Məhkəmə qərarları › İş №2-2(119)-329/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-329/2020

30.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-329/2020 30.04.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Quba rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş X1nın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(027)-750/2020 nömrəli mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 1021,28 manat enerji borcunun iddiaçının **********21042 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə X1nın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi üzrə olan 2(027)-750/2020 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə 2(027)-750/2020 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1nın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə Quba rayon Məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək, “İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı elektrik enerjisindən istifadəyə görə hesablanmış 1021,28 manat məbləğində borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin vəsatət “iddiaçının silinməsini tələb etdiyi borcun dülgər sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadəyə görə hesablanması, həmin obyektin ticarət obyekti kimi hal-hazırda da fəaliyyət göstərməsi, iddiaçının enerji təchizatı müəssisəsi tərəfindən qeyri-əhali abonenti kimi qeydiyyata alınması, iddiaçının qeyri-əhali abonenti kimi elektrik enerjisinin dəyərinin hər kv-nı 0,09 qəpikdən ödəməsi və tərəflər arasında mübahisəli hüquq münasibətlərinin sahibkarlıq və iqtisadi münasibətlər zəminində yaranması” ilə əsaslandırılmışdır (iş vərəqi: 20). Həmin vəsatət Quba rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci ildə iş üzrə keçirilən məhkəmə baxış iclasında müzakirə edilərək, 2(027)-750/2020 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardad qəbul edilmiş və qərardadda mülki işə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması cavabdeh tərəfin vəsatəti ilə əsaslandırılmışdır (iş vərəqi: 26-27). Lakin, mülki iş materialları ilə X1nın hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir və bunu müəyyən edən hər hansı bir sübut (sənəd) mülki iş materiallarında mövcud deyildir. Həmçinin, cavabdehin vəsatətində və məlum məhkəmə qərardadında da iddiaçı tərəfin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs (VÖEN-i) olması müəyyən edilmir. Qeyd etmək lazımdır ki, məlum qərardadın qəbul edildiyi məhkəmə baxış iclasının protokolundan da görünür ki, cavabdehin vəsatəti müzakirə olunarkən həmin xüsusat araşdırılmamış və bununla əlaqədar iclasda iştirak edən iddiaçının nümayəndəsinə hər hansı bir sual verilməmişdir (iş vərəqi: 25). İddia ərizəsində isə “iddiaçının ailə üzvləri ilə birlikdə Quba rayonu Xucbala kəndində mərhum həyat yoldaşı X3 adına qeydə alınmış 0,06 ha torpaq sahəsində yerləşən evdə yaşadığı və mübahisələndirilən borc məbləğinin həmin evdə istifadə olunan elektrik enerjisinə görə yarandığı” göstərilmişdir (iş vərəqi: 3). Cavabdehin vəsatətində göstərilən “enerji təchizatı müəssisəsi tərəfindən iddiaçının qeyri-əhali abonenti kimi qeydiyyata alınması” isə iddiaçı tərəfin hüquqi şəxs və yaxud, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmasını təsdiq edən hal kimi qəbul edilə bilməz. Çünki, sahibkarlıq fəaliyyəti qanunla nizamlanan, müvafiq qaydada qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından (hüquqi şəxs yaratmaqla və yaxud, hüquqi şəxs yaratmadan) və sahibkarlıq fəaliyyətinin bunun əsasında yaranmasından asılıdır (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da X1nın və yaxud, onun mərhum əri X3 fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaları müəyyən edilmir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, 2(027)-750/2020 nömrəli mülki iş materialları ilə iddiaçının qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması və iddia ərizəsində silinməsi tələb olunan borcun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borc olması müəyyən edilmir. Yəni, hazırkı mülki işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qəbul edilmiş Quba rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı və eləcə də, mülki iş materialları ilə iddiaçı tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu təsdiq olunmur. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış hər hansı bir müqavilə isə müvafiq qaydada fərdi sahibkar kimi qeydə alınmamış şəxsin fəaliyyətinin qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ola bilməz (qanunsuz sahibkarlıq fəaliyyəti, yəni səlahiyyətli orqan tərəfindən müvafiq qaydada qeydə alınmamış sahibkarlıq - inzibati xəta tərkibi yaradan və yaxud, cinayət məsuliyyətinə səbəb ola bilən əməldir). Buna görə də, hazırkı mülki iş üzrə silinməsi tələb edilən borc məbləği ilə əlaqədar iddiaçının fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfin fərdi sahibkar statusuna malik olması müəyyən edilmədiyindən, hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Bununla da, yuxarıda qeyd edilən hallar X1nın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Quba rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş X1nın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(027)-750/2020 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar