Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-443/2021 26.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, Maraqlı şəxs qarşı Cavabdeh yaşayış sahəsinə verdiyi xx xxxxx 1997-ci il tarixli, 148 saylı orderin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıların həmin mənzilə köçürülməsi barədə iddiasına dair mülki iş materiallarını nəzərdən keçirərək, müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Maraqlı şəxs xx xxxxx 1997-ci il tarixli, ünvan 1 ünvanındakı 3 otaqlı, sahəsi 66.30 kv.m-dən ibarət olan fərdi yaşayış evinə verdiyi 148 saylı orderin etibarsız hesab edilməsi və cavabdeh tərəfindən boşaldılaraq həmin mənzilə iddiaçıların köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-180/2021 saylı qərardadı ilə mülki işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Lerik Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-180/2021 saylı Qərardadı onunla əsaslandırılmışdır ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan işə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, mübahisənin predmetinin mənzil münasibətlərindən irəli gələn tələb olduğundan, o cümlədən hazırki iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. İş materiallarından olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışlardan görünür ki, həm İddiaçı1, həm də İddiaçı2 vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmamışdır. Belə ki, subyektiv tərkib baxımından işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyildir. Digər tərəfdən, məhkəmə hesab edir ki, predmet baxımından da, hazırki mübahisə kommersiya mübahisəsi kimi qəbul edilə bilməz. Çünki, mübahisənin predmetini mənzil münasibətlərindən irəli gələn tələb təşkil edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən də görünür ki, mənzil münasibətlərindən irəli gələn tələblərə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılmır. Məhkəmə hesab edir ki, hüquq münasibətlərinin xarakteri baxımından da hazırki iş kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 10-cu bəndinə əsasən MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndinə əsasən, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, hazırki mübahisə Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı 3 otaqlı, sahəsi 66.30 kv.m-dən ibarət olan mənzilə verilmiş xx xxxxx 1997-ci il tarixli, 148 saylı orderin etibarsız hesab edilməsi və mənzilin Maraqlı şəxs tərəfindən boşaldılaraq həmin mənzilə iddiaçıların köçürülməsi üzrə tələblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisə deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 2-ci maddəsinə əsasən qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilmişdir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. İş materiallarından da görünür ki, hazırki iş üzrə sənədlər (iddia ərizəsi) Şirvan Kommersiya Məhkəməsinə iddiaçılar tərəfindən deyil, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-180/2021 saylı qərardadı ilə daxil olmuşdur. Odur ki, məhkəmə, hazırki mübahisə üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, Maraqlı şəxs qarşı Cavabdeh yaşayış sahəsinə verdiyi xx xxxxx 1997-ci il tarixli, 148 saylı orderin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıların həmin mənzilə köçürülməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-443/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-443/2021
26.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver