Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-581/2021 16.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Xaçmaz Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsinə dair e-2(067)-804/2021 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 176350 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx xxxx 2016-ci il tarixdə dövlət qeydiyyatından keçmiş və həmin vaxtdan 2018-ci ilin dekabr ayına kimi cavabdeh X2 həmin MMC-nin direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayında cavabdeh X2 işdən çıxarılaraq, yerinə X3 direktor təyin edilmişdir. Bu zaman MMC-nin aktiv və passivlərinin təhvil-təslimi həyata keçirilmiş və məlum olmuşdur ki, MMC-nin kassasında 176350 (yüz yetmiş altı min üç yüz əlli) manat əskiklik var. Bu zaman təhvil-təslim aktına 1 saylı Əlavə hazırlanmışdır. Cavabdeh həmin Əlavəni imzalayaraq 176350 manat məbləğində pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmiş və xx xxxxxx 2018-ci il tarixədək qaytaracağını üzərinə öhdəlik olaraq götürmüşdür. Lakin, cavabdeh pulun geri qaytarılması ilə bağlı əlavə vaxtın verilməsinə baxmayaraq, MMC-yə vurduğu ziyanı ödəmək istəmir. İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2(067)-804/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsi üzrə olan e-2(067)-804/2021 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin Qərardadda işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi “İddiaçı MMC ilə cavabdeh X2 arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması” ilə əsaslandırılmışdır. Məhkəmə, e-2(067)-804/2021 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədi ilə həmin mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsinə dair e-2(067)-804/2021 nömrəli mülki işə Xaçmaz Rayon Məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və həmin vəsatət - “tərəflər arasında mübahisəli hüquq münasibətlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranması” ilə əsaslandırılmışdır (iş vərəqi: 25). Həmin vəsatət Xaçmaz Rayon Məhkəməsi tərəfindən xx xxxx 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında müzakirə edilərək, “e-2(067)-804/2021 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” barədə xx xxxx 2021-ci il tarixli qərardad qəbul edilmiş və həmin Qərardadda mülki işə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması - “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 saylı Qərarına istinad edilməklə, “İddiaçı MMC ilə cavabdeh X2 arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması” ilə əsaslandırılmışdır (i/v: 29-33). Lakin, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, iş üzrə cavabdeh X2 2018-ci ilin dekabr ayına kimi İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş və 2018-ci ilin dekabr ayında Cavabdeh işdən çıxarılarkən (direktor vəzifəsindən azad edilərkən) məlum olmuşdur ki, MMC-nin kassasında 176350 (yüz yetmiş altı min üç yüz əlli) manat əskiklik vardır və cavabdeh həmin 176350 manat məbləğində pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmişdir. Göründüyü kimi, “Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 176350 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması” ilə əlaqədar yaranmış hazırkı mübahisə - tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, Cavabdehnin (işçinin) İddiaçı MMC-nin (işəgötürənin) direktoru vəzifəsində işlədiyi dövrdə (2018-ci ilin dekabr ayına kimi) əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmışdır. Yəni, hazırkı “xxxx” barədə iddia tələbi işəgötürən MMCnin keçmiş direktoruna - işdən çıxarılmış işçisinə qarşı yönəldilmişdir. Qeyd etmək lazımdır ki, işçi tərəfindən işəgötürənə zərər vurulması ilə əlaqədar olan bu xüsusat cavabdehin direktor vəzifəsindən azad edildiyi (işdən çıxarıldığı) vaxt müəyyən olunmuşdur və əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmış bu kimi mübahisələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 saylı Qərarının 18-ci bəndində məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin hakimi tərəfindən xx xxxx 2021-ci il tarixli e-2(067)-804/2021 nömrəli qərardadda mülki iş üzrə mübahisə predmeti “tərəflərin sahibkarlıq fəaliyyəti” ilə əlaqələndirilərək, “işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi” qənaətinə gəlinmiş olsa da, iş materiallarına əsasən tərəflər arasındakı hazırkı mübahisə Əmək Qanunvericiliyi ilə nizamlanan münasibətlər əsasında yaranmışdır. Ona görə də, hazırkı mülki iş üzrə mübahisənin “tərəflərin sahibkarlıq fəaliyyəti əsasında yaranmış mübahisə” olaraq kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Yəni, İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Xaçmaz Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh X1 qarşı "xxxx" tələbi barədə iddia ərizəsinə dair e-2(067)-804/2021 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-581/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-581/2021
16.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver