müəyyən olunmuş müddətdə cavab verilməmişdir. Beləliklə cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir, bununla da sahibkarların müflisləşməsinə səbəb olurlar. xx.xx.2023-ci il tarixdə cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir. Cavabdeh ASC elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ilə razılaşmır. Belə ki, xx.xx.2023-cü il tarixdə abonentin iştirakı ilə 13 nömrəli iş əmri açılmış, həmin tarixdə istehsal tarixi 2017-ci il olan “Smart” CSS/H markalı, 145466 sayğac nömrəli, C599766 plomb nömrəli sayğac sökülmüş, sayğac Cavabdeh ASC NÖCİ “Su ölçən X2”na göndərilmiş, xx.xx.2023-cü il tarixdə sözügedən sayğac laboratoriyaya qəbul edilmiş və yoxlanılmışdır. Yoxlanış zamanı Su ölçən cihazın istismara yararsız olduğu və NÖCİ-nin 45466/0256453 nömrəli rəyin nəticələrinə əsasən sayğaca müdaxilə olduğu müəyyən edilmişdir. AR NK-nın Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarının 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəsələrdə quraşdırılmış Su ölçən cihazların işlək vəziyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış Su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən, üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Plombun qırılması, sayğacın özbaşına dəyişdiirlməsi, göstəricilərinin pozulması aşkar edilərsə, abonent “su təchizatı və tullantı suları” haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada məsuliyyət daşıyır və ona cərimə sanksiyası tətbiq edilir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iddaya münasibət olaraq bildirmişdir ki, sayğac laborator yoxlamaya getdiyi xx.xx.2023-cü il tarixdən sayğacın sərfiyyat göstəricisi 4507 m3 olmuşdur. Eyni zamanda arayışda həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sudan istifadə qaydalarının” təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarına istinad edilmiş və göstərilmişdir ki, həmin qərarın 6.15.1-ci bəndinə əsasən qaydaların 4 nömrəli əlavəsinə əsasən 1 aylıq 171 m3=342 manat su sərfiyyatı verilmiş, 6.15.2-ci bəndinə əsasən pozuntu aşkar edildikdə istehlakçının əvvəlki 12 aylıq dövrdə istifadə etdiyi orta istehlak normasına əsasən abonentin 1 günlük sərfiyyatı = 9,18 m3, birbaşa qoşulma verilmiş 44 gün müddəti üçün isə 404 m3 sərfiyyat hesablanmışdır. Elektron və mexaniki göstərici fərqi – 33 m3 çıxılmaqla 371 m3 =742 manat əlavə sərfiyyat hesablanmışdır. Ümumilikdə 371 m3 + 171 m3 = 542 m3, yəni 1084 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və sonuncu xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və etirazının əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, abonent kartı, akt, 45466/0256453 nömrəli laborator rəy, arayışlar, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, sayğacın növbəti və ya növbədənkənar yoxlamaya göndərilməsi üçün götürülməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşmür. Belə ki, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyət göstərməmiş, sadəcə sayğacın elektron və mexaniki göstəricələri arasında fərqin müəyyən olunması ilə bağlı sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün sayğacı götürmüşlər və bu hal qanunvericiliyin tələbidir. Belə ki, sudan istifadə qaydalarının 6.14-cü bəndinə əsasən, su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) su ölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına su ölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Hazırki iş üzrə su ölçən cihazın mexaniki və elektron göstəriciləri arasında fərq müəyyən edilmiş və sayğac dövlət yoxlamasına gösndərilmişdir ki, bu sahədə olan fəaliyyət isə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə aid deyildir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçıya 1084 manat borc məbləği 2 əsasa görə sayğaca müdaxiləyə görə və sayğacın yoxlamada olduğu müddət ərzində sayğacsız qoşulmaya görə hesablanmış məbləğlərdir. Məhkəmə su sayğacına edilmiş müdaxiləyə görə iddiaçı Cəmiyyətə hesablanmış 342 manat borc məbləğinə münasibətdə hesab edir ki, müdaxiləyə görə borc məbləği düzgün hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış Su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.10-cu bəndinə əsasən zədələnmiş su ölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. 6.13-cü bəndinə əsasən, hüquqi şəxs olan istehlakçılar tərəfindən su ölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. 6.15. Su ölçən cihaza müdaxilə və pozuntu (Su ölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM su ölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və : 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (su ölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablaşma aparır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərsu ASC İsmayıllı SKİ-nin xx.xx.2023-cü il tarixli, 13157968 nömrəli “13 smart-kart tipli su sayğaçının laborator yoxlamadan keçirilməsi barədə iş əmrinə əsasən "xxxx" ASC-yə quraşdırılmış smart tipli su sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron və mexaniki göstəriciləri arasında sərfiyyat fərqi (mexaniki göstərici – 04507, elektron göstərici – 4433,20) mövcuddur. Bu səbəbdən sayğacın çıxarılaraq laborator yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC X3 İdarəsinə göndərilməli olması müəyyən olunmuş və bununla əlaqədar xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən sayğac yoxlamaya göndərildiyi xx.xx.2023-cü il tarixdən abonentə d-20 mm-lik xətlə birbaşa qoşulma verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 45466/0256453 nömrəli laborotor rəyi verilmiş və au ölçən cihazının hesablayıcı mexanizmini mühafizə edən üst qapağı kipləşdirən vintin üzərində olan qurğuşun (GCZ) möhürün olmaması, su ölçən cihazının hesablayıcı mexanizminin kipliyiyinin pozulması və müdaxilə izlərinin olduğu müəyyən olunmuşdur. su ölçən cihazının hesablayıcı mexnizmində müdaxilə aşkar olunmuş və su ölçən cihazı təmirə və istismara yarasızdır. Bunun nəticəsində xx.xx.2023-cü il tarixdə abonentin su təchizatı dayandırılmış və yeni sayğac quraşdırılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən sayğaca müdaxilənin olmasını aşkar etmiş və sudan istifadə qaydalarının 6.15.1-ci bəndinin tələbləri ona qaydalara əlavə edilmiş 4 əlavə uyğun iddiaçıya hesablamanın aparılmasına icazə verir ki, 4 nömrəli əlavəyə əsasən kommersiya yönümlü təşkilatlar üzrə d – 20 mm-lik boruya qoşulmuş abonentə 1 aylıq su sərfiyyatı 171 m3 təşkil edir. Cavabdeh iddiaçıya əlavənin tələbi baxımından 1 aydan 3 ayadək sərfiyyat hesablamaq hüququ olduğu halda bir aylıq sərfiyyat hesablamış və 171 m3 su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri 342 manat (171 m3 x 2 manat) təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 44386967 nömrəli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin 2.1-ci bəndinə əsasən AR TŞ-nin Cavabdeh ASC-nin “sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi” barədə qərarına əsasən istehlakçı tərəfindən digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 xammal su üçün ƏDV ilə 1 manat və isehlakçıdan 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.4cü bəndinə əsasən balansının və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün istehlakçı məsuliyyət daşıyır. 4.1.5-ci bəndinə əsasən Cavabdeh ASC tərəfindən quraşdırılmış ölçü cihazlarına, siyirtmələrə, hidrantlara və digər tənzimləyicilərə vurulmuş möhürlərin (plombların) bütövlüyünü təmin etmək, onları daim işlək vəziyyətdə saxlamaq, hər cür hava şəraitinin təsirindən (mexaniki zərbə, yağış, donma və birbaşa günəş altında məruz qalma və s.) qorunması üçün lazımi tədbirlər görmək, qaydaların tələblərinə uyğun ölçü cihazlarını texniki pasportlarında göstərilən müddətdə və digər hallarda dövlət yoxlamasından keçirmək müqavilə üzrə istehlakçının öhdəliyidir. Göründüyü kimi, iddiaçı olan hüquqi şəxs Sudan istifadə qaydalarının 6.13-cü bəndinin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən vurulmuş möhürlərin tamlığına, cihaz və avadanlıqların işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıdığı halda öhdəliyini yerinə yetirməmiş və nəticəsdə su olçən cihaza quraşdırılmış möhür qırılaraq cihaza müdaxilə edilmişdir ki, məhkəmənin qənaətinə görə sayğaca müdaxiləyə görə aparılmış hesabat və onun dəyərinə dair cavabdehin hərəkətləri qanuni olmuşdur. Məhkəmə Cəmiyyətə quraşdırılmış sayğacın yoxlamada olduğu müddət ərzində Cavabdeh ASC tərəfindən sayğacsız qoşulmaya görə hesablanmış borcla razılaşmır və hesab edir ki, iddiaçı bu hissədə qismən əsaslı olmuşdur. Belə ki, məhkəmə tərəfindən təqdim edilmiş sübutların (rəy, akt, arayış və s.) araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" ASC-yə quraşdırılmış Su ölçən cihaz laborator yoxlamaya göndərildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 10 günlük müddət ərzində abonentə d-20 mm-lik xətlə birbaşa qoşulma verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məhkəməyə müəyyən olunmuşdur ki, Su ölçən cihazın cıxarıldığı zaman üzərində olan sərfiyyata görə illin və gündəlik sərfiyyat cıxarılmış və 1 günə düşən sərfiyyat 9,18926 m3 təşkil etmişdir. Məhkəmə bu göstərici ilə razılaşsa da sayğacsız istifadənin 44 gün olmasına dair cavabdeh tərəfin hesabatı ilə razılaşmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Azərsu ASC İsmayıllı SKİ-nin xx.xx.2023-cü il tarixli, 13157968 nömrəli “13 smart-kart tipli su sayğaçının laborator yoxlamadan keçirilməsi barədə iş əmrinə əsasən "xxxx" ASC-yə quraşdırılmış smart tipli su sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron və mexaniki göstəriciləri arasında sərfiyyat fərqi (mexaniki göstərici – 04507, elektron göstərici – 4433,20) mövcuddur. Bu səbəbdən sayğacın çıxarılaraq laborator yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC X3 İdarəsinə göndərilməli olması müəyyən olunmuş və bununla əlaqədar xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən sayğac yoxlamaya göndərildiyi xx.xx.2023cü il tarixdən abonentə d-20 mm-lik xətlə birbaşa qoşulma verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, sayğacın xx.xx.2023-cü il tarixdə laborator müayinəsi zamanı sayğaca müdaxilə aşkar olunmuş və xx.xx.2023-cü il tarixdə iddiaçıya verilən su təchizatı dayandırılmışdır. Göründüyü kimi cavabdeh 44 günlük hesabat aparmaqda haqlı olmamışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi gündəlik sərfiyyat olan 9,18926 m3 10 günlük hesabatla 91,89 m3 (9,18926*10= 91,89 m3) təşkil edir. Su və kanalizasiya xidmətlərinə görə hər m3 2 manat hesabı ilə hesablandıqda 10 günlük sayğacsız sərfiyyatın dəyəri 183,78 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən sayğaca müdaxilə nəticəsində düzgün hesabat aparıldığından 342 manat borc və sayğacsız istifadəyə görə 10 günlük hesabat 183,78 manat təşkil etdiyindən iddia tələbi həmin hissələrə münasibətdə rədd edilməli, əsassız hesablanmış 558,22 manat isə silinməlidir. Sonda məhkəmə obnuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ona hesablanmış borcu ödəyib-ödəməməsi hazırki işin həllinə təsir etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30,84 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən iddiaçıdan 14,96 manat, cavabdehdən 15,88 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 70 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən "xxxx" ASC barəsində tərtib olunmuş akta əsasən hesablanmış 558,22 manat borc "xxxx" ASC-nin abonent hesabından silinsin. Cavabdeh ASC-dən 70 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30,84 manat dövlət rüsumunun 14,96 manatı iddiaçı "xxxx" ASC-dən, 15,88 manatı Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-47/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-47/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver