Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-776/2024 23.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, Siyəzən Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair 2(059)-5/2024 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə 2(059)-5/2024 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardad Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində torpaq sahəsinin məqsədli istifadə növünün (uqodiyası, sair sahələr) sahibkarlıq kimi qeyd edilməsi, tərəflər arasında yaranmış mübahisənin iddiaçıya icarə hüququ əsasında verilmiş torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış manenin sonuncu tərəfindən aradan qaldırılmasından ibarət olmaqla özlüyündə mahiyyət etibarilə mübahisənin predmeti baxımından iqtisadi məzmunlu (xarakterli) sahibarlıq fəaliyyətininin həyata keçirilməsini ehtiva etməsi, iddiaçının fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olsa da, cavabdehin bütün səhmlərinin dövlətə məxsus hüquqi şəxs olması, iddiaçının nümayəndəsi və vəkilinin izahatında elektrik xəttinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçdiyi üçün orada ticarət məqsədli qeyri-yaşayış sahəsinin inşasına maneə törətməsini bildirməsi, iddiaçının ictimai deyil, şəxsi və sahibkarlıq maraqlarından çıxış edərək cavabdeh qarşısında səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməkdə olması, hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinə edilən manenin aradan qaldırılmasına nail olmağa çalışması ilə əsaslandırmışdır. Məhkəmə 2(059)-5/2024 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin ikinci cümləsində qeyd edilir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İddiaçının hazırda vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik olubolmaması, yəni fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınıb-alınmaması bir daha yoxlanıldıqda, “Elektron məhkəmə” İnformasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlarla müəyyən edilir ki, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadında göstərildiyi kimi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik deyil, yəni o, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdır. Göründüyü kimi, iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan mübahisənin kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hal isə MPMin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göründüyü kimi, hazırkı mübahisə korporativ mübahisə deyil, eyni zamanda işdə birbiri ilə əlaqədar olan bir neçə tələbi birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalı olması halı mövcud deyil. Bundan başqa “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir, lakin Siyəzən Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(059)-5/2024 nömrəli qərardadı və mülki iş materialları ilə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən olunmur. Qeyd olunan Qərarın 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı vardır. Məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyi üçün göstərilən hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Siyəzən Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair 2(059)-5/2024 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-776/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-776/2024
23.04.2024 · Torpaq mübahisələri - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver