Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-570/2025 30.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 1199.88 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdaş rayon, Ləki kəndində yaşayır. Yaşadığı kəndə market işlədir. Həmin marketdə X2 edir. Marketdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən istifadə etdiyi elektrik enerjisinə uyğun ödənişlər vaxtlıvaxtında edir. 2024-cü ilin yaz aylarında sayğacın ekranında qaralma olduğundan "xxxx" ASC-yə ərizə ilə müraciət edib. 05 iyun 2024-cü ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşadığı ünvanın sayğacına baxış keçirilmişdir. Bundan sonra 060381 nömrəli 05 iyun 2024-cü il tarixli akt tərtib edilərək aktda göstərilmişdir ki, sayğacın ekranının oxunmadığı üçün heç bir parametrləri oxumaq mümkün olmamışdır. Bundan sonra ona məxsus **********51068 kodlu abonentin hesabına 1199,88 manat borc hesablanmışdır. Hər ay ərzində nəzarətçinin tərtib etdiyi məbləğdə uyğun enerji haqqını ödəyir.
3. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiasını aşağıdakı səbəblərdən əsassız və qanunsuz hesab edirlər. Belə ki, İddiaçı elektrik enerjisindən istehlakçı kimi Ağdaş EŞ-nin “Proqram Bazasında” **********51068 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonunun X7 yerləşən mağazada elektrik enerjisindən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək T5100DBOT tipli, zavod nömrəsi № ******* olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi Lun-23 tipli zavod nömrəsi № ********* olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə Ağdaş EŞ-in enerji satış Şöbəsinin əməkdaşları E.Müzəffərov, C.Əliyev, Ş.İsmayılov və abonentin nümayəndəsi D.Hacıyevin iştirakı ilə “EEİQ”-nın tələblərinə uyğun olaraq İddiaçı Ağdaş rayonunun, X7 yerləşən mağazasının elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sayğacın ekranı oxunmur, sayğacın ekranı oxunmadığı üçün heç bir parametrləri oxumaq mümkün olmamışdır. Bu barədə “EEİQ”-nın tələblərinə uyğun olaraq R № 060381 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində “sayğac dəyişdirilərək yeni sayğacla əvəz olunsun, çıxarılan sayğac lobaratoriya şəraitində yoxlanılsın” qeydiyyatı aparılmışdır. İddiaçı Ağdaş rayonunun, X7 yerləşən mağazasını elektrik enerjisi təchiz edən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəriciləri sonuncu dəfə Ağdaş Eş-nin nəzərətçi mühəndisi tərəfindən xx.xx.2024-cü il tarixdə oxunarkən sayğacın 32 gün ərzində dəyəri 78,21 manat təşkil edən 711 kvt saat miqdarında elektrik enerjisinin istehlakının qeyd etdiyi və sayğacın ümumi sərfiyyat göstəricisinin 77932 kvt olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək sayğacın göstəriciləri oxunarkən sayğacın sərfiyyat göstəricisi dəyişməz olaraq 72932 kvt saat miqdarında qalmışdır. xx.xx.2024-cü il tarixdə sayğac quraşdırma üzrə texniki S.Abubəkirov tərəfindən İddiaçı iştirakı ilə qüsurlu elektrik hesablama sayğacı yeni Lun-23 tipli, zavod nömrəsi № ********* olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. Akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən "xxxx" tərəfindən 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 219,78 manat təşkil edən 1998 kvt saat miqdarında itirlimiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı kimi aparılmışdır. (Wdr= 22.2 kvts/g?, Wor = 22.2 kvts x 90 gün = 1998 kvt, 1998 kvt x 0,11 man =219,78 man, cəmi 219,78 manat.). Akta əsasən Mərkəzi Aran RETSİ-də fəaliyyət göstərən "xxxx" tərəfindən aparılmış hesabat Azərişıq ASC-də fəaliyyət göstərən "xxxx" tərəfindən hesabatda müvafiq qaydada dəyişiklik edilərək 1199,88 manat təşkil edən 10908 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin bərpası barədə hesabat aparılmışdır. Hesabat aşağıdakı qaydada aparılmışdır. ( 10.1 kvts x 12 saat x 90 gün = 10908 kvts, 10908 kvts x 0,11 = 1198,88 manat.). Bildirilir ki, iddiaçı V.M. Kərimov barəsində Akt tərtib edilərkən və həmin aktın yazılmasında iddiaçının nümayəndəsi D.Hacıyev iştirak etmişdir. Akta əsasən hesablama aparılarkən ona qarşı hər-hansı hüquqa ziddi və qərəzli hərəkətlər yol verilməmişdir. Akt və akt əsasında hesabat “Qaydaları”ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Sonda İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 1199.88 manat borcun silinməsinə dair iddiasının rədd edilməsi xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2024-cü ilin yaz aylarında ona məxsus marketdə sayğacda problem olan zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, sayğacın istismar müddəti keçdiyindən dəyişdirilməsini xahiş etmişdir. Lakin "xxxx" ASC-nin nümayəndələri 05 iyun 2024-cü il tarixdə sayğaca baxış keçirib akt tərtib etmişlər. Bundan sonra avqust ayında marketdə yeni sayğac quraşdırılmışdır. Həmin dövr ərzində təxmini ödənişlər edirdi ki, ödənilməmiş borcları qalmasın. Sayğacın ekranı işləmədiyi zaman əməkdaşlara rəsmi şəkildə müraciət etsə də, sayğac marketdə gec dəyişdirildi. Ona məxsus marketdə sayğacsız işıq sərfiyyatına görə hesablanmış 1199,88 manat məbləğində borc "xxxx" ASC tərəfindən düzgün hesablanmamışdır. Belə ki, həmin marketdə orta aylıq işıq sərfiyyatı 80-100 manat məbləğində olmuşdur. Hər zaman da bildiriş üzrə borcu ödəyib, heç bir problem yaratmayıb. Hesab edir ki, "xxxx" ASC tərəfindən hesablanmış borc məbləği əsassızdır, Bu səbəbdn iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, abonent İddiaçı Ağdaş Rayon Məhkəməsinə müraciət edərək ona 1199 manat 88 qəpik məbləğində qanunsuz və əsassız borc hesablanmışdığını bildirmişdir. Qarşı tərəf X1ydalarının 8.33 bəndini qeyd edir. Lakin həmin maddə hal-hazırda qüvvədən düşmüşdür. Qeyd edir ki, akt yazılan zaman İddiaçı nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sayğacın parametrləri oxunmur. Buna görə də akt tərtib edilmiş və 1199 manat 88 qəpik enerjidən istifadə qaydalarının 8.15-ci maddəsinə əsasən hesablanmışdır. Həmin qaydalara əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərilməsində anlaşılmazlıq aşkar olunarsa bu tələb öz qüvvəsini göstərir. Məhkəməyə təqdim etdikləri etirazda da qeyd etdikləri kimi, sayğacın enerji sərfiyyatı göstəriciləri sonuncu dəfə 2024-cü il tarixdə oxunarkən sayğacın 32 gün ərzində dəyəri 78 manat, 21 qəpik təşkil edən 711 kvt saat miqdarında X2 etmişdir. 3 aya qədər hesabat aparılmış və 1199 manat 88 qəpik müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin mağazada 2018-ci ildə quraşdırılmış işıq sayğacının istismar müddəti 2023-cü ildə başa çatmış, həmin vaxt sayğaca baxış keçirilməmiş və yenisi ilə əvəz edilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
9. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 060381 nömrəli aktdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində (mağaza) olan elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşları E.Müzəffərov, V.Əliyev və S.İsmayılov tərəfindən baxış keçirilmişdir. Aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın ekranı oxunmur, sayğacın ekranı oxunmadığı üçün heç bir parametrləri oxumaq mümkün olmamışdır. Sayğacın yeni sayğacla əvəz olunması və çıxarılaraq sayğacın laboratoriya şəraitində yoxlanılması qərara alınmışdır. Qeyd olunan akt "xxxx" ASC-nin əməkdaşları E.Müzəffərov, V.Əliyev və S.İsmayılov tərəfindən və iddiaçının nümayəndəsi D.Hacıyev tərəfindən imzalanmışdır.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarilxi sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, 060381 nömərli akta əsasən İddiaçı məxsus sayğac yeni “Luna” markalı sayğacla əvəz edilmişdir.
11. "xxxx" ASC-nin **********51068 kodlu abonentin saldosundan görünür ki, 2024-cü ilin 03 iyulundan 18 sentyabr tarixədək borc məbləği göstərilməmiş, oktyabr ayından borc hesablanmış və abonen tərəfindən də ödənilmişdir.
12. "xxxx" ASC tərəfindən **********51068 kodlu abonent İddiaçı ünavnalanmış bildiriş xəbərdarlqıdangörünür ki, xx.xx.2025-ci il tarixə son qalıq borc 1294,32 manat göstərilmişdir.
V . Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu, Ləki kəndində yerləşən mağazanın istifadəsində olan elektrik sayğacı enerji təchizatı müəssisəsinin elektron bazasında **********51068 nömrəli abonent kodu ilə iş üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 060381 nömrəli akta əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində (mağaza) olan elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşları E.Müzəffərov, V.Əliyev və S.İsmayılov tərəfindən baxış keçirilərkən sayğacın ekranın oxunmadığı, sayğacın ekranı oxunmadığı üçün heç bir parametrlərini oxumağın mümkün olmadığı aşkar edilmişdir. Sayğacın yeni sayğacla əvəz olunması və çıxarılaraq sayğacın laboratoriya şəraitində yoxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarilxi sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə aktına əsasən İddiaçı məxsus sayğac yeni “Luna” markalı sayğacla əvəz edilmişdir. "xxxx" ASC tərəfindən akta əsasən ötən dövr üçün əsassız hesabat aparılmış və 1199,88 manat məbləğində borc **********51068 nömrəli abonent kodu üzrə enerji hesabatına daxil edilmişdir. Bununla da enerji təchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları” nın 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Hazırki iddia tələbində iddiaçı tərəfindən həmin borcun silinməsi məhkəmədən xahiş olunur.
15. “X1ydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı: 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır. 7.4. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X3 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri (şəxsiyyət vəsiqəsi ilə birlikdə), nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə;
16. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mağazada quraşdırılmış sayğacın istismar müddəti bitmiş olsa da, enerji təchizatı müəssisəsi vaxtında yoxlama keçirməmiş, abonenti yeni sayğacla təmin etməmişdir. Nəticədə sayğacın istismar müddətindən xeyli vaxt keçdikdən sonra sayğac sıradan çıxmış, sayğaca baxış keçirildikdən 2 ay sonra yenisi ilə əvəz edilmişdir. Həmin müddətdə də abnentin koduna hesablanmış 1199,88 manat məbləğində elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edir ki, bu da qanuni və əsaslı deyildir. Odur ki, iddiaçı enerji təchizatı müəssisəsi tərəfindən ona əsassız hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 060381 nömrəli akt əsasında İddiaçı abonnet koduna hesablanmış 1199,88 manat məbləğində borc silinməlidir.
18. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilməmiş dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət nəfinə ödənilməlidir.
Vİİ. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********51066 nömrəli abonent hesabına yazılmış 1199,88 manat məbləğində borc silinsin. Ödənilməmiş 31,99 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova