Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-156/2026 10.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X7 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iş materiallarına əlavə edilmiş Cavabdeh, Vəli Səfərov və İddiaçı tərəfindən imzalanmış ## ###### 2023-cü il tarixli sənəddə qeyd edilmişdir ki, “Mən İddiaçı 4000 (dörd min) manat verirəm X1 ona görə ki, öz torpaq sahəmi sənədləşdirdikdən sonra Cavabdeh 1 sot torpaq sahəsi verdikdən sonra geri qaytarılacaq”.
2. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli, *** saylı ekspert rəyinə əsasən təqdim olunmuş ## ###### 2023-cü il tarixli sənədin orta aşağı hissəsində “Cavabdeh” əlyazmalarının önündəki imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. II. Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ona verilmiş 4.000 (dörd min) manatın, gecikdirilmiş vaxt üçün 200 (iki yüz) manatın, dövlət rüsumu olaraq ödənilmiş 62 (altmış iki) manatın və vəkilə (nümayəndəyə) ödənilmiş 300 (üç yüz) manatın, ümumilikdə 4562 (dörd min beş yüz altmış iki) manat pulun alınaraq İddiaçı verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsi aralarında baş vermiş olan anlaşılmazlıq səbəbindən iddiaçı tərəfindən ləğv edilmək istənmiş və buna görə də iddiaçı müqavilə üçün aldığı pulun 4.000 (dörd min) manatını cavabdehə geri qaytarmışdır. Lakin, cavabdeh sonradan müqavilənin ləğv edilməməsində qərar vermiş və nəticədə həmin alğı-satqı müqaviləsi qüvvədə qalmışdır. Buna baxmayaraq cavabdeh müqavilənin ləğv edilməsi müqabilində iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Cavabdehin iddiaçıdan aldığı pulu heç bir əsaslı səbəb göstərmədən uzun müddət keçməsinə baxmayaraq geri qaytarmaması nəticəsində iddiaçının əmlak mənafelərinə zərər dəymişdir. Buna görə də tərəflərindən cavabdehdən 4.000 (dörd min) manat məbləğində pulun tutulması haqqında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı ona qarşı qaldırdığı 4000 AZN məbləğində borc tələbi heç bir hüquqi və faktiki əsasa malik deyil və cavabdehin iddiaçıya qarşı daha əvvəl qaldırdığı “torpaq zəbti” işi ilə əlaqədar qisas xarakteri daşıyır. Iddiaçı 4000 AZN məbləğində borcun verilməsini təsdiq edən cavabdehin imzası olan yazılı qəbz, müqavilə, bank çıxarışı və ya digər mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739cu maddəsinin tələblərinə əsasən borc münasibətinin mövcudluğu qanunla nəzərdə tutulmuş qaydada sübut edilməlidir. Bu baxımdan, yalnız şifahi iddialara əsaslanan tələb borcun mövcudluğunu təsdiq edə bilməz. Bundan əlavə, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi, apellyasiya qərarı və icra sənədi ilə tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə artıq məhkəmə tərəfindən həll edilmişdir. Iddiaçı həmin məhkəmə qərarının icrasından 115 gündən artıq müddətdə yayınmış və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu hal tərəflər arasında mövcud mübahisənin və iddianın yaranma səbəblərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət Vergi Xidmətinin rəsmi cavabından da müəyyən olunur ki, iddiaçı 6 sot torpaq sahəsini cavabdehə satdıqdan sonra həmin torpaqla bağlı öz adına olan qüvvədən düşmüş çıxarışdan 2024-cü ildə obyekt kodunun alınması məqsədilə istifadə etmiş, nəticədə verilmiş obyekt kodu cavabdehin müraciəti əsasında ləğv edilmişdir. Həmçinin iddiaçının sənəd saxtalaşdırılması, məhkəmə qərarının icra edilməməsi və torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Baş Prokurorluğa və Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciətlər edilmiş və həmin müraciətlər üzrə araşdırmalar aparılır. Bu barədə təsdiqedici sənədlər əlavə olunur. Iddiaçının “Müharibə veteranı” vəsiqəsinin surətini təqdim etməsi də 4000 AZN məbləğində borcun mövcudluğunu təsdiq edən hüquqi sübut hesab edilə bilməz. Cavabdeh iddiaçının bu statusuna hörmət edir, lakin sosial status heç bir şəxsə əsassız borc tələbi irəli sürmək və ya digər şəxsin mülkiyyət hüquqlarına müdaxilə etmək hüququ vermir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçının borcun mövcudluğunu təsdiq edən mötəbər sübut təqdim etməməsi və tərəflər arasında əvvəlki məhkəmə mübahisələri nəzərə alınmaqla, İddiaçı 4000 AZN məbləğində borcun tutulması barədə əsassız iddiasının rədd edilməsini xahiş edir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində iddiaçı və cavabdehin razılaşdıqlarını, sənədlərin hazırlandığını, iddiaçıya məxsus sanitar qovşaq və mətbəxin cavabdehin torpağının daxilində olduğunu, cavabdehin “1 ay vaxt verirəm, sökün götürün” dediyini, sonra cavabdehin “sökürəm” deyib, hər şeyi söküb tökdüyünü, 4000 manat aralarında pul qaldığını, iddiaçının həmin pulu Vəli adlı şəxsə verdiyini, 4000 manat pulu iddiaçının Vəli adlı şəxsə verdiyi tarixi xatırlamadığını, həmin pulu verən zaman Vəli, Orxan, Ramin və bir də bir nəfər adını bilmədiyi qonşusunun olduğunu, həmin pulun verildiyinin təxminən 2-3 il olduğunu, 4000 manat pul verdiyini, yanında pulu saydığını, Vəliyə verdiyini, Orxanın da orada olduğunu, Vəlinin Orxanın tanışı olduğunu, Orxanın “1 sot da torpaq verəcəksən, hesabımız düzələcək, pulu ver, sənədi hazırla, qaytaracağam” dediyini, iddiaçının torpağın pulunu aldığını, sotunu 6000 manata aldığını, iddiaçının 4000 manatı aralarında mübahisə olduğu üçün qaytardığını, Orxanın “1 sot da ver mənə, sonra pulu qaytaracağam” dediyini, Orxanın 1 sot artıq istədiyini, torpağı qaytarmadığını, iddiaçının torpağı geri qaytarmaq üçün 4000 manat pulu cavabdehə verdiyini bildirmişdir.
7. Naxçıvan Şəhər Məhkəməsinin (işə baxan hakim Gülsüm Əliyeva) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 4000 (dörd min) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edilməli olduğundan məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 200 (iki yüz ) manatın 100 (bir yüz) manat hissəsinin iddiaçı İddiaçı, 100 (bir yüz) manat hissəsinin isə cavabdeh Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun 285,71 (iki yüz səksən beş manat yetmiş bir qəpik) manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə tərəflər 4000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsinin əsası kimi fərqli halları göstərsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Naxçıvan şəhəri, 56-cı məhəllə, 1/6 ünvanında olan 0.06 ha. torpaq sahəsini aralarında olan alğı-satqı müqaviləsinə əsasən 36000 manata cavabdeh Cavabdeh satmış, daha sonra iddiaçıya məxsus tikilinin bir hissəsi cavabdehə satılan torpaq sahəsinə düşdüyü üçün onların arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə tikilisinin keçdiyi sahənin əvəzində 1 sot torpaq sahəsi verəcəyini bildirmiş, bunun təminatı olaraq da 4000 manat məbləğində pulu cavabdehə vermişdir. Lakin sonra iş üzrə tərəflər arasında olan razılaşma baş tutmamış cavabdeh iddiaçıya məxsus tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə həmin tikilinin sökülməsi qət edilmişdir. Bununla da iddiaçı tərəfindən cavabdehə verilən 4000 manat məbləğində pul əsas olmadan cavabdehdə qalmış, həmin pulu cavabdeh iddiaçıya qaytarmamışdır. Iddiaçı tərəfindən cavabdehə 4000 manat verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmaması ilə cavabdeh Cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan iddiaçı İddiaçı hesabına əsassız varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ondan aldığı pul məbləğini ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, 4000 (dörd min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Iddiaçının digər tələbi olan gecikdirilmiş vaxt üçün 200 (iki yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq ona verilməsinə dair hissədə məhkəmə belə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən gecikdirilmiş vaxt üçün ona 200 (iki yüz) manat pul ödənilməli olması ilə bağlı, həmçinin aralarında pulun ödənilməsi gecikdirildiyi halda əlavə pul ödənilməsi ilə bağlı razılaşma olması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin işin məhkəmədə araşdırılması zamanı da qeyd edilən hal aşkar edilməmişdir III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
9. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh və onun nümayəndəsi Nümayəndə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən, mübahisə münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 4000 manatın qaytarılması barədə qeyd-şərtsiz razılaşma mövcud olmamışdır. Yazılı razılaşmaya əsasən həmin məbləğin qaytarılması iddiaçının öz üzərinə götürdüyü 1 sot torpaq sahəsini cavabdehə verməsi şərti ilə bağlı olmuşdur. Deməli, bu, qarşılıqlı xarakter daşıyan öhdəlik olmuşdur. Lakin iddiaçı öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ona vəd etdiyi 1 sot torpaq sahəsini verməmişdir. Əksinə, ona məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etmiş, tikili və hasarı onun torpaq sahəsinə keçirmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq torpaq sahəsinə müdaxiləni aradan qaldırmadığından, torpaq sahəsinə qanunsuz müdaxilənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etdiş və Naxçıvan Şəhər Məhkəmənin qətnaməsi ilə iddiaçının çəkdiyi hasarın sökülməsi və torpaq sahəsinə olan maneənin aradan qaldırılması təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, müqavilələrin təfsiri zamanı yalnız sənədin ayrı-ayrı ifadələri deyil, tərəflərin həqiqi iradəsi, müqavilənin bağlanma məqsədi, bağlanma şəraiti və sonrakı davranışları da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu tələblərə əməl etməmiş, yazılı razılaşmanı və tərəflərin sonrakı davranışını tam şəkildə qiymətləndirməmişdir. Bundan başqa, Mülki Məcəllənin 6-cı maddəsində təsbit olunmuş vicdanlılıq və ədalət prinsipləri mülki hüquq münasibətlərinin əsasını təşkil edir. Həmin prinsiplərə görə, heç bir şəxs öz öhdəliyini yerinə yetirmədiyi halda qarşı tərəfdən həmin öhdəliklə bağlı icranı tələb edə və ya öz hüquqa zidd davranışından faydalana bilməz. Həmçinin Azərbaycan Respublikası mülki qanunvericiliyin tələbinə əsasən qarşılıqlı öhdəliklərdə öz üzərinə düşən öhdəliyi icra etməyən tərəfin digər tərəfdən qarşılıqlı öhdəliyin icrasını tələb etmək hüququ yaranmır. Eyni zamanda, müqavilənin təfsiri zamanı məhkəmə tərəflərin həqiqi iradəsini və müqavilənin iqtisadi-hüquqi məqsədini müəyyən etməli, sübutları qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi isə bu hüquqi yanaşmaları nəzərə almamış, iddiaçının öz öhdəliyini yerinə yetirməməsinə baxmayaraq, ondan 4000 manatın pululn tutularaq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlmişdir. Bu isə Mülki Məcəllənin müqavilə hüququna, vicdanlılıq prinsipinə və qarşılıqlı öhdəliklərin icrasını tənzimləyən normalarına ziddir. Məhkəmə tərəfindən iş üzrə qeyd edilən nüanslar hərtərəfli və tam şəkildə araşdırılmamışdır ki, bu səbəbdən də iş üzrə məhkəmə qətnaməsin maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxılarkən onun məhkəmə müdafiəsi hüququnu təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tərəfərin bərabərliyi, çəkişmə prinsipi və məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmə ilə bağlı tələblərini pozmuşdur. Belə ki, məhkəmənin növbəti baxış iclası ## #### 2026-cı il tarixinə təyin edilmiş olsa da, həmin iclas barədə məhkəmə bildirişi cavabdehə məhz ## #### 2026-cı il tarixində çatdırılmışdır. Beləliklə, onun məhkəmə iclasında iştirak etməyi obyektiv olaraq mümkün olmamışdır. Nümayəndəsi bildirişi alan kimi ## #### 2026-cı il tarixində dərhal məhkəməyə getsə də, ona məhkəmə iclasının artıq ## #### 2026-cı il tarix keçirildiyi və qətnamənin qəbul edildiyi bildirilmişdir. Belə olan halda, o, iş üzrə izahat vermək, sübutlar təqdim etmək, iddiaçının dəlillərinə etiraz etmək və əvvəlcədən hazırladığı vəsatəti nümayəndəsi vasitəsilə təqdim etmək imkanından məhrum edilmişdir. Xüsusilə məhkəmə baxışı iclasında mübahisəli razılaşmanın bağlanmasında iştirak edən şəxs X1 şahid qismində dindirilməsi barədə vəsatət vermək niyyətində idi. Həmin şahidin ifadəsi tərəfər arasında 4000 manatın qaytarılmasının yalnız 1 sot torpaq sahəsinin verilməsi şərti ilə razılaşdırıldığını təsdiq edə biləcək mühüm sübut idi. Lakin o, lazımi qaydada məlumatlandırılmadığından bu prosessual hüququndan istifadə edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilmiş, məhkəmə müdafiəsi hüququ, habelə Mülki Prosessual Məcəllədə təsbit olunmuş çəkişmə və tərəfərin prosessual bərabərliyi prinsipləri tələb edir ki, tərəfərin hər biri məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən və real iştirak imkanını təmin edən qaydada məlumatlandırılsın. Beləliklə, işə baxılarkən sübutların tam və obyektiv araşdırılması, onların daxili inam əsasında qiymətləndirilməsi və tərəfərin bərabər prosessual hüquqlarının təmin olunması ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Həmin pozuntular isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin nümayəndəsi Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkilnümayəndəsi
14. Vəkil da apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
18. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
38. Ilk olaraq qeyd edilməlidir ki, mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
39. Mülki məhkəmə icraatının fundamental prinsiplərindən biri sübutetmə yükünün bölgüsü prinsipidir. Bu prinsipə görə, hər bir tərəf öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni iddiaçı tələb etdiyi pul vəsaitinin mövcudluğunu və ödənilmədiyini sübut etməli olduğu kimi, cavabdeh də borcun ödənildiyini və ya ümumiyyətlə belə bir borcun mövcud olmadığını sübut etməyə borcludur.
40. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını
41. müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
42. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin məzmunundan da aydın şəkildə görünür ki, cavabdeh 4.000 manat məbləğində pulun iddiaçı tərəfindən verilməsi faktını mahiyyət etibarilə inkar etmir. Əksinə, şikayətin əsas dəlili həmin məbləğin qaytarılmasının qeyd-şərtsiz öhdəlik təşkil etməməsi, 4.000 manatın qaytarılmasının iddiaçının 1 sot torpaq sahəsini cavabdehə verməsi ilə şərtləndirilməsi və iddiaçının bu öhdəliyi yerinə yetirməməsi ilə bağlıdır. Belə olan halda, apellyasiya baxışının əsas predmetini pulun ümumiyyətlə verilib-verilməməsi deyil, həmin pulun cavabdehdə saxlanılmasının sonrakı hüquqi əsasının mövcud olub-olmaması təşkil edir.
43. Iş materiallarında olan ## ###### 2023-cü il tarixli sənəddə “Mən İddiaçı 4000 manat (dörd min) verirəm X2 ona görə ki, öz torpaq sahəmi sənədləşdirdikdən sonra Cavabdeh 1 sot torpaq sahəsi verdikdən sonra geri qaytarılacaq” məzmununda qeyd aparılmışdır. Həmin sənədin məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində sənədin “Cavabdeh” əlyazmasının önündəki imzanın Cavabdeh məxsus olmadığı müəyyən edilsə də, bu hal özlüyündə sənəddə əks olunan pulun verilməsi faktını və tərəflər arasında həmin məbləğlə bağlı yaranmış faktiki münasibətləri birmənalı olaraq aradan qaldırmır. Belə ki, cavabdehin apellyasiya şikayətində də mübahisələndirilən məsələ pulun verilməməsi deyil, onun qaytarılması üçün müəyyən edilmiş şərtin iddiaçı tərəfindən icra edilməməsidir.
44. Digər tərəfdən, birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 ifadəsi də 4.000 manat məbləğində pulun tərəflər arasındakı mübahisə ilə əlaqədar verilməsi barədə iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Şahidin ifadəsindən görünür ki, tərəflər arasında torpaq və tikili ilə bağlı münasibətlər yaranmış, 4.000 manat məbləğində pul verilmiş, həmin pulun verilməsi zamanı cavabdehin də orada olduğu və pulun sonradan qaytarılacağı barədə danışıq aparılmışdır. Şahid ifadəsinin digər sübutlarla birlikdə qiymətləndirilməsi nəticəsində birinci instansiya məhkəməsi pulun iddiaçı tərəfindən verilməsi və sonradan onun cavabdehdə qalması barədə nəticəyə gəlmişdir.
45. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 4.000 manatın qaytarılması 1 sot torpaq sahəsinin cavabdehə verilməsi ilə şərtləndirilmiş, lakin iddiaçı bu öhdəliyi icra etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bu arqument iddiaçının 4.000 manatın qaytarılması tələbini rədd etmək üçün kifayət etmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə sonradan ayrıca məhkəmə mübahisəsinin predmetinə çevrilmiş, cavabdeh özünün irəli sürdüyü tələblə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının torpaq sahəsinə keçən tikili və hasarın sökülməsi, habelə torpaq sahəsinə olan maneənin aradan qaldırılması məsələsi həll edilmişdir.
46. Deməli, cavabdehin istinad etdiyi iddiaçının torpaq sahəsi ilə bağlı öhdəliyinin icra edilməməsi məsələsi cavabdehin özü tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və həmin mübahisə üzrə cavabdeh üçün hüquqi müdafiə vasitəsi təmin edilmişdir. Başqa sözlə, cavabdeh iddiaçının torpaq sahəsinə müdaxiləsi və öz torpaq sahəsindən istifadəsinə maneə yaradılması ilə bağlı irəli sürdüyü tələbi məhkəmə qaydasında həyata keçirmək imkanından məhrum edilməmiş, əksinə, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir.
47. Bu baxımdan, cavabdehin həmin məhkəmə aktı ilə artıq həll edilmiş torpaq mübahisəsini hazırkı işdə 4.000 manatın qaytarılmamasının müstəqil və davam edən hüquqi əsası kimi irəli sürməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçının torpaq sahəsi ilə bağlı davranışının hüquqi nəticələri ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil etmiş və həmin mübahisə üzrə cavabdehin pozulmuş hüququnun müdafiəsi təmin edilmişdir. Həmin məhkəmə aktının icrası ilə bağlı hər hansı məsələ mövcuddursa, bu, öz növbəsində, həmin məhkəmə aktının icrası qaydasında həll edilməli olan məsələdir və 4.000 manatın cavabdehdə saxlanılması üçün ayrıca hüquqi əsas yaratmır.
48. Belə olan halda birinci instansiya məhkəməsinin 4.000 manatın cavabdehdə qalmasının hüquqi əsasının mövcud olmaması və həmin məbləğin iddiaçıya qaytarılmalı olması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğundur. Apellyasiya şikayətində göstərilən hallar isə birinci instansiya məhkəməsinin bu nəticəsini təkzib edən və 4.000 manatın cavabdehdə qalmasına hüquqi əsas verən mötəbər sübutlarla təsdiq olunmamışdır.
49. Cavabdeh apellyasiya şikayətində ## #### 2026-cı il tarixli məhkəmə iclasında iştirak edə bilmədiyini və həmin iclas barədə bildirişin ona ## #### 2026-cı ildə çatdırıldığını bildirərək, xüsusilə X1 şahid qismində dindirilməsi barədə vəsatət vermək niyyətində olduğunu göstərnişdir ki, həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarını araşdıran zaman aydın olmuşdur ki, ## #### 2026-cı il tarixli məhkəmə iclası barədə məhkəmə bildirişi ## ### 2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir (İ cild, səh. 212). Yəni cavabdeh həmin tarixdən etibarən məhkəmə sənədini rəsmi şəkildə almış hesab olunmuşdur.
50. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddəsinin tələbləri baxımından “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə sənədlərinin tərəflərin elektron kabinetinə yerləşdirilməsi rəsmi çartırılma hesab olunur. Həmçinin MPM-nin 10-1.5-ci maddəsi müəyyən edir ki, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada(məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir) təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
51. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh həmin məhkəmə iclasına qədər məhkəməyə hər hansı üzrlü səbəb barədə məlumat verməmiş, iclasda iştirak edə bilməməsi ilə bağlı əsaslandırılmış ərizə təqdim etməmiş və ya məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Bu səbəbdən onun apellyasiya şikayətində məhkəmə iclasında iştirak edə bilməməsi və şahid X1 dindirilməsi barədə vəsatət vermək niyyətində olması ilə bağlı göstərdiyi hallar birinci instansiya məhkəməsinin iclası təxirə salmalı olduğu qənaətinə gəlmək üçün əsas vermir.
52. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan faktiki halları müəyyən etmiş, təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və 4.000 manat məbləğində pulun cavabdehdə saxlanılması üçün hüquqi əsasın mövcud olmadığını düzgün müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsasən birinci instansiya məhkəməsində araşdırılmış halların fərqli hüquqi qiymətləndirilməsinə yönəlmiş olub, qətnamənin ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən yeni və mötəbər sübutlarla təsdiq olunmamışdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.