Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-147/2021 05.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X3 Kamran Hüseyn oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* nömrəli aktın ləğvi və 1296 (min iki yüz doxsan altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın borcun hesablanmasına əsas olmuş xx.xx.2020-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota alınmaqla (VÖEN**********) Siyəzən raoynu, Beşdam kəndi ərazisində quşçuluq sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddia ərizəsində göstərilir ki, Siyəzən Qaz Xidmət Sahəsinin işçi heyəti tərəfindən sexə sayğac quraşdırılmış və o, borcunu ödəyərək öhdəlyini yerinə yetirmişdır. xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuş (MS-29/1640-01266-75), həmin aktda “Plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri aşkarlanmışdır” qeyd olunmuşdur. İddiaçı dəymiş ziyandan xəbəri olmadığını, 1296 manat cərimə olunduğunu, sayğacın onun mülkiyyətindən kənarda olduğunu bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2 və 4.9, habelə Mülki Məcəllənin 19-cu maddəsinə istinad etməklə cərimə olunarkən heç bir sübut və dəlil olmadan akt tərtib edildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin əməkdaşları tərəfindən ona məxsus obyektin sayğacının yerinin dəyişdirilərək xeyli kənarda quraşdırıldığını, sayğacın açılıb götürülməsi zamanı onda hərhansı nöqsanın olması barədə ona məlumat verilmədiyini, sayğacda aşkar edilmiş nöqsanların yaranmasında hər-hansı təqsirinin olmadığını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, rəyə əsasən iddiaçıya məxsus obyektin qaz sayğacının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasının müəyyən edildiyini, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacında aşkar edilmiş nöqsanlara görə itirilmiş qazın dəyərinin hesablanaraq cavabdehdən tələb edildiyini, buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq, K.Abdullayev iddiaçıya məxsus obyektdə yoxlama aparılarkən həmin yoxlamanın dövlət reyestrində qeydə alınmadığını, buna zərurət olmadığını bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçınn və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-cü il tarixli müqavilədən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2020 il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdan görünür ki, iddiaçıya məxsus sayğac (№********) “növbədən kənar dövlət yoxlaması” məqsədi ilə götürülmüşdür. Həmin aktın digər qeydlər hissəsində “ Xaçmaz RQİ-nin qaza nəzarət şöbəsinin vizual baxışına əsasən sol tərəf şübhəli” qeyd olunmuşdur. Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli 29/1640-01266-75 nömrəli aktda yoxlamannın nəticəsi kimi “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Xətalar normaya uyğundur” qeyd edilmiş, sayğacın yararsız olduğu, “qüsura görə nəticə” hissəsində isə “müdaxilə”, “qaz itksi” göstərilmişdir. xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı aşkar olunmuş nöqsanlar hissəsində “ARDNŞ Cavabdeh İB Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MS-29/1***-*******8 saylı rəyinə əsasən 28193008 saylı Gb tipli sayğac plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri var” kimi gəldiyi göstərilmiş, “öz hesabına sayğac olmalı, dəymiş ziyan ödənilməldir” qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə xx.xx.2020-ci il tarixli 29/1640-01266-75 nömrəli akta və xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta istinad edilməklə dəymiş ziyanın həcmi hesablanmışdır (Qaz sayğacının nominal saatlıq qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan 6x12x90=6480m3). İş materiallarına əlavə edilmiş Xaçmaz RQİİ-nin Siyəzən Xidmət sahəsinin rəis müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda iddiaçıya akt əsasında 6480m3, 1296 manat dəymiş ziyan yazıldığı göstərilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı sayğac növbədənkənar yoxlama üçün götürülmüş, rəyə əsasən sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izləri aşkar olunmuş, sonradan həmin rəy əsasında cavabdeh barədə akt tərtib edilməklə itirilmiş qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı halda, iddiaçı cavabdeh tərəfindən akt əsasında hesablanmış borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. İddiaçı qaz sayğacında qeyd edilən nöqsanların baş verməsində onun hərhansı təqsrinin olmadığını, habelə sayğacın onun obyektindən kənar ərazidə yerləşdiyini bildirmiş, cavabdeh isə qeyd edilən nöqsanların yaranmasında istehlakçının təqsiri olması barədə hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Eyni zamanda, həmin qaydaların 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama (həm xx.xx.2020 il tarixdə sayğacın növbədənkənar dövlət yoxlanışı üçün götürülməsi, həm də xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmiş yoxlama) yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2020-cu il tarixli, ******* nömrəli akt əsasında İddiaçı hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc silinsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-147/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-147/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver