Məhkəmə qərarları › İş №2-2(119)-66/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-66/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-66/2024 05.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “əsassız olaraq hesablanmış borcun silinməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair əsassız olaraq hesablanmış 1080 (min səksən) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 06 noyabr 2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmışdır. Müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərib. Müqavilə fiziki şəxs X1 ilə bağlanmışdır. Hazırda müqavilə və abunə kodu həmin şəxsin adınadır. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən sözügedən qeyri-yaşayış sahəsinə 1080 (min səksən) manat məbləğində cərimə hesablanmışdır. Aktda qeyd olunub ki, guya, sayğacın klapanı işləmir, çıxış plastmas borusu gövdəyə birləşən hissədən yad cisim ilə əzilib və deşilib. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir, hesablayıcı mexanizmi hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kəsilib, Alarm 1 rejimi qeydə alınıb. Akt formal olaraq yazılmış və həmin aktın əsasında əsassız olaraq borc hesablanmışdır. Bütün bunlar iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, onun akt tərtib edilməsindən xəbəri olmayıb və o, həmin aktı imzalamayıb. Qubadlı Rayon Məhkəməsinin 2(028)-188/2023 nömrəli 24 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 2(105)-1513/2023 nömrəli qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)- 188/2023 nömrəli 24 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 15 yanvar 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair əsassız olaraq hesablanmış 1080 (min səksən) manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçına ödənilməsini barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, abonent saldosunda qeyd olunan ünvanın iddia ərizəsində göstərilən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə eyni ünvan olduğunu və saldoda göstərilən **********00010 nömrəli abonent kodunun həmin qeyri-yaşayış sahəsinə aid olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, paylayıcı Cavabdeh ilə istehlakçı X1 arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli AKX2/3329 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. İş materiallarında olan və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 10 oktyabr 2022-ci il tarixli MSK-29/1640-01680-07 nömrəli aktdan görünür ki, 21 iyul 2022-ci il tarixdə Sumqayıt Qaz İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş “G4” markalı smart-kart tipli qaz sayğacına 12 sentyabr 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir, sayğacın çıxış plastmas borusu gövdəyə birləşən hissədən yad cisim ilə əzilib və deşilib. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Plomb yuvalarının ətrafında kənar təsir izləri var və plomblar sınıqdır, sayğaca hava vuruldu. Hesablayıcı mexanizmi hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kəsilib. Sayğacın arxiv yaddaş proqramı oxundu. Alarm 1 rejimi qeydə alınıb” qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan İstifadə qaydalarının pozulması haqqında” 17 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman “Sayğacın çıxış borusu müdaxilə nəticəsində əzilib-deşilib. Plombların rəngi fərqlidir, plombun ətrafında izlər var, sınıqdır, hesablama mexanizmi fasilə ilə işləyir” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, qaz sayğacının maksimal ölçmə həddi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 4320 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2022-ci ilin oktyabr ayında akt əsasında **********00010 nömrəli abonent koduna 1080 (min səksən) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus “G4” markalı smart-kart tipli qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğaca Metrologiya Departamenti tərəfindən 12 sentyabr 2022-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir, sayğacın çıxış plastmas borusu gövdəyə birləşən hissədən yad cisim ilə əzilib və deşilib. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Plomb yuvalarının ətrafında kənar təsir izləri var və plomblar sınıqdır, sayğaca hava vuruldu. Hesablayıcı mexanizmi hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kəsilib. Sayğacın arxiv yaddaş proqramı oxundu. Alarm 1 rejimi qeydə alınıb” kimi nöqsanlar aşkar olunaraq 10 oktyabr 2022-ci il tarixli MSK-29/1640-01680-07 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 17 oktyabr 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə akta əsasən 1080 (min səksən) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyekti barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı (VÖEN: **********) məxsus Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00010) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinməlidir. Bununla yanaşı Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa Cavabdehndən dövlət nəfinə 30,8 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00010) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən dövlət nəfinə 30,8 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar