Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-530/2021 14.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” ASC-nin X1 və X2 Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin Masallı EŞ-i tərəfindən tərtib olunmuş 06.08.2019-cu il tarixli 028324 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 988,63 manat həcmində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh kimi yalnız “xxxx” ASC-nin nəzərə alınmasını, “xxxx” ASC tərəfindən tərtib olunmuş 06.08.2019-cu il tarixli, 028324 saylı akt əsasında hesablanmış 985,50 manat həcmində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, 06.08.2019-cu il tarixdə “xxxx” ASC-nin Masallı EŞ-nin əməkdaşları sayğaca baxış keçirmiş və 028324 saylı akt tərtib etdilər. Həmin akt əsasında İddiaçı cərimələnmişdir. Aktın tərtib olunmasının səbəbi sayğacın elektrik enerjisini qeydə almaması olmuşdur. Onun tərəfindən sayğaca hər hansı müdaxilə olunmamış və sayğac zədələnməmişdir. Sözügedən aktda da sayğacın zədələnməsi və ya sayğacda qüsurun olması barədə hər hansı qeyd aparılmamışdır. Həmçinin qeyd olunur ki, iddiaçının evinə və ümumiyyətlə kəndə qoyulan elektrik sayğaclarının istismar müddəti bitmişdir. Belə olduğu təqdirdə Elektrik İdarəsinin əməkdaşları tərəfindən qanunun şərtlərinə görə vaxtı keçmiş elektrik sayğacları pulsuz olaraq dəyişdirilməlidir. Elektrik sayğaclarının vaxtı bitdiyi zaman həmin sayğaclar dövlət hesabına vətəndaşdan heç bir pul alınmadan dəyişdirilir. O, sayğaca heç bir müdaxilə etmədiyi halda Masallı EŞ-nin əməkdaşları qanunsuz və əsassız akt tərtib edərək onu cərimələmişlər. Həmçinin qeyd olunur ki, Masallı EŞ-nin vətəndaşın barəsində akt tərtib etmək və cərimə yazmaqla bağlı heç bir səlahiyyəti yoxdur. Çünki Masallı EŞ hüquqi şəxs deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.11.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, iddiaçıya məxsus dülgər sexinin elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı tərəflər arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 06.08.2019-cu il tarixli, 028324 saylı aktda qeyd edilmişdir ki, abonentə məxsus **********07305 saylı, üç fazalı elektrik sayğacı sərf olunan elektrik enerjisini qeyd etmədiyi üçün 31.08.2012-ci il tarixdə verilmiş 09942 saylı texniki şərtə əsasən 6,8 kvt həcmində güc verilmişdir. Nəticədə köhnə üç fazalı sayğac yeni üç fazalı sayğacla əvəz edilməsi tələb edilmişdir. İş materiallarında olan 30.11.2019-cu il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktda qeyd edilmişdir ki, 028324 saylı akta və Asan Portal Xidmətlinin göstərişinə əsasən, istismarda olan sayğac yararsız olduğu üçün sökülərək götürülmüş, qutuya qoyularaq ******* saylı möhürlə möhürlənmiş və yeni sayğac quraşdırılaraq möhürlənmişdir. İş materiallarında olan 24.12.2019-cu il tarixli 082066 saylı sayğac və cərəyan transformatorlarının yoxlanması protokolunda qeyd edilmişdir ki, sayğac daxili qüsur nəticəsində işləmir və istismara yararsızdır. İş materiallarında olan 06.08.2019-cu il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, elektron hesabat sayğacı sərf olunan elektrik enerjisini qeyd etmədiyi üçün, 028324 saylı akta əsasən 985,50 manat borc hesablanmışdır. İş materiallarında abunə haqqında məlumatın surətindən görünür ki, abonent İddiaçı 028324 saylı akta əsasən, **********82044 saylı abunə kodu üzrə 985,50 manat borc hesablanmışdır. İş materiallarında olan 09942 saylı texniki şərtdən görünür ki, İddiaçı həyətyanı sahəsində istifadə edəcəyi dülgərlik sexinin elektrik təchizatı barədə iddiaçıya texniki şərt verilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı həyətyanı sahəsində dülgərlik sexi fəaliyyət göstərir. İddiaçı ilə “xxxx” ASC arasında bağlanılmış 27.11.2020-ci il tarixli müqavilə əsasında, həmin müəssisə **********82044 abunə kodu ilə elektrik enerjisi ilə təchiz olunur. Qeyd olunan abunə kodu üzrə İddiaçı 06.08.2019-cu il tarixli, 028324 saylı akta əsasən 985,50 manat borc hesablanmışdır. Hazırda iddiaçı tərəfindən həmin akt mübahisələndirilir və akt nəticəsində hesablanmış borcun silinməsi xahiş edilir. Məhkəmə qeyd edir ki, iddiaçının özünəməxsus həyətyanı sahədə yerləşən dülgərlik sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıbaparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə” Qaydalarının 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu iş materiallarında öz təsdiqini tapmır. Digər tərəfdən, cavabdeh tərəfindən tərtib olunmuş 06.08.2019-cu il tarixli, 028324 saylı akt akt yalnız cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Bundan başqa, 24.12.2019-cu il tarixli 082066 saylı sayğac və cərəyan transformatorlarının yoxlanması protokolunda sayğacın daxili qüsur nəticəsində işləmədiyi və istismara yararsız olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən sayğca müdaxilə olunması, kənar xəttin aşkar olunması və ya digər neqativ hallar cavabdehin nümayəndələri tərəfindən aşkar olunmamışdır. Sayğacın daxili qüsur nəticəsində işləməməsi isə iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, 06.08.2019-cu il tarixli qeyriəhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən göründüyü kimi, 028324 saylı akta əsasən 985,50 manat borcun hesablanması zamanı hesabat müddəti 365 gün kimi qeyd olunmuşdur ki, nəyə görə hesabatın məhz 365 gün üçün aparıldığı məlum deyildir və qeyd olunan hal qanunverciliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Belə ki, “Elektrik Enerjisindən istifadə” Qaydalarının 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Digər tərəfdən, iddiaçı həmin dövrdə dülgər sexinin faktiki fəaliyyət göstərmədiyini və bununla bağlı elektrik enerjisindən istifadə etmədiyini bildirir. Belə olan halda isə, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən tərtib edilmiş 06.08.2019-cu il tarixli, 028324 saylı akt əsasında İddiaçı **********82044 abunə kodu üzrə hesablanmış 985,50 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilmiş 06.08.2019-cu il tarixli, 028324 saylı akt əsasında İddiaçı (abunə kodu **********82044) hesablanmış 985,50 (doqquz yüz səksən beş manat, əlli qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-530/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-530/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver