Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-569/2020 28.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxx 2020-ci ildə cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş 007450 saylı xx.xx.2020-ci il tarixli Aktın ləğv edilməsi və hesablanmış 4533,3 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(059)-312/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Siyəzən rayonu Zarat kəndində yerləşən mağazada fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və mağazada elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmışdır. Mağaza üçün quraşdırılmış sayğac işlək vəziyyətdə olmuş və plombu heç bir müdaxiləyə məruz qalmamışdır. xx xxxx 2020-ci ildə cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və onlar yeni sayğacın əvəz olunmasına dair akt tərtib etdiklərini bildirərək, ona həmin aktı imza etməyinin vacib olduğunu bildirmişlər. O, hüquqi savadı olmadığı üçün cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələrinin təqdim etdikləri kağızı imzalamışdır. Sonradan müvafiq idarədən yaranmış borcun hansı formada yarandığını soruşan zaman ona tərtib etdikləri xx.xx.2020-ci il tarixli aktı vermişlər. O, aktla tanış olan zaman görmüşdür ki, guya o, sayğaca müdaxilə etdiyi üçün akt tərtib olunmuşdur və o, da bununla razılaşaraq həmin Aktı imza emişdir. Halbuki, o, ümumiyyətlə həmin sayğaca hər hansı qaydada müdaxilə etməmişdir. Bu səbəbdən də o, həmin Aktın ləğv edilməsi və qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nınmüvafiq bəndlərinin məzmunu təsvir olunur). Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunda fəaliyyət göstərən fərdi sahibkar İddiaçı məxsus Siyəzən rayonu Zarat kəndində yerləşən obyektdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən uçot dəstinə baxış keçirilən zaman mağazada sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. Belə ki, sayğacın alt qapağının altından giriş faza sıxacından en kəsiyinin ölçüsü 1 x 4mm2 olan mis naqil ilə kənar xətt götürülərək, sayğacın çıxış faza xətti üzərində quraşdırılmış avtomatın girişinə birləşdirilmişdir. Bundan başqa sayğacın çıxış faza xəttinin həmin avtomatın girişindən çıxarılması və sayğacın tamamilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Daha obyektiv araşdırma aparılması üçün xətdən axan yük ampermaşa ilə ölçülmüş və ölçmə zamanı elektrik hesabat sayğacının naqildən keçən yükü qeyd etməməsi təsdiqlənmişdir. Belə ki, kənar xətdən naqildən keçən yük 11,5 kvt (Pkənar=11,5 kvt), sayğacın qeydə aldığı yük isə “0,0” kvt (Psayğac=0,0 kvt) olmuşdur. Aşkar olunmuş faktlarla əlaqədar, iddiaçının iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - EEİQ) 8.17ci bəndinin pozulması ilə əlaqədar xx xxxx 2020-ci il tarixli NDQ 007450 saylı akt tərtib edilmiş və İddiaçı aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Həmçinin, aşkar olunmuş faktları sübut edən videoçəkiliş də video formatda (1 ədəd DVD disk) məhkəməyə təqdim edilir. Qeyd olunanlarla əlaqədar olaraq Abonentə qarşı “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə kənar xətdən axan yük-11,5 kvt və obyektin 12 saat fəaliyyət göstərdiyi nəzərə alınmaqla iddia müddəti daxilində 365 gün üçün 4533,30 manat məbləğində yenidən hesablanma aparılmış və bu barədə Abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Bundan əlavə, Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçıya məxsus ünvanda akt tərtib olunarkən kənar xətt ləğv olunub, sayğac sxemi bərpa edildikdən sonra xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək cəmi 73 gün müddətində 366,84 manat məbləğində elektrik enerjisi sərfıyyatı qeydə alınmışdır. Bu həmin obyektdə gün ərzində orta hesabla ən azı 5,02 manat dəyərində elektrik enerjisi istehlak edilməsi deməkdir. Lakin, sayğacın müdaxiləli - obyektdə kənar xətdən istifadə olunduğu dövrdə, yəni xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək isə 79 gün ərzində cəmi 27,27 manat məbləğində elektrik sərfıyyatı qeydə alınmışdır ki, bu da həmin dövrdəki orta gündəlik elektrik sərfıyyatının 0,35 manat olduğunu bildirir. Göründüyü kimi, məlum Aktdan sonra sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 5,02 (5 manat 02 qəpik) manat ilə sayğacın müdaxiləli dövrdə qeydə aldığı orta gündəlik 0,35 (35 qəpik) manat müqayisə edildikdə, həmin ünvanda sayğaca müdaxilə yolu ilə elektrik enerjisi sərfıyyatının 14 dəfə azaldıldığı bir daha öz təsdiqini tapır. Sayğacdan kənar xətt çəkilməsi faktı obyektdə sayğac üzrə elektrik enerjisi sərfıyyatının azaldılması məqsədi daşıdığından, sayğaca müdaxilə iddiaçıdan başqa heç kimin marağında ola bilməzdi. İddiaçının məlum Aktı imzalayaraq, öz qanunsuz hərəkətlərini etiraf etməsinə baxmayaraq, onun məhkəməyə müraciət etməsi məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi, “xxxxxxxx” ASC qarşısında qoyulmuş enerji haqlarının yığımnının 100%-ə çatdırılması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığlarının icrasına maneə yaratdığı nəzərə alınaraq, hüquqdan sui-istifadə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin, iddiaçı ilə “xxxxxxxx” ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tutacaqları barədə razılığa gəlmişlər. Bununla da, iddiaçı istehlakçı tərəf olaraq həmin müqaviləni təsdiq etməklə “EEİQ”-na əməl edəcəyi barədə üzərinə öhdəçilik götürmüşdür (iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci, 9.1-ci və 9.10-cu bəndlərinin məzmunu təsvir olunur). Göründüyü kimi, yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan, həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə də onun tərəfindən mütləq əməl olunmalıdır. Lakin, iddia ərizəsindən görunur ki, iddia tələbi yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli 007450 saylı aktın ləğv edilməsi və hesablanmış 4533,3 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN: **********) məxsus Siyəzən rayonunun Zarat kəndində yerləşən qeyri-yaşayış sahəsi (mağaza) (abonent kodu: **********4) elektrik enerjisi ilə təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacı sonuncu dəfə xx xxxx 2019-cu ildə quraşdırılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 007450 nömrəli Aktdan (həmin Akt istehlakçı İddiaçı iştirakı ilə tərtib edilmiş və sonuncu tərəfindən də imzalanmışdır) görünür ki, istehlakçı İddiaçı məxsus Siyəzən rayonunun Zarat kəndində yerləşən kommersiya mağazasının elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına xx xxxx 2020-ci il saat 1110 radələrində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğacın alt qapağının altından giriş faza sıxacından en kəsiyinin ölçüsü 1 x 4mm2 olan mis naqil ilə kənar xətt götürülərək sayğacın çıxış faza xətti üzərində quraşdırılmış avtomatın girişinə birləşdirilmişdir. Bundan başqa sayğacın çıxış faza xəttinin həmin avtomatın girişindən çıxarılması və sayğacın tamamilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Baxış zamanı xətdən axan yük ampermaşa ilə ölçülmüş və həmin ölçmə zamanı elektrik hesabat sayğacının naqildən keçən yükü qeyd etməməsi təsdiqlənmişdir. Ölçmə zamanı müəyyən edilmişdir ki, kənar xətdən naqildən keçən yük 11,5 kvt (Pkənar.=11,5 kvt), sayğacın qeydə aldığı yük isə “0,0” kvt (Psayğac=0,0 kvt) olmuşdur. Həmin baxış zamanı aşkar edilmiş kənar xətt ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı xx xxxx 2020-ci il tarixli 007450 nömrəli Akt tərtib edilərkən çəkilmiş və bir ədəd elektron daşıyıcıda (Diskdə) məhkəməyə təqdim edilmiş video görüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilmiş və məlum Aktda göstərilənlər həmin videogörüntülərdə öz təsdiqini tapmışdır. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********4) aid Abunə haqqında Məlumata və digər sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə əsasən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (mağazanın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacından kənar qoşulmaya görə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 007450 nömrəli Aktda qeyd olunan nöqsana görə yenidən hesablama aparılaraq 4533,3 manat məbləğində (11,5 kvt x 12 saat x 365 gün = 50370 kvts x 0,09 manat) əlavə sərfiyyat üzrə borc hesablanaraq, İstehlakçının hesabına daxil edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxx 2019-cu ildə quraşdırılmış və xx xxxx 2020-cu ildə baxış zamanı kənar qoşulmanın aşkar edildiyi hesabat sayğacı tərəfindən abonentin elektrik enerji sərfiyyatları xx xxxx 2019-cu ildə 10,62 manat məbləğində (42 gün üçün), xx xxxxxx 2019-cuildə 12,78 manat məbləğində (25 gün üçün), xx xxxxxxxx 2019-cu ildə 7,65 manat məbləğində (22 gün üçün), xx xxxxxxx 2019-cu ildə 6,84 manat məbləğində (32 gün üçün), xx xxxxxx 2019-cuildə 4,05 manat məbləğində (39 gün üçün), xx xxxxxx 2019-cu ildə 7,11 manat məbləğində (26 gün üçün), xx xxxxxx 2020-ci ildə 11,43 manat məbləğində (38 gün üçün), xx xxxxxx 2020-ci ildə 4,41 manat məbləğində (23 gün üçün), xx xxxx 2020-ci ildə 10,35 manat məbləğində (31 gün üçün), xx xxxxx 2020-ci ildə 10,44 manat məbləğində (36 gün üçün), xx xxx 2020ci ildə 7,47 manat məbləğində (35 gün üçün) və xx xxxx 2020-ci ildə 7,65 manat məbləğində (23 gün üçün) olmuşdur. xx xxxx 2020-ci ildə isə həmin qeyri-yaşayış sahəsində sayğacdankənar qoşulma aşkar edildiyi üçün xx xxxx 2020-ci il tarixli 007450 nömrəli Akt tərtib edilməklə kənar qoşulma ləğv edilərək, istifadə olunan elektrik enerjisinin sayğac vasitəsi ilə hesabatının aparılması bərpa edildikdən sonra xx xxxx 2020-ci ildə 92,34 manat məbləğində (38 gün üçün), xx xxxxxx 2020-ci ildə 57,06 manat məbləğində (9 gün üçün), xx xxxxxxxx 2020-ci ildə 55,80 manat məbləğində (35 gün üçün) və xx xxxxxxx 2020-ci ildə 253,98 manat məbləğində (29 gün üçün) elektrik enerjisi sərfiyyatı olmuşdur. Qeyd etmək lazımdır ki, həmin Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacın quraşdırıldığı xx xxxx 2019-cu il tarixindən kənar qoşulmanın aşkar edildiyi xx xxxx 2020-ci il tarixinə kimi olan müddətdə sayğacın qeydiyyata aldığı elektrik enerjisinin orta hesabla gündəlik sərfiyyatı təxminən 0,27 manat, yəni 27 qəpik olduğu halda, kənar qoşulma ləğv edildikdən sonra gündəlik sərfiyyat orta hesabla 5,02 manat, yəni 5 manatdan artıq olmuşdur. Göründüyü kimi, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxx 2020-ci ildə aparılan yoxlama zamanı aşkar edilən nöqsan (kənar qoşulma xətti) aradan qaldırıldıqdan sonra müvafiq olaraq sayğac tərəfindən qeydiyyata alınan elektrik enerji sərfiyyatlarının həcmi xeyli miqdarda artmışdır. Yəni, məlum akt əsasında aşkar edilən nöqsan aradan qaldırıldıqdan sonrakı aylarda abonentin qeyri-yaşayış sahəsi üçün quraşdırılmış sayğacı daha çox elektrik enerjisinin sərfiyyatının qeydiyyatını aparmışdır. Elə bu halın özü də istehlakçı tərəfindən qeyri-yaşayış sahəsində uzun müddət sayğacın hesabatından yayınmaqla elektrik enerjisindən istifadə edildiyini təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, cavabdeh «xxxxxxxx» ASCnin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli 007450 nömrəli aktla İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacdan kənar xəttin qoşulduğu aşkar edilmişdir. Həmin Akt İddiaçı tərəfindən də imzalanaraq təsdiq olunsa da, o, hazırkı iddia ərizəsində həmin Akta əsasən hesablanmış əlavə sərfiyyatın silinməsini xahiş etməklə, Akta görə hesablanan borcu mübahisələndirmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, həmin aktın tərtib olunduğu dövrə aid müvafiq aylar üzrə məlum qeyri-yaşayış sahəsinin elektrik sayğacının hesabatı daha az miqdarda olmuş və aktda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra isə sayğacın hesabatına görə abonentin elektrik enerjisi sərfiyyatı əhəmiyyətli miqdarda (dəfələrlə) artmışdır. Ona görə də, sayğac tərəfindən hesabatı aparılmamış elektrik enerjisinin sərfiyyatını enerjitəchizatı Müəssisəsi (cavabdeh) “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələblərini nəzərə almaqla hesablamış və həmin məbləğin ödənilməsini istehlakçıdan (abonentdən) tələb etmişdir. Çünki, iddiaçıya aid Abonent haqqında Məlumatda əks olunmuş hesabatlar da xx xxxx 2020-ci il tarixli 007450 nömrəli Aktla müəyyən edilmiş pozuntunu təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “cavabdeh “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş 007450 saylı xx.xx.2020-ci il tarixli Aktın ləğv edilməsi və hesablanmış 4533,3 manat əsassız borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbi, yəni “cavabdeh “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş 007450 saylı xx.xx.2020-ci il tarixli Aktın ləğv edilməsi və hesablanmış 4533,3 manat əsassız borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-569/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-569/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver