Məhkəmə qərarları › İş №2-2(3-7)-11/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-7)-11/2026

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(3-7)-11/2026 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı ASC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli 2-2(115)-24/2025 nömrəli qərardadından ilk iddia üzrə İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 344124,57 manat borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd olunması, istifadə edilmiş və məhkəmədə mübahisələndirilən təbii qaza görə yaranmış 344124,57 manat debitor borcun İddiaçı ASC-dən tutularaq "Azəriqaz" İB-nin müvafiq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli e-2-2(115)-24/2025 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi; Qarşılıqlı iddianın qismən təmin edilməsi; İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən istifadə olunmuş təbii qaza görə yaranmış 344124 manat 07 qəpik borc məbləğinin tutularaq Cavabdeh İB-nin hesabına köçürülməsi; Qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC apellyasiya şikayəti verərək, ilk iddianın təmin edilmədiyi hissədə və qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 avqust 2025-ci il tarixli 2-2(104)-120/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-24/2025 saylı qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi; ilk iddianın qismən təmin edilməsi; İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə hesablanmış 227.694,49 manat borcun silinməsi; Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-24/2025 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilməsi; İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-dən istifadə olunmuş təbii qaza görə yaranmış 116.429,58 manat borc məbləğinin tutularaq, Cavabdeh İB-nin hesabına köçürülməsi; Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC tərəfindən əlavə qətnamənin çıxarılması haqqında ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsində qətnamə qəbul edilərkən iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları və digər xərclər barədə, yəni məhkəmə xərcləri haqqında məsələyə heç bir münasibət bildirilməmiş, habelə qətnamənin nəticə hissəsində hansı tələbin təmin edilməməsi tam olaraq göstərilməmişdir (qətnamənin nəticə hissəsində sadəcə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə qalan hissədə təmin edilməməsi qeyd edilmişdir). Ona görə də iş üzrə məhkəmə xərclərinə dair məsələlərin həllinə və təmin edilməyən tələblərin tam və aydın göstərilməsinə dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli 2-2(115)-24/2025 nömrəli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş əlavə qətnamənin çıxarılması haqqında ərizənin təmin edilməməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə ilk və iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair əlavə qətnamənin çıxarılmasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan ilk iddia üzrə İddiaçı ASC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-nin 220.5-ci maddəsinin tələbinə görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydasıda əks olunmalıdır. İmperativ xarakter daşıyan bu norma, qətnamədə məhkəmə xərclərinin bölüşdürülməsini tərəflərin tələbi ilə şərtləndirməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almadan qanunsuz və əsassız olaraq tərəflərindən verilmiş ərizəni təmin etməmişdir. Eyni zamanda, məhkəmə onu da nəzərə almamışdır ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və dəyişdirilməsi barədə 2-2(104)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli 2-2(115)-24/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılması hissədə ləğv edilməli, ərizəyə həmin hissədə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Birinci instansiya məhkəməsi əlavə qətnamənin çıxarılmasından imtina etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmişdir. Məhkəmə qətnamədə hansı səbəbdən qarşılıqlı iddianın qismən təmin edilməsini əsaslandırmışdır. Belə ki, qarşılıqlı iddiaçı 344124,57 manat borcun tutulmasını xahiş etsə də, xx.xx.2024-cü il tarixə borcun saldolar üzrə 344124,07 manat olması təsdiq edilmiş, ona görə də həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qənaətinə gəlinmişdir. Bu səbəbdən həm qətnamənin əsaslandırıcı hissəsində, həm də nəticə hissəsində qarşılıqlı iddianın qismən təmin edilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən irəli sürülən bütün tələblər üzrə qətnamə çıxarılmışdır. Bundan başqa məhkəmə bildirir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarından başqa məhkəmə xərcləri olmamışdır. Həm ilk iddiaçı, həm də qarşılıqlı iddiaçı iddia tələbləri ilə məhkəməyə müraciət edərkən iddianın qiymətinə uyğun olaraq dövlət rüsumları ödəmişlər, lakin iddia tələbində nə ilk iddia üzrə iddiaçı, nə də ki, qarşılıqlı iddia üzrə iddiaçı iddialarının təmin ediləcəyi təqdirdə dövlət rüsumunun qarşı tərəfdən alınaraq onlara ödənilməsini tələb etməmişdir. Rüsumlarla bağlı tələb olmamışdır. Ona görə də dövlət rüsumları ilə bağlı məsələyə məhkəmə qiymət verməmişdir. Bununla bağlı əlavə qətnamənin çıxarılması üçün əsas yoxdur. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayət vermə müddətində belə bir ərizə verməmiş, apellyasiya şikayətində də qeyd etməmiş, iş apellyasiya icraatında olduğu müddətdə də belə bir ərizə ilə məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, həmçinin dəyişdirilmiş, bundan sonra ilk iddia üzrə iddiaçı qismən ləğv edilmiş və dəyişdirilmiş qətnamə üzrə əlavə qətnamənin çıxarılması ilə bağlı ərizə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Qüvvədə olan mülki prosessual qanunvericilik məhkəmə qətnaməsinin məzmunca müfəssəl olmasını məhkəmə baxışının predmeti olmuş bütün tələblərə həlledici cavab verməsini və beləliklə də, işə yenidən baxılmasının tələb olunmamasından ötrü tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə tam aydınlıq gətirilməsini tələb edir. Bu tələb qətnamənin tamlığını şərtləndirir. Bununla belə, məhkəmənin qətnaməsi tam olmadıqda, yəni qətnamə ilə həll edilməli olan məsələlər aydınlaşdırılmadıqda qanunvericilik qətnamənin bu çatışmazlığın aradan qaldırılmasının üsulu kimi əlavə qətnamənin çıxarılmasını nəzərdə tutur. Əlavə qətnamənin çıxarılmasının mümkün olduğu hallar MPM-nin 229.1-ci maddəsində sadalanmışdır və bu hallara aiddir: 1) işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 2) hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 3) məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Hazırkı işdə iddiaçı həm tələbləri, həm də məhkəmə xərcləri barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın qənaətinə görə iddiaçının tələbləri üzrə əlavə qətnamə çıxarılmasına zərurət yoxdur; belə ki, məhkəmə baxışının predmeti olmuş bütün tələblərə hüquqi qiymət verilmiş və qətnamənin nəticə hissəsində iddianın hansı təmin edil(mə)diyi açıq-şəkildə göstərilmişdir. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının tələbləri barədə əlavə qətnamə çıxarılması o halda mümkün sayılardı ki, o, həmin tələblər üzrə sübutlar təqdim etmiş və izahat vermiş olsun. Lakin, iddiaçı bir cümlə ilə «qətnamənin nəticə hissəsində hansı tələbin təmin edilməməsi tam olaraq göstərilməmişdir» deyə qeyd edərək iş üzrə əlavə qətnamə çıxarılmasına nail olmaq istəmiş, tələbi üzrə hansı sübutlar və izahatları olduğunu da ərizəsində əsaslandırmamışdır. Odur ki, birinci instansiya məhkəməsi düzgün və əsaslı olaraq həmin hissədə əlaqə qətnamə çıxarılmasından imtina etmişdir. Məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılmasına gəldikdə isə qeyd edilir ki, məhkəmə əlaqə qətnamə çıxarılmasından imtina etməkdə haqlı olsa da, lakin bu barədə qərardadındakı hüquqi əsaslandırma doğru olmamışdır; belə ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini iddia tələbləri ilə əlaqələndirmiş və rüsumlarla bağlı tələb olmadığına görə bu məsələyə məhkəmə tərəfindən qiymət verilmədiyini qeyd etmişdir. Halbuki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM maddə 119.1). Mülki prosessual qanunvericilik məhkəmə xərclərinin həll edilməsini vəzifə olaraq məhkəmələrin üzərinə qoyduğundan iş üzrə yekun məhkəmə aktı qəbul edən məhkəmə bu məsələnin həllində iddiaçının tələbinə bağlı olmamaqla, qanundan irəli gələn vəzifə kimi bunu həll etməlidir. Bununla belə, müəyyən olunur ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya instansiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi bir hissədə dəyişdirilmiş, bir hissə üzrə də yeni qətnamə qəbul edilmişdir. Burada nəzərə alınmalıdır ki, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir (MPM maddə 119.6). Apellyasiya məhkəməsi öz qətnaməsində məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələləri həll etməzsə, o, MPM-nin 392-1-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işdə iştirak edən şəxslərin ərizəsi və ya öz təşəbbüsü ilə əlavə qətnamə çıxarmaqla bu məsələni həll edə bilər. Odur ki, məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılmasından imtina edilməklə iddiaçının bu barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququ ona izah edilməli idi. Lakin, birinci instansiya məhkəməsi məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılması hissədə düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı həmin hissədə ləğv edilməli və bu qərardadda göstərilən qaydada ərizəyə (məhkəmə xərclərinə dair hissədə) yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 119, 229, 263-264, 267, 398 və 402.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İlk iddia üzrə İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli 2-2(115)-24/2025 nömrəli qərardadı qismən, yəni məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılması hissədə ləğv edilsin. Məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılması hissədə ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar