Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-999/2021 23.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – 033306 nömrəli, 27.10.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 5293,26 manat borcun silinməsi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin abonentidir və abonent vəzifələrini icra etməklə sərf olunmuş elektrik enerjisinə görə aylıq ödənişlərini vaxında etmişdir. 24.10.2020-ci il tarixdə, saat 12:30 radələrində X4 əməkdaşları ona məxsus ünvana gələrək, sayğaca baxış keçirmişlər. Keçirilmiş baxış zamanı hər hansı bir qanun pozuntusu aşkar olmamışdır. Buna baxmayaraq X4 əməkdaşları elektrik sayğacına maqnit yerləşdirmək istəmişlər. Həmin vaxt, o, Biləsuvar şəhəri, Babək küçəsi 14 ünvanında olmasa da, hadisə yerində olan şəxslər tərəfindən X4 əməkdaşlarının ona məxsus elektrik sayğacına maqnit yerləşdirməsinə dair hərəkətlərinin videoqeydiyyatı aparılmışdır. Bundan iki gün sonra, yəni 26.10.2020-ci il tarixdə, saat 09 radələrində X4 əməkdaşları yenidən ona məxsus ünvana gələrək, sayğacı həyətdən küçəyə çıxarmış və istismar müddəti təxminən 7 il bundan əvvəl başa çatmış sayğacı yenisi ilə əvəz etmişlər. 24.11.2020-ci il tarixdə isə poçt orqanı tərəfindən ona təqdim olunmuş xəbərdarlıqla məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları 27.10.2020-ci il tarixdə elektrik enerjisindən qanunsuz istifadəyə dair onun barəsində 033306 nömrəli akt tərtib etmişlər və o, elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə 5000 manat cərimə olunmuşdur. Beləliklə, X4 əməkdaşları özlərinin etdikləri qanun pozuntularını onun adına rəsmiləşdirmiş və onu 5000 manat məbləğində cərimə etmişlər. O, cərimə olunduğuna dair xəbərdarlığı aldıqdan bir gün sonra, 25.11.2020-ci il tarixdə Biləsuvar şəhəri, Babək küçəsi 14 ünvanında elektrik enerjisinin verilməsi dayandırılmışdır. "xxxx" ASC-nin 27.10.2020-ci il tarixli 033306 nömrəli aktı və onun əsasında hesablanmış borc əssasız və qanunsuzdur. Onun tərəfindən sayğaca heç bir kənar müdaxilə olmamışdır. Bundan başqa, qeyd edilən akt hal şahidlərinin iştirakı olmadan formal tərtib edilmiş, bu barədə video və foto çəklişlər aparılmamış, bu səbəbdən mübahisələndirilən aktda bu barədə qeydlər edilməmişdir. İddiaçı iddia tələbini sonradan dəqiqləşdirərək, "xxxx" ASC-nin 033306 nömrəli, 27.10.2020-ci il tarixli aktının etibarsız hesab edilməsi və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 5293,26 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, Biləsuvar şəhəri, Babək küçəsi 14 saylı həyətdə quraşdırılmış işıq sayğacı ilə onun uzaqdan və yaxından əlaqəsi yoxdur. Belə ki, o, Biləsuvar şəhəri, Bakı küçəsi 39 saylı evdə qeydiyyatdadır və həmin evin işıq abunəçisidir və orada yaşayır. Biləsuvar şəhəri, Babək küçəsi 14 saylı həyətdə hansı elektrik sayğacından istifadə olunur, kim tərəfindən istifadə olunur və hansı enerji qaydalarını pozma ilə bağlı ona heç bir aidiyyəti yoxdur. Belə ki, həmin ünvan onun qayınatasına məxsusdur. Onda olan məlumata görə həmin həyətə cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq daxil olmuş, özləri ilə gətirdikləri maqniti sayğaca bərkidərək qanunsuz fəaliyyət göstərmişlər. Həmin həyətdə o, heç bir elektrik enerjisindən istifadə etməmiş və ona aid orada elektrik avadanlıqları yoxdur. Başa düşə bilmir cavabdeh hansı müqaviləyə, hansı öhdəçiliyə və hansı əsasa görə onu cərimə edir. Axı o bilməlidir ki, nə etmiş, nəyə görə və hansı əsasa görə cərimə edilmişdir. İddiaçı iddia tələbini yenidən dəqiqləşdirərək, 033306 nömrəli, 24.10.2020-ci il tarixli aktın ləğv edilməsi və hesablanmış 5293,26 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Biləsuvar rayon Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı göndərdiyi 24.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, onun müəssisəsinin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 24.11.2020-ci il tarixədək 5293,26 manat məbləğində (ƏDV ilə) debitor borcu vardır. İş materiallarında olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən 0.5464 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına **********25 nömrəli daşınmaz əmlakın reyestr nömrəsi ilə 13.11.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı vergi ödəyicisi haqqında məlumatdan görünür ki, Biləsuvar şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən obyekt X1 adına qeydiyyata alınmışdır. İşə əlavə edilən 07.01.2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin surətindən görünür ki, X3 (icarəyə verən) X8 (icarədar) Biləsuvar şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən 600 kv.m obyekti icarəyə vermişdir. İş materiallarına əlavə olunmuş 03 saylı, 27.01.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, **********4 nömrəli abonent kodu üzrə 2020-ci ilin yanvar ayı üzrə istifadə olunmuş elektrik enerjisinin dəyəri olan 128.21 manat X9 tərəfindən ödənilmişdir. İş materiallarında olan, fiziki şəxsin onlayn fəaliyyət dayandırması barədə çıxarışdan görünür ki, vergi ödəyicisi olan İddiaçı (VÖEN **********) 01.08.2018-ci il tarixdə fəaliyyət və əməliyyatlarını dayandırmışdır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Lənkəran filialının 23.08.2021-ci il tarixli, AERA-26-1312/21 nömrəli məktubundan (mütəxəssis rəyindən) görünür ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 filialına daxil olmuş Biləsuvar şəhəri Babək küçəsi 14 ünvanının sakini İddiaçı iddiası ilə əlaqədar keçiriləcək məhkəmə iclasında mütəxəssisin iştirak etməsi barədə” müraciətə baxılmışdır. İddia ərizəsində sözügedən obyekt "xxxx" ASC-nin məlumat bazasında **********4 kodu ilə İddiaçı adına qeydiyyatdadır. 24.10.2020-ci il tarixində obyektin hesablaşma elektrik sayğacına baxış keçirilmiş və 033306 nömrəli akt tərtib edilmişdir. Aktda obyektin hesablaşma elektrik sayğacının ekran tablosuna maqnit yerləşdirilməklə sayğacın hesablama mexanizminin dayandırıldığı qeyd olunmuşdur. 27.10.2020-ci il tarixində sayğac dəyişdirilmiş və çıxarılan sayğaca "xxxx" ASC-nin labaratoriyasında dövlət möhürünün normal olması, buraxılan xəta ilə işləməsi barədə labaratoriya rəyi verilmişdir. 033306 nömrəli akta əsasən gücə görə 730 gün üçün yenidən hesablaşma aparılaraq dəyəri 5138,28 manat olmaqla 57092 kVts əlavə elektrik enerjisi sərfiyyatı abonentin hesabına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əssasən, enerjitəchizatı müəssisəinin səlahiyyəti nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onunb əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İşə mütəxəssisin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R seriyalı, 033306 nömrəli, 24.10.2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən obyektin sayğacına baxış keçirilən zaman sayğacın üst qapağının ekran tablosunun yerləşən hissəsinin üzərində xüsusi maqnit cismi yerləşdirilməklə hesablama mexaniziminin funksiyası dayandırılmış, elektrik sayğacı yenisi ilə əvəz olunaraq, çöl divarda quraşdırılmış sayğac çıxarılaraq yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilməsi qərara alınmışdır. İşə əlavə edilən “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 195674 saylı, 27.10.2020-ci il tarixli aktın surətindən görünür ki, 033306 saylı akta uyğun tərtib olunmuş, baxış zamanı sayğacın binanın həyətində quraşdırıldığı məlum olmuş, sayğacda gözlə görünür qüsur aşkar olunmamış, həmin zaman obyektin fəaliyyəti dayandırılmış, aktda göstərildiyi kimi “EEİQ”ə uyğun olaraq sayğac küçəyə çıxarılaraq, hasarın çöl hissəsinə quraşdırılıb, gərginlik altında, yüksüz rejimdə yoxlanılıb möhürlənmişdir. İş materiallarına əlavə olunan “Sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 200176 saylı, 13.11.2020-ci il tarixli protokolunun surətindən görünür ki, sayğac laboratoriya yoxlamasından keçirilmişdir. Yoxlama zamanı “sayğacın normal buraxılan xəta ilə işləməsi” aşkar olunmuşdur. Sayğacın dövlət möhürünün normal olması müəyyən edilmişdir. İş materiallarında olan 23.11.2020-ci il tarixli qeyri-əhali istehlakçılar qrupununa aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə texniki səhələr üzrə tələblərdən görünür ki, abonent kodu **********4 olan, Biləsuvar şəhəri, Babək küçəsi 14 ünvanında yerləşən, sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə sayğacı xüsusi maqnit vasitəsilə dayandırılmış, sayğac yenisi ilə əvəz olunmuş və 5138,28 manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olması bildirilən obyektin sayğacına baxış keçirilən zaman sayğacın üst qapağının ekran tablosunun yerləşən hissəsinin üzərində xüsusi maqnit cismi yerləşdirilməklə hesablama mexaniziminin funksiyası müşahidə edilmiş, sayğac yenisilə əvəz olunmuş və çıxarılan sayğac yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilmişdir. Buna görə də, AKT R seriyalı 033306 saylı 24.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 5138,28 manat məbləğində borc hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, qeyd edilən obyekt iddiaçıya məxsus deyil və həmin əmlakın mülkiyyətçisi ilə başqa bir şəxs arasında icarə müqaviləsi bağlanmışdır. Həmçinin, elektrik sayğacının göstərici rəqəmlərinin bir-birinə qarışması daxili qüsur nəticəsində pozulmuşdur. Yəni, sayğaca hər-hansı müdaxilə olmamış, sayğacın istismara yararsız vəziyyətə gəlməyində istehlakçının təqsiri müəyyən edilməmişdir. Belə olan halda isə, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən müəyyən edilməli idi. Lakin iş materiallarında belə bir razılığın olması müəyyən olunmur. Yəni, "xxxx" ASC tərəfindən 5138,28 manat borc məbləği birtərəfli qaydada və qanunvericiliyin tələblərinə zidd olaraq, istehlakçının razılığı olmadan hesablanmışdır. Bundan başqa, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Həmin Qaydaların 10.18.9-cu bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X5 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə borcludur. İşdən də aydın olur ki, hazırki mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinin tələbinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, iddia “akt ləğv edilməsi” hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. “Borcun silinməsi”nə dair iddia tələbi isə qismən əsaslıdır. Ona görə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 730 gün üçün 5138,28 manat dəyərində elektrik enerjisi əlavə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X5 Agentliyinin rəyi nəzərə alınmaqla iddia bu hissədə qismən təmin edilərək, həmin akt əsasında artıq hesablanmış 5138,28 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs olduğundan, habelə, elektrik enerjisindən istifadə etməsi onun şəxsi tələbatını ödəmək məqsədi daşımadığından, bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, 18.09.2020-ci il tarixli qərarının 24-cü bəndində isə göstərilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, bu münasibətlər istehlak münasibətləri hesab edilmədiyən, mövcud iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edilərkən dövlət rüsumu ödənilmədiyindən, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, 30 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 033306 saylı 24 oktyabr 2020-ci il tarixli akt ləğv edilsin. "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 5138,28 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-999/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-999/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver