Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(4-15)-47/2026 21.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı1 Cavabdeh, üçüncü şəxslər X2 və X3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddiası üzrə Ağsu Rayon Məhkəməsindən daxil olmuş mülki iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 Cavabdeh, üçüncü şəxslər X2 və X3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(016)-9/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının tələbindən müəyyən edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 3.135 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Ağsu rayonu, Hacısəmədli kəndində yerləşən, **********50 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X4 və onun ailə üzvləri olan Cavabdeh, X1 ümumi birgə mülkiyyətində olan 2,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh payının ayrılaraq naturada müəyyən edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsi işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadını Cavabdeh VÖEN hesabının mövcud olmasına və iddiaçının dövlət orqanı olaraq müqavilə əşya hüquq münasibətlərində digər hüquqi və fiziki şəxslərlə bərabər iştirak etmək hüququnun olmasına əsaslanmışdır. Hazırkı iddia ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin aidiyyətində olduğundan baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardad ilə razılaşmayan məhkəmə qeyd edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, eyni zamanda iddiaçı sahibkarlıq münasibətinə daxil olan dövlət orqanı olsa da, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 25-ci bəndində isə məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından, bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, dövlət orqanı olan İddiaçı1 Cavabdeh, üçüncü şəxslər X2 və X3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olan mülki xarakterli əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3-cü bölməsi “ƏMLAK VƏ ƏŞYA HÜQUQU” olmaqla paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması və digər bununla bağlı məsələlərlə bağlı tələblər əşya hüquq münasibətlərindən yaranmış tələbdir. Bu səbəbdən tərəflər arasında yaranan hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamış, bu səbəbdən də bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələrə tərəfindən baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 Cavabdeh, üçüncü şəxslər X2 və X3 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddiası üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(4-15)-47/2026
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(4-15)-47/2026
21.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver