Məhkəmə qərarları › İş №2-2(121)-1003/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1003/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1003/2020 24.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, 3.862 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 27 hektar torpaq sahəsi götürmüş, sonradan Masallı rayonu, Masallı bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli, 05 saylı Qərarı ilə 27 hektar torpaq sahəsini kənd təsərrüfatı məqsədi üçün dövlət aktına əsasən mülkiyyətinə götürmüşdür. Sonradan isə həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli çıxarış ilə mülkiyyət hüququnu qeydə aldırmışdır. O, 1997-ci ildə ferma açaraq heyvandarlıqla məşğul olmağa başlamışdır. Həmin fermaya quraşdırılmış sayğac 2017-ci ilin ilk aylarında elektrik göstəricisi onu qane etmədiyindən düzgün işlənməməsi barədə “Cənub” RETS-ə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2017-ci il tarixdə sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı RETS-nin əməkdaşı ilə birlikdə işlədiyi fermaya gələrək sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə 121433 nömrəli akt tərtib edərək sayğacı təhvil almışdırlar. Həmin aktda da göstərildiyi kimi “Abonentin Cənub RETS-yə ünvanladığı ərizəyə əsasən sayğaca baxış keçirmişlər. Gərginlik altında yük vermədən impuls döyüntüləri aşkarlanmışdır. Sayğac yenisi ilə əvəz olunmuşdur. Yoxlanılıb möhürlənmiş, çıxarılan sayğac laborotoriya şəraitində yoxlanılması üçün tərəflərindən təhvil götürülmüşdür.” Hazırda isə istifadə etdiyi sayğacdan razıdır. Obyektə yeni sayğac quraşdırılmasından üç ildən artıq bir müddət keçmişdir. X10 X5 X6 Rayon Şöbəsinin əməkdaşı ona bildiriş verərək ona məxsus olan fermanın (obyektin) köhnə sayğacı üzərində 3.862 manat borcu olduğunu bildirmişdir. Halbuki, bu fakt akt tərtib olunarkən öz əksini tapmamışdırsa, qeyri-qanuni yazılan bu borc necə ola bilər? Əgər yazılan borc qanuni idisə, niyə görə bu müddət ərzində obyektə gələn elektrik enerjisi açılıb ayrılmamışdır? Bundan da əlavə onlar qanuni tələb etməsə də o özü narahat olur. Eyni zamanda qanuni borc olsa belə müddətin ötürülməsi borcun əsaslı olmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddi müddəti üç ildir. Bu baxımdan da yanaşılsa onların tələb etdiyi borc üç ildən artıq bir müddətə keçmişdir. Son vaxtlar isə ona obyektin elektrik enerjisinin borca görə ayrılacağını qətiyyətlə demələri onu narahat etdiyindən məcburiyyət qarşısında qalıb bu tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 061154 nömrəli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti X7 ilə İddiaçı arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 121433 saylı aktın surətində qeyd edilmişdir ki, abonentin “Cənub” RETS-ə ünvanladığı müraciətə əsasən sayğaca baxış keçirdik. Gərginlik yük vermədən impuls döyüntüləri aşkarlandı. Sayğac yenisi ilə əvəz olundu. Yoxlanıb möhürləndi. Sayğac laborotoriya şəraitində yoxlanılması üçün təhvil götürüldü. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı “xxxx” ASC-yə 3.867,95 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan “xxxx” ASC-nin abunə haqqında məlumatından görünür ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə (fermaya) görə “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixə 3.839,59 manat borcu vardır. Həmin borcun 1.556,27 manat hissəsi xx.xx.2015-ci il tarixdə “ETAİS”-dən gələn borc kimi, 505,44 manatı NDQ 001168 saylı akta əsasən xx.xx.2016-cı il tarixdə abonentin hesabına əlavə edilmiş borc kimi, qalan hissəsi isə sayğac üzrə elektrik enerji sərfiyyatının borcu və transormator itkisi kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialı tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, AERA- 24-764/20 saylı məktubda qeyd olunur ki, İddiaçı iddiası ilə əlaqədar keçiriləcək məhkəmə iclasında mütəxəssislərinin iştirak etməsi barədə müraciətiniz ilə bağlı Agentliyin Lənkəran filialında araşdırma aparılmışdır. İlk öncə vətəndaşın iddia ərizəsində qeyd etdiyi 121433 nömrəli aktla bağlı bildirilmişdir ki, həmin akta görə onun hesabına hər hansı məbləğ əlavə olunmamışdır. İddiaçı fermasına məxsus abunə dövriyyəsi tərəflərindən təhlil edilərkən məlum olmuşdur ki, onun elektrik enerjisi üzrə 3.831,11 manat borcu vardır. Həmin borcun 1.646,59 manatı onun sayğac üzrə sərf etdiyi, lakin ödəmədiyi elektrik enerjisinin dəyəri, 1.556,27 manatı “xxxx” ASC dövrünə aid olan ETAİS porqram bazasından qalan borc və 505,44 manatı NDQ 001168 nömrəli akta görə xx.xx.2016-cı il tarixində abonentin hesabına əlavə edilmiş məbləğdir. Borcun qalan hissəsi (122,81 manat) isə transformator itkisinin dəyəridir. Abonentin sayğac üzrə sərf etdiyi, lakin ödəmədiyi elektrik enerjisinin dəyəri (1.646,59 manat) ilə bağlı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarının 9.10 bəndinə əsasən bildirmişdirlər ki, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “xxxx” ASC dövrünə aid olan ETAİS proqram bazasından, xx.xx.2015-ci il tarixindən qalan 1.556,27 manat borcla bağlı bildirmişdirlər ki, həmin məbləğ bu günə qədər enerjitəchizatı müəssisəsi tərəfindən tələb edilməmişdir. Abunə dövriyyəsinə xx.xx.2016-cı il tarixində düşmüş NDQ 001168 nömrəli akta dair məlumatlar təqdim edilmədiyindən həmin akta görə abonentin hesabına əlavə edilmiş 505,44 manat məbləğin hansı səbəbdən əlavə olunduğunu araşdırmaq mümkün olmamışdır. Gələcəkdə sənədlər təqdim edildikdə həmin aktla bağlı da rəy verilməsi mümkün olacaqdır. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı düzgün hesablanmadığı üçün 3.862 manat borcun silinməsini “xxxx” ASC-dən xahiş etmişdir. İş materiallarında olan cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd olunur ki, iddiaçının iddia ərizəsində göstərilən hallar əsassızdır və heç bir maddi hüquqi əsası yoxdur. İddiaçı məxsus obyekt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın tələblərinə əsasən "xxxx" ASC-nin struktur vahidi olan X8 tərəfindən elektrik enerjisi ilə təchiz edilir. Təchiz edilmiş elektrik enerjisinə görə və sayğac göstəricisinə əsasən qismən ödənişlər edilmişdir. Hətta yaranmış borc məbləği ödənilmədiyi üçün “EEİQ”-nin 9.13.2-ci bəndinin tələblərinə uyğun olaraq müəssisəyə elektrik enerjisi verlişi də dayandırılmışdır. Lakin buna baxmayaraq istehlakçı X2yə görə yaranmış debitor borcu ödəməmişdir. Bundan çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. İstehlakçı tərəfindən sayğacla istifadə olunmuş elektrik enerjisinin dəyəri vaxtında ödənilmədiyi üçün “xxxx” ASC-nin maliyyə durumunu pisləşdirməklə bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. EEİQ-nın 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. EEİQ-nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Belə ki, tərəflər arasında keçmiş illərdə və son dövrdə sərf olunmuş elektrik enerjisi üzrə borcun mövcudluğu barədə də bildirişlər təqdim olunmasına baxmayaraq iddiaçı həmin borcun ləğv olması barədə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, abonent saldosuna nəzər yetirdikdə müəyyən olunur ki, abonent qeyri əhali qrupuna aid olduğundan və onun şəxsi transformator məntəqəsi olduğundan əlavə itkilər hesablanmışdır və həmin məbləğdə mütləq şəkildə abonent tərəfindən ödənilməlidir. Belə ki, EEİQ-nın 8.10-cu istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və ücdolaalı transformatorlar ücün 1.05 vüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. EEİQ-nın 8.11-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Belə ki, abonent saldosuna (dövriyyəsi) nəzər yetirdikdə abonentin 3.883,94 manat borcunun olması müəyyən olunur ki, həmin borcun 505,44 manat məbləği “EElQ”-nın pozulmasına əsasən hesablanmış, qalan hissəsi isə sırf sayğac üzrə hesablanmış borc olduğu müəyyən olunur. Hesab edirlər ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi həmin borc məbləği onun tərəfindən sayğacla istifadə olunmuş, akt üzrə hesablanmış elektrik enerjisi borcudur və istifadə olunmuş elektrik enerjisinin dəyəridə İddiaçı tərəfindən tam şəkildə ödənilməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə (fermaya) görə “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixə 3.839,59 manat borcu vardır. Həmin borcun 1.556,27 manat hissəsi xx.xx.2015-ci il tarixdə “ETAİS”-dən gələn borc kimi, 505,44 manatı NDQ 001168 saylı akta əsasən xx.xx.2016-cı il tarixdə abonentin hesabına əlavə edilmiş borc kimi, qalan hissəsi isə sayğac üzrə elektrik enerji sərfiyyatının borcu və transormator itkisi kimi qeyd edilmişdir. “xxxx” ASC tərəfindən borcun ödənilməsi İddiaçı tələb olunmuşdur. İddiaçı “xxxx” ASC-yə rəsmi müraciət edərək, 3.862 manat borcun silinməsini xahiş etmişdir. Lakin “xxxx” ASC tərəfindən borc silinmədiyindən, İddiaçı 3.862 manat borcun silənməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” ASC tərəfindən İddiaçı hesablanmış borcun 2.061,71 manat hissəsi silinməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı hesablanmış borcun 1.556,27 manat hissəsi xx.xx.2015-ci il tarixdə “ETAİS”-dən gələn borc, 505,44 manatı NDQ 001168 saylı akta əsasən xx.xx.2016-cı il tarixdə abonentin hesabına əlavə edilmiş borc, qalan hissəsi isə sayğac üzrə elektrik enerji sərfiyyatının borcu və transormator itkisidir. İddiaçının ümumi borcundan xx.xx.2015-ci il tarixdə “ETAİS”-dən gələn borc kimi hesablanmış 1.556,27 manat hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, qeyd olunan 1.556,27 manat borcun nədən və necə yaranması, yəni abonentin cari sərfiyyatına əsasən, hər-hansı akta əsasən və ya transformator itkisi kimi hesablandığı iş materialları ilə müəyyən olunmur. Yəni, qeyd olunan borcun hüquqi əsası mövcud deyildir. Həmin borcun əsaslı olaraq hesablanmasını sübut etmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər-hansı sənəd və sübut təqdim edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər, ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər, zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1.556,27 manat borc əsassız hesablandığı üçün silinməlidir. Həmçinin cavabdeh “xxxx” ASC-nin abunə haqqında məlumatından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli, NDQ 001168 saylı akt əsasında 505,44 manat borc hesablanmışdır. Lakin borcun hesablanmasının əsası kimi, cavabdeh “xxxx” ASC tərəfindən hər-hansı sənəd və sübut təqdim edilməmişdir. Qeyd olunan borc məbləği 2016-cı ilin fevral ayında abunə haqqında məlumat bölməsində əks edilməsinə baxmayaraq, cavabdehin həmin məbləğdə qalıq borcunun olduğu, həmçinin həmin məbləğlərə dair hər-hansı aktın tərtib olunduğu iş materialları ilə müəyyən edilmir. Yəni ümumilikdə 505,44 manat borcun hesablanmasının hüquqi əsası yoxdur. Bununla bağlı məhkəmə tərəfindən həm şifahi, həm də yazılı şəkildə sözügedən borc məbləğinin hesablanmasına dair aktın və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da, həmin sənədlər məhkəməyə təqdim olunmamış, cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında, tapılmadığı üçün xx.xx.2016-cı il tarixli, NDQ 001168 saylı aktın məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialı tərəfindən araşdırma aparılarkən, həmin sənədlər qeyd olunan təşkilata da təqdim edilməmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, 505,44 manat borcun hesablanmasının hüquqi əsası olmadığından və iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən İddiaçı üçün xx.xx.2016-cı il tarixli, NDQ 001168 saylı akt üzrə hesablanmış 505,44 manat borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirdiyi və silinməsini tələb etdiyi 3.862 manat borcun qalan hissəsi isə iddiaçının cari elektrik enerjisi sərfiyyatına görə və transormator itkisi kimi hesablanmış borcdur ki, həmin borcun silinməsi hissəsində iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14.-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cari elektrik enerjisi sərfiyyatına görə və transormator itkisi kimi hesablanmış borcun ödənilməsi istehlakçının, yəni hazırki iş üzrə iddiaçının vəzifəsi olduğundan, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində “xxxx” ASC tərəfindən tərtib edilmiş 121433 saylı akt üzrə borc hesablandığı qeyd olunsa da, iş materiallarından görünür ki, həmin akt borcun hesablanmasına dair deyil, sayğacın dəyişdirilməsinə dair aktdır ki, həmin akt əsasında iddiaçıya hər-hansı borc hesablanmamışdır. Belə olan halda isə hesablanmayan borcun silinməsi də mümkün deyildir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xxxx” ASC tərəfindən İddiaçı (abunə kodu **********01006) hesablanmış 2.061,71 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən İddiaçı (abunə kodu **********01006) hesablanmış 2.061,71 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar