Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1050/2021 07.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Kələxana kəndində iddiaçıya məxsus 12 ha torpaq sahəsində üzüm bağları var. Son illərdə havalar bir qədər quraq keçdiyindən üzüm bağlarının süni şəkildə suvarılmasına ehtiyac yaranmışdır. Bir neçə il əvvəl iddiaçı həmin sahədə motorxana tikdirib və biri 32 kvt-lıq, digəri 15 kvt-lıq iki ədəd nasos alıb. Nasosun biri bir gündə 4 saatdan çox işləmir. 12 ha sahə isə həmin motorlarla 20 günə suvarılıb qurtarır. Əvvəllər kənar qoşulma olsaydı nəzarətçi dərhal bu barədə lazımi tədbirini görərdi. Lakin sonradan iddiaçı bir neçə gün kənar xəttən qoşulan elektrik enerjisindən istifadə edib. Bu isə "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkarlanıb. İddiaçı cəmi 20 gün kənar qoşulma ilə elektrik enerjisindən istifadə edib. Hər nasosdan da gündə 4 saat istifadə edib. Bu isə o deməkdir ki, iyirmi gündə o, 500 manatlıqdan artıq elektrik enerjisi işlədə bilərdi. Amma cavabdeh təşkilat iddiaçıya 8.808,48 manat əlavə borc hesablayıb. Bu isə düzgün deyil. Çünki bağları ildə bir dəfədən artıq suvarmağa ehtiyac olmadığından iddiaçı 20 gündə bundan artıq enerji işlədə bilməzdi. Artıq istifadə olunsa, rütubətdən bağlar məhv ola bilər. "xxxx" ASC-nin əməkdaşları isə iddiaçıya bütün il üçün bu məbləği hesablamışlar. Buna görə də, iddiaçı hesab edir ki, borc məbləği əsaslı deyil, 500 manat saxlanılmaqla qalan hissə silinməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən "xxxx" ASC tərəfindən ona hesablanmış 8.808,48 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 izahat verərək bildirdi ki, cavabdeh "xxxx" ASC ilə aralarında razılıq əldə olunub. Razılığa əsasən o, əvvəl 1000 manat və yenidən əlavə 1000 manat ödəniş edib. Buna görə də o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı əvvəl 1000 manat ödənişi edib, əlavə də 1.000 manat ödəniş edəcəyi təqdirdə borc məbləğinin qalan hissəsinə komissiyada baxılacağı ilə bağlı razılıq əldə olunmuşdu. İddiaçı razılığı yerinə yetirərək 1.000 manat da sonradan ödəniş edib. Razılıq üzrə hesablanmış ümumi borc məbləğindən 2.000 manatı ödənildiyindən "xxxx" ASC qalan 6.808,48 manat borcun silinməsinə etiraz etmir. N.Əhmədov bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 5.4152 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. İş materiallarında olan MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 0.6714 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. İş materiallarında olan MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 1.343 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. İş materiallarında olan MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 4.7652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. İş materiallarında olan 03 iyul 2020-ci il tarixli 031865 nömrəli aktın surətindən görünür ki, Şamaxı rayonu Kələxana kəndində abonent İddiaçı1 sayğac sxeminə baxış keçirilmiş və sayğacın giriş xətinə birbaşa 2 ədəd 32 kvt su nasosu və 5 ədəd 0,15 kvt lampa qoşulmaqla, sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şamaxı X4 Mərkəzinin İddiaçı1 ərizəsinə əsasən verdiyi 17 fevral 2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, üzüm bağları il ərzində 2-3 dəfə suvarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şamaxı X4 Mərkəzinin İddiaçı1 verdiyi 15 sentyabr 2021-ci il tarixli, 15 nömrəli arayışından görünür ki, İddiaçı1 ərizəsinə əsasən X4 Mərkəzinin bitkiçilik sektorunun mütəxəssisləri tərəfindən əkin sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, İddiaçı1 çoxillik əkmə altında olan 12 ha üzüm bağı iyul-avqust aylarında suvarılmışdır. İş materiallarında olan Şimal-Qərb RETSİ-nin 10 iyul 2020-ci il tarixli icra vərəqindən görünür ki, 031865 nömrəli akt əsasında İddiaçı1 məxsus 32 kvt gücə malik 2 ədəd su nasosunun elektrik enerjisi sərfiyyatı gündə 8 saat olmaqla 7 ay (hər ayın 30 günü), 0,15 kvt gücə malik 5 ədəd lampanın elektrik enerjisi sərfiyyatı isə gündə 12 saat olmaqla 24 ay (hər ayın 30 günü) olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 03 iyul 2020-ci il tarixli, 031865 nömrəli akt üzrə pozuntu (kənar xətt vasitəsi ilə sayğacın hesabatından kənar elektrik enerjisindən istifadə edilməsi) qeyd olunmuşdur. Həmin pozuntuya görə sayğacın hesabatını aparmadığı istehlak edilən elektrik enerjisinin həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, həmin hesabat aparılarkən "xxxx" ASC tərəfindən iddiaçının elektrik enerjisindən istifadə edə biləcəyindən artıq sərfiyyat hesablanmışdır. Belə ki, Şimal-Qərb RETSİ-nin 10 iyul 2020-ci il tarixli icra vərəqindən görünür ki, 031865 nömrəli akt əsasında İddiaçı1 məxsus 32 kvt gücə malik 2 ədəd su nasosunun elektrik enerjisi sərfiyyatı gündə 8 saat olmaqla 7 ay (hər ayın 30 günü), 0,15 kvt gücə malik 5 ədəd lampanın elektrik enerjisi sərfiyyatı isə gündə 12 saat olmaqla 24 ay (hər ayın 30 günü) olaraq hesablanmışdır. Həmin hesablamadan belə çıxır ki, əkin sahələri əsasən dəmyə olan Şamaxı rayonunda abonent İddiaçı1 ilin 7 ayı ərzində fasiləsiz hər gün 8 saat 2 ədəd su nasosunu işlətməklə üzüm sahələrini suvarmış, həmçinin 5 ədəd elektrik lampasını iki il ərzində fasiləsiz hər gün 12 saat olmaqla istifadə etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şamaxı X4 Mərkəzinin verdiyi 17 fevral 2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, üzüm bağları il ərzində 2-3 dəfə suvarılmalıdır. Həmin X4 Mərkəzinin verdiyi digər arayışdan görünür ki, iddiaçıya məxsus üzüm bağları iyul-avqust aylarında suvarılmışdır. Yəni, iddiaçı elektrik enerjisindən 7 ay yox, cəmi 2 ay ərzində istifadə etmişdir. Məhkəmə baxışı gedişində iddiaçı tərəfindən həmin akt üzrə hesablanmış bocla bağlı əvvəlcə 1.000 manat, sonra daha 1000 manat məbləğdə ödəniş olunmuş, bununla da tərəflər arasında qarşılıqlı razılığa gəlinmiş və "xxxx" ASC-nin nümayəndəsi rəhbərliyin qalan borcun silinməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, iddiaçı silinməsini tələb etdiyi məbləğdən 2.000 manat ödəniş etmiş, cavabdeh isə qalan məbləğin silinməsinə etiraz etməmiş, yəni iddianı 6.808,48 manat hissədə qəbul etmiş, cavabdehin nümayəndəsi N.Əhmədov bununla bağlı iddia tələbinin qismən etirafına dair yazılı ərizə vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ödənilmiş məbləğ nəzərə alınmaqla qismən təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, iddiaçı barəsində tərtib olunmuş 03 iyul 2020-ci il tarixli, 031865 nömrəli akt əsasında hesablanmış 8.808,48 manat məbləğində borcdan 6.808,48 manat məbləğində borc silinməli, həmin məbləğdən 2000 manat iddiaçı tərəfindən könüllü olaraq ödənildiyi üçün iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı1 barəsində tərtib olunmuş 03 iyul 2020-ci il tarixli, 031865 nömrəli akt əsasında hesablanmış 8.808,48 manat məbləğində borcdan 6.808,48 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23%-i iddiaçıya, 77%-i cavabdehə aid edilsin. Cavabdehdən 23 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №2-2(119)-1050/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1050/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver