Məhkəmə qərarları › İş №2(3-1)-48/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-48/2026

06.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-48/2026 06.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI QƏTNAMƏ Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Hüseynov Elnur Rizvan oğlunun cavabdeh Hüseynov Elxan İlham oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Hüseynova Hürü Firudin qızının məhkəmə iclas katibliyi, iddiaçı Hüseynov Elnur Rizvan oğlunun və cavabdeh Hüseynov Elxan İlham oğlunun iştirakları ilə, iddiaçı Hüseynov Elnur Rizvan oğlunun cavabdeh Hüseynov Elxan İlham oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(078)- 954/2025 nömrəli qətnaməsindən cavabdeh Hüseynov Elxan İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddia ərizəsinə əlavə edilmiş Elxan Hüseynov tərəfindən yazılaraq imzalanmış 27 noyabr 2024-cü il tarixli sənəddə Hüseynov Elxan İlham oğlu qeyd etmişdir ki, “Mən Hüseynov Elxan İlham oğlu Hüseynov Elnur Rizvan oğlundan 90-BF-396, mercedes markalı maşını kreditlə aldım. İlkin ödəniş 4000 manat ödədim. Yerdə qalan 3700 manatı aylıq ödənişlə ayda 300 manat olmaqla, hər ayın 20-dən 300 manat pul ödəyəcəyəm”.

2. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş BD695891 nömrəli Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Galloper” minik markalı, 75-CA-091 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18 mart 2025-ci il tarixdə Hüseynov İlham Fərhad oğlunun adına qeydiyyata alınmışdır.

3. İş materiallarına əlavə edilmiş 29.12.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, “Hyundai Galloper” minik markalı, 75-CA-091 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Novruzov Rəşadət Şücayət oğlunun verdiyi etibarnamə əsasında Hüseynov Elnur Rizvan oğlu nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Hüseynov Elxan İlham oğluna etibar etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Hüseynov Elnur Rizvan oğlu cavabdeh Hüseynov Elxan İlham oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Hüseynov Elxan İlham oğlundan 3740 (üç min yeddi yüz qırx) manat məbləğində borcun və 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Hüseynov Elxan İlham oğlu ilə aralarındakı razılaşmaya əsasən Mercedes markalı, 90 BF 396 nömrəli maşını 7.700 manata cavabdehə satmışdır. Razılaşma əsasında cavabdeh Hüseynov Elxan İlham oğlu ilkin olaraq 4000 (dörd min) manat ödəyəcəyini, qalan 3200 manat borcunu hissə-hissə ayda 300 manat ödəməsi üçün razılaşmışlar. Cavabdeh ona həmin borcundan ayrı-ayrı vaxtlarda 600 manat ödəmişdir. Sonradan özünə “Hyundai Cloper” markalı, “75 CA 091” dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Avtomaşını aldıqdan sonra cavabdeh ona “mən həmin Mersedes markalı maşını sənə geri qaytarım, sən mənə “Hyundai Cloper” markalı avtomaşını sat və əlavə olaraq qalan borcumun üzərinə də 2000 min manat yazılsın və aylıq olaraq 340 manat ödəyəcəm” deyə ona bildirmişdir. O da cavabdehlə razılaşmışdır. Cavabdeh aylıq olaraq ona 4 ay (ümumilikdə 1360 manat) ödəniş etdikdən sonra Rəşadət adlı şəxsdən (Rəşadət ona “Hyundai Cloper” markalı avtomaşını idarə etməyi üçün etibarnamə vermişdi) onun xəbəri olmadan etibarnamə alaraq guya anasının xəstə olduğunu onun isə bu vəziyyətdən xəbərdar olduğunu bildirərək dələduzluq yolu ilə avtomaşını əmisinin adına keçirdikdən sonra özünə etibarnamə almışdır. O, cavabdeh Hüseynov Elxan İlham oğluna dəfələrlə borcunu verməsini bildirsə də o, müxtəlif bəhanələr gətirir. Ona olan borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə ona borcunu ödəməyini bildirsə də, hər dəfəsində ona bəhanələr uydurmuşdur.

6. Məhkəmə iclasında şahid qismində dindirilən Tağıyev Tural Tahir oğlu ifadəsində “Hyundai Galloper” minik markalı, 75-CA-091 dövlət qeydiyyat nişanlı avtomobili “Mercedes” markalı avtomobillə barter etdiklərini, heç bir pul vermədən başabaş dəyişildiyini, oğlunun avtomobili olduğunu, ancaq bütün məsələlərin içində özünün də olduğunu, sonra Elnurun həmin avtomobili Elxana satdığını, özünün avtomobil ustası olduğunu, avtomobilin bir balaca problemləri olduğunu, avtomobilin motorunu söküb hansı hissələrində problem var idisə Elxanın istəyi ilə dəyişdirdiklərini, 1000-1300 manat arası xərci çıxdığını, Elxanın sonra da müəyyən dəyişiklər etdiyini, Elxanla oğlunun da əvvəlcədən tanış olduqlarını, Elxanın gəlib avtomobili adına keçirməyini dediyini, özünün avtomobili adına keçirdiyini, Elxanın avtomobilin üzərinə xərc qoyduğunu, pulu qaytarmayacağını dediyini, Elxanın gedib Rəşadəti tapdığını, Rəşadətin avtomobilin sənəd üzərində sahibi olduğunu, Elxanın Rəşadəti aldadıb avtomobili adına keçirdiyini, Rəşadətlə danışdığını, problem olacağını dediyini, Rəşadətin də heç nə edə bilməyəcəyini dediyini, 1300 manat xərci Elxanın avtomobilə zəruri olduğu üçün xərcləmədiyini, 300 manat əl xərci aldıqlarını, motorda dəyişikliklər etdiyini, bəzi yerlərinin dəyişilməyə də biləcəyini, alınan avtomobilin 1998-ci ilin olduğunu, yəni problemlər olmasının normal olduğunu, həmçinin Elxanın 2 həftə sonra gətirdiyini, bu dəyişiklikləri etdiklərini bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən Məmmədli Aqil Namiq oğlu ifadəsində özünün kreditlə Elnura “Mercedes” markalı avtomobil satdığını, onun da başqa avtomobillə dəyişərək həmin avtomobili başqasına satdığını, ondan etibarnamə istədiklərini, Elnurun ona borcu olduğunu, Elxanın da Elnura borcu olduğunu, Elnurun Elxandan pul alıb onun borcunu verdiyini, özünün bunu Elnurdan pulunu istədiyi zaman öyrəndiyini, Elxanla görüşdüklərini, onun adına olan avtomobilin “Mercedes” olduğunu, Elxanın anasının xəstə olduğunu dediyini, Elxanın “10-15 gün ötüşdürün, anam xəstədir” dediyini, sonra da “pulu vermirəm, gedirəm avtomobili yandıram, mənim mülkümdür” dediyini, özünün də verdiyi etibarnaməni ləğv etdirdiyini, sonra Elnur pulu verdiyi üçün yenidən etibarnamə verdiyini, Elxanın ona “Elnurun pulunu verməmişəm” dediyini, bu məsələnin may ayında baş verdiyini, səhv xatırlamırsa Elxanın Elnura 3200 manat pul verməli olduğunu bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən Ağazadə Yaşar İbrahim oğlu ifadəsində təxminən 1 il bundan qabaq Elxanın zəng edib onlayn qaydada etibarnamə verə bilib-bilmədiyini soruşduğunu, özünün də verə bildiyini dediyini, Elnur və Elxanın onun yanına gəldiklərini, Elnurun öz adından Elxana etibarnamə verdiyini, Elnurun adında sürücülük etibarnaməsi olduğunu, Elxana da sürücülük etibarnaməsi verdiyini, həmin vaxt Elxanın Elnura avtomobildə pul verdiyini, verilən pulun miqdarını bilmədiyini bildirmişdir.

9. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(078)-954/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 3740 (üç min yeddi yüz qırx) manat məbləğində pulun cavabdeh Hüseynov Elxan İlham oğlundan tutularaq iddiaçı Hüseynov Elnur Rizvan oğluna ödənilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun əvəzinin cavabdeh Hüseynov Elxan İlham oğlundan alınaraq iş üzrə iddiaçı Hüseynov Elnur Rizvan oğluna ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı Hüseynov Elnur Rizvan oğlu “Mercedes” markalı, 90-BF-396 dövlət qeydiyyat nişanlı avtomobili 7.700 manata cavabdeh Hüseynov Elxan İlham oğluna satmış, o, ilkin ödəniş olaraq 4000 manat ödəmiş, 3700 manat borcu qalmış, həmin borcundan 600 manat ödəmiş və 3100 manat borcu qalmışdır. Daha sonra iddiaçı Hüseynov Elnur Rizvan oğlu ilə cavabdeh Hüseynov Elxan İlham oğlu “Hyundai Galloper” minik markalı, 75-CA-091 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes” markalı, 90-BF-396 dövlət qeydiyyat nişanlı avtomobilin barter edilməsi razılığına gəlmiş, həmin razılaşmaya əsasən cavabdeh Hüseynov Elxan İlham oğlu tərəfindən iddiaçı Hüseynov Elnur Rizvan oğluna əlavə 2000 manat pul ödənilməsi barədə onlar razılaşmışlar. Qeyd edilən vaxt cavabdehin iddiaçıya ümumilikdə 5100 manat borcu olmuş, daha sonra ümumilikdə 1360 manat ödəniş etmiş və 3740 manat borcu qalmışdır. (Qeyd edilən hallar iddiaçı ilə cavabdehin məhkəmə iclası zamanı verdikləri izahatlarda üst-üstə düşən faktlardır.) İddiaçının cavabdehə avtomobil verməsi və cavabdeh tərəfindən sövdələşdikləri məbləğdən 3740 manat hissəsinin qaytarılmaması ilə cavabdeh Hüseynov Elxan İlham oğlu heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan iddiaçı Hüseynov Elnur Rizvan oğlunun hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ödəməyi öhdəsinə götürdüyü lakin ödəmədiyi pul məbləğini ona qaytarmalıdır. Çünki işin araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobil hazırda cavabdehin yox onun atasının mülkiyyətindədir, buna görə də avtomobilin cavabdeh tərəfindən iddiaçıya qaytarılması mümkün deyildir. Həmçinin iddiaçının tələbi də avtomobilin deyil pulun qaytarılmasıdır. Cavabdeh Hüseynov Elxan İlham oğlu avtomobili barter edərkən özünün iddiaçı Hüseynov Elnur Rizvan oğluna 3000 manat pul verdiyini bildirmiş, lakin bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçı qeyd edilən halı izahatında təkzib etmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Ağazadə Yaşar İbrahim oğlu ifadəsində həmin vaxt Elxanın Elnura avtomobildə pul verdiyini, verilən pulun miqdarını bilmədiyini qeyd etmişdir. Həmçinin cavabdeh sonrakı izahatında 3000 manat məbləğində pulu iddiaçıya verdikləri vaxt yanlarında heç kimin olmadığını bildirərək sübutu olmadığını bildirmişdir. Cavabdeh Hüseynov Elxan İlham oğlu iddiaçıya olan qalan borcunu isə iddiaçının təmir xərclərinə çıxacağını bildirdiyini qeyd etmiş, iddiaçı isə aralarında elə bir razılaşma olmadığını bildirərək qeyd edilən halı da izahatında təkzib etmişdir. Həmçinin işin məhkəmədə araşdırılması zamanı da məhkəmə tərəfindən qeyd edilən faktlar müəyyən edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, cavabdeh ziddiyyətli izahatlar verməklə öhdəlikdən yayınmaq məqsədindədir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

11. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Hüseynov Elxan İlham oğlu apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(078)-954/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə baxış iclasında ona 3740 (üç min yeddi yüz qırx) manat borclu olduğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxıb nəticəyə gələrkən məhkəmə öz qətnaməsində iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Apellyator hesab edir ki, məhkəmə kollegiyası qətnamə qəbul edərkən işin hallarını araşdırmaq vəzifəsi olduğu üçün işin hallarını tam araşdıracaqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Hüseynov Elxan İlham oğlu apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(078)-954/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı Hüseynov Elnur Rizvan oğlu apellyasiya şikayəti qəbul etmədiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(078)-954/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

18. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. c) Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı

32. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər V. Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

39. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə təsdiq olunur ki, tərəflər arasında ilkin olaraq nəqliyyat vasitəsinin alqı-satqısına dair öhdəlik münasibətləri yaranmış, cavabdeh Hüseynov Elxan İlham oğlu bu münasibətlər çərçivəsində müəyyən məbləğdə pul ödəmək öhdəliyi götürmüşdür. Cavabdehin öz əli ilə yazıb imzaladığı 27 noyabr 2024-cü il tarixli sənəd onun borc öhdəliyini açıq şəkildə təsdiq edən birbaşa yazılı sübut olmaqla, mülki prosessual qanunvericiliyə əsasən sübutetmə baxımından yüksək hüquqi qüvvəyə malikdir. Həmin sənəddə cavabdeh borcun məbləğini və ödəniş qaydasını konkret göstərmişdir ki, bu da öhdəliyin mövcudluğunu şübhəsiz edir.

40. Bundan əlavə, tərəflərin sonrakı razılaşmaları – avtomobillərin barter edilməsi və əlavə pul öhdəliyinin yaranması – həm iddiaçının, həm də cavabdehin izahatları ilə üst-üstə düşür. Bu hal onu göstərir ki, tərəflər arasında hüquqi münasibətlər davam etmiş və əvvəlki borc münasibətləri yeni razılaşmalar çərçivəsində transformasiya olunmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu münasibətləri ümumi məzmununa görə qiymətləndirərək cavabdehin iddiaçı qarşısında yekun borcunun 3740 manat təşkil etdiyi nəticəsinə gəlmişdir.

41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq aşağıdakıları qeyd edir.

42. İlk olaraq qeyd edilməlidir ki, mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

43. Mülki məhkəmə icraatının fundamental prinsiplərindən biri sübutetmə yükünün bölgüsü prinsipidir. Bu prinsipə görə, hər bir tərəf öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni iddiaçı tələb etdiyi pul vəsaitinin mövcudluğunu və ödənilmədiyini sübut etməli olduğu kimi, cavabdeh də borcun ödənildiyini və ya ümumiyyətlə belə bir borcun mövcud olmadığını sübut etməyə borcludur.

44. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.

45. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

46. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı işdə iddiaçı öz üzərinə düşən sübutetmə yükünü lazımi səviyyədə yerinə yetirmişdir. Belə ki, cavabdehin öz əli ilə yazıb imzaladığı sənəd borc münasibətlərinin mövcudluğunu birbaşa təsdiq edən ilkin və əsas sübut kimi çıxış edir. Cavabdeh isə həmin sənədin həqiqiliyini inkar etməmiş, əksinə, onu özü yazdığını etiraf etmişdir. Bu isə borcun mövcudluğunu artıq mübahisəsiz hala gətirir.

47. Bununla yanaşı, tərəflərin məhkəmə iclasında verdikləri izahatlar da sübutetmə baxımından əhəmiyyətlidir. Cavabdeh borcun müəyyən hissəsini etiraf etmiş, yalnız onun məbləği və sonrakı ödənişlərlə bağlı ziddiyyətli mövqe sərgiləmişdir. Məhkəmə təcrübəsində qəbul olunur ki, tərəfin öz əleyhinə olan etirafı sübut kimi xüsusi əhəmiyyətə malikdir və əlavə təsdiqedici sübut tələb etməyə bilər. Bu baxımdan cavabdehin etirafları iddiaçının mövqeyini daha da möhkəmləndirir.

48. Digər tərəfdən, cavabdeh tərəfindən irəli sürülən əsas müdafiə arqumentləri – yəni 3000 manat məbləğində ödəniş etməsi və təmir xərclərinin borcdan çıxılması – sübutetmə baxımından tam əsassız qalmışdır. Cavabdeh özü də etiraf etmişdir ki, guya etdiyi 3000 manat ödənişin nə şahidi olmuş, nə də bunu təsdiq edən hər hansı yazılı sübut mövcuddur. Halbuki, pul ödənişləri üzrə sübutların olmaması həmin iddianın inandırıcılığını ciddi şəkildə şübhə altına alır. Mülki prosessual hüquqa görə, sübutlar ehtimallara deyil, konkret və yoxlanıla bilən faktlara əsaslanmalıdır.

49. Şahid ifadələrinə gəldikdə isə, onlar da cavabdehin mövqeyini təsdiqləməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Ağazadə Yaşar İbrahim oğlu pul verilməsi faktını ümumi şəkildə qeyd etsə də, məbləği bilmədiyini bildirmişdir. Bu isə konkret olaraq 3000 manatın ödənilməsi faktını sübut etmir və dolayı, qeyri-müəyyən xarakter daşıdığı üçün həlledici sübut kimi qəbul edilə bilməz.

50. Eyni zamanda, cavabdehin təmir xərclərinin borcdan çıxılması ilə bağlı arqumenti də sübut olunmamışdır. Belə bir razılaşmanın mövcudluğu nə yazılı sənədlərlə, nə şahid ifadələri ilə, nə də digər sübut vasitələri ilə təsdiq edilmişdir. Əksinə, iddiaçı bu halı qəti şəkildə təkzib etmişdir. Sübutetmə qaydalarına görə, qarşı tərəf tərəfindən inkar edilən halların mövcudluğu mütləq qaydada onları iddia edən tərəf tərəfindən sübuta yetirilməlidir.

51. Bütün bunlarla yanaşı, cavabdehin verdiyi izahatların ziddiyyətli olması da onun mövqeyinin etibarlılığını azaltmışdır. O, müxtəlif mərhələlərdə fərqli məbləğlər, fərqli razılaşmalar və fərqli ödəniş şərtləri barədə izahatlar vermişdir. Məhkəmə təcrübəsində ziddiyyətli izahatlar tərəfin müdafiə mövqeyinin qeyri-sabit və inandırıcı olmadığını göstərən amil kimi qiymətləndirilir.

52. Nəticə etibarilə, iş üzrə sübutların məcmu qiymətləndirilməsi göstərir ki, iddiaçı borcun mövcudluğunu və ödənilməmiş hissəsini kifayət qədər sübut etmiş, cavabdeh isə öz etirazlarının əsasını təşkil edən halları sübut edə bilməmişdir. Bu səbəbdən sübutetmə yükünü yerinə yetirməyən tərəf kimi cavabdehin mövqeyi hüquqi baxımdan əsaslı hesab edilə bilməz və birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutetmə qaydalarına tam uyğun olmuşdur.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

54. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(078)-954/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar