Məhkəmə qərarları › İş №2(3-1)-115/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-115/2026

08.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-115/2026 08.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi, sahibkarlıq fəaliyyəti, pul tələbi, aidiyyət qaydalarının pozulması, qətnamənin ləğvi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən vəməruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, cavabdeh Cavabdeh iştirakı ilə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh Cavabdeh 6536 (altı min beş yüz otuz altı) manat borc pulun və ödədiyi 85.36 (səksən beş manat, otuz altı qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-02).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdı ki, 37 ildir təsərrüfatla məşğul olur, özünə məxsus mal-heyvanları diri yaxud kəsib ət kimi satır. On bir aydır Şahbuz rayonunda yerləşən "Tuncay" kafesini işlədən Cavabdeh ilə şifahi razılaşma əsasında nisyə formada ona ət satır, hər dəfə o, borcunu vaxtında qaytarmışdır. Lakin ona satdığı 436 manat dəyərində ətə olan borcu qalmasına baxmayaraq son üç ayda davamlı olaraq 300 kiloqram kabablıq ət, 60 kiloqram mal əti, 60 kiloqram qoyun əti və iki ədəd mal kəlləsi ilə bərabər dırnaq və qarnı ona satıb. Həmin satışdan da Urmanın ona 6100 manat borcu qalıb, ümumilikdə Urmanın ona 6536 manat borcu olub. Dəfələrlə onun işlədiyi kafeyə gedərək borcunu qaytarmasını tələb etsə də o, qəti olaraq verməyəcəyini bildirdiyindən bu barədə ## ###### 2025-ci il tarixdə Şahbuz rayon polis şöbəsinə müraciət edib. Orada hər ikisini polis şöbəsinə çağırıb onları üzləşdiriblər, həmin vaxt Urman "Cavidə borcluyam, amma ona üç mindən artıq pul verməyəcəyəm. Hara gedirsə getsin" deyib. Daha sonra polis şöbəsi tərəfindən ona ## ###### 2025-ci il tarixli məktub göndərilərək müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi ona tövsiyə olunub, o da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Daşqın Səfərov) ## ##### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iş üzrə cavabdeh Cavabdeh 3000 (üç min) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalmış hissədə rədd olunması, iddiaçı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 40 (qırx) manat hissəsinin cavabdeh Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdi (iş vərəqə 97-101).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdı ki, işdə olan və iddiaçının imzası ilə təsdiq edilmiş qeyd kitabından cavabdehin 2768 manat borcunun olması müəyyən edilmiş, eləcə də cavabdeh məhkəmədəki izahatında ümumilikdə 3000 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə cavabdehin etirafını qəbul edərək, bu halı Mülki- Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən işin mübahisəsiz halı hesab etmişdir. Iddiaçının borcun 6536 manat olması barədə tələbinə gəldikdə isə, məhkəmə iddiaçı tərəfindən cəlb edilmiş şahidlərin (şahid3, şahid2, şahid1 və şahid4) məhkəmə iclasındakı ifadələrini təhlil etmişdir. Məhkəmənin mövqeyinə görə, şahidlər iddiaçının cavabdehə hansı tarixdə, nə qədər ət verməsini və buna görə cavabdehin nə qədər borcunun yaranmasını dəqiq göstərə bilməmişlər. Buna görə də məhkəmə bu şahid ifadələrini iddianı təsdiq edəcək mötəbər sübut kimi qəbul etməmişdir. II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.

5. Iddiaçı İddiaçı ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunmasını, borcun tam həcmdə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 106-109). b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Iddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmədə baxılan iş üzrə iddiaçının və şahidlərin izahatları işin düzgün araşdırılması baxımından diqqətə alınmamışdır.

7. Belə ki, şahidlərin izahatlarından tərəflər arasındakı ət alqı-satqısının cavabdehin iddia etdiyi kimi 2-3 ay deyil, daha çox davam etdiyi aydın olsa da, şahidlərlə cavabdehin izahatı arasındakı ziddiyyətlər qətnamədə həllini tapmamışdır. Məhkəmənin istinad etdiyi "Tuncay" kafesinə aid kitabdakı 2768 manatlıq borcun birdəfəlik olub-olmadığı və hansı dövrləri əhatə etdiyi aydınlaşdırılmamışdır. Iddiaçının həmin dəftərdəki imzası yalnız qeyd olunan məbləğə aiddir və digər dövrlərin alqı-satqısının olmadığı mənasına gəlməməlidir. Cavabdeh iddiaçının heyvanları kafenin işçiləri olan Xəyal, Arzu və "bibiyə" verdiyini iddia etsə də, bu iddiasını təsdiqləyən sübut təqdim etməmiş və həmin şəxsləri şahid kimi məhkəməyə dəvət etməmişdir.

8. Iddiaçının məhkəmədən X1 şahid qismində çağrılıb dindirilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə Mülki-Prosessual Məcəllənin 26, 62 və 87-ci maddələrini pozaraq həmin şəxsi məhkəmə iclaslarına cəlb etməmişdir.

9. Iddiaçı tərəfindən iddia edilmişdir ki, məhkəmədə hakimin otağında ona məzmununu oxuya bilmədiyi (latın qrafikalı əlifbanı bilmədiyi üçün) bir ərizə tərtib edilərək "sənin xeyrinədir" deyilməklə aldadılıb qol çəkdirilmiş və həmin ərizədə borcun 3000 manat olduğu qeyd edilmişdir. Ən əsası, iddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN: **********). Cavabdehin də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu görünür. Buna görə də cavabdehin bu fəaliyyəti araşdırılmalı və mübahisənin Şahbuz Rayon Məhkəməsinə, yoxsa Kommersiya Məhkəməsinə aid olması məsələsi dəqiqləşdirilməli idi.

10. Şikayət edən birinci instansiya məhkəməsinin prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26, 62-ci və 87-ci maddələrinə istinad etmiş, lakin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinə dair hər hansı əsas gətirməmişdir.

c) Işin apellyasiya icraatına qəbulu.

11. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” iyun 2026-cı il tarixdə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı.

III. Izahatlar və prosesin gedişatı.

13. Iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərindən biri mübahisənin ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aid olması barədə olduğundan, kollegiya prosessual qənaət prinsipini rəhbər tutaraq, ilk növbədə məhz aidiyyət məsələsinin aydınlaşdırılmasını zəruri hesab etmişdir.

14. Bu məqsədlə, apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh işin mahiyyəti üzrə tam izahat alınmamış, şikayətin qeyd olunan dəlilinin yoxlanılması üçün ona müvafiq suallar verilmişdir.

15. Cavabdeh Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü Şahbuz rayonunda "Tuncay" adlı kafeni bir il yeddi aydır icarəyə götürərək işlədir, iddiaçıdan 3-4 ay ərzində ət alaraq həmin obyektdə kabab və qazan yeməkləri bişirib satmışdır.

16. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdi.

17. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.

21. Iddiaçının verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir. Onun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın tam təmin edilməsinə yönəldiyindən, həmin qətnamə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

V. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

22. - 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

23. - 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

24. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

25. - 24.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır;

26. - 25.1-ci maddəsi ilə müəyyən edilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;

27. - 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır;

28. - 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır;

29. - 31-ci maddəsinin mahiyyətindən görünür ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir;

30. - 32.3 və 32.4-cü maddələrinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır;

31. - 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır;

32. -152.1 və 152.1.3-cü maddələrinin mahiyyətindən aydın olur ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

33. Kollegiya mülki iş materiallarını, verilmiş apellyasiya şikayətini, həmçinin işdə olan sübutları qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün apellyasiya şikayətində bir neçə dəlil irəli sürmüşdür. Lakin kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillərdən biri, digər dəlillərə hüquqi cəhətdən qiymət verilməsi və onların dəyərləndirilməsi imkanını istisna edir. Belə ki, iddiaçı şikayətində tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına istinad edərək, mübahisənin ümumi məhkəməyə (Şahbuz Rayon Məhkəməsinə), yoxsa kommersiya məhkəməsinə aid olması məsələsinin aydınlaşdırılmalı olduğunu irəli sürmüşdür. Buna görə də işin məhkəmə aidiyyəti məsələsi prosessual baxımdan ilkin olaraq həll edilməli olan məsələdir. Belə ki, əgər birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarının həqiqətən də pozulması faktı təsdiqini taparsa, mövcud qətnamə ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Işin mahiyyəti üzrə yenidən baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsi zərurəti yarandığı təqdirdə, apellyasiya instansiyası məhkəməsinin mübahisənin mahiyyətinə, yəni apellyasiya şikayətində göstərilən borcun miqdarı, sübutların qiymətləndirilməsi və digər iddialara dair dəlillərə hüquqi qiymət verməsi prosessual olaraq mümkünsüzdür.

34. Bu səbəbdən də kollegiya verilmiş apellyasiya şikayətinin dəlillərinin hüquqi həllinə məhz məhkəmə aidiyyəti qaydalarının pozulub-pozulmamasına dair irəli sürülmüş dəlilin araşdırılmasından və bu məsələyə hüquqi qiymət verilməsindən başlamasını məqsədəmüvafiq hesab etmişdi.

35. Kollegiya bildirir ki, məhkəmə aidiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada konkret bir mübahisənin və ya işin məhz hansı məhkəmənin səlahiyyətlərinə aid olduğunu, yəni hansı məhkəmə tərəfindən baxılmalı olduğunu müəyyən edən fundamental prosessual hüquq institutudur. Məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, o, ədalət mühakiməsinin hüdudlarını müəyyən edir və hər bir şəxsin öz işinə qanunda öz əksini tapmış səlahiyyətli məhkəmədə baxılması kimi konstitusion hüququnun praktiki realizasiyasını təmin edir.

36. Aidiyyət qaydalarına əməl olunması mülki mühakimə icraatında qanunçuluğun, hüquqi müəyyənliyin və ədalət mühakiməsi maraqlarının qorunması baxımından müstəsna vacibliyə malikdir. Hüquqi müəyyənlik prinsipi isə hüququn aliliyinin əsas xüsusiyyətlərindən biridir və hər kəsə onun hüquqlarının müdafiə olunacağına, məhkəmənin (hüquq tətbiq edənin) hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Məhz aidiyyət normalarına dəqiq və kənara çıxmamanın riayət edilməsi dövlətin bu təminatını və hüquqi müəyyənliyi real edir.

37. Məhkəmələr arasında aidiyyət bölgüsünün əhəmiyyəti isə işlərin mürəkkəbliyi, xarakteri və yaranan hüquq münasibətlərinin spesifikasına uyğun olaraq ixtisaslaşdırılmış, daha peşəkar və operativ ədalət mühakiməsinin həyata keçirilməsini təmin etməsindədir. Düzgün aidiyyət bölgüsü məhkəmə sistemində iş yükünün mütənasib paylanmasına və hüquqi məsələlərin dərindən araşdırılmasına xidmət edir. Bu baxımdan, aidiyyət qaydalarının pozulması ilə işə baxılması qəbul edilmiş qərarın məzmunundan asılı olmayaraq, birmənalı şəkildə kobud prosessual qanun pozuntusu hesab edilir və səlahiyyətsiz məhkəmənin qəbul etdiyi aktın hüquqi qüvvəyə malik olmasını istisna edir.

38. Mübahisənin ümumi və kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsinə gəldikdə isə Mülki-Prosessual Məcəllənin 24-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

39. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

40. Mülki iş materiallarını yuxarıda qeyd edilən hər bir şərtin mövcudluğu baxımından tədqiq edən kollegiya birinci şərtin araşdırılmasına münasibətdə bildirir ki, mübahisənin tərəfləri olan iddiaçı İddiaçı və cavabdeh Cavabdeh hər ikisi fiziki şəxs qismində fərdi sahibkar statusuna malikdirlər.

41. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet informasiya ehtiyatından əldə edilmiş məlumatlara əsasən, iddiaçı İddiaçı ## ##### 2011-ci il tarixdə ********** nömrəli X7 Nömrəsi (VÖEN) ilə fərdi sahibkar kimi uçota alınmışdır. Onun fəaliyyətinin hazırkı uçot vəziyyəti passiv olaraq qeyd edilmişdir.

42. Cavabdeh Cavabdeh isə ## #### 2011-ci il tarixdə ********** nömrəli VÖEN ilə fərdi sahibkar kimi dövlət vergi uçotuna alınmış və onun hazırkı fəaliyyət statusu aktiv olaraq müəyyən edilmişdir.

43. Həmçinin həmin məlumatlardan İddiaçı fəaliyyətinin müvəqqəti dayandırılması müəyyən edildiyindən, kollegiya “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli qərarının 28-ci bəndinin işdə iştirak edən şəxslərin nəzərinə çatdırılmasını vacib hesab edir.

44. Həmin normaya əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (X7 nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

45. Yuxarıda göstərilənlərdən tərəflərin subyektiv tərkibinin sahibkarlıq statusuna malik olan şəxs olması öz təsdiqini tapır.

46. Ikinci şərtin, yəni mübahisənin predmetinin yoxlanılmasına gəldikdə kollegiya "Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarına istinadən bildirir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

47. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən:

48. - birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər.

49. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;

50. - ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir;

51. - üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.

52. Yuxarıda göstərilən hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edən kollegiya qeyd edir ki, baxılan iş üzrə iddiaçı İddiaçı irəli sürdüyü tələb yuxarıda sadalanan birinci qrupa aid olmaqla, cavabdeh Cavabdeh 6536 (altı min beş yüz otuz altı) manat borc pulun tutulub ona verilməsindən ibarətdir. Deməli, hazırkı iş üzrə iddianın predmetini iddiaçının satdığı malların (ət məhsullarının) müqabilində yaranmış pul vəsaitini cavabdehdən tələb etmək hüququ (maddi subyektiv hüququ) təşkil edir.

53. Işin materiallarından, xüsusilə iddia ərizəsindən və məhkəmə iclasındakı izahatlardan müəyyən edilir ki, tərəflər arasında yaranmış bu pul (borc) tələbi şəxsi, məişət və ya fərdi istehlak ehtiyaclarından deyil, məhz iddiaçının cavabdehin işlətdiyi "Tuncay" kafesinə nisyə formada davamlı olaraq (11 ay ərzində) həyata keçirdiyi ət tədarükündən və mal-heyvan alqısatqısından irəli gəlir.

54. Bu isə birmənalı olaraq o deməkdir ki, mübahisənin predmeti olan pul tələbi bilavasitə gəlir əldə etmək məqsədi daşıyan və təsərrüfat dövriyyəsini təşkil edən fəaliyyətdən yaranmışdır. Beləliklə, kollegiya qeyd edir ki, iddia tələbinin (predmetinin) mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə sıx bağlıdır və bununla da işin kommersiya məhkəməsinə aid edilməsi üçün qanunvericiliyin və Plenum qərarının tələb etdiyi ikinci vacib şərt (mübahisə predmetinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi) öz təsdiqini tapır.

55. Sonuncu şərtin - hüquq münasibətlərinin xarakterinin qiymətləndirilməsi ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

56. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti dedikdə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

57. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini təhlil edən kollegiya müəyyən edir ki, hazırkı iş üzrə iddiaçı İddiaçı özünə məxsus mal-heyvanları kəsib ət kimi satmaqla mütəmadi olaraq gəlir əldə etmək məqsədi güdmüş və bu fəaliyyəti müstəqil surətdə həyata keçirmişdir. Eyni zamanda, cavabdeh Cavabdeh da Şahbuz rayonunda yerləşən "Tuncay" kafesini işlədərək, iddiaçıdan nisyə qaydada aldığı ət məhsullarını öz ictimai iaşə (kafe) fəaliyyətində istifadə etmiş və bundan mənfəət götürmüşdür.

58. Deməli, tərəflər arasında yaranmış ət alqı-satqısı və bunun nəticəsində əmələ gəlmiş borc münasibətləri birmənalı olaraq hər iki tərəfin gəlir əldə etməyə yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. "Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli Qərarının 12-ci və 13-cü bəndlərində müəyyən edildiyi kimi, bu mübahisə ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir.

59. Bununla da, işin kommersiya məhkəməsinə aidiyyətini müəyyən edən üçüncü əsas şərt – hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi şərti də hazırkı mülki iş üzrə tam olaraq öz təsdiqini tapır.

60. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

61. - 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər;

62. - 385.1-ci maddəsinin mahiyyətinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;

63. - 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun;

64. - 387.2, 387.2.9 və 387.3-cü maddələrinin mahiyyətindən görünür ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması, prosessual normaların kobud pozuntusu hesab edilməklə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

65. Kollegiya yuxarıda göstərilən prosessual normaları rəhbər tutaraq bildirir ki, iddiaçının məhkəmə aidiyyəti qaydalarının pozulması ilə bağlı apellyasiya şikayətində irəli sürdüyü dəlil tam əsaslıdır və qanunauyğundur.

66. Belə ki, Şahbuz Rayon Məhkəməsi tərəfindən hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsinə kommersiya məhkəməsində deyil, ümumi mülki mühakimə icraatı qaydasında baxılması aidiyyət qaydalarının kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin digər dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün imperativ (məcburi) əsas yaradır.

67. Bununla da, apellyasiya şikayətindəki aidiyyət qaydalarının pozulması barədə dəlilin qəbul edilməsinin hüquqi nəticəsi ondan ibarətdir ki, aidiyyət qaydaları pozulmaqla, yəni səlahiyyətsiz məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktı (qətnamə) hüquqi qüvvəyə malik ola bilməz.

68. Göstərilənləri, eləcə də Mülki-Prosessual Məcəllənin 384-cü maddəsində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini rəhbər tutaraq, kollegiya bu qənaətə gəlir ki, Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə ləğv edilməli və mülki iş mahiyyəti üzrə yenidən baxılması üçün aidiyyəti kommersiya məhkəməsinə göndərilməlidir.

69. Mülki işin göndərilməli olduğu kommersiya məhkəməsinin müəyyən edilməsinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1ci maddəsinin tələblərinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

70. Iş materiallarından, o cümlədən iddia ərizəsindən və "Elektron Məhkəmə Informasiya Sistemi"ndən əldə edilmiş şəxsiyyət məlumatlarından aydın şəkildə müəyyən edilir ki, iş üzrə cavabdeh Cavabdeh Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır və orada yaşayır.

71. Şahbuz rayonu ərazi yurisdiksiyası baxımından Naxçıvan Muxtar Respublikasının əhatə dairəsinə daxildir. Naxçıvan Muxtar Respublikasının ərazisində yaranan və Mülki- Prosessual Məcəllənin 26.1-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrinə birinci instansiya məhkəməsi qaydasında baxmaq səlahiyyəti isə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə aiddir.

72. Buna görə də kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı və ərazi aidiyyəti qaydaları əsas götürülməklə, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.

73. Iş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməli olduğundan kollegiya onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.

74. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.

75. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində həm birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, həm də iddia tələbinin tam təmin olunaraq borcun cavabdehdən tam həcmdə tutulmasını xahiş etmişdir. Lakin, yuxarıda əsaslandırıldığı kimi, hazırkı işə Şahbuz Rayon Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydaları kobud şəkildə pozulmaqla baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384cü maddəsinin tələbinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə apellyasiya məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərir. Qanunvericilik bu halda apellyasiya instansiyası məhkəməsinə mübahisənin mahiyyəti üzrə yeni qətnamə qəbul etmək səlahiyyəti vermir.

76. Mübahisənin mahiyyəti üzrə hüquqi qiymətin verilməsi, yəni iddiaçının tələb etdiyi borcun məbləğinin sübuta yetirilib-yetirilməməsi və tərəflərin maddi hüquqlarının həlli məsələsi ilk növbədə qanunla müəyyən edilmiş səlahiyyətli birinci instansiya məhkəməsi (Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi) tərəfindən araşdırılmalı və bu barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin işi aidiyyəti məhkəməsinə göndərilmədən iddianı təmin etməsi və borcun tutulmasına dair qərar verməsi tərəflərin qanunla müəyyən edilmiş səlahiyyətli məhkəmədə işinə baxılması kimi konstitusion hüququnun pozulmasına gətirib çıxarardı.

77. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi tələbi hissəsində əsaslı olduğundan, şikayət qismən təmin edilməli, aidiyyət qaydaları pozulmaqla çıxarılmış qətnamə ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.

78. Bundan başqa kollegiya yuxarıda qeyd edilənlərə əsaslanıb onu da bildirmək istəyir ki, mülki prosessual qanunvericiliyin tələblərindən müvafiq işin (tələbin) və ya icraatın yekun məhkəmə aktının qərardad formasında sonlanması halında, həmin tələb və ya iş üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olmasını müəyyən etmək olur (Istisna olaraq iddiaçının iddiadan imtina etməsi və tərəflər arasında barışıq sazişinin bağlanması ilə bağlı iş üzrə icraata xitam verilməsi halları - MPM maddə 114, 122, 262.2).

79. Hazırkı vəziyyətdə verilmiş apellyasiya şikayəti üzrə icraatın mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardad çıxarılması ilə yekunlaşmasına, yəni nəinki apellyasiya şikayətinin, hətta iddia tələbinin də mahiyyəti üzrə həll edilməməsinə baxmayaraq, qanunvericilikdə belə bir hüquqi şəraitin mövcud olması zamanı ödənilmiş dövlət rüsumunun hüquqi taleyinə aydınlıq gətirilməmişdir.

80. Kollegiya belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin, yəni “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.2-ci maddəsinin – “əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir.

81. Mülki kollegiyanın mövqeyinə görə həmin Məcəllənin 114-cü maddəsində qeyd edilən qərardadların qəbul edilməsi ilə bağlı dövlət rüsumunun geri qaytarılması əsasları hazırkı vəziyyətdə tətbiq edilməli və iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi zamanı ödənilmiş 43.60 (qırx üç manat altmış qəpik) məbləğində dövlət rüsumu geri qaytarılmalıdır.

82. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

83. - iddiaçı İddiaçı apellyasiya şikayəti qismən – yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hissəsində təmin edilməli;

84. - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli;

85. - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməli;

86. - iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə ## #### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 43,60 (qırx üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır.

87. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

88. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayət üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən – yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hissəsində təmin edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş, bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə ## #### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 43,60 (qırx üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar