Məhkəmə qərarları › İş №2-2(3-9)-84/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-84/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-2(3-9)-84/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh “Al-Mowed İnternational Group” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85.915,00 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 348,00 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh “Al-Mowed İnternational Group” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin və iddiaçı tərəfindən ödənilmiş 348 manat dövlət rüsumunun (mədaxil qəbzi № **********) iddiaçı İddiaçı MMCnə geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi elektron şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-14)- ***/**** nömrəli qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini müqavilədə icra yerinin göstərilməməsi əsası ilə geri qaytarmışdır. Lakin, bu yanaşma Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinin düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, MPM-nin 36.11-ci maddəsi müqavilədə icra yerinin göstərildiyi halları tənzimləsə də, bu norma müqavilənin faktiki icra yerinin müəyyən edilməsini istisna etmir. Müqavilədən irəli gələn öhdəliklərin faktiki olaraq harada icra edildiyi, icra edilməli olduğu yer müəyyən edilmədən yalnız müqavilədə konkret yerin göstərilməməsinə istinad olunması ərazi aidiyyətinin müəyyən edilməsində formal yanaşmadır. Məhkəmə müqavilə üzrə öhdəliklərin icra yerini, tərəflər arasında hüquq münasibətlərinin faktiki həyata keçirildiyi ərazini, mübahisənin Azərbaycan Respublikası ərazisi ilə real əlaqəsini araşdırmamışdır. Məhkəmə qərardadda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin qismən icrasının Azərbaycan Respublikasında həyata keçirilməsi nəzərdə tutulsa da, həmin ərazi müqavilədə konkret göstərilməmişdir. Lakin bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə daşınma əməliyyatları Azərbaycan Respublikası ərazisində həyata keçirilmiş, müqavilədən irəli gələn öhdəliklərin icrası faktiki olaraq Azərbaycan Respublikası ərazisində baş vermiş, həmçinin malların ixracı məhz Azərbaycan Respublikası ərazisindən həyata keçirilmişdir. Bu hallar mübahisənin Azərbaycan Respublikası ilə real və birbaşa əlaqəsini təsdiq edir və ərazi aidiyyətinin müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır. Məhkəmə isə qeyd olunan faktiki halları araşdırmadan və onlara hüquqi qiymət vermədən yalnız müqavilədə icra yerinin konkret göstərilməməsinə istinad etmişdir ki, bu da işin natamam araşdırılması və MPM-nin aidiyyət normalarının düzgün tətbiq edilməməsi deməkdir. Azərbaycan Respublikası MPM-nin 36.11ci maddəsinin mənasına görə, müqavilənin icra yeri üzrə aidiyyət müəyyən edilərkən yalnız müqavilədə göstərilən yer deyil, həm də öhdəliyin faktiki icra olunduğu yer nəzərə alınmalıdır. Belə olan halda, mübahisənin Azərbaycan Respublikası ərazisi ilə sıx bağlılığı mövcud olduğu halda iddia ərizəsinin ərazi aidiyyətinin olmaması əsası ilə geri qaytarılması əsassız və qanunsuzdur. Bu isə MPM-nin işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinin pozulmasıdır. Məhkəmə iddia ərizəsini ərazi aidiyyətinin olmaması əsası ilə geri qaytarmışdır. Lakin ərazi aidiyyətinə dair nəticə faktiki hallar araşdırılmadan, sübutlara qiymət verilmədən qəbul edilmişdir. Bu səbəbdən MPM-nin 152.1.3-cü maddəsinin tətbiqi üçün hüquqi əsas mövcud olmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin geri qaytarılması iddiaçının yenidən müraciət etməsinə mane olmur. Lakin MPM-nin 152.4-cü maddəsi yalnız aradan qaldırıla bilən prosessual nöqsanlara aiddir. Hazırkı halda isə iddia ərizəsinin geri qaytarılması texniki nöqsanla deyil, məhkəmənin ərazi aidiyyətinə dair hüquqi mövqeyi ilə bağlıdır. Bu səbəbdən iddiaçının “nöqsanları aradan qaldıraraq” yenidən müraciət etməsi faktiki olaraq mümkün deyil və bu norma bu işə tətbiq edilə bilməz. Məhkəmə iddia ərizəsini geri qaytarsa da hansı məhkəmənin səlahiyyətli olduğunu konkret göstərməmiş, aidiyyətin necə müəyyən edilməli olduğunu əsaslandırmamışdır. Bu isə hüquqi müəyyənlik prinsipinin və iddiaçının effektiv məhkəməyə çıxış hüququnun pozulmasına səbəb olmuşdur. İddia ərizəsinin formal əsaslarla geri qaytarılması mübahisənin mahiyyəti üzrə baxılmasını ləngidir, tərəflərin hüquqlarının müdafiəsini gecikdirir. Halbuki, iş üzrə aidiyyət məsələsi daha dərindən araşdırılmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, beynəlxalq səlahiyyətlə bağlı məsələlərə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. Plenumun hüquqi mövqeyinə əsasən: məhkəmə beynəlxalq səlahiyyətə malik olmadığı qənaətinə gələrsə, MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq iddianın qəbulundan imtina etməli və MPM-nin 153.3-cü maddəsinə əsasən iddiaçının hansı məhkəməyə müraciət etməli olduğunu əsaslandırılmış şəkildə göstərməlidir. Hazırkı iş üzrə məhkəmə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətə malik olduğunu qəbul etsə də, iddia ərizəsini ərazi aidiyyətinin olmaması əsası ilə geri qaytarmışdır. Lakin eyni zamanda məhkəmə iddiaçının konkret olaraq hansı məhkəməyə müraciət etməli olduğunu göstərməmiş, yalnız ümumi xarakterli izahla kifayətlənmişdir. Bu isə həm MPMnin 153.3-cü maddəsinin, həm də Ali Məhkəmə Plenumunun göstərilən hüquqi mövqeyinin tələblərinə ziddir və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olur. Nəticədə mübahisənin hansı məhkəmədə baxılmalı olduğu aydın şəkildə müəyyən edilməmişdir ki, bu da iddiaçının məhkəməyə çıxış hüququnun effektiv həyata keçirilməsinə maneə yaradır. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi:

28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur.

Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarı: 2.1. Məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.3. Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir. 2.4. Əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. 2.5. Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. 2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti). 2.10. Qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. 2.11. Xarici elementli mübahisələrə baxılarkən ilk öncə xarici elementin olubolmaması müəyyən edilməlidir. Mülki dövriyyədəki “xarici element” müəyyən edilərkən nəzərə alınmalıdır ki, “xarici element” aşağıdakı kateqoriyalar baxımından fərqləndirilir: - Hüquq münasibətinin subyektində ifadə olunan xarici element. Münasibətin iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud beynəlxalq təşkilat çıxış edir. - Hüquq münasibətinin obyektində ifadə olunan xarici element. Münasibətin iştirakçıları (subyektləri) Azərbaycan Respublikasının vətəndaşları olan hüquq münasibətinin obyekti xaricdə yerləşdiyinə görə bu münasibət beynəlxalq xarakterli hesab edilir. Digər bir halda Azərbaycan Respublikasında yerləşən xarici şəxslərin əmlakları ilə bağlı xarici şəxslər arasında baş verən münasibət də obyektinə görə beynəlxalq xarakterli hesab edilir.

İş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC cavabdeh “Al-Mowed İnternational Group” Şirkətinə qarşı pul tələbinə dair iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi iddia ərizəsini işin həmin məhkəmənin ərazi aidiyyətinə aid olmaması əsası ilə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyət məsələsini həll edərkən MPM-nin 36.12 və 36.13-cü maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan şəxs başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddianı iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verə bilər. Hazırkı işdə iddiaçı Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olmaqla İddiaçı MMC-dir, cavabdeh isə xarici hüquqi şəxs olan Cavabdehdir. Birinci instansiya məhkəməsi özü də mübahisənin xarici elementli kommersiya mübahisəsi olduğunu və Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətə malik olduğunu müəyyən etmişdir. Belə olan halda, iddiaçının məhz öz yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ MPM-nin 36.12-ci maddəsindən birbaşa irəli gəlmişdir. Bu hal “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023cü il tarixli, **/**** nömrəli Qərarının 2.5-ci bəndində də təsbit edilmişdir. Belə ki, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Bununla yanaşı, MPM-nin 36.13-cü maddəsinə əsasən, həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət halları istisna olmaqla, MPM-nin 36.1- 36.12-ci maddələrində göstərilən aidiyyət qaydaları üzrə məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Hazırkı mübahisə MPM-nin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət kateqoriyasına aid olmadığından, iddiaçı alternativ aidiyyət hüququndan istifadə edərək iddianı öz yerləşdiyi yer üzrə Şirvan Kommersiya Məhkəməsində qaldırmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqi ünvanına əsasən müraciət etmək hüququnu ümumiyyətlə nəzərə almamış, yalnız müqavilədə icra yerinin konkret göstərilməməsinə istinad etməklə nəticəyə gəlmişdir ki, iş Şirvan Kommersiya Məhkəməsinin ərazi aidiyyətinə aid deyildir. Halbuki, hazırkı işdə aidiyyət yalnız müqavilənin icra yeri ilə deyil, həm də MPM-nin 36.12-ci maddəsində nəzərdə tutulmuş xüsusi alternativ aidiyyət qaydası ilə müəyyən olunmalı idi. Məhkəmə tərəfindən həmin normanın tətbiq edilməməsi nəticəsində iddiaçının qanunla nəzərdə tutulmuş seçim hüququ əsassız şəkildə məhdudlaşdırılmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi aidiyyət məsələsini həll edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarında formalaşdırılmış hüquqi mövqeləri tam və düzgün tətbiq etməmişdir. Belə ki, həmin Plenum Qərarının 2.10-cu bəndində məhkəmələrin xarici elementli kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyət məsələsini müəyyən edərkən ardıcıl şəkildə araşdırmalı olduqları meyarlar müəyyən edilmiş, ilk növbədə tərəflər arasında aidiyyət barədə razılaşmanın olub-olmaması, daha sonra beynəlxalq müqavilələrin mövcudluğu, bunlar olmadığı halda isə MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyət normalarının tətbiq edilməli olduğu göstərilmişdir. Hazırkı işdə tərəflər arasında xarici dövlət məhkəməsinin müstəsna səlahiyyətini müəyyən edən razılaşmanın mövcudluğu müəyyən edilməmiş, eyni zamanda Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini istisna edən beynəlxalq müqavilənin olması da iş materialları ilə təsdiq olunmamışdır. Bu halda Plenumun qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq MPM-in beynəlxalq səlahiyyətə dair müddəaları tətbiq edilməli idi. Bundan əlavə, Plenum Qərarının 2.4 və 2.5-ci bəndlərində göstərilmişdir ki, iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikası ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldiyi hallarda Azərbaycan Respublikası məhkəmələri xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətə malik hesab olunur. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə daşınma və ixrac əməliyyatlarının Azərbaycan Respublikası ərazisində həyata keçirildiyi, müqavilə öhdəliklərinin faktiki icrasının Azərbaycan Respublikası ilə birbaşa bağlı olduğu iddiaçı tərəfindən göstərilmiş, birinci instansiya məhkəməsi də mübahisənin xarici elementli kommersiya mübahisəsi olduğunu qəbul etmişdir. Belə olan halda, Plenumun hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətli olması mövcud olmuşdur. Kollegiya hesab edir ki, iddia ərizəsinin geri qaytarılması üçün tətbiq edilmiş MPMnin 152.1.3-cü maddəsi üzrə hüquqi əsas mövcud olmamışdır. Çünki işin Şirvan Kommersiya Məhkəməsində baxılması MPM-nin 36.12 və 36.13-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi və onunla əlaqədar prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi və onunla əlaqədar prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar