Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-101/2026 30.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın dəyərinin ödənilməsi tələbi (Açar sözlər: Maddi və mənəvi zərərin ödənilməsi, sübutetmə yükü, mülki hüquq pozuntusu (delikt), əldən çıxmış fayda, qonşuluq münasibətləri, servitut (məhdud istifadə hüququ) və mülkiyyət və faktiki istifadə hüququ) iddiaçı İddiaçı vəkili-nümayəndəsi Vəkil və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət .
1. Iddiaçı İddiaçı "14" avqust 2025-ci ildə Sədərək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh onun həyətinə gələn su arxını qanunsuz, özbaşına doldurmaqla həyətindəki əkin sahəsinin və 18 ədəd meyvə ağacının quruyaraq məhv olması nəticəsində əldən çıxmış faydaya görə 10000 (on min) manat və Cavabdeh hərəkətləri nəticəsi onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğuna görə 5000 (beş min) manat və ödədiyi 130 (bir yüz otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-05).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Sədərək rayonunun Dəmirçi kəndində yerləşən, təxminən 4 min kvadratmetrə yaxın ərazini əhatə edən həyətyanı sahəsindəki əkinlər və meyvə ağacları qonşusu mərhum Allahverdiyev Ibrahimin həyətinin kənarından keçən arx vasitəsilə suvarılır. 2025-ci ilin aprel ayından etibarən mərhumun nəvəsi olan cavabdeh Cavabdeh həmin suvarma arxını özbaşına dolduraraq bağlamışdır. Nəticədə su gəlmədiyi üçün iddiaçının əkin sahəsi və 18 ədəd meyvə ağacı quruyaraq məhv olmuşdur. Iddiaçı hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona əldən çıxmış fayda və dəymiş zərər olmaqla ümumilikdə 10.000 manat məbləğində maddi ziyan vurulmuşdur.
3. Həmçinin o, uzun illər prokurorluq orqanlarında qüsursuz xidmət etmiş, R rütbəsi daşımış və hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Su yolunun bağlanması səbəbini aydınlaşdırmaq və mübahisəli əraziyə baxış keçirmək məqsədilə kənd icra nümayəndəsi və mütəxəssislər dəvət edildikdə, cavabdeh onları və iddiaçını ictimaiyyət qarşısında kobudcasına ərazidən kənarlaşdırmış, qışqıraraq onun şəxsi nüfuzuna zərər gətirəcək hərəkətlərə yol vermişdir. Cavabdehin bu davranışları iddiaçının şüuruna mənfi təsir göstərərək psixoloji reaksiyaya və mənəvi sarsıntıya səbəb olmuşdur. Buna görə də iddiaçı ona dəymiş mənəvi zərərin kompensasiyası kimi cavabdehdən əlavə olaraq 5.000 manat tutulmasını tələb etmişdir.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
4. Sədərək Rayon Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Zülfüqarov) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdi (iş vərəqə 181-187). ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
5. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisə olunan su arxının yerləşdiyi torpaq sahəsi cavabdehin babası mərhum X5 xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi uçota alınmışdır və hal-hazırda cavabdehin istifadəsindədir. Bu baxımdan cavabdeh mübahisə olunan torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə etməklə, heç bir şəxsə maddi ziyan vurmaq niyyəti olmadan və təqsirli davranış göstərmədən həyətyanı torpaq sahəsində abadlıq işləri aparmışdır. Iddiaçı tərəfindən mübahisələndirilən su arxının onlara məxsus olmasını sübut edən hər hansı mötəbər hüquqi sənəd məhkəməyə təqdim edilməmiş, eyni zamanda şahid ifadəsi ilə iddiaçının həyətyanı sahəsinə digər istiqamətdən (alternativ olaraq) su arxının çəkilməsinin mümkünlüyü müəyyən edilmişdir.
6. Məhkəmə iş üzrə toplanmış məhkəmə-bioloji ekspertizası və aqronom-mütəxəssis rəylərinə istinad edərək qeyd etmişdir ki, iddiaçının həyətindəki 8 ədəd ağac 2025-ci ildə deyil, əvvəlki illərdə kök boğazından kəsilmişdir. Həmçinin, gənc tinglər istisna olmaqla, digər məhsul verən ağacların 2025-ci ilin aprel ayından avqust ayınadək olan müddətdə susuzluqdan quruması ehtimalı az hesab olunmuşdur, çünki həmin aylarda yağıntıların miqdarı normal olmuş və ağacların mil kök sistemi onların suya olan tələbini ödəməyə imkan vermişdir. Məhkəmə ağacların qurumasının susuzluqdan deyil, digər səbəblərdən baş verdiyini, beləliklə iddia olunan zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin və cavabdehin təqsirli davranışının (deliktin) olmadığı qənaətinə gəlmişdir.
7. Mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə, maddi zərərin ödənilməsi hissəsində iddia rədd olunduğundan və məhkəmə mənəvi zərər bu tələbdən törəmə hesab edildiyindən, mənəvi zərərin əvəzi kimi 5000 manat pul vəsaitinin tutulması tələbini də əsassız sayaraq rədd etmişdir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.
8. Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 198-208). b) Apellyasiya şikayətinin əsaslandırılması.
9. Iddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətçi qeyd edir ki, məhkəmə torpaq islahatı zamanı mübahisəli su arxının uçota alınmamasına və onun cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsinə əsaslanaraq, arxı cavabdehin mülkiyyəti kimi qiymətləndirməklə səhvə yol vermişdir. Su arxları xüsusi mülkiyyətdə ola bilməz, onlar qanunla bələdiyyənin balansına verilməli və birgə istifadədə olmalıdır. Islahat zamanı arxın uçota alınmaması iddiaçının problemi deyil və cavabdehin uzun illər istifadədə olan su arxını qanunsuz olaraq doldurması iddiaçının həmin arxdan istifadəsinə əsassız maneə yaratmışdır.
10. Bundan əlavə, məhkəmə iddia ərizəsinə baxarkən əsas diqqətini dəymiş ziyanın ödənilməsinə deyil, su arxının kimə məxsusluğu məsələsinə yönəltmişdir. Iddiaçı məhkəmə baxışı iclasında ağaclarının susuz qalması nəticəsində dəymiş ziyanın məbləğinin dəqiq qiymətləndirilməsi üçün ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə aidiyyəti olmayan məhkəmə-bioloji ekspertiza təyin etmişdir. Rəy vermiş mütəxəssis isə məhkəmədə dindirilərkən ağacların quruma ehtimalının az olmasını yağış suları ilə əsaslandırsa da, həmin əraziyə 2025-ci ildə nə qədər yağış düşməsi barədə suallara ümumiyyətlə cavab verə bilməmişdir. Məhkəmə həmçinin ekspert rəyində göstərilən və iddiaçının qeyd etdiyi meyvə ağaclarının və tinglərin yaşı ilə bağlı hissəyə düzgün hüquqi qiymət verməmiş, susuzluqdan quruyan ağaclarla bağlı məsələni qətnamədə diqqətdən kənarda saxlamışdır. Habelə, məhkəmə işin obyektiv həlli üçün çox ciddi əhəmiyyəti olmasına baxmayaraq, mübahisə ilə bağlı ağac və tinglərin yerləşdiyi torpaq sahəsinə baxış keçirməmişdir.
11. Mənəvi ziyanla bağlı hissədə şikayətçi vurğulamışdır ki, iddiaçı uzun müddət hüquqmühafizə orqanlarından birinə rəhbərlik etmiş, ictimaiyyət tərəfindən tanınan bir ictimai xadimdir. Cavabdeh digər şəxslərin yanında onu nüfuzdan salmağa yönəlmiş hərəkətlər və sözlər etməsinə baxmayaraq, məhkəmə qətnaməsində mənəvi ziyan tələbi barədə heç bir xatırlatma belə olmamış və məsələ araşdırılmamışdır.
12. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 64, 76 və 97.1-ci maddələrinə istinad etmişdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Işin apellyasiya icraatına qəbulu.
14. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “15” may 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. III. Izahatlar və prosesin gedişi.
15. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil oğlu apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında apellyasiya şikayətində göstərilən dəliləri bildirmişdi.
16. Apellyasiya şikayəti verən şəxsin vəkili-nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdehin özünün də bildirdiyi kimi onların torpaqları 100 metr məsafədə yerləşir və iddiaçının ata və babası da cavabdehin ərazisindən keçən su arxından istifadə etmişlər. 1-2 illik tinglər suvarılsa idi qurumazdı və bar verə bilərdi. Iddiaçı uzun müddət prokurorluq orqanlarında çalışdığından, 5 il müddətində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri olduğundan, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin millət vəkili olduğundan, bütün Muxtar Respublikada tanındığından və ictimai nüfuzu olduğundan cavabdehin yerində baxış zamanı ona qarşı aqressiv hərəkətlərinin onun nüfuzuna xələl gətirdiyini düşündüyü üçün mənəvi ziyan tələb edir. Mübahisə predmeti olan su arxı vasitəsilə suvarılan torpaq iddiaçının sahibliyindədir.
17. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, keçən ilin aprel ayında iddiaçı zəng vuraraq onu yanına çağırıb, həmin vaxt özü işdə idi. Yusif Mamedovun adına iki torpaq sahəsi var idi, onlardan birini özü, digərini isə iddiaçı almışdı. Iddiaçının bacısının oğlu orada özünə villa tikmişdi və onun torpağını da alaraq maşın dayanacağı tikmək istəyirdilər. Qeyd edilən arx isə həmin həyətdən keçirdi. Iddiaçı ondan həmin ərazini nəyə görə aldığını soruşmuş və mübahisə oradan başlamışdı. Özü ona torpağı pulunu ödəyərək aldığını demiş, o isə ona səhv etdiyini bildirmiş, o isə özünə qarşı aqressiv danışmamasını xahiş etmişdi. Iddiaçı ona torpağı əlindən alaraq öz adına rəsmiləşdirərsə nə olacağını demiş, özü isə “bacarırsınızsa edin” demişdi. Növbəti gün ona zəng gəmiş və torpağın olduğu yerə getmiş, müxtəlif qurumlardan səlahiyyətli şəxslərin orada olduğunu görmüşdü. Iddiaçı zor tətbiq etməklə torpağını əlindən almaq istəyirdi. Özü isə torpağın ona aid olduğunu və onu Yusif Mamedovdan aldığını bildirmişdi. Onlar torpağın zorla alınması üçün onu oraya çağırmışlar. Videokameranı avtomobilə yerləşdirdikdən sonra mikrofonu öz yaxasına taxıb onların yanına getmiş və çəkiliş aparmışdı. Bundan sonra onların hamısı oradan uzaqlaşmışlar. Özü 2010-cu ildə kəndin bələdiyyə sədrinə müraciət etdiyi üçün onlar gələrək qeyd edilən su arxını bağladılar. Iddiaçının həyətinin su arxı onun həyətinə çıxmır, qonşu Lətifin həyətinə çıxır. Iddiaçı arxı qazaraq həyətinin digər tərəfinə qədər onu çatdırmışdı, indi evin arxası ilə su arxı gedir. Əvvəllər mübahisə predmeti olan arxdan su aparmaq üstündə iddiaçının qardaşı və onun ailə üzvləri babasını döymüşlər. Bu hərəkətlərdən sonra özü Torpaq Komitəsinə müraciət etmiş, bununla bağlı kənd bələdiyyəsinin izahatı vardır. Rəsmi addımlar atıldıqdan sonra bələdiyyə sədrinin iştirakı ilə su arxının 10 metrini bağlamışdı. Iddiaçının etirazı var idisə, bələdiyyə və ya torpaq komitəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Çünki özü hər bir şeyi qanunvericilik çərçivəsində etmişdi. Bundan başqa iddiaçı hər məhkəmə iclasından öncə onu öz avtomobilinə mindirərək, təzyiq edib. Həyətinin 100 metr aşağı hissəsində özünə məxsus bağ vardır. Özü oranı suvardıqdan sonra dəmir tellərin altından suyu qonşunun həyətinə buraxıb, su iddiaçının həyətinə dönmüşdür, çünki qonşunun həyətində uzun arx vardır, onun alternativ su yolu vardır. Qarşı tərəf polisə müraciət etdikdən sonra polis onu iddiaçının yanına aparıb və iddiaçı polislərin qarşısında ona təzyiq göstərməyə davam etmişdir.
18. Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, babası vəfat etməzdən iki il qabaq iddiaçı həmin arxdan zor gücü ilə istifadə edib, lakin o su arxı deyildir. Öz həyəti hasarlanıb, hər hansı arx onun həyətinə daxil olmur və həyətindən də heç kimin həyətinə su arxının çıxışı yoxdur. Iddiaçının həyətinə alternativ arx vasitəsilə su yolu vardır, lakin iddiaçının dərdi onun əmlakını əldə edə bilmədiyinə görə təzminat almaqdır. Gəlib arxı ləğv etdikləri üçün iddiaçı su borusunu qonşunun həyətindən çəkdi, bu onun əvvəlki su arxı idi. Həmin su iddiaçının ərazisinə oradan getmir, çünki, özünə məxsus həyət dik yerdə yerləşdiyindən oranı suvarmaq üçün artezian quyusu qazdırıb. Hazırda su arxının keçdiyi həyət babasına məxsusdur, orada özü yaşayırdı və hal-hazırda həmin torpağa faktiki sahibliyi də özü həyata keçirir. Özü çöl suyundan istifadə etmir, arx suyu gəlmədiyi üçün öz həyətindəki ağaclar quruyub.
19. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
20. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. IV. Işin halları:
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
22. - Sədərək Rayon Icra Hakimiyyətinin Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli arayışından İddiaçı Sədərək rayonu, Dəmirçi kəndində vaxtilə valideynlərinin yaşadığı evdə yaşadığı və onun yaşadığı həyətə suvarma suyunun həmişə mərhum qonşusu Allahverdiyev Ibrahimin həyətindən getməsinin qeyd edilməsi (iş vərəqə 07);
23. - JN seriyalı, ***A nömrəli, 10200088 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən Şərur Rayon Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** nömrəli qərarına əsasən 0.29 hektar sahənin X5 və X3 mülkiyyətinə verilməsi (iş vərəqə 34-35);
24. - ## #### 2025-ci il tarixli aktın surətindən Dəmirçi kənd sakini İddiaçı mərhum atası Qəzənfər Şükürova məxsus, xəritədə 983A nömrəsi ilə qeyd olunan həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş su arxının qonşusu mərhum X5 nəvəsi Cavabdeh tərəfindən kəsilməsi ilə əlaqədar Şərur Ərazi Bölməsinə etdiyi şifahi müraciət əsasında xəritəyə uyğun olaraq naturada torpaq sahəsinə baxış keçirilməsi, iddia olunan su arxı uzun müddətdir istifadə olunmasına baxmayaraq, Dəmirçi kəndində aparılan torpaq islahatı zamanı xəritədə 987A nömrəsi ilə qeyd olunan həyətyanı torpaq sahəsinin mərhum X5 mülkiyyətinə verilməsi, həmçinin, mərhumun nəvəsi Cavabdeh yaranmış mövcud vəziyyət izah edilməsinə baxmayaraq, onun nəzərdə tutulmuş su yolunun bərpa olunmasından imtina etdiyi, tutulmuş (bağlanmış) su yolunun 20,0 (iyirmi) metr olduğu, qonşular arasında yaranmış mübahisə yerində həllini tapmadığı üçün hər iki tərəfə müvafiq orqanlara müraciət etməsinin məqsədəmüvafiq hesab edildiyi və Cavabdeh akta imza etməkdən imtina etməsi (iş vərəqə 08);
25. - ## #### 2025-ci il tarixli X2 X4 tərtib etdiyi aktdan, Sədərək rayonu, Dəmirçi kəndində yerləşən kənd sakini İddiaçı yaşadığı həyətyanı torpaq sahəsinə baxış keçirilməsi, baxış zamanı 7 ədəd meyvə tinginin tamamilə quruduğu, 3 ədəd meyvə tinginin quruduqdan sonra kök boğazından yenidən pöhrələnməsi və 8 ədəd meyvə ağaclarının isə kök boğazı səviyyəsindən kəsilməsi müşahidə edilməsi (iş vərəqə 09);
26. - Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, Dəmirçi bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, *** nömrəli arayışından, İddiaçı Sədərək rayonu Dəmirçi kəndində yaşadığı evin həyətinə suvarma suyunun mərhum qonşusu Allahverdiyev Ibrahimin həyətindən getməsi və hazırda da həmin yerdən olması, İddiaçı həyətinə digər alternativ su yolunun və arxının olmaması (iş vərəqə 11);
27. - Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2025-ci il tarixli Şərur Ərazi bölməsinin Sədərək rayonu, Dəmirçi kəndində yerləşən və mübahisə predmeti olan torpaq sahəsinə dair mütəxəssis rəyindən, Dəmirçi kəndində torpaq islahatının aparılması məqsədilə kəndin yerquruluşu planı tərtib olunarkən mübahisə predmeti olan su arxının uçota alınmaması, su arxının əhatə etdiyi torpaq sahəsi də daxil olmaqla 2860,6 kvadratmetr həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** nömrəli qərarına əsasən JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X5 və X3 mülkiyyətinə verilməsi, mübahisə predmeti olan su arxının xüsusi mülkiyyətdə olan torpaq sahəsi olması, Xidmətin informasiya bazasında mübahisə predmeti olan su arxının yerləşdiyi torpaq sahəsinin X5 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi uçota alınması, həmin mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan su arxının iş üzrə cavabdeh Cavabdeh babası X5 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi uçota alınması (iş vərəqə 74-75);
28. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, ** nömrəli məhkəmə-bioloji ekspertiza rəyindən, ## ###### 2026-cı ildə keçirilmiş baxış zamanı tədqiq edilən bütün obyektlərin meyvə ağacları və tingləri olduğu müəyyən edilməsi, tədqiqat nəticəsində 2 ədəd badam ağacının 15-20 yaş, 1 ədəd alça ağacının 13-16 yaş, 2 ədəd ərik ağacının müvafiq olaraq 8-11 və 9-12 yaş, 1 ədəd gilas ağacının isə 3-5 yaş aralığında olması, 58 santimetr diametrli 1 ədəd tut ağacının isə bioloji ömrünü başa vuraraq özəyindən çürüməsi və quruduğunun təsdiq olunması, həmçinin, ərazidə 2 ədədi 1-2 illik (pöhrələmiş) və 1 ədədi 5- 6 illik olan 3 ədəd alma tingi, eləcə də qurumuş vəziyyətdə olan 1-2 illik şaftalı və göycə tinglərinin (hərəsindən 1 ədəd) aşkar edilməsi, ağacların quruma səbəbinin (susuzluq və ya xəstəlik), kəsilmə tarixi və məhsuldarlığı ilə bağlı sualların məhkəmə-bioloji ekspertizasının deyil, aqronom-mütəxəssisin səlahiyyətinə aid olduğundan cavablandırılmaması, eyni zamanda iddiaçının şifahi şəkildə bildirdiyi, lakin faktiki olaraq ərazidə mövcud olmayan digər çıxarılmış ağaclar (qoz, armud, üzüm və s.) üzrə heç bir tədqiqat aparılmaması (iş vərəqə 130-134);
29. - X2 X4 Bitkiçiliyin təşkili, meliorasiya və irriqasiya məsələləri sektorunun baş məsləhətçisi aqronom-mütəxəssis Mütəxəssis tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli ağac qurumasına dair mütəxəssis rəyindən, ağacların meyvə ağacları olması, 8-ədəd müxtəlif növ və yaş qrupuna aid meyvə ağaclarının əvvəlki illərdə kök boğazından kəsilib götürülməsi, gənc tinglər istisna olmaqla, digər məhsul verən ağacların ## ##### 2025-ci il tarixdən - ## ###### 2025-ci il tarixə kimi susuz qaldıqda, quruma ehtimalının az olması, ona görə ki, aprel, may aylarında torpağa düşən yağıntıların miqdarı normada və ya normaya yaxın olduğundan ağacların suya tələbinin azalması, həmin aylarda yağıntılardan torpaqda yaranan nəmliyin miqdarı isə iyun və iyul aylarında ağacların susuzluğa dözümlülüyünü artırması, eyni zamanda ağacların kök sisteminin mil kökə malik olduğundan suya olan tələbini ödəmək üçün köklərini torpağın su olan hissəsinə kimi vuraraq özünə su axtarmaq xüsusiyyətinə malik olması, bu səbəbdən məhsul verən 8 ağacın həmin aylarda susuzluqdan qurumaması, deməli ağacların qurumasının susuzluqdan yox digər səbəblərin birindən olması, kəsilən 8 ədəd ağacların kök hissəsinin diametri müxtəlif ağaclar üzrə 5 - 24 sm arasında olması, kəsilən ağacların yerdə qalan gövdəsinin üst hissəsinin qaralması və yaşın müəyyən edilməsi üçün gövdə üzərində olan həlqələrin itməsi həmin ağacların 2025-ci ildə yox əvvəlki illərdə kəsilməsinə əsas verrməsi aydın olur (iş vərəqə 152-154). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.
33. Verilmiş apellyasiya şikayətindən aydın olur ki, iddiaçı tərəf sözügedən qətnaməni tam mübahisələndirir. Onun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən, həmin qətnamə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 34.- 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 35.-14.2, 14.2.6 və 14.2.8-ci maddələrinin mahiyyətinə əsasən başqa şəxsə zərər vurulması və fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasındadır; 36.- 21-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 37.- 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 38.- 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 39.- 157.8-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 40.- 170.1 və 170.2-ci maddələrinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər; 41.- 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin; 42.- 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; 43.- 239.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir; 44.- 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 45.- 1097.1-ci maddəsindən aydın olur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
46. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
47. - 9.1-ci maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;
48. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
49. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
50. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
51. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
52. Kollegiya mülki iş materiallarını, verilmiş apellyasiya şikayətini, həmçinin işdə olan sübutları qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, tərəflər arasında mübahisə qonşuluq münasibətlərindən, torpaq sahəsindən və su arxından istifadə hüququndan, eləcə də mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələblərindən yaranmışdır.
53. Hazırkı iş üzrə əsas mübahisəli hallar iddiaçının faktiki sahibliyində olan həyətyanı sahəsinin suvarılması üçün uzun illər istifadə edilən və cavabdehin istifadəsindəki qonşu torpaq sahəsindən keçən su arxının doldurulması (bağlanması), bu hərəkət nəticəsində iddiaçının meyvə ağaclarının susuz qalaraq məhv olması ilə əlaqədar maddi ziyanın yaranıbyaranmaması, habelə bu zəmində yaranmış insident zamanı iddiaçının şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərlə ona mənəvi zərər vurulması iddialarından ibarətdir.
54. Məhz bu hallara istinad edən iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, qonşusu cavabdeh Cavabdeh hərəkətləri nəticəsində meyvə ağaclarının qurumasına görə əldən çıxmış fayda və dəymiş zərər kimi 10.000 manat maddi ziyanın, eləcə də rəsmi şəxslərin yanında ictimaiyyət qarşısında təhqiramiz rəftara məruz qalaraq şüuruna mənfi psixoloji təsir göstərilməsinə görə 5.000 manat mənəvi ziyanın tutulub ona ödənilməsini tələb etmişdir.
55. Işin faktiki hallarından və məhkəməyə təqdim olunmuş rəsmi sənədlərdən birmənalı olaraq müəyyən edilir ki, iddiaçı və cavabdeh Sədərək rayonu, Dəmirçi kəndində qonşu torpaq sahələrinin faktiki istifadəçiləri və sahibidirlər. Belə ki, iddiaçı mərhum atası Qəzənfər Şükürova məxsus həyətyanı torpaq sahəsində faktiki yaşayır və həmin sahədən, o cümlədən oradakı əkin və meyvə ağaclarından istifadə edir. Cavabdeh isə mərhum babası X5 xüsusi mülkiyyətində olmuş və iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən əraziyə faktiki sahiblik edir.
56. Sədərək Rayon Icra Hakimiyyətinin Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli arayışı və ## #### 2025-ci il tarixli aktla təsdiq olunur ki, iddiaçının həyətyanı sahəsinə gələn yeganə suvarma su arxı cavabdehin istifadəsindəki qonşu torpaq sahəsindən keçir və bu arxdan uzun illərdir ki, istifadə olunmuşdur. Lakin həmin arx sonradan cavabdeh tərəfindən 20 metr məsafədə doldurularaq bağlanmışdır.
57. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq vurğulayır ki, torpaq sahəsinin iddiaçının mərhum atasının adına olmasına baxmayaraq, iddiaçının mübahisəli su arxından və öz həyətyanı sahəsindən istifadə etməsi, habelə pozulmuş hüquqlarının bərpasını tələb etməsi ilə bağlı subyektiv hüququ mövcuddur.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bununla yanaşı, həmin Məcəllənin 158.4-cü maddəsinin imperativ tələbinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu hüquqi normalara əsasən, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə gələn su arxının kəsilməsi ilə əlaqədar öz mülkiyyət və istifadə hüquqlarının pozulmasından müdafiə olunmaq (subyektiv hüquq) və bu pozuntu nəticəsində dəymiş zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək səlahiyyəti yaranır.
59. Kollegiya qeyd edir ki, iddiaçı həyətyanı sahəsinin suvarılması üçün cavabdehin istifadəsində olan torpaq sahəsindən keçən su yolunun mövcudluğunu iddia etsə də, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına görə həmin su arxı rəsmi uçota alınmamışdır. Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur Ərazi Bölməsinin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində mübahisə predmeti olan su arxının xüsusi mülkiyyətdə olan torpaq sahəsinin daxilində yerləşdiyi göstərilir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
60. Lakin, reyestr məlumatlarının qeydiyyatı ilə yanaşı, işdə olan digər mötəbər sübutlar - Dəmirçi kənd icra nümayəndəliyinin ## ###### 2025-ci il tarixli arayışı və ## #### 2025-ci il tarixli yerində baxış aktı həmin su yolunun sənədləşmə zamanı uçota alınmamasına baxmayaraq, əvvəllər faktiki olaraq mövcud olduğunu və iddiaçı tərəfindən uzun müddət istifadə edildiyini birmənalı olaraq təsdiq edir.
61. Su yolunun cavabdeh tərəfindən bağlanması faktının mövcudluğunu müəyyən edən apellyasiya instansiyası məhkəməsi, bu hərəkətin iddiaçıya iddia olunan miqdarda maddi ziyan vurub-vurmadığını (delikt öhdəliyinin yaranmasını) qiymətləndirməlidir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, deliktin və zərərin ödənilməsi vəzifəsinin yaranması üçün qanunsuz əməl, zərər, zərərlə əməl arasında səbəbli əlaqə və zərər vuranın təqsiri sübut edilməlidir.
62. Maddi ziyanın tərkib hissəsi kimi iddiaçı 18 ədəd meyvə ağacının quruyaraq məhv olmasını və buna görə ona 10.000 manat zərər dəydiyini göstərmişdir. Iş materiallarındakı məhkəmə-bioloji ekspertiza və aqronom rəyləri ilə müəyyən edilmişdir ki, 18 ağacdan 8 ədədi iri və məhsuldar ağaclar olmaqla, 2025-ci ildə susuzluqdan deyil, daha əvvəlki illərdə kök boğazından kəsilərək məhv olmuşdur. Beləliklə, həmin 8 ədəd ağacın quruması ilə cavabdehin su arxını bağlaması (hərəkəti) arasında heç bir səbəbli əlaqə mövcud deyildir.
63. Digər tərəfdən, aqronom rəyi ilə 10 ədəd gənc meyvə tinginin (7 yeni əkilmiş, 3 pöhrələmiş) məhz susuzluqdan quruduğu təsdiq edilsə də, bu fakt iddiaçının 10.000 manatlıq maddi ziyan tələbinin avtomatik təmin edilməsi üçün hüquqi zəmin yaratmır.
64. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
65. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
66. Iddiaçı qurumuş 10 ədəd gənc (1-2 illik) tingə görə ona 10.000 manat məbləğində maddi ziyanın (əldən çıxmış fayda və ya real zərər kimi) necə vurulmasını, həmin gənc tinglərin ona konkret hansı gəliri gətirə biləcəyini və iddia olunan ziyan məbləğinin dürüst hesablanma mexanizmini sübut edəcək heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Zərərin faktiki miqdarı və iddia edilən "əldən çıxmış fayda"nın sübutetmə yükü iddiaçı tərəfindən yerinə yetirilmədiyindən, maddi ziyanın ödənilməsi barədə tələbin təmin edilməsi mümkün deyildir.
67. Kollegiya onu da vurğulayır ki, hər hansı xüsusi bilik tələb olunmayan ümumi həyat təcrübəsinə və ağlabatanlıq prinsipinə əsasən, 1-2 illik yeni əkilmiş və ya yenidən pöhrələmiş meyvə tinglərinin dərhal bar (məhsul) verməsi və mülkiyyətçisinə mənfəət gətirməsi bioloji olaraq da mümkün deyildir. Belə gənc ağacların inkişaf edərək məhsuldar dövrə çatması üçün müəyyən illər tələb olunur. Buna görə də, həmin 10 ədəd tingin susuzluqdan qurumasının dərhal iddiaçıya "əldən çıxmış fayda" şəklində 10.000 manat məbləğində ziyana səbəb olması barədə iddia ağlabatan hesab edilə bilməz və inandırıcı deyildir. Iddiaçı ən yaxşı halda həmin tinglərin alınmasına və əkilməsinə çəkdiyi faktiki xərcləri (real zərəri) tələb edə bilərdi ki, bu məbləğin də miqdarını təsdiq edən hər hansı maliyyə sənədi (qəbz, faktura və s.) iş materiallarına təqdim olunmamışdır.
68. Odur ki, maddi ziyanın ödənilməsi tələbi üzrə iddiaçı qanunvericiliyin onun üzərinə qoyduğu sübutetmə vəzifəsini yerinə yetirmədiyindən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi ziyanın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.
69. Iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə, kollegiya qeyd edir ki, mənəvi zərər şəxsin mülki hüquqlarının, xüsusilə də qeyri-əmlak hüquqlarının (şərəf, ləyaqət, işgüzar nüfuz və s.) pozulması nəticəsində keçirdiyi fiziki və ya mənəvi sarsıntı, iztirabdır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarına əsasən, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə baxılarkən ilk növbədə şəxsin qeyri-maddi nemətlərinə qəsd edən, onun şərəf və ləyaqətini ləkələyən hüquqa zidd əməlin faktiki olaraq baş verməsi məhkəmə tərəfindən müəyyən edilməlidir.
70. Hazırkı işdə iddiaçı mənəvi ziyan tələbini onunla əsaslandırmışdır ki, o, cəmiyyətdə xüsusi nüfuzlu şəxs (sabiq prokurorluq işçisi, R və deputat) olmasına baxmayaraq, mübahisəli əraziyə baxış keçirilərkən cavabdeh ictimaiyyət və rəsmi şəxslər (kənd icra nümayəndəsi, mütəxəssislər) qarşısında qışqıraraq, kobudluq edərək onları ərazidən kənarlaşdırmış və bununla da iddiaçının şəxsi nüfuzuna zərər gətirmişdir. Iddiaçı məhz bu hərəkətlərin onda mənfi psixoloji reaksiya yaratdığını bildirərək 5.000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etmişdir.
71. Lakin, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının tələblərinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsindəki sübutetmə yükünə dair tələblərə uyğun olaraq, iddiaçı şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan hərəkətlərin (təhqir, kobud rəftar və s.) cavabdeh tərəfindən həqiqətən də törədildiyini mötəbər sübutlarla təsdiq etməli idi. Məhkəmə tərəfindən iş materialları, xüsusən də hadisə yerində bilavasitə iştirak etmiş şahidlərin (Dəmirçi kənd bələdiyyəsinin sədri şahid1 və kənd icra nümayəndəsi şahid2) məhkəmə iclasındakı ifadələri təhlil edilərkən, cavabdehin iddiaçıya qarşı hər hansı təhqiramiz ifadə işlətməsi, onu ictimaiyyət qarşısında qəsdən alçaltması və ya qışqıraraq qovması faktı öz təsdiqini tapmamışdır.
72. Həmin şahidlərin ifadələrindən yalnız o məlum olur ki, cavabdeh icazəsiz həyətinə daxil olunduqda telefonla çəkiliş edərək kimdən icazə alındığını soruşmuşdur ki, bu da özlüyündə iddiaçının şərəf və ləyaqətini alçaldan hüquqazidd hərəkət kimi tövsif edilə bilməz.
73. Nəticə etibarilə, iddiaçının qeyri-əmlak hüquqlarına qəsd edən hüquqazidd əməlin faktiki olaraq baş verməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsi barədə tələb əsassızdır.
74. Birinci instansiya məhkəməsi mənəvi ziyanı maddi ziyandan "törəmə" hesab etməklə qismən fərqli (və qüsurlu) hüquqi əsaslandırma gətirsə də, mənəvi ziyanın təsdiqini tapmaması səbəbindən iddianın bu hissəsinin rədd edilməsi barədə yekun nəticəsi mahiyyətcə doğrudur. Odur ki, qətnamənin ləğv edilməsi üçün heç bir maddi və prosessual əsas yoxdur.
75. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Bütün yuxarıda qeyd olunan faktiki və hüquqi hallara əsaslanaraq, kollegiya bu qənaətə gəlir ki, iddiaçı maddi və mənəvi zərərin vurulması tələbi, habelə zərərin miqdarı və qanunsuz əməllə səbəbli əlaqə qanunvericiliyin tələblərinə uyğun olaraq mötəbər sübutlarla təsdiq edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Şikayətdə gətirilən arqumentlər birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi yekun nəticəni təkzib etmir və qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yaratmır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, məhkəmə aktı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
77. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
78. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
79. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
80. - 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
81. Iş materiallarından müəyyən edilir ki, apellyasiya şikayəti verilərkən iddiaçı İddiaçı tərəfindən 65 (altmış beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
82. Yuxarıda göstərilən prosessual normaların tələblərinə əsasən, apellyasiya şikayəti rədd edildiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıldığından, şikayət verilərkən ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu iddiaçı İddiaçı üzərində saxlanılmalıdır.
83. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
84. - Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli;
85. - Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı;
86. - İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödədiyi 65 (altmış beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
87. Yekunda kollegiya gələcəkdə tərəflər arasında su təminatı ilə bağlı yaranmış problemin hüquqi müstəvidə həlli məqsədilə izah edir ki, hazırkı iş üzrə zərərin ödənilməsi tələbinin rədd edilməsi iddiaçının öz həyətyanı torpaq sahəsinin suvarılması üçün zəruri tədbirlər görmək hüququnu istisna etmir.
88. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 254.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın (torpaq sahəsinin) mülkiyyətçisi qonşu torpaq sahəsinin mülkiyyətçisindən, zəruri hallarda isə digər torpaq sahəsinin mülkiyyətçisindən qonşu sahədən məhdud istifadə hüququnun (servitutun) verilməsini tələb edə bilər. Həmin Məcəllənin 254.4-cü maddəsinin tələblərinə görə isə servitut qonşu torpaq sahəsindən su təminatı və meliorasiya ehtiyaclarını ödəmək üçün, habelə başqa cür təmin edilə bilməyən digər ehtiyacları ödəmək üçün müəyyən edilə bilər.
89. Bu o deməkdir ki, iddiaçının öz həyətyanı sahəsini suvarmaq üçün başqa alternativ su yolu yoxdursa və tərəflər su arxından istifadəyə dair könüllü razılığa gələ bilmirlərsə, iddiaçı qonşu torpaq sahəsində (cavabdehin istifadəsində olan ərazidə) su arxının çəkilməsi (və ya bərpası) məqsədilə servitutun (məhdud istifadə hüququnun) müəyyən edilməsi tələbi ilə müvafiq qaydada gələcəkdə məhkəməyə müraciət etməkdə sərbəstdir.
90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi:
Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sədərək Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödədiyi 65 (altmış beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.