Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-475/2021 15.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Sumqayıt Şəhər Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(060)-1004/2021 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli R№ 038112 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən abunəçidən tutulması üçün hesablanmış 161,79 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi üzrə olan 2(060)-1004/2021 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə 2(060)-1004/2021 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(060)-1004/2021 nömrəli mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və vəsatət - “iddiaçının mübahisələndirdiyi aktın “Avtoyuma” kimi qeydiyyata alınmış qeyri-yaşayış obyektinə tərtib edilməsi və tərəflər arasında mübahisəli hüquq münasibətlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranması” ilə əsaslandırılmışdır (iş vərəqi: 89). Həmin vəsatət Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx xxxxxx 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında müzakirə edilərək, “2(060)-1004/2021 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” barədə xx xxxxxx 2021-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin Qərardadda mülki işə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması onunla əsaslandırılmışdır ki, “AZEMİS “Elektron Məhkəmə İnformasiya Sistemindən” məhkəmənin elektron sorğusu ilə əldə edilmiş məlumatdan görünür ki, borcun silinməsi tələb olunan AZ5000, ünvan 1 ünvanı qeyri-yaşayış sahəsi olmaqla “avtoyuma”, “internet cafe” “komputer mağazası” kimi fəaliyyət göstərmişdir. Əldə olunan məlumatdan görünür ki, qeyd edilən ünvan “internet rabitəsi” növündə sahibkarlıq fəaliyyətini həyata keçirir” (iş vərəqi: 95-96). Lakin, mülki iş materialları ilə İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. Eyni zamanda, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da İddiaçı qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir (Məlum qərardadın əsaslandırıldığı məlumatlar isə İddiaçı deyil, işdə onun nümayəndəsi kimi çıxış edən Nümayəndə adına tərtib edilmiş sənəddən götürülmüşdür (mülki işin 92-ci vərəqi)). Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2021-ci il tarixli qərardadda qeyd olunan “AZ5000, ünvan 1” ünvanı yaşayış üçün nəzərdə tutulan mənzilin ünvanıdır və iddiaçı tərəf həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi tərəfindən xx xxxxxx 2021-ci il tarixli qərardadda mülki iş üzrə mübahisə predmeti İddiaçı “sahibkarlıq fəaliyyətini həyata keçirməsi” ilə əlaqələndirilərək, “işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” qənaətinə gəlinmişdir. Halbuki, “sahibkarlıq fəaliyyəti” - qanunla nizamlanan, müvafiq qaydada qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından (hüquqi şəxs yaratmaqla və yaxud hüquqi şəxs yaratmadan) və sahibkarlıq fəaliyyətinin bunun əsasında yaranmasından asılıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, 2(060)-1004/2021 nömrəli mülki iş materialları ilə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması və iddia ərizəsində mübahisələndirilən borcun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borc olması müəyyən edilmir. Yəni, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı və mülki iş materialları ilə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq olunmur. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış hər hansı bir müqavilə isə müvafiq qaydada (qanuni əsaslarla) fərdi sahibkar kimi qeydə alınmamış şəxsin fəaliyyətinin - qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ola bilməz (qanunsuz sahibkarlıq fəaliyyəti, yəni səlahiyyətli orqan tərəfindən müvafiq qaydada qeydə alınmamış sahibkarlıq isə - inzibati xəta tərkibi yaradan və yaxud, cinayət məsuliyyətinə səbəb ola bilən əməldir). Buna görə də, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar iddiaçının fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı fərdi sahibkar statusuna malik olması müəyyən edilmədiyindən, hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Bununla da, yuxarıda qeyd edilən hallar İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair 2(060)- 1004/2021 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-475/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-475/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver