Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-609/2020 05.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X4, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxx 2020-ci ildə cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılması və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx ASC-nin qanunsuz hərəkətləri nəticəsində Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektinə verilmiş işığın bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində 6000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh “xxxxxxxx” ASC-nin vəzifəli şəxslərinin iddiaçıya qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısı alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətin müəyyənləşməsi və “xxxxxxxx” ASC tərəfindən götürülmüş sayğacın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsi icraata qəbul edildikdən sonra xx xxxxxx 2020-ci il tarixli 2(067)-1517/2020 nömrəli qərardada əsasən məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, xx xxxx 2020-ci il tarixli 007497 saylı Akta əsasən ona məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektə əsassız olaraq hesablanmış 6417,54 manat məbləğində cərimənin silinməsi və iddiaçıya dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz şəhərinin N.Nərimanov küçəsində özünə məxsus ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci ildə ona məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən obyektində qanunsuz olaraq yoxlama aparılmış və yoxlama nəticəsində yerindəcə ona dəqiq məlumat verilməmiş və heç bir əsası olmayan hallar yazılaraq aktlaşdırılmışdır. Həmin Aktda sayğac sxemindən kənar xətt olması qeyd olunmuşdur. xx xxxx 2020-ci il tarixli 007497 sayli həmin Akta əsasən obyektə 6417,54 manat məbləğində cərimə hesablanmışdır. Lakin, yoxlama qanunsuz olaraq keçirilmişdir. Belə ki, müvafiq qanunvericiliyə əsasən reyestrdə qeydiyyat aparılmamışdır. Obyektin işlədiyi dövrdə vaxtaşırı olaraq “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən sərbəst olaraq elektrik cihazları olan sahədə yoxlamalar keçirilmiş və bu yoxlamaların heç birisində sayğacla əlaqədar təklif və iradlar bildirilməmişdir. Bundan başqa, həmin yoxlama nəticəsində cavabdehin nümayəndələri tərəfindən obyektin işıqları kəsilmiş və işığın kəsilməsi nəticəsində obyektdən istifadə mümkün olmamışdır. Nəticə etibari ilə də o, əldə edəcəyi gəlirdən məhrum olmuş və ona 10000 manat məbləğində maddi ziyan vurulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız cərimə - borc silinməlidir. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, xx xxxx 2020ci ildə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Xaçmaz şəhərində yerləşən ticarət obyektinin işlədicilərinə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirən zaman sayğac sxemindən kənar xətt çəkilərək obyektdə qanunsuz X2 olunması halı aşkar edilmişdir. Kənar xətt sayğacın giriş kabel xəttinin izoliyasiyasının dam örtüyünün üzərində pozaraq, en kəsiyinin sahəsi S=1 x 20 mm2 olan alüminium kabel xətti ilə çəkilərək, obyektin divarından açılmış xüsusi dəlikdən obyektə daxil edilmişdir. Aşkar olunmuş faktla əlaqədar daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin vaxt ampermaşa vasitəsi ilə xətlərdən axan yüklər ölçülmüşdür. Bu zaman kənar xəttin həqiqətən işlək vəziyyətdə olması bir daha öz təsdiqini tapmışdır. Belə ki, ölçmə zamanı kənar xətdən axan yükün 8,14 kvt (Pkənar=8,14 kvt), sayğacın qeydə aldığı yükün isə 5,25 kvt (Psayğac=5,25 kvt) olduğu məlum olmuşdur və bu barədə xx xxxx 2020-ci il tarixli 007497 sayli aktda müvafiq qeydlər aparılmışdır. Aşkar olunmuş faktlar iddiaçının nümayəndəsi Rəşad Ağazadənin iştirakı ilə tərtib olunmuş NDQ 007497 saylı aktda öz əksini tapmışdır. Lakin, Ağazadə Rəşad aktı imzalamaqdan imtina etmiş olduğundan, bu barədə Aktda müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın (E.E.İ.Q) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ 007497 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə iddiaçıya qarşı həmin bəndin tələbləri ilə 6417,54 manat məbləğində yenidən hesablaşma aparılmışdır. Göründüyü kimi, iddiaçının özü tərəfindən yuxarıda qeyd edilən halda EEİQ-nin 8.17-ci bəndinin tələbləri qəsdən pozulmaqla, elektrik enerjisi oğurluq yolu ilə talan edilmiş və bunun da nəticəsində “xxxxxxxx” ASC-yə 6417,54 manat məbləğində ziyan vurulmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən elektrik enerjisinin oğurlanmaqla talan edilməsi ilə əlaqədar əməkdaşlarımız tərəfindən bu qanuna zidd əməlin qarşısı alınmaqla, həmin obyektə elektrik verilişnin dayandırılması ilə əlaqədar 6000 manat mənəvi zərərin dəyməsini iddia etməsi məntiqsiz və əsassızdır. Belə ki, elektrik enerjisindən qanunsuz istifadə etdiyi zaman bu halın aşkarlanacağı anda elektrik verilişinin dayandırılacağı istehlakçıya əvvəlcədən məlum olmuşdur. Mübahisələndirilən hallar aşkar olunduqda isə cavabdehin əməkdaşları tərəfindən haqlı olaraq EEİQ-nin 8.17-ci bəndinə əsasən obyektin işləmə saatlarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmış və istehlakçının obyekti elektrik şəbəkəsindən açılmışdır. İddiaçı zərər tələbini irəli sürməklə hüquqlardan sui-istifadə etməyə cəhd etmişdir. İddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi - hüquqdan suiistifadə hesab edilməlidir və hüquqdan sui-istifadə yolverilməzdir. Həmçinin, iddiaçıya dəymiş zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş və zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və xx xxxx 2020-ci il tarixli 007497 saylı Akta əsasən İddiaçı məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə əsassız olaraq hesablanmış 6417,54 manat məbləğində cərimənin silinməsi və iddiaçıya dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş xx xxxx 2020-ci il tarixli 007497 saylı Akta əsasən İddiaçı məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə əsassız olaraq hesablanmış 6417,54 manat məbləğində borcun silinməsi və iddiaçıya dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, xx xxxx 2020-ci ildə iddiaçıya məxsus obyektə quraşdırılmış sayğaca baxış keçirilən zaman həmin obyektdə həm sayğac vasitəsi ilə verilən elektrik enerjisindən, həm də obyektin damının üstü ilə sayğaca gələn xətdən əlavə çəkilmiş xətt vasitəsi ilə keçən X2 edildiyi və ölçmə zamanı sayğacdan kənar xətdən axan yükün 8,14 kvt, sayğac vasitəsi ilə axan yükün isə 5,25 kvt olduğu müəyyən edilmişdir. Həmin baxış zamanı videoçəkiliş aparılmaqla, tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 007497 saylı Akta əsasən kənar xətt vasitəsi ilə sayğacdan kənar istifadə edilən elektrik enerjisinə görə 730 gün üçün nəzərdə tutulan 6417,54 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün elektrik enerjisinin verilməsi dayandırılmasa da, kənar xətt ləğv olunmuş və bundan sonra sayğac vasitəsi ilə istifadə edilən elektrik sərfiyyatının miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Sayğac elektron sayğacdır və “xxxxxxxx” ASC-nin nəzarətçisi ayda bir dəfə elektrik sərfiyyatı ilə əlaqədar sayğacın məlumatlarını götürür və həmin məlumat Abonentin hesabına daxil edilərək, sərfiyyatla əlaqədar borc hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyekti (abonent kodu: **********3) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat xx xxxx 2014-cü ildə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinin (abonent kodu: **********3) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt çəkilərək, obyektdə əlavə çəkilmiş xətt vasitəsi ilə qanunsuz X2 olunur. Kənar xətt dam örtüyünün üzərində sayğacın giriş kabel xəttinin izoliyasiyası pozulmaqla, en kəsiyinin sahəsi S=1 x 20 mm2 olan alüminium kabel xətti ilə çəkilərək, obyektin divarından açılmış xüsusi dəlikdən obyektə daxil edilmişdir. Ampermaşa vasitəsi ilə xətlərdən axan yüklər ölçülərkən kənar xətdən axan yükün 8,14 kvt (Pkənar=8,14 kvt), sayğacın qeydə aldığı yükün isə 5,25 kvt (Psayğac=5,25 kvt) olduğu məlum olmuşdur. Məhkəmə araşdırması zamanı xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt tərtib edilərkən çəkilmiş və bir ədəd elektron daşıyıcıda (DVD diskdə) məhkəməyə təqdim edilmiş video görüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilmiş və məlum Aktda göstərilənlər həmin videogörüntülərdə öz təsdiqini tapmışdır. Eyni zamanda, həmin video görüntülərlə müəyyən edilir ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt üzrə qeyd olunmuş pozuntuların aşkar edildiyi zaman İddiaçı məxsus sahibkarlıq obyektinə daxil olunmamış və həmin pozuntular bilavasitə elektrik hesabat sayğacının quraşdırıldığı yerdə və həmin sayğaca daxil olan elektrik xəttində müəyyən edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********3) aid Abunə haqqında Məlumata və digər sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qaydaları"nın 8.17-ci bəndinin tələblərinə əsasən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacından kənar qoşulmaya görə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Aktda qeyd olunan nöqsana görə, yəni kənar xətt vasitəsi ilə istifadə olunan elektrik enerjisinə görə 730 gün (24 ay) müddətinə yenidən hesablama aparılmış və həmin hesabatla 6417,54 manat məbləğində (8,14 kvt x 12 saat x 730 gün = 71306 kvts x 0,09 manat = 6417,54 manat) əlavə sərfiyyat üzrə borc hesablanaraq, İstehlakçının hesabına daxil edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********3) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxx 2020-ci ildə aparılan yoxlama zamanı aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq olaraq Abonentin sayğacı tərəfindən qeydiyyata alınan elektrik enerji sərfiyyatlarının həcmi xeyli miqdarda artmışdır. Yəni, məlum akt əsasında aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonrakı aylarda abonentin qeyri-yaşayış sahəsi üçün quraşdırılmış elektrik hesabat sayğacı daha çox elektrik enerjisinin sərfiyyatının qeydiyyatını aparmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmçinin, təsvir olunanlar belə qənaətə gəlməyə əsas verir ki, elektrik enerjisinin alqı-satqısı üzrə Satıcı tərəf olaraq cavabdeh “xxxxxxxx” ASC, Alıcı tərəf olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində tərəflər arasında mövcud alqı-satqının hesabatını aparan hesabat sayğacını yoxlayarkən, İstehlakçının (Alıcının) həmin sayğacın hesabatından yayındırılmaqla, kənar xətt vasitəsi ilə X2 olunmasını aşkar etmiş və bununla bağlı məlum Aktı və digər sənədləri tərtib edərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq əlavə sərfiyyatla bağlı hesabat aparmışdır. Bu fəaliyyət isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır (hətta, xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt tərtib edilərkən çəkilmiş videogörüntülərlə də təsdiq olunur ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən məlum Akt üzrə qeyd olunmuş pozuntuların aşkar edildiyi zaman İddiaçı məxsus sahibkarlıq obyektinə daxil olunmamış, sonuncunun hər hansı bir elektrik avadanlığı yoxlanılmamış və həmin pozuntular bilavasitə elektrik hesabat sayğacının quraşdırıldığı yerdə və həmin sayğaca daxil olan elektrik xəttində müəyyən edilmişdir). Bunun əksini tələb etmək, yəni müqavilə tərəflərindən birinin digər tərəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması – müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Aktın tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Çünki, elektrik enerji təchizatı üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün satılan elektrik enerjisinin hesabatını aparan sayğaca baxış keçirilməsini həyata keçirməli və həmin hesabatı aparan ölçü cihazının və həmin cihaza daxil olan elektrik xətlərinin mövcud vəziyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt üzrə qeyd olunmuş pozuntu (məlum sahibkarlıq obyektində sayğac vasitəsi ilə daxil olan X2 olunması ilə yanaşı, həm də kənar xətt vasitəsi ilə sayğacın hesabatından kənar X2 edilməsi) məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış olduğundan, həmin pozuntuya görə sayğacın hesabatını aparmadığı istehlak edilən elektrik enerjisinin həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, həmin hesabat cavabdeh tərəfindən müəyyən edildiyi kimi 730 gün (24 ay) müddətinə deyil, yalnız bir ay (30 gün) müddətinə hesablanmalıdır. Çünki, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, İstehlakçıya məxsus qeyri-yaşayış sahəsinə xx xxxx 2014-cü ildə quraşdırılmış elektrik sayğacıının məlumatları mütəmadi olaraq hər ay (ayda bir dəfə olmaqla) cavabdeh “xxxxxxxx” ASC-nin müvafiq səlahiyyətli şəxsi tərəfindən götürülərək, Abonentin hesabına daxil edilməklə, istehlak edilən elektrik enerjisinin sərfiyyatı üzrə müvafiq hesabatlar aparılmışdır. Yəni, hər ay cavabdeh “xxxxxxxx” ASC-nin müvafiq səlahiyyətli şəxsi tərəfindən iddiaçıya məxsus obyektə quraşdırılmış sayğaca baxış keçirilmiş və həmin baxışlar zamanı xx xxxx 2020-ci ildə aşkar edilmiş kənar xəttin mövcudluğu ilə əlaqədar hər hansı bir məlumat verilməmiş və yaxud, sənəd təqdim olunmamışdır. Halbuki, “X2 Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə görə kənar xətdən istifadəyə görə hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən aparılmalı olmasına baxmayaraq, məhkəmə araşdırması zamanı cavabdeh “xxxxxxxx” ASC tərəfindən həmin tarixdən əvvəl məlum obyektdə qoşulma sxeminin yoxlanması tarixi ilə əlaqədar hər hansı bir sübut təqdim olunmamışdır. Elektrik sayğacı isə xx xxxx 2014-cü ildə quraşdırıldığından, həmin tarixdən hesabat aparıla bilməzdi. Buna görə də, xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Aktda qeyd olunan nöqsana görə əlavə sərfiyyat 730 gün (24 ay) üçün deyil, 30 gün (bir ay) müddətinə hesablanmalıdır. Bu halda isə, məlum Akt əsasında müəyyən edilmiş pozuntuya (kənar xətdən istifadəyə) görə əlavə sərfiyyatın miqdarı 263,73 (iki yüz altmış üç manat 73 qəpik) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt əsasında cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə hesablanmış 6417,54 manat məbləğində borcun silinməsi hissəsində iddia tələbi qismən əsaslıdır. Yəni, həmin tələb üzrə “6417,54 manat məbləğində” borcun 263,73 manat hissəsi saxlanılmalı, qalan hissəsi isə silinməlidir. Eləcə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı İddiaçı “iddiaçıya dəymiş 10000 manat məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması” barədə iddia tələbinin əsaslılığı mötəbər sübutlarla müəyyən edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı həmin tələbin əsaslılığı sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt əsasında cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********3) hesablanmış 6417,54 (altı min dörd yüz on yeddi manat 54 qəpik) manat məbləğində borcun 263,73 (iki yüz altımış üç manat 73 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2020-ci il tarixli 007497 nömrəli Akt əsasında cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********3) hesablanmış 6417,54 (altı min dörd yüz on yeddi manat 54 qəpik) manat məbləğində borcun 263,73 (iki yüz altımış üç manat 73 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-609/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-609/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver