Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-53/2021 02.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1, cavabdeh Sumqayıt şəhəri üzrə icra idarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Sumqayıt şəhəri üzrə icra idarəsinə qarşı qeyri-yaşayış sahəsindən istifadə etməyə məhdudiyyətin qadağan edilməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı qeyri-yaşayış sahəsindən istifadə etməyə məhdudiyyətin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 120.0 və 120.1 kv.m təşkil edən, ümumi sahəsi 204 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələrinə bitişik vəziyyətdə (terras) ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılmış məhdudiyyətin qadağan edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.03.2016-ci il tarixli 2(004)-435/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X4 və X6 qarşı kredit müqaviləsi üzə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yöəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, 430738,62 manat əsas borc, 4122,73 manat faiz borcu, 840,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 435702,02 manat və məhkəmə xərcinə görə 130 manat cavabdehlər “xxxx” MMC-dən və X2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, tutulmanın X6 məxsus olan, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyriyaşayış sahəsinə və X4 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin qeyri-yaşayış sahələrinin açıq hərracda satılması və onların dəyərindən 430738,62 manat əsas borc, 4122,73 manat faiz borcu, 840,67 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 435702,02 manat və məhkəmə xərcinə görə 130 manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-yə ödənilməsi, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 220000 manat, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 222000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tərəflərindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra tədbirlərinin həyata keçirməsinə səbəb olmuş Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli icra vərəqəsindən və qeyd edilən işin faktiki hallarından görünür ki, iddiaçının iddiası qismən təmin edilərək, müəyyən edilmiş borc pul məbləğinə dair tutmanın müvafiq olaraq cavabdehlər X7 və X4 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 və 2 nömrəli qeyri-yaşayış sahələrinə yönəldilməsi müəyyən edilmişdir. 16.04.2014-cü il tarixli İ0646 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan, yəni X7 tərəfindən müqavilə şərtləri üzrə Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən, hər birinin sahəsi 120.0 və 120.1 kv.m təşkil edən, ümumi sahəsi 204 kv.m olan 1 və 2 nömrəli qeyri-yaşayış sahələri ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmiş, lakin 14.03.2014-cü il tarixli, 38 nömrəli Eskiz Layihəsindən də göründüyü kimi həmin qeyri-yaşayış sahələrinə birləşik vəziyyətdə olan, ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmişdir. Bundan əlavə, “X3 Mərkəzi”nin Hərracın nəticələri haqqında 453 və 454 nömrəli yekun protokolundan da görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifariş məkubu əsasında hərraca müvafiq olaraq X7 və X4 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 və 2 nömrəli qeyri-yaşayış sahələri çıxarılaraq satılmışdır. Göründüyü kimi həmin əmlaklara bitişik vəziyyətə olan, ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh1 ASC-yə heç bir hüquqi bağlılığı olmasa da, indiki dövrə qədər Cavabdeh1 ASC-nin göstərişi ilə orada olan təhükəsizlik xidmətinin əməkdaşları tərəfindən hüquqlarım pozulmuş və İddiaçı məxsus əmlakdan istifadə edilməsinə məhrumiyyətlər yaradılmışdır. Obyektdə mühafizəni təmin edən əməkdaşlardan dəfələrlə hansı əsaslara görə obyektə daxil olmasından məhrum etdiklərini soruşduqda, onlar bunu Cavabdeh1 ASC-nin rəhbərliyinin göstərişi olduğunu bildirmiş, onu içəri buraxmamışlar. İddiaçı göstərir ki, qeyd edilən hərəkətlər Cavabdeh1 ASC tərəfindən dayandırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi M.Abışov iddia tələbini qəbul etməyərək, iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiqləyən hər-hansı sənəd təqdim edə bilmədiyini və onun hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdeh Sumqayıt şəhəri üzrə icra idarəsinin nümayəndəsi O.Məmmədov iddia tələbini əsassız sayaraq, tərəfindən qətnamənin qaunvericilyin tələblərinə uyğun şəkildə icra edildiyini bildirmiş, iddianın təmin edilib-edilməməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) fiziki şəxsdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsində göstərilən müvafiq qətnamələrin və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilələrin surətlərindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər “xxxx” MMC-yə, X4 və X6 qarşı kredit müqaviləsi üzə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yöəldilməsi tələbinə iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.03.2016-ci il qətnaməsinin icrası ilə əlaqədar tutulma X6 məxsus olan, Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahəsinə və X4 məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilmiş, həmin qeyri-yaşayış sahələri açıq hərraca çıxarılmış, hər iki qeyri-yaşayış sahəsi üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan Cavabdeh1 ASC həmin əmlakları almışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li və RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, b. 102/64, s. 1 ünvanında yerləşən 102.0 kv.m qeyriyaşayış sahəsi və Sumqayıt şəhəri, 2-ci məhəllə, b. 102/64, s. 2 ünvanında yerləşən 102.1 kv.m qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətindədir. İddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinə bitişik vəziyyətdə ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (terras) ona məxsus olduğunu və cavabdehlərin ona həmin əmlakdan istifadə etməyə maneaələr yaratdığını göstərsə də qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi iki müxtəlif cavabdehə qarşı verilsə də, iddia ərizəsi Sumqayıt şəhəri üzrə icra idarəsinə qarşı olan hissədə əsaslandırılmamış, həmin cavabdehin iddiaçının əmlakından istifadə etməyə hansı maneaələr yaratması göstərilməmişdir. Əksinə, Cavabdeh1 ASC-nin nümayəndəsinin təqdim etdiyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.02.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə İddiaçı Sumqayıt şəhəri İcra İdarəsinin icra məmuru O.Məmmədovun hərəkət və hərəkətsizliyindən verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardaddan da görünür ki, İddiaçı ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh1 ASC-yə heç bir hüquqi bağlılığı olmasa da, Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən hüquqlarının pozulduğunu və əmlakından istifadə etməsinə məhrumiyyətlər yaradıldığını göstərmiş, lakin icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində ərizəçiyə hansı maneələrin yaradılamasına dair mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdeh Sumqayıt şəhəri üzrə icra idarəsinin nümayəndəsi O.Məmmədov tərəfindən baxış keçirilməsi üçün məhkəmə iclasında təqdim edilmiş icra işinin materialları ilə müəyyən olunnuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(060)-1956/2018 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli və Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahələri boşaldılaraq Cavabdeh1 ASC-yə təhvil verilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun X7 və X2 Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir.Qeyd edilən qətnamənin icrası üzrə icra işinin materiallarından və 02 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(060)-1956/2018 saylı icra sənədinə əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli və Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahələri boşaldılaraq Cavabdeh1 ASC-yə təhvil verilmişdir. Hazırkı iş üzrə İddiaçı qeyd edilən icra prosesində hal şahidi kimi iştirak etmiş, həmin qeyri-yaşayış sahəsində yerləşən əmlaklar saxlanc üçün Cavabdeh1 ASC-nin nümayəndəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (terras) ona məxsus olduğunu təsdiq edən sübut kimi surəti iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən hazırlanmış “Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin genişləndirilərək yenidən qurulmasının Eskiz Layihəsi” adlı sənədə istinad etmişdir. Məhkəmə tərəfindən əslinə baxış keçirilmiş həmin eskiz layihəsinin 14.03.2014-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində qeydiyyata alınması müəyyən olunur. Lakin, qanunvericiliyin tələblərinə əsasən qeyd edilən eskiz layihə iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsində ona məxsus olduğunu iddia etdiyi Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 200.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (terras) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.03.2016-ci il tarixli 2(004)-435/2016 nömrəli qətnaməsinin icrası ilə əlaqədar olaraq Cavabdeh1 ASC-yə verildiyini göstərsə də, əslində Sumqayıt Şəhər Məhkəməsinin 28.03.2018-ci il tarixli, 2(060)-1956/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli və Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahələri boşaldılaraq Cavabdeh1 ASC-yə təhvil verilmiş və iddiaçının özü də həmin icra prosesində hal şahidi qismində iştirak etmişdir. Məhkəmə iclasında verdiyi izahatında icra məmuru O.Məmmədov həmin icra prosesi zamanı İddiaçı özünün əmlakın ümumi təyinatına zərər vurulmamasına dair xahişi nəzərə alınmaqla Sumqayıt şəhəri, 2ci məhəllə, 102/64 ünvanında yerləşən 2 nömrəli və Sumqayıt şəhəri, 2-ci məhəllə, 102/64 ünvanında yerləşən 1 nömrəli qeyri-yaşayış sahələri ilə yanaşı onların qarşısında yerləşən və həmin əmlaklara bitişik olan, iddiaçının ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin də, qətnamənin icrası qaydasında Cavabdeh1 ASC-nin nümayəndəsinə təhvil verildiyini bildirmişdir. Hazırda iddaçı qeyd edilən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirməklə cavabdehlər tərəfindən həmin əmlakdan istifadəyə məhdudiyyətin qadağan edilməsini tələb etsə də, qeyd edilən əmlak üzərində hüquqlarını təsdiq edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci fəsli icra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun “İcra hərəkətlərinin həyata keçirilməsi zamanı digər şəxslərin hüquqlarının müdafiəsi” adlanan 89-cu maddəsinin tələblərinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Sumqayıt şəhəri üzrə icra idarəsinə qarşı qeyri-yaşayış sahəsindən istifadə etməyə məhdudiyyətin qadağan edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia tələbi təmin edilmədiyinə görə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №2-2(119)-53/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-53/2021
02.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver