Məhkəmə qərarları › İş №2-2(119)-73/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-73/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-73/2022 06.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Əliağa oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və digərlərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 27 mart 2019-cu il tarixli kredit sazişi üzrə 15.048,67 manat əsas borc, 5.876,86 manat faiz borcu olmaqla, cəmi 20.925,53 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmin vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - X2 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracda satılması və ədə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan 2(060)-8195/2021 nömrəli iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad – Cavabdeh1 fərdi sahibkar statusuna (VÖEN **********) malik olması və iddiaçı bankdan kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürülməsi, cavabdehlə bu məqsədlə müqavilə bağlanması ilə əsaslandırılmışdır. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında Cavabdeh1 ilə bağlanmış 26 yanvar 2018-ci və 27 mart 2019-cu il tarixli kredit sazişlərində kreditin məqsədinin istehlak kimi göstərildiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 29 dekabr 2017-ci il tarixli “Kredit alınması üçün Sifariş” ərizəsində kreditin “istehlak məqsədləri üçün” verilməsinin xahiş olunduğunu qeyd etmiş, lakin həmin ərizə əsasında qəbul edilmiş sahə kredit komitəsinin 19 yanvar 2018-ci il tarixli qərarında kreditin “istehsal fəaliyyət növünə görə dövriyyə vəsaitlərinin alışı üçün” verilməsi yazılmasının səbəbini izah edə bilməmişdir. Göstərilənlərə əsasən iş üzrə məhkəmə aidiyyətinin mübahisələndirilməsini xahiş etmişdir. Məhkəmə, 2(060)-8195/2021 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və digərlərinə qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və iddia tələbi İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 istehlak məqsədi üçün 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 17439,91 (on yedi min dörd yüz otuz doqquz manat 91 qəpik) manat məbləğində kreditin verildiyi 27 mart 2019-cu il tarixli kredit sazişi ilə əsaslandırılmışdır. İş materiallarında olan Cavabdeh1 29 dekabr 2017-ci il tarixli “Kredit alınması üçün Sifariş” ərizəsində 18 ay müddətinə illik 24% olmaqla 70000 manat məbləğində “istehlak məqsədləri üçün” kreditin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sahə kredit komitəsinin 19 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 istehsal fəaliyyət növünə görə dövriyyə vəsaitlərinin alışı üçün 30.000 manat kredit verilməsi qərara alınmışdır. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli kredit limitinin ayrılması haqqında Müqavilənin 2.2-ci bəndinə əsasən kredit limiti çərçivəsində verilən kreditlərin məqsədi, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər “Kredit müqavilələri” ilə müəyyən olunur. İş materiallarında olan 26 yanvar 2018-ci il tarixli kredit sazişinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün18 ay müddətinə, illik 24% (faktiki illik faiz dərəcəsi: 25,3%) dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 mart 2019-cu il tarixli kredit sazişinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 24 ay müddətinə, illik 24% (faktiki illik faiz dərəcəsi: 24%) dərəcəsi ilə 17439,91 (on yeddi min dörd yüz otuz doqquz manat 91 qəpik) manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi barədə iddia ərizəsinə dair işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərardadında Cavabdeh1 fərdi sahibkar statusuna (VÖEN **********) malik olması və iddiaçı bankdan kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürülməsi, cavabdehlə bu məqsədlə müqavilə bağlanması ilə əsaslandırılmış olsa da, hazırkı iddia tələbinin predmeti - cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, şəxsi istehlak məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir. İddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, hazırkı iddia ərizəsi üzrə mübahisə - cavabdehin şəxsi istehlak məqsədi ilə almış olduğu kreditlə əlaqədar yaranmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 29 dekabr 2017-ci il tarixli “Kredit alınması üçün Sifariş” ərizəsi, 26 yanvar 2018-ci və 27 mart 2019 il tarixli kredit sazişləri ilə təsdiq olunur ki, Cavabdeh1 hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu - ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “istehlak” məqsədi ilə verilən kreditə görə yaranan borcdur və mübahisə predmeti olan borc sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə işlərin kommersiya məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar cavabdehin fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Ona görə də, yuxarıda qeyd edilən hallar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda isə kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair 2(060)-8195/2022 nömrəli iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar