Məhkəmə qərarları › İş №2-2(121)-819/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-819/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-819/2020 09.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Tərtər RQİİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh kimi Cavabdeh Tərtər RQİİ-nin göstərildiyini, hazırda Cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Beyləqan şəhərində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qazdan istifadə edir və daim istifadə etdiyi qazın pulunu vaxtı vaxtında ödəyir. 5 il müddət keçdiyinə görə sayğacı dəyişərək müvəqqəti sayğac qoydular. Bundan sonra sayğaca heç bir müdaxilə olunmmamışdır. Tərtər RQİİ-nin əməkdaşları akt tərtib edilmiş, guya onun tərəfdən qaz sayğacına müdaxilə edilmiş, ona əsassız olaraq cərimə yazılmışdır. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Onun yanında qaz sayğacına idarənin əməkdaşları ilə baxış zamanı gözlə heç bir şey görünmədi. 2 aydan sonra isə guya sayğaca müdaxilə edildiyi, yəni dişlərinin qırıldığı müəyyən edildi. Sayğacın üzəri örtülməli olduğu halda bu edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış “Qazdan istifadə Qaydaları” haqqında qanununun 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. O normativlərə uyğun qaz xətti çəkdirmişdir və müqavilə bağlayaraq işlətdiyi qazin pulunu da vaxtı vaxtında ödəmişdir. Onun heç bir günahı yoxdur. Qeyd olunanlara əsasən Cavabdeh Tərtər RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2018-ci il tarixli, ******* nömrəli aktının və debitor borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Cavabdeh nümayəndələri tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində (çay evi) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-4, ******* saylı qaz sayğacının dişli çarxlarının rənglərinin fərqli olması, (göy, sarı) və maqnit ötürücüsünün dişli çarxının dişlərinin çox hissəsinin kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin akta əsasən, növbəti dövlət yoxlamasına göndərilməsi məqsədilə İddiaçı məxsus qeyriyaşayış sahəsində (çay evi) quraşdırılmış sayğac müvəqqəti olaraq, başqa sayğacla əvəz edilmiş, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, müvəqqəti sayğac çıxarılmış və dövlət yoxlamasından qayıdan sayğac yenidən quraşdırılmışdır. İş materillarında olan xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 6.408 m3 müəyyən edilərək, hesablanmış borc məbləğinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2018-ci ilin iyun ayı üzrə akta əsasən 1.281,60 manat borc hesablanmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına Cavabdeh nümayəndələri tərəfindən təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-4, ******* saylı qaz sayğacının dişli çarxlarının rənginin fərqli olduğu, (göy, sarı) və maqnit ötürücüsünün dişli çarxının dişlərinin çox hissəsinin kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən, xx.xx.2018-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 6.408 m3 müəyyən edilmiş və nəticədə 2018-ci ilin iyun ayında ona 1.281,60 manat borc hesablanmışdır. İddiaçı hesablanmış borcla razılaşmır, aktın ləğv edilməli və akt əsasında hesablanmış borcun silinməli olduğunu bildirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, itirilmiş qazın həcmi 1 ədəd PQ4 (1,2x12x89=1.282 m3), 1 ədəd QSQ-32 lt (3x12x89=3.204 m3) və 1ədəd QSQ-20 lt (1,8,x12x89=1.922 m3) üzrə cəmi 6.408 m3 müəyyən edilərkən, hesabat müddəti 89 gün qəbul edilmişdir. Lakin bu müddətin nəyə əsasən qəbul edildiyi, yəni nəyə görə məhz 89 gün ərzində hesabat aparıldığı müəyyən olunmur. O cümlədən saldodan göründüyü kimi, aktın tərtib edildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 89 gün (təqribən 3 ay) ərzində iddiaçı tərəfindən mütəmadi olaraq qazdan istifadə edilmiş və müəyyən ödənişlər aparılmışdır. Lakin yuxarıda qeyd olunan 89 günlük hesabat müddəti üzrə hesablama aparılarkən, iddiaçının həmin müddətdə istifadə etdiyi qazın həcmi və dəyəri nəzərə alınmamışdır. Yəni, ən azından hesabat aparılarkən, əgər dəymiş ziyan mövcuddursa, iddiaçı tərəfindən həmin dövrdə istifadə edilmiş qazın həcmi və dəyəri ümumi dəymiş ziyandan çıxılmalı, bundan sonra dəymiş ziyan müəyyən edilməli idi. Digər tərəfdən, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, müvəqqəti sayğac çıxarılmış və dövlət yoxlamasından qayıdan sayğac yenidən quraşdırılmışdır. Mübahisələndirilən akt isə xx.xx.2018-ci il tarixdə, yəni dövlət yoxlamasından keçmiş və saz vəziyyətdə olan sayğacın quraşdırılmasından 83 gün sonra tərtib edilmişdir. Yəni ən azından xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac saz və işlək vəziyyətdə olmasına baxmayaraq, hesablama 89 gün üçün aparılmışdır ki, bu da anlaşılmazdır. Bundan başqa, 2013-2020-ci illəri əhatə edən saldodan görünür ki, iddiaçı 2013-cü il ərzində 143,80 manat, 2014-cü il ərzində 125,70 manat, 2015-ci il ərzində 103,80 manat, 2016-cı il ərzində 149,60 manat, 2017-ci il ərzində 181 manat, 2018-ci il ərzində 236 manat məbləğində təbii qazdan istifadə etdiyi halda, yalnız 2018-ci ilin 89 günü ərzində 1.281,60 manat məbləğində qazdan istifadə etməsi, yəni həmin dövr ərzində dəymiş ziyanın 1.281,60 manat hesablanması ağlabatan deyil. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən aktdan başqa, 2013-2020-ci illər ərzində iddiaçıya hər-hansı digər akta əsasən borc hesablanmamışdır. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, abonentə məxsus G-4, ******* saylı qaz sayğacının dişli çarxlarının rənglərinin fərqli olması, (göy, sarı) və maqnit ötürücüsünün dişli çarxının dişlərinin çox hissəsinin kənar təsir nəticəsində kəsildiyi aşkar olunsa da, qeyd olunan qüsurların sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılmaması ilə nəticələnməsinə dair hər-hansı hal müəyyən olunmamışdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – çay evi (çayxana) işlədir. Bu, cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.281,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (Tərtər RQİİ) tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 1.281,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar