Məhkəmə qərarları › İş №2(3-1)-137/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-137/2026

07.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-137/2026 07.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: Pul tələbi, podrat müqaviləsi, öhdəliyin icra edilməməsi, əsassız varlanma, iddia müddətinin tətbiqi, iddianın etirafı, təsadüfi tələf olma riski) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı "07" aprel 2026-cı ildə Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 2000 (iki min) manat vurulmuş ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 41 (qırx bir) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, təqribən 4 il bundan qabaq usta olaraq tanıdığı Cavabdeh idarə etdiyi "QAZ 2410" markalı 75-BE495 dövlət qeydiyyat nişanlı avtomobilinə dizel mühərriki alması üçün 2000 (iki min) manat pul vermişdir. Bir müddət sonra Nəsrulla zəng etmiş ki, mühərrik gəlib avtomobili gətir sexə 1 həftəyə mühərriki avtomobilə yığıb avtomobili təhvil verəcək. Səhəri gün avtomobili onun sexinə aparmış, sex bağlı olmuş və onun mobil nömrəsinə dəfələrlə zəng etsə də telefona cavab vermədiyi üçün geri qayıtmışdır. Səhəri gün eşitmiş ki, onun sexi yanıb. Sexə gedib Nəsrulla ilə görüşdükdə o, sex yandığı üçün aldığı motorun yararsız hala düşdüyünü, 2000 manat pulu yaxın günlərdə qaytaracağını bildirmişdi. Bir müddət sonra onunla əlaqə saxlasa da, müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Bu minvalla aradan 4 il keçmişdir. Sonuncu dəfə 2025-ci il dekabr ayının sonlarında onunla sonuncu dəfə telefonla danışdığı zaman, pulunun olmadığını, pulu olduğu zaman pulunu verəcəyini bildirmişdir. Onunla telefonda mübahisə etdiyi zaman nalayiq ifadələr işlədərək telefonu söndürmüşdür. Məcbur qalıb Daxili Işlər Nazirliyinin 102 Xidmətinə zəng edərək Cavabdeh ona qarşı dələduzluq hərəkəti etməsi barədə məlumat verdikdən sonra hər ikisini Naxçıvan Şəhər Polis Idarəsinə dəvət etmişlər. Naxçıvan Şəhər Polis Idarəsində olarkən Cavabdeh ona olan 2000 manat borcunun olduğunu etiraf etmiş, maddi ziyana düşdüyü üçün pulu ödəyə bilmədiyi barədə izahat vermişdir. Bundan sonra Polis Idarəsinin Istintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən ## ###### 2026-cı il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək, hazırkı məsələnin mülki-hüquqi öhdəlik olması əsas gətirilərək, mülki qaydada məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən hakim Ilham Ibrahimov) ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 2000 (iki min) manat pulun və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 (qırx bir) manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdi (iş vərəqə 38-40).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mülki-hüquqi münasibətlərin xarakterini araşdıraraq belə bir hüquqi mövqedən çıxış etmişdir ki, cavabdeh iddia tələbini etiraf etdiyindən və bu etiraf qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilərək iddia təmin olunmalı, cavabdeh Cavabdeh 2000 manat pul alınaraq iddiaçı İddiaçı ödənilməlidir.

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

5. Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 45-52).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək ondan 2000 manat, habelə 41 manat dövlət rüsumu olmaqla cəmi 2041 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi ilə razı deyildir və maddi və prosessual hüquq pozuntuları səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

7. Belə ki, iddiaçı təqribən 4 il bundan qabaq usta olaraq tanıdığı Cavabdeh idarə etdiyi "QAZ 2410" markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dizel mühərriki alması üçün 2000 manat pul verdiyini iddia etmişdir. Tərəflər arasında bağlanmış 2022-ci il tarixli şifahi xidmət müqaviləsi qüvvədə olduğu müddət ərzində, yəni 3 il ərzində sifarişçi borcun geri qaytarılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi. Lakin müqavilə 4 il bundan öncə bağlanmışdır. Müqavilənin yuxarıda qeyd edilən səbəbi barədə məhkəməyə bildirildiyi halda, məhkəmə iddiaçının əsassız tələbini təmin edən qətnamə qəbul etməklə müqavilədən irəli gələn mübahisələrin müraciət etmə müddəti prinsipini pozmuş və öz qətnaməsində qeyd olunan halları nəzərə almamışdır.

8. Iddiaçı məhkəmədə iddia etmişdir ki, cavabdeh mühərrikin gəldiyini, avtomobilini sexə gətirməsini və 1 həftəyə mühərriki avtomobilə yığıb təhvil alacağını bildirmiş, iddiaçı da səhəri gün avtomobili sexə gətirmiş, sex bağlı olduğu və mobil nömrəyə dəfələrlə zəng etsə də telefona cavab verilmədiyi üçün geri qayıtmışdır. Səhəri gün isə sexin yandığını eşitmiş, sexə gələrək yanğın nəticəsində mühərrikin yararsız hala düşdüyünü və guya cavabdeh tərəfindən 2000 manat pulunun yaxın günlərdə qaytarılacağını müəyyən etmişdir. Halbuki iddiaçı avtomaşınını səhər yox, axşam təxminən saat 20:00 radələrində, iş bitdiyi vaxtda gətirmişdir (kamera görüntülərində bu fakt öz əksini tapmışdır). Həmin zaman cavabdeh işdə olmamış və iş saatları keçdiyi üçün mobil telefonunu cavablandırmamışdır. Iddiaçının sexdən getməsindən təxminən 10 dəqiqə sonra yanğın baş vermişdir. Iddiaçı həmin günün səhəri gəlib mühərrikin yanmış vəziyyəti ilə tanış olmuşdur. Bundan başqa, cavabdeh mühərrik üçün verilən 2000 manat pul vəsaitinin yanğının törədilməsində kimin günahı olarsa, onun tərəfindən ödəniləcəyini bildirmiş və yanğının törədilməsində günahı olandan pul alındıqdan sonra ödəniş edəcəyini dəfələrlə ifadə etmişdir.

9. Bundan sonra guya iddiaçı bir müddət sonra cavabdeh ilə əlaqə saxlasa da, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmayacağını bildirmiş və bu minvalla aradan 4 il keçmişdir. 2025-ci ilin dekabr ayının sonlarında sonuncu dəfə telefonla danışıldığı zaman guya cavabdehin pulunun olmadığını, pulu olduğu zaman qaytaracağını bildirdiyi, bundan sonra telefonda mübahisə edildiyi və cavabdehin nalayiq ifadələr işlədərək telefonu söndürdüyü iddia olunmuşdur. Bu səbəbdən iddiaçı Azərbaycan Respublikası DIN-in 102 Xidmətinə zəng edərək dələduzluq hərəkəti edilməsi barədə məlumat verdikdən sonra hər iki şəxs Naxçıvan Şəhər Polis Idarəsinə dəvət edilmişdir. Naxçıvan Şəhər Polis Idarəsində olarkən guya cavabdeh 2000 manat borcunun olduğunu etiraf etmiş və maddi ziyana düşdüyü üçün pulu ödəyə bilmədiyi barədə izahat vermişdir. Halbuki bu, tamamilə yalan bir ifadədir, cavabdeh heç bir polis idarəsinə dəvət olunmamış və barəsində heç bir izahat alınmamışdır. Məhkəmə bu faktları araşdırmamışdır.

10. Naxçıvan Şəhər Polis Idarəsinin Istintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən ##.##.2026-cı il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək, hazırkı məsələnin mülki-hüquqi öhdəlik olması əsas gətirilmiş və mülki qaydada məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək 2000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

11. Təxminən 3 il öncə mühərrikin bir parçası olan, "2013 Ford Transit 2.2 TDCi" üçün turbonu (təxminən 1000 manat dəyərində olan) cavabdeh iddiaçıya vermişdir. Bu fakt məhkəmə zalında iddiaçının üzünə deyilmiş və iddiaçı bu faktı etiraf etmişdir. Lakin guya cavabdehin həmin mühərrikin bir parçası olan "2013 Ford Transit 2.2 TDCi" üçün turbonu (təxminən 1000 manat dəyərində olan) iddiaçıya pay verdiyi bildirilmişdir. Halbuki bu da yalan ifadədir, cavabdehin o baha qiymətli əşyanı pay verməsi əsassızdır və məhkəmə iddiaçının ziddiyyətli fikirlərinə düzgün münasibət bildirməmişdir.

12. Iddiaçı müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğu halda, məhkəmə cavabdehin etiraz etmə səbəbini nəzərə almadan iddianı təmin etmişdir. Cavabdehin iddiaçıya verdiyi mühərrikin bir parçası olan 2013 Ford Transit 2.2 TDCi üçün turbonu (təxminən 1000 manat dəyərində olan) məhkəmədə guya pay verdiyini bildirən iddiaçının fikri üstün tutulmuş və qətnamədə bu barədə heç nə göstərilməmişdir. Məhkəmə iddiaçının ziddiyyətli fikirlərinə düzgün münasibət bildirməmiş, işin obyektiv, tam və hərtərəfli araşdırılmasında maraqlı olmamış və öz vəzifə funksiyalarını tam icra etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin ədalətli həllini təmin etməmiş, cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir.

13. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 373.2, 390.1, 390.5-ci və 421.2-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 385.1.1, 385.1.2, 386-cı və 387-ci maddələrinə istinad etmişdir.

c) Işin apellyasiya icraatına qəbulu.

14. Apellyasiya şikayəti mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## #### 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı.

III. Izahatlar və prosesin gedişatı.

16. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə şikayət etmiş cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdi.

17. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

18. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, cavabdeh apellyasiya şikayətində polisdə izahat vermədiyini bildirsə də bu belə deyil, o, baş verən hadisələr ilə bağlı polis idarəsinə dəvət olunub, onun izahatı alınıb və özü onun verdiyi izahatı məhkəməyə göndərib. Cavabdehlə onun arasında dəymiş ziyanın başqası tərəfindən ödəniləcəyi ilə bağlı heç bir danışıq olmayıb. Hər dəfə onunla əlaqə saxlayan zaman o, pulu verəcəyini və narahatçılığa ehtiyac olmadığını bildirib. Hadisə baş verdikdən sonra 4 il ərzində özü ondan pulunu dəfələrlə istəmiş və 3-4 dəfə də onun qapısına getmişdi. O, dəfələrlə pulunun olmadığını, pulu olan zaman verəcəyini və ya özündə olan ehtiyat hissələrin satılmasına kömək edəcəyi təqdirdə pulu verə biləcəyini bildirib. Cavabdeh ona ziyan dəydiyini və onu ödəyəcəyini inkar etmir, sadəcə pulu olan zaman ödəyəcəyini bildirir.

19. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, özü 2000 manat pulu cavabdehə avtomobilinə mühərrik alması üçün vermişdi. O, həmin mühərriki avtomobilə taxdıqdan sonra ona 1500 manat usta pulu verəcəkdi. Cavabdehin konkret iş saatı yoxdur, işə gəlib-getmə saatları dəqiq deyil. Cavabdehin təmir sexində yanğın baş verdikdən sonra özü oraya getmişdi. Cavabdeh 3 ədəd mühərrik almışdı və onlardan birini onun avtomobilinə taxacağını bildirmişdi. Yanğından sonra cavabdehə məxsus təmir sexinə gedən zaman bütün mühərriklərin və avtomobillərin yanıb əridiyini görmüşdü. Avtomobillər üçün alınmış mühərriklərin alüminium hissələri yanaraq ərimiş və yararsız hala düşmüşdü.

IV. Işin halları:

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

21. - Naxçıvan Şəhər Polis Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinin ## ###### 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından İddiaçı təqribən 4 il bundan əvvəl özünə məxsus "QAZ 2410" markalı avtomobilinə mühərrik alması üçün Cavabdeh 2000 manat pul verməsi, lakin aldadıldığını bildirərək ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Naxçıvan Şəhər Polis Idarəsinə ərizə ilə müraciət etməsi, həmin müraciət üzrə aparılmış araşdırma zamanı vətəndaşların izahatlarının alındığı, Cavabdeh öz izahatında mühərriki almaq üçün 2000 manat pulu aldığını və Bakı şəhərinə göndərdiyini, lakin mühərrik sexə gəldikdən iki gün sonra sexdə baş verən yanğın nəticəsində yararsız hala düşdüyünü, iddiaçı ilə danışıqlar zamanı pulu geri verəcəyini bildirsə də maddi vəziyyəti pis olduğundan ödəyə bilmədiyini bəyan etdiyi, toplanmış materiallar nəticəsində tərəflər arasındakı münasibətlərin mülki-hüquqi öhdəlik olduğu və cinayət tərkibi təşkil etmədiyi əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə nəticəyə gəlindiyi aydın olur (iş vərəqə 05-07).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsini cavabdeh Cavabdeh mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.

25. Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

26. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. -14.2 və 14.2.1-ci maddələrinin mahiyyətinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir;

28. - 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

29. - 373.2-ci maddəsi ilə müəyyən edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

30. - 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

31. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

32. - 752.1-ci maddəsinin tələbinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;

33. - 759.2-ci maddəsində qeyd edilir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun;

34. - 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur;

35. - 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır;

36. - 772.1-ci maddəsindən aydın olur ki, görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. Icranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur;

37. - 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

38. - 1091.2-ci maddəsinin tələbinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

39. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

40. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

41. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

42. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

43. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

45. - 106.3-cü maddəsində qeyd edilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir;

46. - 392.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

47. Kollegiya işin materiallarını araşdıraraq bildirir ki, mülki dövriyyə iştirakçıları arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsas və ən geniş yayılmış mənbəyi müqavilələrdir. Mülki qanunvericiliyin fundamental prinsiplərindən olan müqavilə azadlığı tərəflərə qanuna zidd olmayan, iradələrinə və mənafelərinə uyğun istənilən razılaşmanı əldə etmək imkanı verir. Belə razılaşmalar tərəflər üçün icrası məcburi olan qarşılıqlı öhdəliklər yaradır.

48. Mülki hüquqda mühüm yer tutan müqavilə qruplarından biri də müəyyən xidmətlərin göstərilməsini və ya işlərin görülməsini nəzərdə tutan müqavilələrdir. Bu qəbildən olan və xidmət müqaviləsinin xüsusi bir növünü təşkil edən əqdlərdən biri məhz podrat müqaviləsidir. Podrat müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, podratçı adlandırılan tərəf sifarişçinin tapşırığı əsasında müəyyən işi görməyi (məsələn, hər hansı əşyanı almağı, hazırlamağı, təmir etməyi və ya quraşdırmağı) və onun maddi nəticəsini təhvil verməyi, sifarişçi isə həmin nəticəni qəbul edərək razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür.

49. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsi üçün işin faktiki hallarına diqqət yetirdikdə müəyyən edilir ki, təqribən 4 il bundan əvvəl iddiaçı İddiaçı (sifarişçi) ona məxsus "QAZ 2410" markalı avtomobilinə dizel mühərriki alınıb quraşdırılması məqsədilə usta kimi fəaliyyət göstərən cavabdeh Cavabdeh (podratçıya) 2000 manat pul vəsaiti vermişdir. Tərəflərin qarşılıqlı iradəsi məhz müəyyən bir işin görülməsinə və nəticəsinin (mühərrik quraşdırılmış avtomobilin) təhvil verilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, tərəflər arasında yaranmış hüquqi münasibətlər mahiyyəti etibarilə şifahi formada bağlanmış podrat müqaviləsidir.

50. Bu müqavilənin mahiyyətindən irəli gələrək, sifarişçi (iddiaçı) tələb olunan pul vəsaitini ödəmək, podratçı (cavabdeh) isə razılaşdırılmış işi icra edərək mühərriki avtomobilə quraşdırmaq və nəticəni təhvil vermək öhdəliyi daşımışdır. Işin hallarından görünür ki, iddiaçı öz öhdəliyini tam icra edərək 2000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Iddiaçının pulu ödəməsi və cavabdehin öhdəliyini icra edə bilməməsi faktı iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis Idarəsinin Istintaq və Təhqiqat Şöbəsinin ## ###### 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə tam sübuta yetirilir. Belə ki, həmin qərarda cavabdeh Cavabdeh verdiyi izahatdan birmənalı olaraq aydın olur ki, o, iddiaçıdan mühərrik almaq üçün 2000 manat pulu almış, lakin mühərrik sexə gətirildikdən sonra baş verən yanğın nəticəsində yararsız hala düşdüyü üçün işin nəticəsini iddiaçıya təhvil verə bilməmişdir.

51. Mülki qanunvericiliyin tələblərinə görə, podrat müqaviləsində icranın sifarişçiyə verildiyi vaxtadək görülmüş işin (və ya əşyanın) təsadüfən məhv olması və ya zədələnməsi riski podratçının üzərinə düşür. Hazırkı işdə mühərrikin cavabdehin sexində ikən yanaraq tələf olması bilavasitə cavabdehin cavabdehlik və risk dairəsinə daxil olan haldır. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız o halda yerinə yetirilmiş işin haqqını tələb edə bilər ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Işin nəticəsinin (mühərrikin) tamamilə yararsız hala düşməsi səbəbindən iddiaçının ona heç bir maddi və ya praktiki marağı qalmadığı üçün onun müqavilədən imtina edərək ödədiyi pulu geri tələb etməsi tam qanunauyğundur.

52. Müqaviləyə bu əsasla xitam verildikdən və öhdəliyin icrası imkansızlaşdıqdan sonra cavabdehin əvvəlcədən aldığı 2000 manat vəsaiti özündə saxlaması üçün mövcud olmuş müqavilə əsası aradan qalxmış olur. Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə müvafiq olaraq, hüquqi əsas olmadan və ya bu əsas sonradan aradan qalxdığı halda başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanmış sayılır və həmin əmlakı (pul vəsaitini) tam həcmdə geri qaytarmağa borcludur. Buna görə də, müqavilə öhdəliyini icra etməyən cavabdeh əsassız varlandığı 2000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır.

53. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin keçdiyini və məhkəmənin bu halı nəzərə almadığını dəlil kimi irəli sürmüşdür. Lakin kollegiya həmin dəlilin hüquqi əsasdan məhrum olduğu qənaətindədir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin imperativ tələbinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qanunvericilik iddia müddətinin tətbiqini məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız tərəfin iradəsi, yəni qətnamə qəbul edilənədək verilmiş müvafiq ərizəsi ilə əlaqələndirmişdir.

54. Iş materiallarının, xüsusən də birinci instansiya məhkəməsinin qətnaməsinin təhlilindən aydın olur ki, cavabdeh birinci instansiyada məhkəmə baxışı zamanı iddia müddətinin tətbiq edilməsi barədə hər hansı yazılı ərizə təqdim etməmişdir. Əksinə, o, məhkəmə iclasında iştirak edərək iddianı tam etiraf etmiş, 2000 manat borcu olduğunu qəbul etmiş və yalnız maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. Müvafiq ərizə verilmədiyi halda məhkəmənin iddia müddətinin tətbiq etməsi prosessual olaraq mümkün deyil.

55. Yuxarıda göstərilən faktiki və hüquqi əsaslara istinadən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının 2000 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair tələbi tam əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin hallarını obyektiv qiymətləndirərək və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq iddianın təmin edilməsi barədə ədalətli qətnamə çıxarmışdır. Apellyasiya şikayətində gətirilən dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasları yaratmadığından, şikayət rədd edilməli, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

56. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

57. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Qeyd edilən prosessual normaların tələbindən çıxış edərək kollegiya belə hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

60. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

61. - cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli;

62. - Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı;

63. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 20,50 (iyirmi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

64. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

65. Hazırkı mülki iş üzrə iddia tələbi əmlak xarakterli olmaqla, mübahisələndirilən hissədə iddianın qiyməti 2000 (iki min) manat təşkil edir. Yuxarıda göstərilən prosessual normanın imperativ tələbinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının bu qətnaməsindən kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qət etdi:

Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 20,50 (iyirmi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar