Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1804/2022 14.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğlunun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı verilmiş “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 17 may 2022-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron rayon 1 saylı Notariat Ofisi və X6 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması; "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 və X8 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyinin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər- "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X2 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 üzərinə qoyulması; ona dəymiş 90000 manat maddi zərərin cavabdehlər - X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi; Gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X1 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi; Məhkəmə məsrəfləri olan 425 (390+31697 x 0,1%) manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət haqqının cavabdehlər - X1 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə çıxarılması, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Abşeron Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edildikdən sonra tərəflər arasında işin məhkəmə aidiyyəti ilə əlaqədar mübahisə yaranmış və həmin mübahisənin nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(102)- 4879/2022 nömrəli qərarı ilə tərəflər arasındakı mövcud mübahisə kommersiya mübahisəsi hesab edilərək, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə 14 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına İddiaçı nümayəndəsi Vəkil1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi Vəkil2 gəlmiş olsalar da, iş üzrə keçirilən məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi, eləcə də, 3-cü şəxs Abşeron rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi və 3-cü şəxs X6 məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, həmin proses iştirakçılarının iştirakı olmadan iş üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı verilmiş “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, İddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia tələbləri ilə 17 may 2022-ci ildə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisəni cavabdeh qismində işə cəlb etmiş olduğu tərəflərlə (cavabdehlərlə) məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmiş və eyni zamanda, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl hal-hazırda Qanunvericiliyin tələb etdiyi qaydada tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədlər, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməklə ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə, kommersiya mübahisələri üzrə işə baxılarkən cavabdehlərin mövcud mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi hüquqları və imkanları gözlənilməli və iddia ərizəsi verilənədək iddiaçı tərəfin qanunla müəyyən edilmiş qaydada müraciəti əsasında cavabdeh tərəf (hər bir cavabdeh) mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3) və yaxud, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” Mənzil- Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün lazımi hərəkətlərin olunmaması və eləcə də, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin, qeyd edilməlidir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığı üçün bu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı və cavabdeh “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinə qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbi barədə verilmiş qarşılıqlı iddia ərizəsi və eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qismində Cavabdeh3 cavabdeh “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinə qarşı verilmiş "pul tələbi" barədə verilmiş iddia ərizəsi də mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilmədən geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə tərəflərin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin tələblərini lazımi qaydada yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı verilmiş “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı və cavabdeh “İnşaatçı-2002” Mənzil-Tikinti Koperativinə qarşı verilmiş "müqavilələrin etibarsız hesab edilməsi" tələbi barədə verilmiş qarşılıqlı iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qismində Cavabdeh3 cavabdeh “İnşaatçı- 2002” Mənzil-Tikinti Koperativinə qarşı verilmiş "pul tələbi" barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-1804/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1804/2022
14.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver