Məhkəmə qərarları › İş №2-2(119)-1013/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1013/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1013/2021 03.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu - İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun əsassız sayılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun əsassız sayılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 25.07.2021-ci il tarixdə qüvvəyə minmiş müvafiq qanunu ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə 149.2.4-1 və 152.1.6-1-ci maddələr əlavə edilmişdir. Mülki-Prosessual Məcəlləyə əlavə edilmiş 149.2.4-1-ci maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 152.1.6-1-ci maddəyə əsasən isə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı ASC-nin iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcı üzərində poçt vasitəsi ilə göndərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı ASC-nin məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair sübut məhkəməyə təqdim edilmədiyinə, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcı üzərində göndərildiyinə, iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edildiyini təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilmədiyinə və geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun əsassız sayılması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar