Məhkəmə qərarları › İş №2-2(121)-625/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-625/2020

08.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-625/2020 08.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin səhmdarı kimi 2000-ci ildən 2018-ci ilin sonuna qədər ödənilməmiş 54.000 manat dividendin və gecikməyə görə Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq illik 10 faiz olmaqla 5.400 manat pulun, cəmi 59.400 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illər “Qaraqaşlı Quşçuluq” fabrikində işləmişdir. Respublikada özəlləşdirmə prosesləri başlanan vaxt “Qaraqaşlı Quşçuluq” fabriki də özəlləşdirilmiş və o da, fabrikin özəlləşdirilməsində iştirak edərək, 940 ədəd qiymətli kağız yatırmış və səhmdar cəmiyyətin səhmdarlarından biridir. Uzun illərdir ki, səhmdar olmasına baxmayaraq dəfələrlə cəmiyyətə müraciət edərək, cəmiyyətin fəaliyyətinə dair sənədlərlə tanış olmaq istəsə də, o, heç vaxt qeyd edilən sənədlərlə tanış edilməmiş və ona cəmiyyətin xalis mənfəətindən heç bir dividend məbləği verilməmişdir. Cavabdeh-nin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Milli Depozit Mərkəzinin xx.xx.2008-ci il tarixli, ********* saylı depo hesabından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh-nin ümumi 751.748 ədəd səhmindən bir ədədinin nominal dəyəri 2 manat olmaqla, 940 ədəd sənədsiz adi səhmin sahibi İddiaçıdur. İş materiallarında olan Cavabdeh-nin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyət xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh ATSC-nin hüquqi varisidir. Həmin nizamnamənin 3.7-ci bəndinə əsasən, ilin yekunlarına görə müəyyən edilmiş qaydada əmələ gələn xalis mənfəətin səhmdarlara dividend şəklində verilməsi Cəmiyyətin nizamnamə fondunda səhmdarların səhmlərinə mütənasib olaraq həyata keçirilir. Həmin nizamamənin 5.1-ci bəndinə əsasən, səhmdarlar cəmiyyətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin dəyərinə uyğun olaraq dividend alırlar. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların Ümumi Yığıncağının qərarı ilə rüblər üzrə və ya ildə bir dəfə ödənilə bilər. Həmin nizamnamənin 6.1.4-cü bəndinə əsasən, cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X3 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarxli, **********144900 saylı məktuba əlavə olunmuş mənfəət vergisi bəyannamələrindən görünür ki, Cavabdeh-nin 2017-ci il üzrə mənfəəti 45.749,99 manat, 2018-ci il üzrə mənfəəti 42.864 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-1293 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh üzrə 940 ədəd sənədsiz adi səhmə mülkiyyət hüququnu xx.xx.1997-ci il tarixli Qapalı abunə yazılışının Yekun Protokoluna əsasən əldə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 316 saylı məktubda qeyd olunmuşdur ki, cəmiyyət dövlət əmlakının özəlləşdirilməsi əsasında yaradılan toyuq ət məhsulunun istehsalı ilə məşğul olan müəssisədir. Cəmiyyət 2007-ci ildən istehsalat sahələrini tam bərpa edərək fəaliyyət göstərməyə başlamışdır. Bu səbəbdən də, sorğuda göstərilən müddətin bir qismində ümumiyyətlə Cavabdeh, o cümlədən Cavabdeh ATSC mövcud olmadığı üçün bu illər üzrə hər hansı məlumatın verilməsi və ya sənəd təqdim edilməsi onlardan asılı deyil. Bundan əlavə bildirilir ki, “xxxx” ASC yalnız 2017 və 2018-ci maliyyə illərində mənfəət vergi ödəyicisi kimi vergi orqanlarına bəyannamə təqdim etmiş və müvafiq mənfəət vergisi ödəmişdir. Bu səbəbdən də həmin illərdən əvvəlki dövr üzrə mənfəət vergi bəyannaməsi təqdim edilməsi mümkün deyildir. Həmin illərdən əvvəlki illər üzrə, yəni, Cəmiyyətin istehsalat fəaliyyətinin tam bərpa etdiyi 2007-2016-cı maliyyə illəri üzrə 2007-ci maliyyə ili istisna olmaqla 2008-2016-cı maliyyə illəri üzrə 5 saylı X4 təqdim edilən mühasibat balansı hesabatı və həmin illər üzrə səhmdarların ümumi yığıncağının protokolları məhkəməyə təqdim edilmişdir. Cavabdeh 2017-ci ilədək yalnız torpaq vergi ödəyicisi olmuş və mənfəət vergi ödəyicisi kimi yalnız 2017-ci ilin maliyyə ilindən vergi ödəmişdir. 2007-2018-ci maliyyə illəri üzrə məhkəməyə təqdim edilmiş maliyyə hesabatlarından və həmin illər üzrə protokollardan görünür ki: 2007- ci il maliyyə ili üzrə - 71.000 (yetmiş bir min) AZN ziyan; 2008- ci il maliyyə ili üzrə - 22.000 (iyirmi iki min) AZN ziyan; 2009- cu il maliyyə ili üzrə - 35.000 (otuz beş min) AZN gəlir; 2010- cu il maliyyə ili üzrə - 80.000 (səksən min) AZN gəlir; 2011- ci il maliyyə ili üzrə - 167.000 (yüz altmış yeddi min) AZN gəlir; 2012- ci il maliyyə ili üzrə - 15.000 (on beş min) AZN gəlir; 2013- cü il maliyyə ili üzrə - 45.027 (qırx beş min iyirmi yeddi) AZN gəlir; 2014- cü il maliyyə ili üzrə - 114.749 (yüz on dörd min yeddi yüz qırx doqquz) AZN gəlir; 2015- ci il maliyyə ili üzrə - 48.732 (qırx səkkiz min yeddi yüz otuz iki) AZN gəlir; 2016- cı il maliyyə ili üzrə - 68130 (altmış səkkiz min yüz otuz) AZN gəlir; 2017- ci il maliyyə ili üzrə - 36.599 (otuz altı min beş yüz 99) AZN gəlir; 2018- ci il maliyyə ili üzrə - 76.435 (yetmiş altı min dörd yüz otuz beş 20) gəlir mövcuddur. Göründüyü kimi bu illər ərzində, hətta ziyan nəzərə alılnmasa belə, ümumi gəlir 686.673,19 AZN təşkil edir və bu gəlirlər də müvafiq illər üzrə keçirilmiş səhmdarların ümumi yığıncağının qərarları ilə borcların bağlanmasına və istehsalat sahələrinin inkişafına yönəldilmişdir. Bu səbəbdən də, İddiaçı də daxil olmaqla bu illər ərzində səhmdarlara hər hansı divident ödənilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq dividentin ödənilməsi, illik hesabatların təsdiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti Cəmiyyətin ali idarəetmə orqanı olan Səhmdarların Ümumi yığıncağının səlahiyyətinə aiddir. İddiaçıya divident ödəmək öhdəliyi ancaq bu barədə səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı qəbul edildikdən sonra yaranır. İddia edilən illər üzrə belə bir qərar qəbul edilməmişdir və belə olan halda hər hansı səhmdara divident ödənilə bilməz. Bundan əlavə iddiaçı 54.000 manat iddia etsə də, bunu nəyə əsasən tələb etdiyi əsaslandırılmır. Hətta səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı 2007-2018-ci illər üzrə dividentin ödənilməsi barədə qərar qəbul etsəydi belə, iddiaçıya 858,34 manat divident düşərdi (686 673,19 X 0.1250% = 858,34). Həmçinin iddia tələbi iddia müddətinin ötürülməsi ilə verilmişdir. Hazırkı iş üzrə iddiaçı ən azı 2016-cı ildən əvvəlki maliyyə illəri üzrə divident ödənilməsi ilə bağlı iddia irəli sürülməsi ilə bağlı müddəti ötürmüşdür. İddiaçı iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Cavabdeh-nin həmin məktuba əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 317 saylı ərizəsində qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh-yə qarşı iddia tələbi ilə bağlı digər əsaslarla yanaşı iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Hazırki iş üzrə iddiaçı ən azı 2016-cı ildən əvvəlki maliyyə illəri üzrə divident ödənilməsi ilə bağlı iddia irəli sürülməsi ilə bağlı müddəti ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən hazırki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 316 saylı məktuba əlavə edilmiş, həmçinin cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh-nin 2008-2019-cu illəri əhatə edən fəaliyyətinə dair səhmdarların illik ümumi yığıncaqlarının protokollarından və digər sənədlərdən görünür ki, qeyd olunan dövrlərdə səhmdarların ümumi yığıncağı tərəfindən dividentin ödənilməsinə dair hər-hansı qərar qəbul edilməmiş, müxtəlif vaxtlarda qəbul edilmiş qərarlara əsasən, bəzi hallarda cəmiyyətin fəaliyyətindən il ərzində gəlir əldə edilmədiyindən səhmdarlara dividentin verilməməsi və gəlirdən hər-hansı formada istifadə edilməsinin Cəmiyyətin fəaliyyətindən gəlir əldə edilənə qədər təxirə salınması, digər hallarda isə əldə edilən gəlirin cəmiyyətin öhdəliklərinin icrasına, istehsalat sahəsində təmir və bərpa işlərinin icrasına, təsərrüfatın saxlanmasına və inkişafına, ziyanın bağlanmasına, əsaslı təmirə və avadanlıqların dəyərinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh-nin ümumi 751.748 ədəd səhmindən bir ədədinin nominal dəyəri 2 manat olmaqla, 940 ədəd sənədsiz adi səhmin sahibidir. Ona cəmiyyətin xalis mənfəətindən heç bir dividend məbləği verilmədiyindən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Cavabdeh-nin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyət xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh ATSC-nin hüquqi varisidir. Cəmiyyətin 2007-ci ilə qədər fəaliyyət göstərməsi barədə iş materiallarında hərhansı sənəd mövcud deyildir. Cavabdeh-nin 2007-2019-cu illəri əhatə edən fəaliyyətinə dair səhmdarların illik ümumi yığıncaqlarının protokollarından və digər sənədlərdən görünür ki, qeyd olunan dövrlərdə səhmdarların ümumi yığıncağı tərəfindən dividentin ödənilməsinə dair hər-hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən, Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə əsasən, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Həmin Məcəllənin 106-3.3-cü maddəsinə əsasən, adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə əsasən, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 107.1.4-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək aiddir. Göründüyü kimi, səhmdar cəmiyyəti əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan kommersiya təşkilatıdır. Həmin mənfəəti əldə etmək üçün cəmiyyət buraxmış olduğu səhmlərin nominal dəyərindən ibarət maddi baza əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır. Cəmiyyətin xalis mənfəəti yalnız qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş məqsədlərə yönəldilməlidir. Buraya cəmiyyətin təsərrüfat fəaliyyətinin təmin edilməsinə yönəlmiş xərclərlə yanaşı, cəmiyyətin xalis mənfəətindən səhmdarların dividend almaq hüququnun təmin edilməsi üçün vəsaitlər daxildir. Səhmdar cəmiyyətinin xalis mənfəətinin maliyyə ili üzrə belə bölüşdürülməsi səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Divident dedikdə səhmdarın səhmlərin nominal dəyəri həcmində qoyduqları maya müqabilində aldıqları gəlir anlaşılır. Səhmlərin növlərindən asılı olaraq onlar üzrə dividend ödənilməsinin müxtəlif qaydaları müəyyənləşdirilmişdir. Belə ki, adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Göründüyü kimi, adi səhm sahibinin dividend alması birbaşa cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsi ilə bağlıdır və əldə edilmiş xalis mənfəətdən hesablanır. Səhmdar cəmiyyətin xalis mənfəətinin cəmiyyətin maliyyə ili üzrə hesablanması və bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Səhmdar cəmiyyətinin nizamnaməsində dividendlərin müəyyən dövrlərlə ödənilməsi nəzərdə tutula bilər. Belə halda dövriyyədə olan səhmlər üzrə illik və ya aralıq dividendlər ödənilir. Aralıq ödənişlər rüblük və ya yarımillik olaraq həyata keçirilir. Dividenlər və onların ödənilməsi qaydası bir qayda olaraq cəmiyyətin nizamnaməsində müəyyən edilir. Nizamnamədə bu müəyyən edilmədikdə bu qaydalar cəmiyyətin direktorlar şurası (müşahidə şurası), bu orqanlar formalaşmadığı halda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Cavabdeh-nin fəaliyyət göstərdiyi dövr ərzində onun səhmdarlarının ümumi yığıncağı tərəfindən dividentin ödənilməsinə dair hər-hansı qərar qəbul edilməmiş, səhmdarlarının ümumi yığıncağının müxtəlif vaxtlarda qəbul edilmiş qərarlarına əsasən, cəmiyyətin fəaliyyətindən il ərzində gəlir əldə edilmədiyindən səhmdarlara dividentin verilməməsi və gəlirdən hər-hansı formada istifadə edilməsinin Cəmiyyətin fəaliyyətindən gəlir əldə edilənə qədər təxirə salınması, əldə edilən gəlirin cəmiyyətin öhdəliklərinin icrasına, istehsalat sahəsində təmir və bərpa işlərinin icrasına, təsərrüfatın saxlanmasına və inkişafına, ziyanın bağlanmasına, əsaslı təmirə və avadanlıqların dəyərinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh-nin fəaliyyət göstərdiyi dövr ərzində onun səhmdarlarının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların iddiaçı tərəfindən mübahisələndirilməsinə dair iş materiallarında hər-hansı sənəd mövcud deyildir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mənfəəti bölüşdürmək Cavabdeh-nin səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğundan, Cavabdeh-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən mənfəətin bölüşdürülməsi və dividendin ödənilməsi ilə bağlı hər-hansı qərar qəbul edilmədiyindən iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh-yə qarşı 2000-ci ildən 2018-ci ilin sonuna qədər ödənilməmiş 54.000 manat dividentin və gecikdirməyə görə illik 10 faiz olmaqla (Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq) 5.400 manat pulun, ümumilikdə 59.400 manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar