Məhkəmə qərarları › İş №2-2(3-8)-25/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-25/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-25/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndələri X4, X5, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi vəkil nümayəndə3, qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Paylayıcı İddiaçı İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh MMC arasında bağlanmış ## ####### 2015-ci il tarixli ******-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə müəyyən edilir ki, cavabdeh Şabran rayonu, Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektlərində müvafiq qaydada qaz sayğacları quraşdırılmaqla təbii qazla təchiz edilmişdir.

2. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

3. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

4. ## ###### 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: 26170570010001) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 344016,38 manat məbləğində borc hesablanmışdır.

5. ## ###### 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: 26170570010002) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 146079,8 manat məbləğində borc hesablanmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2018-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsinin məzmunundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2018ci il tarixli *-*(**)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh Cavabdeh MMC-yə qarşı verilmiş ilkin iddia ərizəsi təmin edilərək istifadə olunmuş təbii qaza görə yaranmış 218702,4 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ######## 2017-ci il tarixli *-*(**)-***/**** nömrəli qərardadının qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qət edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2018-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2018-ci il tarixli *-*(**)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Məhkəmə kollegiyasının iclasında Şahid şahid qismində ifadə verərək qeyd etmişdir ki, o, dövlət işində işlədiyindən Cavabdeh MMC-ni qaynı X3 və başqa təmsilçi 2012-ci ildə yaratmışdır. 2015-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə razılaşmaya əsasən torpaq sahəsi və üzərində olan əmlaklar satıldıqdan sonra bir mövsüm onlar icarəçi olaraq fəaliyyət göstərmişlər. Belə ki, ştilləri əkmək üçün artıq avadanlıqlar sifariş verdiyiklərindən icarə münasibətlərində fəaliyyətini davam etdirdilər. 1 il işlədikdən sonra onlar həmin torpaq sahəsini və istixanaları tərk etdilər. İddiaçı İstehsalat Birliyi onların iştirakı olmadan istixanada olan sayğacı götürüb aparmış və sayğaca müdaxilə əsası ilə Cavabdeh MMC-yə cərimə yazmışdır. 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edərək Cavabdeh MMC-nin fəaliyyətini dayandırmışlar. 2018- 2020-ci illərdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1lə Zirəli Zahid şərik olaraq pomidor əkib becərmiş, gəlir əldə etmiş, istifadə etdikləri qaza görə hesablanmış ödənişləri də həyata keçiriblər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1lə İddiaçı İstehsalat Birliyinin rəhbəri X1 İdarəçilik Akademiyasında birlikdə eyni qrupda oxumuş, yaxın dostluq münasibətində olmuşlar. Bu dostluq münasibətinə görə heablanmış 300.000 manat məbləğində borcu ödəmədikləri halda qaz kəsilmədən istifadə ediblər.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 279730,26 (iki yüz yetmiş doqquz min yeddi yüz otuz manat, iyirmi altı qəpik) manat məbləğində əsas borcun və 569,73 (beş yüz altmış doqquz manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmişdir. Cavabdeh MMC-nin İddiaçı İstehsalat Birliyinə, ümumilikdə 498432,66 manat borcu vardır ki, həmin borcun 218702,4 manat hissəsi barədə 2017-ci ildə məhkəmədə iddia qaldırılmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2018-ci il tarixli *-*(**)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qalıq borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

11. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 271393,78 (iki yüz yetmiş bir min üç yüz doxsan üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc və 561,39 (beş yüz altmış bir manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 271955,17 (iki yüz yetmiş bir min doqquz yüz əlli beş manat, on yeddi qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın * nömrəli əlavəsinə uyğun olaraq ## ####### 2015- ci il tarixli ******-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğaclar vasitəsilə iddiaçı (İddiaçı İB) cavabdehə (Cavabdeh MMC-yə) məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektlərini (abonent kodları: 26170570010001 və 26170570010002) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq istifadə etdiyi qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun borcu yaranmışdır. ## ###### 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: 26170570010001) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 344016,38 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda ## ###### 2025-ci il tarixdə çap olunmuş abonentin saldosu (abonent kodu: 26170570010002) ilə müəyyən olunur ki, cavabdehə məxsus Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 146079,8 manat məbləğində borc hesablanmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2018-ci il tarixli *-*(**)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh Cavabdeh MMC-yə qarşı verilmiş ilkin iddia ərizəsi təmin edilərək istifadə olunmuş təbii qaza görə yaranmış 218702,4 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2018-ci il tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cari tarixdə məhkəməyə teleqramla müraciət edərək təşkilatın möhürünün itməsi ilə əlaqədar vəkillə müqavilə bağlamağın mümkün olmaması əsası ilə iclasın təxirə salınmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə keçirilmiş ## ###### 2025- ci il tarixli və ## ###### 2025-ci il tarixli məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansısa məlumat verməmişdir. Qeyd edilməlidir ki, işin gedişatı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iş məhkəmə icraatında olduğu dövrdə ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar müqavilə bağlanması üçün kifayət qədər imkanı olmuşdur. Digər tərəfdən hüquqi şəxsin möhürünün itməsi dəlilinin özü də iclasın təxir edilməsi üçün əsaslı səbəb hesab edilə bilməz, çünki hüquqi şəxsin qanuni təmsilçisi vasitəsilə məhkəmədə təmsil olunmaq imkanı vardır.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448.1 və 448.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.2 və 5.5-ci bəndlərinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2015-2018-ci illərin borcu ilə bağlı iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmişdir. Belə olan halda iddia müddəti ötmüşdür. Məhkəmə tərəfindən iştirakı təmin edilmədiyi üçün məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermək imkanından məhrum olmuşlar. Açıq-aydın görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürmüşdür və bu səbəbdən iddia rədd edilməli idi. İddiaçı İddiaçı İstehsalat Birliyi iddia edir ki, guya cavabdeh Cavabdeh MMC müqavilə öhdəliklərini pozmuş, təbii qazın istifadəsinə görə ödənişi icra etməkdən boyun qaçırmışdır. Halbuki məhkəmə iclasında iştirakı təmin edilsə idi, məhkəməyə sübut təqdim edəcəkdi ki, qeyd olunan müqavilələr üzrə hər hansı öhdəlik mövcud deyildir. Belə ki, cavabdeh Cavabdeh MMC iddia ərizəsində qeyd olunan Şabran rayonu Mollakamallı kəndində yerləşən sahibkarlıq obyektini 2015-ci ildə satmış, həmin tarixdən sonra qeyd olunan obyektdə hər hansı fəaliyyət göstərməmiş, yaranmış borc oranın yeni mülkiyyətçisinə aiddir. Hətta Cavabdeh MMC 2015-2017-ci illər ərzində fəaliyyət göstərmədiyi üçün hüquqi şəxsin ləğv edilməsinə dair müvafiq dövlət qurumuna rəsmi müraciət etmişdir. 2018ci ildə fəaliyyəti rəsmi olaraq 5 il müddətinə dayandırılmış, həmin müddət bitdikdən sonra fəaliyyətin dayandırılmasına dair təkrar müraciət edilmiş və dayandırılma müddəti daha 5 il uzadılmışdır. Məhkəmə bu halların heç birini araşdırmadan belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə mülki iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmamış, iddiaçının izahatlarına istinad edərək qətnamə qəbul etmiş, lakin cavabdehin mövqeyini dinləməmişdir. Belə ki, cavabdeh Cavabdeh MMC Sumqayıt Kommersiya məhkəməsinə teleqram ünvanlamış və məhkəmə iclasının təxirə salınması xahiş etmiş, lakin məhkəmə bu hala məhəl qoymayaraq kommersiya işi üzrə qətnamə qəbul etmişdir. İddiaçı İddiaçı İstehsalat Birliyi icra edilməmiş öhdəliyin cavabdeh Cavabdeh MMC-yə məxsus olması barədə hər hansı sübut təqdim etməmişdir. Hesab edir ki, təqdim edilmiş abonentin saldosu mötəbər sübut hesab edilə bilməzdir. Ən azından borc dövrünü əhatə edən qaz sayğacının yoxlamaları barədə aktlar və pretenziya məktubları təqdim edilməli idi. İddiaçı uzun illər keçməsinə baxmayaraq cavabdeh tərəfə bir dəfə də olsun borc barədə məlumat verməmişdir. Adətən qaz təminatına görə 3 aydan artıq borc olduğu halda təchizat dayandırılır. Lakin bu işdə görünür ki, kifayət qədər borc məbləği yığılmasına baxmayaraq təchizat dayandırılmamışdır və iddiaçı 7-8 il sonra birbaşa məhkəməyə müraciət etmişdir. Sahibkarlıq obyekti 2015-ci ildə satılmışdır və həmin ərazidə həmin tarixdən sonra cavabdeh təbii qazı istifadə etməmişdir. Cavabdeh bu barədə iddiaçıya həmin vaxt müraciət etmişdir. Lakin görünür ki, iddiaçı qurum cavabdehin müraciətinə məhəl qoymamış, başqa şəxsin istifadə etdiyi təbii qazın ödənişlərini cavabdehin saldosuna hesablamağa davam etdirmişdir. Məhkəmə bu halların heç birini araşdırmamışdır.

Apellyasiya şikayətinə etiraz

16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin birinci dəlilində cavabdeh AR MM-nin 373.2-ci maddəsinə istinad edərək iddiaçının iddia tələbinin üç illik iddia müddətinin keçməsini göstərilmişdir. Cavabdehin bu dəlili əsassızdır. Belə ki, birincisi, Həmin Məcəllənin 380-cı maddəsinə görə: 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yəni, cavabdeh mütəmadi olaraq iddiaçıya öz borcundan müəyyən məbləğdə ödəniş etməklə öz borcunu etiraf etmişdir. İkincisi, MM-nin 375.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Birinci instansiya məhkəməsi üç dəfə hazırlıq iclası keçirib, bu zaman cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə vermək üçün kifayət qədər imkanı olmuş, lakin ərizə verməmişdir. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, cavabdeh Cavabdeh MMC həmin sahibkarlıq obyektini 2015-ci ildə satmış, həmin vaxtdan sonra yaranmış borc cavabdehin deyil, obyektin yeni mülkiyyətçisinindir. Bu dəlil də əsassızdır ona görə ki, əgər Cavabdeh MMC 2015-ci ildən fəaliyyət göstərmirdisə 2018-ci ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdeh kimi necə tərəf olub. 2025-ci ilin noyabr ayınadək bütün sənədləşmələr Cavabdeh MMCnin adına aparılıb. Abonent kimi İddiaçı İB ilə müqaviləni də Cavabdeh MMC bağlayıb və bu müqavilənin xitam edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Mübahisələndirilən həmin borc da bu müqavilə öhdəliyindən yaranmışdır. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin olunmaması da həqiqəti əks etdirmir. Çünki birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etmək üçün bir neçə dəfə məhkəmə iclaslarını təxirə salmışdır. Hətta bir-iki dəfə Cavabdeh MMC-nin nümayəndələri məhkəmə iclasları zamanı tamaşaçı kimi iclas zalında olmuşlar. Deməli, cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən kifayət qədər imkan yaradılmışdır.

İşdə iştirak edən şəxslərin izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi vəkil nümayəndə3, qanuni təmsilçisi X2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X4, X5 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

19. Məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmuş X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

1.3-cü bəndinə əsasən, bu Qaydalara əsasən müəyyən edilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qaz paylayıcısı və istehlakçı arasında bağlanılan qazın alqı-satqı müqaviləsində göstərilir. 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ## ####### 2015-ci il tarixli qazın alqı-satqısı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə təbii qaz verilmiş, cavabdeh isə istifadə etdiyi qazın dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam ödəməmişdir. Qeyd edilən hallar isə iş materialları ilə öz təsdiqini tapır.

25. Apellyasiya şikayətində göstərilən məhkəmə iclaslarında iştirak edilməməsinə dair dəlilə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin birinci instasniya məhkəməısinin iclaslarında iştirak etməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin iştirak etməmişdir. Bu səbəbdən həmin dəlil qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

26. Cavabdeh sahibkarlıq obyektinin 2015-ci ildə başqa şəxsə satılması və sonrakı dövrdə obyektə aid borcların ona məxsus olmaması barədə dəlilləri ilə bağlı ##.##.2015-ci il tarixli, AN-İ ******* nömrəli Sumqayıt “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş satıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış alqı-satqı müqaviləsini təqdim etmişdir.Həmin müqaviləyə əsasən satıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ona məxsus Şabran rayonu, Mollakamallı kəndində yerləşən 426.4 kv.metr əmlak kompleksi kimi müəssisənin və 8.70 ha torpaq sahəsini alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satmışdır.Lakin buna baxmayaraq paylayıcı İddiaçı İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh MMC arasında ## ####### 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Cavabdeh MMC faktiki qazdan Şabran rayonu, Mollakamallı kəndində yerləşən əmlak kompleksinin mülkiyyətçisi kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 istifadə etdiyini sübut etməklə ona qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı müvafiq qaydada iddia ilə məhkəməyə müraciət edə bilər.

27. İddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instnasiya məhkəməsində verilməli olduğu halda, cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan birinci instansiya məhkəməsində iştirak etməmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və qüvvədə olan müqavilə üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2-2(119)-2210/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar