Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-90/2021 18.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” ASC-nin Masallı Rayon Elektrik Şəbəkəsinə və X11 Təchizatı və Satışı İdarəsinə qarşı borcun silinməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” ASC-nin Masallı Rayon Elektrik Şəbəkəsinə və X11 Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.586,57 manat borcun silinməsi, iddiaçıdan alınmış 187 manat cərimə borcunun və iki ədəd sayğacın dəyəri kimi 418 manat pulun “xxxx” ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus un dəyirmanı vardır. Həmin dəyirmana elektrik sayğacı quraşdırılmış və “xxxx” ASC ilə müqavilə bağlanılmışdır. xx.xx.2010-cu il tarixdən dəyirman fəaliyyətini dayandırmış, həmin vaxtdan bugünədək heç bir şey istehsal edilməmişdir. Lakin buna baxmayaraq, “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə 2.586,57 manat borc hesblanmışdır. Həmçinin 2018-ci ildə qopan güclü külək nəticəsində dəyirmanın həyətində quraşdırılmış transformatora gələn elektrik naqillərinin bir-birinə dəyməsi nəticəsində transformatorda və dəyirmanda qısa qapanma baş vermiş və bunun nəticəsində sayğac yararsız vəziyyətə düşmüşdür. Bundan sonra “xxxx” ASCnin əməkdaşları xx.xx.2018-ci il tarixdə 020469 saylı akt tərtib etmişlər. Həmin akta əsasən abonentə məxsus sayğac, giriş naqillərində yaranan qüsurdan yararsız hala düşmüşdür. Bu isə onu sübut edir ki, sayğaca heç bir müdaxilə edilməmiş, sayğac özündə olan qüsura görə yanmışdır. Lakin buna baxmayaraq, “xxxx” ASC-nin əməkdaşları onu 187 manat məbləğində cərimələmiş və iki ədəd sayğacın dəyəri kimi 418 manat pulu ondan qanunsuz almışlar. Sayğaca o heç bir müdaxilə etməmiş, sayğac ondan asılı olmayan təbii fəlakətin – güclü küləyin əsməsi nəticəsində elektrik naqillərinin bir-birinə dəyməsi nəticəsində qısa qapanmadan baş vermişdir. Bu isə, “xxxx” ASC-nin əməkdaşlarının günahıdır ki, naqilləri möhkəm bağlamamış, naqillər sallaq olmuş və güclü küləyin nəticəsində yellənərək, bir-birinə dəymişdir. 2.586,57 manat elektrik enerjisinin sərfiyyatının silinməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavadehlər “xxxx” ASC-nin Masallı Rayon Elektrik Şəbəkəsinin və X11 Təchizatı və Satışı İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavadehlər “xxxx” ASC-nin Masallı Rayon Elektrik Şəbəkəsinin və X11 Təchizatı və Satışı İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 061492 nömrəli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 020468 saylı aktdan və həmin akta əsasən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, abonentə məxsus sayğacın giriş naqillərində yaranan qüsurdan sayğac yanaraq yararsız vəziyyətə düşmüş, yanında olan ikinci sayğacı da yararsız etmiş, hər iki sayğacın yeni üç fazalı sayğacla əvəz olunması qərara alınmışdır. Həmçinin sözügedən akta əsasən İddiaçı 187,38 manat borc hesablanmışdır. İş materiallarında olan sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 159394 saylı aktın surətində qeyd edilmişdir ki, abonentin “ASAN” Xidmətə müraciətinə və Masallı EŞ-nin 020469-020468 saylı aktlarına əsasən sayğaclar sxemindən çıxarılıb, yeni 5 amper 300/5 c/t quraşdırıldı. Yoxlanılıb hesabata qəbul olundu. İş materiallarında olan “xxxx” ASC-nin 1160 saylı və 2318 saylı xəbərdarlıqlardan görünür ki, “xxxx” ASC-yə olan borcun ödənilməsi İddiaçı tələb edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin abunə haqqında məlumatından görünür ki, İddiaçı istifadəsində olan obyektə görə “xxxx” ASC-yə 2.818,83 manat borcu vardır. Həmin borcun 2.586,57 manat hissəsi “ETAİS”-dən gələn borcdur. Həmçinin, xx.xx.2019-cu il tarixdə Rİ 020468 saylı akta əsasən 187,38 manat və xx.xx.2019-cu il tarixdə 159394 saylı akta əsasən, 418 manat abonentin hesabına əlavə edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ona hesablanmış 2.586,57 manat borcun silinməsini, 187 manat cərimənin və iki ədəd sayğaca görə ödənilmiş 418 manat pulun geri qaytarılması “xxxx” ASC-dən xahiş etmişdir. İş materiallarında olan cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd olunur ki, iddiaçının iddia ərizəsində göstərilən hallar əsassızdır və heç bir maddi hüquqi əsası yoxdur. Belə ki, xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin nümayəndələri tərəfindən İddiaçı məxsus ticarət xidmət sahəsinin elektrik təsərrüfatına baxış keçirilmiş, bu zaman obyektə məxsus elektrik sayğacının yanaraq sıradan çıxdığı aşkar olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyun olaraq itirlmiş elektrik enerjisinin bərpası məqsədilə xx.xx.2018-ci il tarixli, 020468 saylı akta və xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, 3287 kVts : 30 gün x 19 gün = 2.082 kVts x 0,09 qəpik = 187,38 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bundan sonra sayğac və uçot sxemi SQ və UN şöbəsinin əməkdaşları tərəfindən bərpa olunmuşdur. Bu barədə 159394 saylı aktda müvafiq qeydlər aparılmış və sayğaclar yenisi ilə əvəz olunmuşdur. Həmçinin çıxarılmış sayğac laboratoriya qaydasında yoxlanmış, yararsız vəziyyətə düşdüyü, göstəricisinin oxunmasının mümkün olmadığı və istismara yararsız olduğu aşkarlanmış və bu barədə 132317 saylı protokol tərtib olunmuşdur. Daha sonra isə, xx.xx.2019-cu il tarixdə abonent dövriyyəsinə yeni sayğacın quraşdırılması bədəli olaraq 418 manat, xx.xx.2019-cu il tarixdə isə EEİQ-ə əsasən sayğac quraşdırılan tarixədək olan 19 gün müddətinə 187 manat itirilmiş elektrik enerjisi dəyəri hesablanmışdır. İstehlakçının 2.586,57 manat debitor borc məbləğinə gəldikdə isə bildirilir ki, həmin borc bir neçə il öncə abonentin ödəməli olduğu, lakin hal-hazıradək ödəmədiyi elektrik enerjisinin dəyəridir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, AERA-26-26-26-224/21 saylı məktubunda (mütəxəssis rəyində) qeyd olunur ki, İddiaçı məxsus obyektin elektrik enerjisi üzrə sənəd dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsi, yəni “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində yerində baxış keçirilərkən obyektə aid elektrik sayğaclarının yanması ilə əlaqədar 020468 nömrəli akt tərtib edilmişdir. Akta əsasən biri sxemdən çıxarılmaqla, digər sayğac yenisi ilə əvəz olunmuşdur. Hesabat aparılan, tamamilə yanaraq yararsız hala düşən sayğac rəy verilməsindən ötrü labortoriyaya göndərilsə də, sayğacın yoxlanılması barədə 132317 nömrəli protokolda “xəta faizlərini yoxlamaq, göstəricisini oxumaq mümkün deyil” kimi rəy verilmişdir. 020468 nömrəli akta əsasən, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə dəyəri 187,38 manat olmaqla, 2082 kVts enerji abonentinin hesabına əlavə edilmişdir. Eyni zamanda, “Sayğac quraşdırma bədəli” adı ilə 418 manat abonent hesabına əlavə edilmişdir. Abonentin hesabında 2.586,57 manat məbləğində borc isə “xxxx” ASC dövrünə aid olan “ETAİS” proqram bazasından keçmişdir. Abonentin hesabına itirilmiş elektrik enerjisinin bərpası məqsədilə əlavə edilmiş məbləğin (187,38 manat) hesabatı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.16-cı bəndinin tələblərinə uyğun aparılmışdır. “Sayğac quraşdırma bədəli” adı ilə abonentin hesabına əlavə edilmiş məbləğə (418 manat) bağlı bildirilir ki, Qaydaların 7.7-ci bəndinə əsasən, bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. “xxxx” ASC dövrünə aid olan “ETAİS” proqram bazasından, xx.xx.2015-ci il tarixindən qalan 2.586,57 manat borcla bağlı bildirilir ki, həmin məbləğ bu günə qədər enerjitəchizatı müəssisəsi tərəfindən tələb edilməmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı istifadəsində olan obyektə görə “xxxx” ASC-yə 2.818,83 manat borcu vardır. Həmin borcun 2.586,57 manat hissəsi “ETAİS”-dən gələn borcdur. Həmçinin, xx.xx.2019-cu il tarixdə Rİ 020468 saylı akta əsasən 187,38 manat və xx.xx.2019-cu il tarixdə 159394 saylı akta əsasən, 418 manat abonentin hesabına əlavə edilmişdir. “xxxx” ASC tərəfindən yaranmış borcun ödənilməsi X6 tələb olunmuşdur. X9 “xxxx” ASC-yə rəsmi müraciət edərək, ona hesablanmış 2.586,57 manat borcun silinməsini, 187 manat cərimənin və iki ədəd sayğaca görə ödənilmiş 418 manat pulun geri qaytarılması “xxxx” ASC-dən xahiş etmişdir. Lakin “xxxx” ASC tərəfindən borc silinmədiyindən və pul geri qaytarılmadığından, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı “ETAİS”dən gələn 2.586,57 borcun yaranma əsasına, o cümlədən borcun nə zaman yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Yəni cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti İddiaçı 2.586,57 manat borcun nə zaman və hansı əsaslarla yarandığını sübut edə bilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər, ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər, zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2.586,57 manat borcun yaranma əsası və müddəti müəyyən olunmadığından, o cümlədən müddətin keçməsinə görə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tələbi qüvvəsini itirdiyinə və müddətin keçdiyinə görə İddiaçı borcu ödəmək öhdəliyinə xitam verildiyinə görə iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən İddiaçı (abunə kodu **********91002) hesablanmış 2.586,57 manat borc silinməlidir. Həmçinin cavabdeh “xxxx” ASC-nin abunə haqqında məlumatından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Rİ 020468 saylı akta əsasən 187,38 manat və xx.xx.2019cu il tarixdə 159394 saylı akta əsasən, 418 manat abonentin hesabına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən, bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qanunvericiliyin yuxarıda göstərilən normalarını və Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, AERA-26-26-26-224/21 saylı məktubunda (mütəxəssis rəyində) qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, sayğaclar İddiaçı təqsirindən yararsız vəziyyətə düşmüşdür. Belə ki, iddiaçı öz sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə və s. məsuliyyət daşımışdır. İddiaçı 2018-ci ildə güclü külək qopması ilə dəyirmanın həyətində quraşdırılmış transformatora gələn elektrik naqillərinin bir-birinə dəyməsi nəticəsində sayğacların sıradan çıxdığına istinad etsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Belə olan halda isə, cavabdeh tərəfindən düzgün olaraq iddiaçıya 020468 saylı akta əsasən 187,38 manat borc və sıradan çıxmış sayğacların əvəzi kimi 418 manat hesablamışdır. Məhkəmə həmçinin digər iki cavabdehə - “xxxx” ASC-nin Masallı Rayon Elektrik Şəbəkəsinə və X11 Təchizatı və Satışı İdarəsinə münasibətdə hesab edir ki, iddia qeyd olunan cavabdehlərə qarşı təmin edilə bilməz. Belə ki, həmin cavabdehlərə qarşı hər-hansı bir tələb yönəlməmişdir. Digər tərəfdən qeyd olunan cavabdehlər hüquqi şəxs, həmçinin hazırki iddiaya cavab verməli olan şəxs deyildirlər. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xxxx” ASC tərəfindən İddiaçı (abunə kodu **********91002) hesablanmış 2.586,57 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən İddiaçı (abunə kodu **********91002) hesablanmış 2.586,57 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-90/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-90/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver