Məhkəmə qərarları › İş №2-2(119)-93/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-93/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-93/2020 03.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Abşeron rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 10711 saylı inventar akt və onun əsasında tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatının əsassız hesab edilməsi, göstərilən sənəd üzrə yüklənmiş 2196 (iki min yüz doxsan altı) manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi üzrə olan 2(012)-3965/2019 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə 2(012)-3965/2019 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadında 2(012)-3965/2019 nömrəli mülki işin məhkəmə aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (Sumqayıt Kommersiya Məhkəməsinə) göndərilməsi “İddiaçı sahibkarlıq fəaliyəti ilə məşğul olması və iddiaçıya məxsus obyektə (“avtoyuma məntəqəsinə”) qoyulmuş sayğacın qeyri-əhali qrupuna aid olması” ilə əsaslandırılmışdır. Lakin, mülki iş materiallarında İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. Əksinə, mülki iş üzrə xx xxxxxx 2019-cu ildə keçirilmiş məhkəmə baxış iclasının iclas protokolunda və həmin iclas əsasında qəbul edilmiş məlum xx xxxxxx 2019-cu il tarixli qərardadda əks olunmuş tərəflərin izahatlarında iddiaçının VÖEN-nin olmadığı qeyd olunmuşdur. Yəni, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin hakimi tərəfindən mübahisə predmeti olan borc məbləği iddiaçının “avtoyuma məntəqəsi” işlətməsi və iddiaçı ilə su təminatına görə “qeyri-əhali” üçün nəzərdə tutulan müqavilə bağlanması ilə əlaqələndirilmiş və bu hallara görə də VÖEN-i olmasa belə, iddiaçının “sahibkarlıq fəaliyəti ilə məşğul olması” qənaətinə gəlinmişdir. Halbuki, sahibkarlıq fəaliyyəti qanunla nizamlanan, müvafiq qaydada qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından (hüquqi şəxs yaratmaqla və yaxud hüquqi şəxs yaratmadan) və sahibkarlıq fəaliyyətinin bunun əsasında yaranmasından asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, hazırkı mülki iş üzrə iddiaçının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilən sahibkarlıq fəaliyyəti deyildir və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış hər hansı bir müqavilə müvafiq qaydada qeydə alınmamış şəxsin fəaliyyətinin qanunla müəyyən edilmiş sahibkarlıq fəaliyyəti kimi qəbul edilməsi üçün əsas ola bilməz (qanunsuz sahibkarlıq fəaliyyəti inzibati xəta tərkibi yaradan və yaxud, cinayət məsuliyyətinə səbəb ola bilən əməllərdəndir). Buna görə də, hazırkı mülki iş üzrə iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı fərdi sahibkar statusuna malik olmadığından, hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Yəni, yuxarıda qeyd edilən hallar İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı mülki iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbi barədə Abşeron rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş 2(012)-3965/2019 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar