Məhkəmə qərarları › İş №2-2(119)-434/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-434/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-434/2020 24.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh X3 nümayəndəsi Həsənov Əbülfət Şafahat oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh X2rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxxx 2019-cu ildə Cavabdeh X2rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli inventar Akta əsasən hesablanmış 2196 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-427/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair iş baxılması üçün ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(012)-979/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh X2rşı “borcun silinməsi” tələbi barədə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” mağazasında su təchizatı üçün xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh ASC ilə “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” müqavilə bağlamışdır. İddiaçı həmin ünvanda yerləşən “Ət kəsimi” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehin əməkdaşları tərəfindən iştirakı olmadan xx xxxx 2018-ci ildə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və yoxlama zamanı tərtib edilmiş akta əsasən “su sayğacının klapanının bağlı olduğu, arxa tərəfdə yerləşən yaşayış evindən d=15 mm-lik boru vasitəsilə qeyri-qanuni olaraq birləşmə verərək ət kəsimində və kafedə istifadə edildiyi” müəyyən edilmişdir. Yəni, ona məxsus obyektdə iştirakı olmadan, qanunsuz olaraq yoxlama aparılmışdır və nəticədə xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Akt tərtib olunaraq, 2196 manat məbləğində cərimə hesablanmışdır. Aktda guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Halbuki, yoxlama onun iştirakı olmadan, qanunsuz olaraq keçirilmiş və aktlaşdırılmışdır. Həmin cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc tamamilə qanunsuz olduğu üçün silinməlidir (Daha sonra iddia “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırılır). Cavabdeh X6 tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı Cavabdeh X2rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, qeyri-əhali kateqoriyasına aid ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərin sahibi İddiaçı ilə Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsi arasında sonuncu dəfə xx xxxxxx 2015-ci ildə bağlanmış müqaviləyə əsasən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanununun 49 və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərə xx xxxx 2018-ci ildə baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacdan kənar qeyri-qanuni sudan istifadə olunur. Buna görə də, obyektlərin su təchizatı dayandırılmış və müvafiq olaraq MXD-09499 saylı xx xxxx 2018-ci il tarixli akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği tərtib edilmiş MXD-10711 saylı İnventar Aktına əsasən 2196 (iki min yüz doxsan altı) manat məbləğində müəyyən edilmişdir (0,61 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay = su 1098 manat və çirkab 1098 manat). Bununla da, sudan qanunsuz istifadə etdiyi üçün iddiaçı tərəfindən bir il ərzində Cavabdeh ASC-yə cəmi 2196 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi Cəmiyyətə ziyan vurur və belə istifadə halları Cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Buna görə də, həmin 2196 manat miqdarında borc - mülki hüquq pozuntusundan irəli gələn borcdur. Qeyri-əhali kateqoriyasına aid ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərin sahibi İddiaçı su təchizatı sistemindən suyun buraxılması xidmətlərinə görə az bir məbləğ ödəsə də, xx xxxxxxxx 2020-ci il tarixinə Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsinə işlətdikləri su təchizatı xidmətlərinə görə 2160 manat borcu qalmışdır. Ötən illər ərzində “Abşeron Sukanal” İdarəsi tərəfindən borcun könüllü ödənilməsi tələbi ilə “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərin sahibi İddiaçı müraciətlər edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh X6 tərəfindən xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh X3 nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Cavabdeh X2rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” Müqavilə əsasında Cavabdeh X6 tərəfindən Abşeron rayonu Saray qəsəbəsində yerləşən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsus sahibkarlıq obyekti (abonent kodu: 132254) su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir və həmin sahibkarlıq obyekti “ət kəsimi” mağazası və “kafe” kimi fəaliyyət göstərir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, təchizatçı Cavabdeh X3 əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxx 2018-ci ildə Abşeron rayonu Saray qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və həmin baxışla əlaqədar tərtib edilmiş Aktda “su sayğacının klapanı bağlıdır. Arxa tərəfdə yerləşən yaşayış evindən d=15 mm-lik boru vasitəsi ilə qeyri-qanuni olaraq birləşmə verilərək “ət kəsimi”ndə və “kafe”də istifadə edilir” qeydi yazılmışdır (həmin Aktda baxış zamanı video çəkiliş aparıldığı qeyd olunmuş və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin baxış zamanı çəkilmiş video görüntülərlə əlaqədar elektron daşıyıcı (Disk) məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında həmin elektron daşıyıcıda olan video çəkilişlər nümayiş etdirilmişdir). İş materiallarında olan, xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktına əsasən tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə müəyyən olunur ki, xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli Aktda qeyd olunmuş nöqsanlara görə “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən 12 ay müddətinə əlavə sərfiyyatın hesabatı aparılaraq, sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə cəmi 2196 (iki min yüz doxsan altı) manat məbləğində dəymiş zərər müəyyən edilmişdir (0,61 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay = 1098 manat su üçün +1098 manat çirkab üçün). Məhkəmə araşdırması zamanı Cavabdeh ASC tərəfindən təqdim edilmiş Abonent haqqında Məlumatdan (xx xxxxxxxx 2020-ci ildə çap edilmişdir) görünür ki, xx xxxxxxxx 2005-cı ildən qeyri-əhali qrupu üçün nəzərdə tutulan müqavilə əsasında su təchizatı ilə təmin edilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2015-ci ildə 42 manat məbləğində, 2016-cı ildə 132 manat məbləğində və 2017-ci ildə isə 105 manat məbləğində su təchizatı üzrə sərfiyyatın hesabatı sayğac tərəfində qeydə alınmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüquqları vardır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. Həmin Qanunun 72-ci maddəsinə əsasən, qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.3-cü və 2.1.5-ci bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə (bundan sonra – STTSAS) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM-in hüququ var ki, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etsin. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Beləliklə də, təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında yaranmış hazırkı mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və məlum xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı da həmin Müqavilədə nəzərdə tutulan «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması ilə əlaqədar tərtib edilərək, Akt üzrə əlavə sərfiyyat kimi 12 aylıq müddətə cəmi 2196 (iki min yüz doxsan altı) manat məbləğində pul vəsaiti hesablanmışdır. Eləcə də, işin konkret hallarına və yuxarıda təsvir olunan hallara əsasən müəyyən olunur ki, cavabdeh (təchizatçı) iddiaçıya (istehlakçıya) göstərdiyi xidmətlərin qaydaları və şərtlərinə dair bağlanmış Müqavilə şərtlərinə uyğun olaraq sonuncunu su ilə təchiz edir və bu Müqavilə ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya (istehlakçıya) məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış sayğac əsasında göstərilən xidmətlərin (suyun verilməsi və tullantı sularının kanalizasiyaya axıdılması) vəziyyətini hesabat üçün quraşdırılmış sayğac olan ərazidə yoxlayarkən sayğacdan kənar qoşulma, yəni xx xxxx 2018-ci ildə “su sayğacının klapanı bağlıdır. Arxa tərəfdə yerləşən yaşayış evindən d=15 mm-lik boru vasitəsi ilə qeyri-qanuni olaraq birləşmə verilərək “ət kəsimi”ndə və “kafe”də istifadə edilir” nöqsanları aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı üzrə üzrə müəyyən edilmiş sudan istifadə qaydalarının pozulması hallarının olması öz təsdiqini tapmışdır. Həmçinin, təsvir olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh ASC “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan İddiaçı məxsus qeyri-yaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətini yoxlayarkən, sonuncu tərəfindən həmin Müqavilənin şərtlərinin pozulması faktlarını aşkar etmiş və bununla bağlı məlum İnventar Aktı tərtib edərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq əlavə sərfiyyatla bağlı hesabat aparmışdır. Bu fəaliyyət isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Bunun əksini tələb etmək, yəni müqavilə tərəflərindən birinin digər tərəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması – müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Aktın tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinin tələblərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məlum müqavilə üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün istehlakçıların istismarında olan su qurğularına mütəmadi olaraq texniki baxış keçirilməsini təmin etmək barədə qanunla nəzərdə tutlmuş vəzifəsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, xx xxxx 2018-ci il tarixli MXD- 09499 nömrəli İnventar Aktında qeyd olunmuş pozuntular məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və həmin pozuntulara görə “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən itirilmiş suyun həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, itirilmiş suyun həcmi müəyyən edilərkən hesabat 12 aylıq (bir illik) müddətə deyil, istehlakçı İddiaçı aid Abonent haqqında Məlumatda qeyd olunan göstəricilər, yəni sayğacın 2016-cı ildə 132 manat məbləğində və 2017-ci ildə isə 105 manat məbləğində su təchizatı üzrə sərfiyyatın hesabatını aparması nəzərə alınmalı və buna görə də, itirilmiş suyun həcmi 12 (on iki) ay müddətinə deyil, 6 (altı) ay müddətinə hesablanmalıdır. Bu halda isə, xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktında qeyd olunan nöqsanlara görə 6 (altı) ay müddətinə hesablanan əlavə sərfiyyatın miqdarı 1098 (min doxsan səkkiz) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh X6 tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 132254) xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borcun 1098 (min doxsan səkkiz) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X6 tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 132254) xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borcun 1098 (min doxsan səkkiz) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar