Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1994/2022 19.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən irəli sürülən ümumilikdə 3.530,61 manat məbləğində dövlət büdcəsinə və müvafiq fondlara göstərilən borcun yenidən hesablanması və tələb olunan cərimə məbləğinin silinməsi barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən irəli sürülən ümumilikdə 3.530,61 manat məbləğində dövlət büdcəsinə və müvafiq fondlara göstərilən borcun yenidən hesablanması və tələb olunan cərimə məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq, "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən irəli sürülən ümumilikdə 3.530,61 manat məbləğində dövlət büdcəsinə və müvafiq fondlara göstərilən borcun yenidən hesablanması və tələb olunan cərimə məbləğinin silinməsini xahiş edir. Göründüyü kimi cavabdeh inzibati orqan olduğundan hazırkı iddiaya mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 10-1.3-cü maddəyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 135.8-ci maddəyə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə kağız daşıyıcıda təqdim etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən irəli sürülən ümumilikdə 3.530,61 manat məbləğində dövlət büdcəsinə və müvafiq fondlara göstərilən borcun yenidən hesablanması və tələb olunan cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-2(121)-1994/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1994/2022
19.08.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver