Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-734/2025 12.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “Qəbələ şəhəri ünvanında yerləşən xüsusi mülkiyyət üzrə yaşayış təyinatlı torpaq sahələrinin və fərdi yaşayış evlərinə dair hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 9 saylı ərazi İdarəsinin üzərinə vəzifə qoyulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 2-ci bəndində qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Göründüyü kimi, işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edildiyi kimi, İddiaçı onun vərəsəsi olduğu şəxsə məxsus torpaq sahəsinə çıxarışın verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsinə müraciət etmiş və 9 saylı Qəbələ ərazi İdarəsi tərəfindən müəyyən səbəblərə görə çıxarışın verilməsindən imtina edilmiş və nəticədə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi tərəflər arasında yaranan mübahisə hakimiyyət subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış münasibətlər mülki hüquqi əsasa, yəni hər hansı müqavilə münasibətlərinə söykənmədiyindən və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia olduğundan inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №2-2(117)-734/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-734/2025
12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver