Məhkəmə qərarları › İş №2-2(119)-29/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-29/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-29/2022 31.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abdullayev Rafiq Nimət oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəsir oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 01 iyun 2021-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 184874,05 manat əsas, 32170,53 manat faiz və 1214,47 manat cərimə borcu olmaqla, ümumilikdə 218259,05 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi (83,6 kv.m yaşayış və 209,6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi və iddiaçı “Yelo Bank“ ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsinə əsasən borcalan Cavabdeh1 borcverən İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZGlZ2-2-0-1228-20(l) nömrəli “Kredit verilməsinə dair” Razılaşmaya əsasən borcalan Cavabdeh1 borcverən "Yelo Bank” ASC-nin “Sumqayıt” filialından illik 16 %-lə 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. 28 yanvar 2020-ci il tarixli “Kredit verilməsinə dair” Razılaşma üzrə bağlanmış 23 aprel 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30 aprel 2022-ci il tarixədək uzadılmışdır. Kreditin təminatı olaraq poteka qoyan Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi 29 yanvar 2020ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 (İ) nömrəli İpoteka Müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, kreditin təminatı olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə 28 yanvar 2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. 28 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, Müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ilin may ayının 07dək borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə banka 184874,05 manat əsas, 32170,53 manat faiz və 1214,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 218259,05 manat borcu yaranmışdır. Müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqavilə üzrə yaranan borc məbləğləri ödənməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Lakin, müddətin keçməsinə baxmayaraq, cavabdehlər həmin bildirişə münasibət bildirməmişlər. Eyni zamanda, Reyestr Orqanına ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydə alınması barədə ərizə göndərilmiş və həmin ərizə bu orqanda qeydə alınmışdır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317, 442, 445, 448, 449, 465, 472 və 501-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34 və 39-cu maddələrinə istinad olunur). Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(060)-5258/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28 yanvar 2020-ci il tarixli Baş Kredit Müqaviləsi və həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli “Kredit verilməsinə dair” Razılaşmaya əsasən 07 may 2021-ci il tarixinə yaranmış 184874,05 manat əsas, 32170,53 manat faiz və 1214,47 manat cərimə borcu olmaqla, ümumilikdə 218259,05 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda isə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi və iddiaçı “Yelo Bank“ ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini 28 yanvar 2020-ci il tarixli “Kredit verilməsinə dair” Razılaşma üzrə ödəniş aparması üçün Bank tərəfindən ona yeni ödəniş qrafikinin verilməməsi və ona kredit borcunu ödəməsinə əlavə vaxt verilməməsi ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini söz verilməsinə baxmayaraq 28 yanvar 2020-ci il tarixli “Kredit verilməsinə dair” Razılaşma üzrə kredit ödənişlərinin aparılmasından ötrü Bank tərəfindən yeni ödəniş qrafikinin verilməməsi ilə əsaslandırdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsindən və həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşmadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Müqavilə və Razılaşmaya əsasən əsas və dövriyyə vəsaitinin artırılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətində aktiv olan 25000 manat kredit üzrə qalıq borcun və "xxxx" Açıq Səhmdar Cəmiyyətində aktiv olan 14000 manat və 168000 manat kreditlər üzrə qalıq borcun bağlanması məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə illik 16 % dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşmanın 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin Razılaşmanın 4.8-ci bəndinə əsasən, Borcalan bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşmaya 1 nömrəli Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 9792,62 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 30 yanvar 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan “28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşma” üzrə bağlanmış 23 aprel 2020-ci il tarixli Əlavədən görünür ki, borcalan Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma üzrə verilmiş kreditin müddəti 30 aprel 2022-ci il tarixədək uzadılmış və bununla bağlı məlum Razılaşma əsasında verilmiş kreditin qaytarılması üçün 23 aprel 2020-ci il tarixli Ödəniş Cədvəli tərtib olunmuşdur. X3 görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 10590,93 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 30 aprel 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z1) nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 zamin olaraq borcalan Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z2) nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin (Zaminlər) və Borcalan Kreditor (Bank) qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan 07 may 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma üzrə 07 may 2021-ci il tarixə borcverən İddiaçı ASC-yə 184874,05 manat məbləğində əsas borc, 32170,53 manat məbləğində faiz borcu və 1214,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 218259,05 manat məbləğində borcu vardır (həmin Arayışdan görünür ki, əsas borc üzrə son ödəniş 30 mart 2021-ci ildə 2000 manat məbləğində, faiz borcu üzrə isə son ödəniş 07 yanvar 2021-ci ildə 100 manat məbləğində edilmişdir). Lakin, məhkəmə baxışı zamanı cavabdeh tərəf həmin Maliyyə arayışında 07 may 2021-ci il tarixinə hesablanmış borc məbləğləri ilə razılaşmayaraq, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət vermiş və məhkəmənin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin olunaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 aprel 2022-ci il tarixli 9/2490 nömrəli Ekspert Rəyi ilə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşma üzrə borcalan Cavabdeh1 07 may 2021-ci il tarixə 184874,05 manat əsas borcu və 32248,90 manat faiz borcunun, 07 dekabr 2021-ci il tarixinə isə 182374,05 manat əsas borcu və 48456,54 manat faiz borcunun olduğu müəyyən edilmişdir (Rəydən görünür ki, borcalan tərəfindən 07 may 2021-ci il tarixindən sonra, yəni 25 oktyabr 2021-ci ildə 2500 manat və 05 noyabr 2021-ci ildə isə 1000 manat məbləğində kredit ödənişləri etmişdir). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, məlum kredit müqaviləsi üzrə cəmi 200000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün kredit vermiş Bank tərəfindən borcalan Cavabdeh1 07 may 2021-ci il tarixə 184874,05 manat məbləğində əsas borc, 32170,53 manat məbləğində faiz borcu və 1214,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 218259,05 manat məbləğində borcunun olması hesablanmış və həmin borcun tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan sonra, yəni məhkəməyə müraciət olunduqdan sonra borcalan tərəfindən 25 oktyabr 2021-ci ildə 2500 manat və 05 noyabr 2021-ci ildə isə 1000 manat məbləğində kredit ödənişləri edilmişdir. Ekspert rəyində həmin ödənişlər də nəzərə alınmış və buna görə də, Kredit Müqaviləsi üzrə 07 dekabr 2021-ci il tarixinə 182374,05 manat əsas borcun və 48456,54 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Ödəniş Cədvəlində müəyyən olunmuş hər ay üzrə nəzərdə tutulan faizlərin və əsas məbləğlərin ödənilməməsi nəticəsində ekspert tərəfindən 07 dekabr 2021-ci il tarixinə müəyyən olunmuş 48456,54 manat miqdarında faiz borcunun 07 may 2021-ci il tarixli Maliyyə Arayışına əsasən 07 may 2021ci il tarixinə 32170,53 manat məbləğində olması mahiyyəti üzrə ekspert rəyi ilə ziddiyyət təşkil etmir və bu artım Ödəniş Cədvəlinin göstəriciləri ilə mütənasibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********), zamin (cavabdeh) Cavabdeh2 və zamin (cavabdeh) Cavabdeh3 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi, 28 yanvar 2020-ci il tarixli 4- BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma, 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z1) nömrəli Zaminlik Müqaviləsi və 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z2) nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan borcun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 aprel 2022-ci il tarixli 9/2490 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və həmin cavabdehlərdən tutulmalı olan borc məbləği həmin Rəyə, iddiaçı tərəfin iddia ərizəsində əksini tapmış iddia tələbinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğün olaraq müəyyən edilməlidir. Belə ki, iddia tələbində 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma üzrə 07 may 2021-ci il tarixə hesablanmış “184874,05 manat məbləğində əsas borcun tutulması” tələb edilsə də, 18 aprel 2022-ci il tarixli 9/2490 nömrəli Ekspertiza Rəyində iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra edilmiş ödənişlər də nəzərə alınaraq 07 dekabr 2021-ci il tarixinədək hesablanmış əsas borcun məbləği “182374,05 manat” miqdarında müəyyən edilmişdir. Bu halda, əsas borcun tutulması hissəsində Ekspertiza Rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Ekspertiza Rəyində 07 dekabr 2021-ci il tarixinə hesablanmış “182374,05 manat” məbləğində əsas borc tutulmalıdır. Həmçinin, 18 aprel 2022-ci il tarixli 9/2490 nömrəli Ekspertiza Rəyində 07 may 2021-ci il tarixə faiz borcun məbləği “32248,90 manat” miqdarında, 07 dekabr 2021-ci il tarixinə isə faiz borcun məbləği “48456,54 manat” miqdarında müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “32170,53 (otuz iki min yüz yetmiş manat 53 qəpik) manat məbləğində faiz borcun tutulması”, yəni daha az miqdarda faiz borcun tutulması tələb olunur. Bu halda isə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən iddia tələbində göstərilən məbləğdə (32170,53 manat məbləğində) faiz borcu tutulmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın "1214,47 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, məhkəmə - iddianın “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(İ) nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsindəki 0,038 ha torpaq sahəsi və onun üzərində yerləşən 293,2 kv.m ümumi (83,6 kv.m yaşayış və 209,6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh2 tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsində və həmin müqavilə əsasında bağlanan Razılaşmalarda nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Həmin Müqavilənin 9.4-cü bəndindən görünür ki, tərəfların qarşılıqlı razılığına əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı həmin ipoteka predmetinin ilkin satış qiyməti 123000 (yüz iyirmi üç min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetinə dair ipoteka saxlayan İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında qəbul olunmuş 07 dekabr 2021-ci il tarixli qərardadla yuxarıda qeyd olunan ipоtekа predmetinin ilkin satış qiymətinin təyin olunması məqsədilə həmin daşınmaz əmlakın likvid qiymətinin müəyyən edilməsi ilə əlaqədar müstəqil qiymətləndirici təyin edilmiş və həmin qərardad əsasında müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli MB 15/0118 nömrəli Qiymətləndirmə Hesabatında ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 07 fevral 2022-ci il tarixinə hesablanmış likvid dəyəri 250000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 250000 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddiaçının “Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi də təmin edilməli və tərəflər arasında bağlanmış həmin Müqavilə ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1) və tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1). Eyni zamanda, məhkəmə, yuxarıda qeyd olunanları və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi digər hissələrdə - yəni “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetləri satıldıqdan sonra istifadə hüququnun itirilməsi, həmin əmlaklardan çıxarılma, həmin əmlakların boşaldılması və Banka təhvil verilməsi” hissələrində - əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 182374,05 manat məbləğində əsas borc, 32170,53 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla - cəmi 214744,58 manat məbləğində pul vəsaiti tutulmalı, tutulan borc məbləği İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat məbləğində müəyyən edilməli və Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Cavabdeh3 məcburi köçkün olması (Qubadlı rayonu, Qayalı kəndi) və məcburi köçkünlərin məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olmaları nəzərə alınaraq, hazırkı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə və ipоtekа predmetinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 182374,05 (yüz səksən iki min üç yüz yetmiş dörd manat 05 qəpik) manat məbləğində əsas borc, 32170,53 (otuz iki min yüz yetmiş manat 53 qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla - cəmi 214744,58 (iki yüz on dörd min yeddi yüz qırx dörd manat 58 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan cəmi 214744,58 (iki yüz on dörd min yeddi yüz qırx dörd manat 58 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 214744,58 (iki yüz on dörd min yeddi yüz qırx dörd manat 58 qəpik) manat məbləğində borc ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının əvəzi olaraq cəmi 70 (yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ipоtekа predmetinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar