Məhkəmə qərarları › İş №e-2(012)-340/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-340/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-340/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, həmin əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, əmlakın açıq hərracda satıldıqdan sonra boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 1955,50 manat məbləğində qalıq, ona hesablanmış 581,44 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4226 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6762,94 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 0,0107 ha torpaq sahəsi və üzərində yerləşən 113,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 43000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 1955,50 manat məbləğində qalıq, ona hesablanmış 581,44 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4226 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6762,94 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00204-01 №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 34 faiz hesablanmaq şərti ilə 9000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0107 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 113,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış, Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2021-ci il tariхli, 2021/00204-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 43000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi məktubu cavabdehə çatdırmaq mümkün olmamışdır. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Cavabdehin 20 iyun 2024-cü il tarixinə kreditin əsas borcu üzrə 1955,50 manat məbləğində qalıq, ona hesablanmış 581,44 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4226 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6762,94 manat məbləğində borc yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən götürmüş olduğu kredit borcu üzrə ödənişlər etmişdir. Belə ki, o, 1955,50 manat məbləğində əsas borcu ödəməyə razıdır, hətta əsas borcun 1000 manatını iddiaçıya ödəməsinə baxmayaraq onun tərəfindən iddiaçı təşkilata ödənilmiş qeyd edilən məbləğdə pul vəsaiti kreditin əsas borc məbləğinə görə deyil, dəbbə puluna görə çıxılmışdır. Hesab edir ki, iddiaçı tərəfindən cərimə məbləği həddən çox hesablanmışdır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0107 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 113,80 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tariхli, 2021/00204-01 №-li istehlak krеdit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 34 faiz hesablanmaq şərti ilə 9000 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tariхli, 2021/00204-01İP №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, 02 avqust 2019-cu il tarixli, 2019/00224-01 №-li kredit müqaviləsinə, 28 fevral 2020-ci il tarixli, 2020/00082-01 №-li istehlak kredit müqaviləsinə və 20 avqust 2021-ci il tarixli, 2021/00204-01 №-li istehlak kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh (ipoteka qoyan-borc alan) ilə İddiaçı BOKT ASC (ipoteka saxlayan) arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,0107 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 113,80 kv.m olan İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 43000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2070-0624 nömrəli borc haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tariхli, 2021/00204-01 №-li krеdit müqaviləsi üzrə 20 iyun 2024-cü il tarixə 1955,50 manat məbləğində əsas borc, 581,44 manat məbləğində faiz borcu, 4226 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6762,94 manat borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 448.2-ci,467-ci maddələri, həmçinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 59.3-cü maddələri təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı şirkət öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmiş və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tariхli, 2021/00204-01 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2021-ci il tariхli, 2021/00204-01İP saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tariхli, 2021/00204-01 saylı kredit müqaviləsi üzrə hesablanmış 4226 manat məbləğində cərimə borcu 100 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0107 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 113,80 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00204-01İP saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0107 ha torpaq sahəsi və qeyd edilən torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 113,80 kv.m olan fərdi yaşayış evi 43000 manat qiymətləndirilmişdir. Məhkəmə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00204-01İP saylı sonrakı ipoteka müqaviləsində qeyd edilmiş qiymət ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 43000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitindən Cavabdeh kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb bu hissədə də əsaslı olduğundan təmin edilməli, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti tələbin ödənilməsinə yönəldilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0107 ha torpaq sahəsi və qeyd edilən torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 113,80 kv.m olan fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, Cavabdeh və ipoteka predmeti olan əmlakda yaşayan digər şəxslər əşyaları ilə birlikdə sözügedən əmlakdan çıxarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 88 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tariхli, 2021/00204-01 saylı kredit müqaviləsi üzrə 1955,50 manat əsas borc, 581,44 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2636,94 manat borc və 88 manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Tutma xx.xx.2021-ci il tariхli, 2021/00204-01 saylı kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0107 ha torpaq sahəsi və qeyd edilən torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 113,80 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satılsın və ipoteka predmetinin ilkin satış qiyməti 43000 (qırx üç min) manat müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1955,50 manat məbləğində qalıq, ona hesablanmış 581,44 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2636,94 manat borc və dövlət rüsumu kimi ödənilmiş 88 manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra əmlak ən geci 1 ay ərzində Cavabdeh və ipoteka predmeti olan əmlakda yaşayan digər şəxslər tərəfindən boşaldılsın, Cavabdeh və ipoteka predmeti olan əmlakda yaşayan digər şəxslər əşyaları ilə birlikdə sözügedən əmlakdan çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar