Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-58/2026 13.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI İddiaçı Qurbanov Nəsimi Cabbar oğlunun cavabdeh Naxçıvan Musiqi Kollecinə qarşı sosial ödənişlərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: Sosial ödənişlərin ödənilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Hüseynova Hürü Firudin qızının məhkəmə iclas katibliyi, iddiaçı Qurbanov Nəsimi Cabbar oğlunun iştirakı ilə, iddiaçı Qurbanov Nəsimi Cabbar oğlunun cavabdeh Naxçıvan Musiqi Kollecinə qarşı sosial ödənişlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, 2(078)-1540/2025 nömrəli qətnaməsindən iddiaçı Qurbanov Nəsimi Cabbar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları və birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Qurbanov Nəsimi Cabbar oğlu cavabdeh Naxçıvan Musiqi Kollecinə qarşı sosial ödənişlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş Naxçıvan Musiqi Kollecində 2010-2014-cü illərdə sub-bakalavriat (əyani) təhsil aldığı müddətdə vaxtında ödənməmiş olan 4800 (dörd min səkkiz yüz) manat təqaüdün, dərslik və dərs ləvazimatları alınması üçün hər semestr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda ümumilikdə 2120 (iki min bir yüz iyirmi) manat müavinətin, orta ixtisas təhsili müəssisələrini bitirdiyi müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə 2600 (iki min altı yüz) manat birdəfəlik müavinət olmaqla ümumilikdə 9520 (doqquz min beş yüz iyirmi) manat məbləğində sosial ödənişlərin 2014-cü ildən bu günədək olan pul inflyasiyası nəzərə alınaraq ona ödənilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildən atası Qurbanov Cabbar Bahadur oğlu vəfat etmiş, 2003-cü ildən isə anası Qurbanova Lalə Şahmirzə qızının 2-qrup (müddətsiz) əlilik dərəcəsi vardır, bu səbəbdən Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əsasən “valideyn himayəsindən məhrum uşaqlar” statusunda olmuş və 2010-2014-cu ildə isə subbakalavriat (əyani) təhsil aldığı üçün bu status uzadılmış bunun üçün əyani təhsil aldığı müddətdə sosial ödənişlər olmalı idi. Həmin qanun 5-ci maddəsinə əsasən Naxçıvan Musiqi Kollecində təhsil aldığı müddətdə hər ay tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün (50 manat) iki mislindən (100 manat) az olmayan miqdarda-yəni 4800 manat təqaüd verilməli idi, amma bu təqaüdü təhsil aldığı müddətdə almamışdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən təhsil aldığı müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət hesablanaraq ona ödənilməli idi, bununla bağlı da heç bir ödəniş olmamışdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisəsini bitirdiyi zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla (yeni qanundakı dəyişikliklə 2600 manat) birdəfəlik pul vəsaiti ilə təmin olunmalı idi, bu ödəniş də olunmamışdır. Həmin Qanunun 8-ci maddəsinə valideyn himayəsindən məhrum olduğu müddətdə ilk dəfə işə düzəldiyi üçün 265 manat birdəfəlik kompensasiya və 1660 manat məbləğində (yeni qanundakı dəyişiklik ilə 6000 manat) birdəfəlik müavinət verilməli idi, amma bu ödəniş olunmamışdır. Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyırlar. Qeyd etdiyi qanunda nəzərdə tutulmuş müavinətlər və sosial yardımlar ona ödənilməmiş, 2024-cü ildə sözü gedən qanunlardan məlumatı olduğu üçün qanunda nəzərdə tutulmuş müavinətlər və sosial yardımların ona ödənilməsi üçün Sosial Müdafiə Nazirliyinə müraciət etmiş və müraciətinin nəticəsində Qanunun 8-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olduğu müddətdə ilk dəfə işə düzəldiyi üçün 265 manat birdəfəlik kompensasiya və 1660 manat məbləğində birdəfəlik müavinət verilmişdir. Digər ödənişlər üçün (maddə 5-də nəzərdə tutulan) isə Naxçıvan MR Təhsil Nazirliyinə müraciət etməyi bildirilmiş, Təhsil Nazirliyinə müraciət etdikdə isə sözü gədən iddia üçün cavabdehin Naxçıvan Musiqi Kolleci olduğu bildirilmişdir. NMR Təhsil Nazirliyinin məktubuna əsasən 20 fevral 2025-ci il tarixdə Naxçıvan Musiqi Kollecinə və tabeliyində olduğu üçün Naxçıvan Dövlət Universitetinə ərizə ünvanlanmışdır. Hər iki təşkilat 21 fevral 2025-ci il tarixdə məktubu almışdır. Naxçıvan Dövlət Universetinə yenidən 30.05.2025-ci il tarixdə məktub göndərmiş, buna baxmayaraq Naxçıvan Dövlət Universiteti hələ də məktubuna cavab verməmişdir. Naxçıvan Musiqi Kolleci 19.02.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, əyani təhsil aldığı 2010-2014-cü illər ərzində Naxçıvan Musiqi Kolleci 2012-ci ilin 30 aprel tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş, həmin tarixdən sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. İddiaçının nəzərdə tutduğu ödənişlər həmin qurumların büdcələri hesabına həyata keçirilməli idi. İddia etdiyi ödənişlər büdcə ili bitdiyinə görə Naxçıvan Musiqi Kollecinin büdcəsində bu maddə nəzərdə tutulmamışdır. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci bu məsələdə səlahiyyətli qurum olmadığından sözügedən ödənişin təmin olunması mümkün deyil. Bununla bağlı olaraq məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. NMR Ali Məclisi Sədrinin 2021-ci il 8 iyun tarixli, 111-06/S nömrəli sərəncamı ilə Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmişdir. Naxçıvan Dövlət Universiteti məktubunda qeyd etmişdir ki, 09.11.2024-cü il tarixdən isə Elm və Təhsil Nazirliyi kollegiyasının qərarı ilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kolleci Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir, lakin internet resurslarında və Naxçıvan Musiqi Kollecinin məktublarının başlıq hissəsində görünür ki, kollec hələ də Naxçıvan Dövlət Universitetinin tabeliyindədir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə sosial təminatın ödənilməsi tələbi ilə müraciət etmiş, e-2-1(122)-804/2025 nömrəli iş üzrə məhkəmədə hazırlıq iclası keçirilmiş, hüquqi yardım hazırlıq iclasında həyata keçirilmiş, sözü gedən mübahisə üzrə Musiqi Kollecinin məktubunda bildirmişdir ki, kollecin büdcədənkənar vəsaiti üzrə maliyyə sənədləşməsi illik smeta əsasında aparıldığından, mövcud smeta çərçivəsində qeyd olunan vəsaitin ödənilməsi mümkün deyildir, inzibati qaydada öhdəliyin qoyulması inzibati məhkəmələrin səlahiyyətində olsa da, bunun büdcədən kənar vəsait hesabına ödənildiyi üçün mübahisə üzrə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. O, isə e-2-1(122)-804/2025 nömrəli iş üzrə ərizə yazmış və icraata xitam verilmişdir.
3. Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, 2(078)-1540/2025 nömrəli qətnaməsi ilə iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 2010- 2014-cü il tarixlərində Naxçıvan Musiqi Kollecində təhsil aldığı üçün “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun həmin dövrdə mövcud olmuş normaları və həmin normaları tənzimləyən hüquqi aktlar əsasında mübahisəyə hüquqi qiymət verilməlidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının mərhum atası Qurbanov Cabbar Bahadur oğlu 2002-ci il tarixində vəfat etmiş, anası Qurbanova Lalə Şahmirzə qızına isə 2003-cü ildən 2-qrup (müddətsiz) əlilik dərəcəsi təyin edilimişdir. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun mübahisələndirilən hüquq münasibətinin mövcud olduğu dövrdə qüvvədə olan 1-ci maddəsində bir valideyni vəfat etmiş və o biri valideyni II qrup əlil olan 18 yaşınadək şəxslərin də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edildiyi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə bir valideyini olmadığından və digər valideyini 2-ci qrup əlil olduğundan, həmçinin, iddiaçı həmin dövrdə əyani təhsil aldığından o, qeyd edilən kateqoriyadan olan şəxslər arasında olmuş və Qanunun təsir dairəsinə düşmüşdür. Məhkəmə qeyd etmişdir ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 avqust 1999-cu il il tarixli Fərman qəbul edilmiş və həmin Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 7 noyabr 2001-ci il tarixli, 179 nömrəli qərar qəbul etmişdir. Həmin qərarda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınmasının təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilməsi və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 180 min manat müavinət verilməsi, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin dövlət orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına şərti maliyyə vahidinin 25 misli miqdarında mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunması müəyyən olunmuşdur. Göründüyü kimi hər iki halda, qeyd edilən kateqoriyadan olan uşaqların təminatını Nazirlər Kabineti təhsil aldığı müəssisənin üzərinə qoymuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Naxçıvan Musiqi Kollecinə ərizə ilə müraciət edilmədiyi, qeyd edilən kateqoriyadan olan şəxslər sırasında olduğunu təsdiq edən hüquq müəyyənedici sənədlərin təhsil müəssisəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı həmin sənədləri təqdim etməyə zərurət olmadığını, valideyni vəfat etdiyi üçün sosial müavinət alınması ilə bağlı hər il Naxçıvan Musiqi Kollecindən arayış aldığını və bu səbəbdən də təhsil müəssisəsinin onun həmin kateqoriyadan olan şəxslər sırasında olduğunu bildiyini qeyd edərək, ona müavinətin verilməli olduğunu bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tək valideynini itirmiş şəxs kimi sosial müavinət alması üçün təhsil müəssisəsindən arayış alsa da, digər valideynin 2-ci qrup əlil olması və həmin kateqoriyadan olan şəxslərin sırasında olması barədə təhsil aldığı Naxçıvan Musiqi Kollecinə müvafiq sənədləri təqdim etməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş şəxslər sırasına aid olmasına dair müvafiq sənədləri təhsil müəssisəsinə təqdim etmədiyindən, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sosial müavinətlərin iddiaçıya verilməməsinə görə cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddiaçının sosial ödənişlərin verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. II. Birinci instansiya məhkəməsində sübutların tədqiqi
5. İş materiallarında olan, Qurbanov Nəsimi Cabbar oğlu tərəfindən 19.02.2025-ci il tarixli Naxçıvan Dövlət Universitetinə və Naxçıvan Musiqi Kollecinə ünvanlanmış ərizədə, Naxçıvan Musiqi Kollecinində sub-bakalavriat (əyani) təhsil aldığı 4-il müddətində maddə 5-də göstərilən (həmən illər üzrə təqaüdün iki mislindən az olmayan miqdarda) ödənilməmiş təqaüdün hesablanaraq ona ödənilməsini, həmin maddədə göstərilən təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət hesablanaraq ona ödənilməsini, göstərilən sub-bakalavriat (əyani) təhsilini bitirdiyi zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti hesablanaraq ödənilməsini xahiş etmişdir.
6. İş materiallarında olan, Naxçıvan Musiqi Kollecinin Qurbanov Nəsimi Cabbar oğluna ünvanlandığı 04 mart 2025-ci il tarixli, 01/22 saylı məktubda hal-hazırda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci bu məsələdə səlahiyyətli qurum olmadığından sözügedən ödənişin təmin olunmasının mümkün olmadığı qeyd olunmuşdur.
7. İş materiallarında olan, Qurbanov Nəsimi Cabbar oğlu tərəfindən 19.02.2025-ci il tarixli Naxçıvan Dövlət Universitetinə və Naxçıvan Musiqi Kollecinə ünvanlanmış ərizədə, Naxçıvan Musiqi Kollecinində sub-bakalavriat (əyani) təhsil aldığı 4-il müddətində maddə 5-də göstərilən (həmən illər üzrə təqaüdün iki mislindən az olmayan miqdarda) ödənilməmiş təqaüdün hesablanaraq ona ödənilməsini, həmin maddədə göstərilən təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinətin hesablanaraq ona ödənilməsini, göstərilən sub-bakalavriat (əyani) təhsilini bitirdiyi zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti hesablanaraq ödənilməsini xahiş etmişdir.
8. Naxçıvan MR İnzibati Məhkəməsinin e-2-1(122)-804/2025 saylı, 16.10.2025-ci il tarixli qərardadında iddiaçı Qurbanov Nəsimi Cabbar oğlunun ərizəsi təmin edilməsi, iddiaçı Qurbanov Nəsimi Cabbar oğlunun cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı "Azərbaycan Respublikasının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 5-ci maddəsində nəzərdə tutulmuş Naxçıvan Musiqi Kollecində 2010-2014-cu ildə isə sub-bakalavriat (əyani) təhsil aldığı müddətində vaxtında ödənilməmiş olan 4800 manat təqaüdün, dərslik və dərs ləvazimatları alınması üçün hər semestr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda ümumilikdə 2120 manat müavinətin, orta ixtisas təhsili müəssisələrini bitirdiyi müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə 2600 manat birdəfəlik müavinətin Azərbaycan Respublikasının "Valideynlərin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 5-ci maddəsində nəzərdə tutulmuş ümumilikdə 9520 manat məbləğində sosial ödənişlərin 2014-cü ildən bu günədək olan pul inflyasiyası nəzərə alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçı Qurbanov Nəsimi Cabbar oğluna geri qaytarılması qərara alınmışdır.
9. İş materiallarında olan, 07.01.2026-cı il tarixli, 3-24-18/2-DT-5/2026 nömrəli Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Naxçıvan Musiqi Kolleci Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2016-cı il tarixli, 104 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 08 iyun 2021-ci il tarixli, 111-06/S nömrəli Sərəncamı ilə isə Nazirliyin tabeliyindən çıxarılaraq Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmişdir.
10. İş materiallarında olan, 09.01.2026-cı il tarixli, 3-48-NDA/2-2-34/2026 nömrəli Naxçıvan MR Dövlət Arxivi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubda Naxçıvan Musiqi Kollecinin 2010-2014-cü illərə aid sənədlərində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əsasən həmin kateqoriyadan olan təhsil alan şəxslərin olub-olmaması, qeyd edilən kateqoriyadan olan şəxslər olmuşsa, onlara müavinətlərin verilib-verilməməsi barədə məlumata rast gəlinməmişdir.
11. İş materiallarında olan, 12.01.2026-cı il tarixli, 3-29-72/2-32/2026 nömrəli Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Naxçıvan Musiqi Kolleci Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilmişdir. Qurbanov Nəsimi Cabbar oğlunun müvafiq kateqoriyaya aid olub-olmaması, habelə aid olduğu halda ona müvafiq sosial müavinətlərin təyin edilibedilməməsi barədə Nazirliyin arxivində hər hansı təsdiqedici sənədlər mövcud deyildir.
12. İş materiallarında olan 25 sentyabr 2025-ci il tarixli, 01/96 saylı Naxçıvan Musiqi Kollecinin Naxçıvan MR İnzibati Məhkəməsinə ünvanladığı məktubunda qeyd olunmuşdur ki, Qurbanov Nəsimi Cabbar oğlu 2010-2014-cü illər ərzində təhsil aldığı müddətdə yalnız "Adi" təqaüd növü ilə təmin edilmişdir. Kollecdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Qurbanov Nəsimi Cabbar oğlu valideyn himayəsindən məhrum olması barədə təsdiqedici sənədləri təqdim etməmiş və bu əsasda hər hansı inzibati əmr verilməmişdir. Eyni zamanda həmin qanunun 5-ci maddəsində nəzərdə tutulan ödənişlər Naxçıvan Musiqi Kollecinin büdcədənkənar vəsaitləri hesabına ödənilməlidir. Lakin Kollecin büdcədənkənar vəsaiti üzrə maliyyə sənədləşməsi illik smeta əsasında aparıldığından, mövcud smeta çərçivəsində qeyd olunan vəsaitin ödənilməsi mümkün deyil. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
13. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı Qurbanov Nəsimi Cabbar oğlu sözügedən qətnamədən apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, 2(078)-1540/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin 63-cü bəndində “Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tək valideynini itirmiş şəxs kimi sosial müavinət alması üçün təhsil müəssisəsindən arayış alsa da, digər valideyninin 2-ci qrup əlil olması və həmin kateqoriyadan olan şəxslərin sırasında olması barədə təhsil aldığı Naxçıvan Musiqi Kollecinə müvafiq sənədləri təqdim etməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir”. Bu qeydə münasibətdə bildirir ki, məhkəməyə dəfələrlə yazılı və iclasda bildirimişdir ki, bəzi sənədləri və sübutları əldə etmək imkanlarından kənardadır. Bunun üçün məhkəmə araşdırma aparmalıdır. Məhkəmə isə yalnız müvafiq orqanlara mənasız sorğular göndərmiş, sorğunun məzmunu isə həmin dövrdə sözü gedən yardımın başqa şəxslər tərəfindən alınıb-alınmaması ilə bağlı olmuşdur. Həmin sorğu iş üçün isə heç bir əhəmiyyət kəsb etməmişdir. Halbuki həmin dövrdə onun valideyn hüququndan məhrum olduğunu bəlli edəcək sənədlər onun şəxsi işində və psixoloqun işində mövcud olmalı idi. Hansı ki, təhsil müəssisinə qəbul olarkən bir qayda olaraq tələbələr haqqında məlumatlar toplanılır hələdə ki, o, qəbul olanda yetkinlik yaşına çatmamış şəxs olduğu üçün təhsil müəssəsinin onun barədə məlumatları şifahi və yazılı olaraq toplamaq saxlamaq əsas öhdəliyidir. Məhkəmə bu barədə sorğu verməli və həmin ona aid sənədləri istəməli idi. “Təhsil haqqında” AR qanunda, həmin dövr üçün qüvvədə olmuş AR Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin” əsasnaməsi və AR Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin” nizamnaməsində həmçinin uşaq hüquqları və sosial müdafiə haqqında qanunvericiliyimizdə tələbələr ilə daima görüşlərin keçirilməsi, onların sosial vəziyyəti və problemləri ilə maraqlanmaq və lazımi tədbirlərin həyata keçirilməsi təhsil müəssisəsinin üzərinə öhdəlik kimi qoyulmuşdur. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər. Orta ixtisas təhsili müəssisələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi “ nizamnaməsinin 3.1.25-ci 5.13-cü və 6.1.-cı maddəsi hal hazırda qüvvədədir https://e-qanun.az/framework/42286) Sözü gedən nizamnamə orta ixtisas təhsili müəssisələrinin daxili nizamnaməsinə nümunə kimi götürülür. Həmin nizamnamədə isə həmin statusdan olan uşaqların sosial təminatının dövlət büdcəsi hesabına ödənilməsi barədə bənd vardır. Bütün bunlardan aydın olur ki, Naxçıvan Musiqi Kolleci fəaliyyətində rəhbər tutduğu nizamnamə və digər qanunlarla həmin ödənişlərdən məlumatlı idi o və onun kimi bir çox uşağın hüququnu pozmuş sosial ödənişlərdən şüurlu şəkildə boyun qaçırmışdır. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR qanunda onun sosial ödənişləri almaq üçün ərizə ilə müraciət etməyi və ya bu ödənişləri tələb edilməsi üçün müddət təyin edilməmişdir. Məhkəmə isə vaxtında ərizə ilə müraciət etmədiyi üçün indi bu ödənişin edilməsini qeyri-mümkün saymışdır. Həmin qanunda heç bir uşağın üzərinə bu öhdəliyi qoymur ki, sən təhsil aldığın müəssisəsəyə müraciət et və həmin ödənişləri tələb et, əksinə bu öhdəlik həmin qanunda konkret olaraq dövlət üzərinə qoyulur. Həmin qanunun giriş hissəsində məlum olur ki, valideyn himayəsindən məhrum olmuş uşaqların təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləmək bu qanundan başqa heç bir qanuna aid edilə bilməz. 2 fevral 2026-cı il tarixli məhkəməyə ünvanladığı ərizəsində “İnzibati icraat haqqında” qanunun 14-15-ci maddələrin tələblərinə uyğun olaraq qanunda nəzərdə tutulmayan formal tələbin üzərinə qoyulması və bu tələbin edilmədiyinə görə ona sosial ödənişlərin ödənilməsinə imtina verilməsini hüquqi pozuntusu olduğunu məhkəməyə bildirsə də, məhkəmə qətnamədə ərizənin bu hissəsini mübahisələndirməmişdir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməli idi. Müxtəlif dövlət təşkilatlarına iş üçün əhəmiyyətli olmayacaq sübutların toplanmasından başqa heç bir araşdırılma aparılmamışdır. Əksinə Məhkəmə 2011- 2014-cü illərdə heç bir sosial ödənişin olmamasını müəyyən etdikdən sonra bunun səbəbini araşdırmalı idi. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli idi. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Dəfələrlə müraciət etməyinə baxmayaraq araşdırma aparılmamış hüquqi qiymət verilməmişdir. Müxtəlif dövlət təşkilatlarına iş üçün əhəmiyyətli olmayacaq sübutların toplanmasından başqa heç bir araşdırılma aparılmamışdır. Məhkəmə mübahisəsiz olaraq qətnamənin 55 və 58ci bəndində hər iki halda, qeyd edilən kateqoriyadan olan uşaqların təminatını Nazirlər Kabinetinin təhsil aldığı müəssisənin üzərinə qoyulduğunu və onun qeyd edilən kateqoriyadan olan şəxslər arasında olduğunu və Qanunun təsir dairəsinə düşdüyünü qeyd edir. Qətnamənin 57-ci bəndində məhkəmə müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına şərti maliyyə vahidinin 25 misli miqdarında mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunması müəyyən olunduğunu bildirir. Lakin həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilməsinin və hansı maliyyə təminatı hesabına verilməsi məsələsinə toxunmur. Qətnaməminin 18, 21 və 23-cü bəndlərinə münasibətdə qeyd edir ki, cavabdeh Naxçıvan Musiqi Kollecinin nümayəndəsi Seyidov Mircavad Mirbulud oğlu bildirmişdir ki, sosial ödənişlərin ödənilməsi üçün təsdiqedici sənədlər tələbə qəbul olduğu dövrdə təqdim olunur, daha sonra şöbə müdirləri tərəfindən araşdırmalar aparılır. Nümayəndə səsləndirdiyi fikirlərdə heç bir qanuna istinad etmir. Cavabdeh ərizəni və təsdiqedici sənədlərin təqdim edilməsinin müddəti barədə bəhs etmir. İrəli sürdüyü fikirlər isə heç bir qanuna əsaslanmadan şəxsi mülahizələr əsasında məhkəməyə təqdim olunur. Məhkəmə isə cavabdehin heç bir qanuna əsaslanmadan bildirdiyi fikirləri sübut kimi qiymətləndirir, ciddi prosessual pozuntuya yol verir. Qətnamənin 27, 28 və 29-cu bəndlərinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğularına cavab olaraq Naxçıvan MR Mədəniyyət Nazirliyi, Naxçıvan MR Dövlət Arxivi, Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktublarda Naxçıvan Musiqi Kollecinin 2010-2014-cü illərə aid sənədlərində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əsasən həmin kateqoriyadan olan şəxslərə heç bir ödənişin olmaması bildirilmişdir. 1999-cu ildən qüvvədə olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda göstərilən şəxs kimi kollecdə tələbənin olmaması mümkün deyil bütün bu qanun pozuntuları kollecin səhlənkar işindən, bəlkə də şüurlu şəkildə tələbələri məlumatlandırmamasından irəli gəlir, məhkəmə isə bunu gözardı edir. Məhkəmə bu halı müəyyən etmişdir və araşdırma başlatmaqda haqlı idi beynəlxalq qanunlarda və milli qanunvericiliyimizdə bu cür halların məhkəmə tərəfindən müəyyənləşdirməsi məhkəmənin araşdırmaq üçün xüsusi qərar çıxarmartsına imkan yaradır. Təhsil müəssisəsinin laqeyd yanaşmasını təhsil alan uşaqlarla maraqlanmamasını illər ərzində həmin statusda olan təhsil alan uşaqların sosial hüquqlarının pozulması və bunu məhkəmənin göz ardı etməsi kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. Qətnamənin 33,34,35,36,37,38,39,40-cı bəndlərinə münasibətdə qeyd edir ki, tətbiq edilən hüquq kimi “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun maddələrini qeyd etmişdir. Bütün maddələri oxuduqda sosial ödənişlərin ərizə ilə müraciət edilməsindən bəhs etmir. Eləcə də bunun daha sonra təmin olunmasının mümkün olmaması barədə maddə və ya bir qeyd yoxdur. Sözü gedən qanunun girişində qeyd olunur ki, həmin qanunun valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin qanunda nəzərdə tutulmayan formal tələbləri onun üzərimə öhdəlik qoymaq onun hüquqlarından süni məhrum edilmə kimi qiymətləndirilməlidir. Qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial ödənişləri almaq hüququ açıq şəkildə təsbit olunub və bu hüquq onların statusuna görə qorunur. Hər hansı səbəbdən ödənişlər vaxtında alınmadıqda, həmin şəxslər bu hüquqlarını itirmir və qanunvericiliklə müəyyən olunmuş qaydada sonradan həmin ödənişləri almaq hüququnu saxlayırlar. Bu, uşaqların sosial müdafiəsinin fasiləsizliyini və təminatların qorunmasını təmin edir. Təhsil müəssisəsi o və onun kimi bir çox uşağın hüquqlarını tapdalamış və sosial ödənişlərdən yayınmışdır. Eyni statusda olan qardaşı 2017ci ildə ali təhsil müəssisəsinə qəbul olanda təhsil müəssisəsinin məhsul şəxsi hər iki valideynin sağ olub-olmaması barədə məlumat əldə edərkən bir valideynin sağ olmamasını qardaşı bildirmiş onlar isə digərinin 1-ci və ya 2-ci qrup əlil olduğu təqdirdə sözü gedən qanundakı ödənişlərin olunacağı barədə məlumat vermişlər. O və qardaşı bu qanun barəsində həmin vaxt məlumat əldə etmişdirlər. Qardaşı üniversitetin tələbinə əsasən sənədləri təqdim etmiş və yardım almışdır. Həmin öhdəlik ali təhsil müəssisəsinə aiddirsə niyə orta ixtisas təhsil müəssisəsi bu ödənişdən yayınır tələbələr barədə məlumat etmir? Birinci bu suala cavab tapılmalıdır və təhsil müəssəsinin yuxarıda qeyd etdiyi barədə təhsil alanların sosial şəxsi məlumatlarının öyrənilməsi barədə keçirilən fərdi söhbətlərin və ya monitorinq nəticələrini məhkəməyə təqdim edilməldir. Əgər qeyd etdiyi qanundakı hərəkətlər təhsil müəssisəsi tərəfindən tam həyata keçirilməmişdirsə, mübahisə hərəkətsizliyindən digər şəxslərə dəymiş ziyan kimi qiymətləndirilməlidir. Yox əgər həmin qanunda nəzərdə tutulan qaydada hərəkətlər həyata keçirilmiş və valideyn himayəsindən mərhum uşaqlar müəyyənləşdirilmiş və bilərəkdən ödənişləri ödəməkdən yayınma halları baş vermişdirsə həmin dövr üçün məhsul şəxslər məsuliyyətə cəlb olunmalı və həmin ödənişlər hüquqi çatan şəxslərə tam ödənilməlidir. Bu sosial təminatların ona və onun kimi onlarla uşaqlara təmin edilməməsi təhsil müəssisəsinin və təhsil müəssisəsininə nəzarət edən dövlət orqanlarının günahıdır. Məhkəmə dövründə ərizələrində qeyd etmişdir ki, əgər onun ödənişi yenidən tələb etmək hüququ yox idisə həmin qanunun 8-ci maddəsinə nəzərdə tutulmuş yardım NMR ƏƏSMN tərəfindən niyə təmin edilirdi? Ölkə üzrə bütün dövlət təşkilatları eyni qanunvericiliklə fəaliyyət göstərir. Cavabdeh orqan gec müraciət etməyinə baxmayaraq onun hüququndan yaranmış təminatı ona təmin etməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı Qurbanov Nəsimi Cabbar oğlu apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, 2(078)-1540/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Naxçıvan Musiqi Kollecinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh Naxçıvan Musiqi Kollecinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 16. I hissə. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
19. Maddə 38. III hissə. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
b) Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 14 oktyabr 2016-cı il tarixədək qüvvədə olmuş redaksiyası
20. Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.
21. Maddə 4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi, dövlət və qeyridövlət fondları, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
22. Maddə 5. Bütün tipdən olan dövlət təhsil müəssisələrində habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. Ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr onların müalicəsinin təşkilinə kömək edirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
c) “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il il tarixli Fərmanı əvvəlki redaksiyada
23. “Valideynlərini itirmiş və Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə müəyyən edilsin ki, həmin Qanunun 1-ci maddəsinin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” abzasında, 5-ci maddəsinin birinci hissəsində hər iki halda, ikinci və üçüncü hissələrində, dördüncü hissəsində birinci halda, beşinci hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsində birinci halda, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsinin birinci cümləsində birinci halda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
d) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli, 179 nömrəli qərarı əvvəlki redaksiyada
24. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn “himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 180 min manat müavinət verilsin; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli, 15 nömrəli qərarına uyğun olaraq, müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına şərti maliyyə vahidinin 25 misli miqdarında mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar. e) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Qurbanov Nəsimi Cabbar oğlu 2010- 2014-cü illərdə Naxçıvan Musiqi Kollecində əyani formada təhsil almışdır. Onun atası 2002-ci ildə vəfat etmiş, anasına isə 2003-cü ildən II qrup əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçı həmin dövrdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşən şəxslər kateqoriyasına aid olmuşdur. Qanunvericiliyə əsasən bu kateqoriyadan olan şəxslər üçün təhsil müddətində əlavə sosial təminatlar nəzərdə tutulmuşdur. İddiaçı göstərilən ödənişlərin ona verilmədiyini bildirmiş, 2024-cü ildə etdiyi müraciət əsasında yalnız qanunun 8-ci maddəsinə uyğun bəzi ödənişləri almışdır. Digər ödənişlərlə bağlı ona aidiyyəti qurumlar tərəfindən təhsil müəssisəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
39. Tərəflər arasında mübahisə ondan ibarətdir ki, iddiaçının valideyn himayəsindən məhrum olmuş şəxs statusunu təsdiq edən sənədləri təhsil aldığı dövrdə cavabdeh quruma təqdim edib-etməməsi və cavabdehin bu statusdan məlumatlı olub-olmaması müəyyən edilməmişdir. Mübahisə həmçinin sosial ödənişlərin təyin edilməsi üçün iddiaçının ayrıca müraciət etməsinin zəruri olub-olmaması, yoxsa bu öhdəliyin birbaşa təhsil müəssisəsinin üzərinə düşməsi məsələsi ilə bağlıdır. Eyni zamanda, iddiaçının həmin ödənişləri vaxtında almamasına görə cavabdehin hərəkətsizliyinin qanunsuz olub-olmaması, sosial ödənişlərin sonradan tələb edilməsinin mümkünlüyü və bu tələbə hər hansı müddət məhdudiyyətinin tətbiq edilib-edilməməsi də mübahisə predmetidir.
40. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının “valideyn himayəsindən məhrum olmuş şəxs” statusuna malik olmasını inkar etməmiş, əksinə, onun mübahisəli dövrdə həmin kateqoriyaya aid olduğunu qəbul etmişdir. Lakin mübahisənin mahiyyəti təkcə hüququn mövcud olub-olmamasında deyil, həmçinin hüququn vaxtında və qanunvericiliyin müəyyən etdiyi qaydada həyata keçirilib-keçirilməməsindədir.
41. Bu baxımdan məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, sosial təminatlar özlüyündə birbaşa olaraq deyil, müvafiq statusun təsdiqi və bu barədə səlahiyyətli orqanın məlumatlandırılması əsasında həyata keçirilir. İş materialları ilə isə müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı dövrdə onun “valideyn himayəsindən məhrum olmuş şəxs” kimi tanınması üçün zəruri olan sənədləri təhsil müəssisəsinə təqdim etdiyini sübut edə bilməmişdir.
42. Kollegiya qeyd edir ki, mülki prosesdə sübutetmə yükü ümumi qaydaya görə iddiaçının üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları – o cümlədən təhsil aldığı dövrdə “valideyn himayəsindən məhrum olmuş şəxs” statusunun təhsil müəssisəsinə təqdim edildiyini və həmin statusun rəsmi qaydada tanındığını sübut etməlidir. Bu, yalnız ümumi məlumatlılıq və ya ehtimal xarakterli mülahizələrlə deyil, konkret hüquqi əhəmiyyətli sənədlərlə təsdiq olunmalıdır.
43. İddiaçının arqumenti ondan ibarətdir ki, həmin sənədlər onun şəxsi işində və ya təhsil müəssisəsinin daxili materiallarında mövcud olmalı idi və məhkəmə bunları öz təşəbbüsü ilə tələb etməli idi. Lakin bu yanaşma prosessual hüququn əsas prinsipləri ilə tam uyğun gəlmir. Belə ki, məhkəmə sübutların toplanmasında tərəfləri əvəz edən orqan deyil və yalnız tərəflərin təqdim etdiyi və ya konkretləşdirilmiş şəkildə göstərdiyi sübutların əldə olunmasına yardım göstərə bilər. İddiaçı isə hansı konkret sənədin, hansı struktur bölmədə və hansı formada mövcud olduğunu dəqiq göstərmədən ümumi xarakterli istinadlarla kifayətlənmişdir.
44. Digər tərəfdən, təhsil müəssisəsinin tələbələr haqqında ümumi məlumat toplamaq və onların sosial vəziyyəti ilə maraqlanmaq vəzifəsinin mövcudluğu, həmin məlumatların avtomatik olaraq hüquqi nəticə doğurması və ya sosial ödənişlərin təyin edilməsi üçün yetərli əsas sayılması anlamına gəlmir. Bu vəzifələr daha çox təşkilati və sosial xarakter daşıyır və konkret hüquqi təminatların – xüsusilə maliyyə öhdəliklərinin yaranması üçün mütləq şəkildə rəsmi təsdiqedici sənədlərin təqdim olunmasını istisna etmir.
45. İddiaçının təhsil müəssisəsinin səhlənkarlığı və ya “şüurlu şəkildə məlumatlandırmaması” barədə iddiaları da konkret sübutlarla təsdiqlənmir və daha çox ehtimal xarakteri daşıyır. Məhkəmə isə belə halları yalnız o zaman hüquqi qiymətləndirə bilər ki, həmin hərəkətsizlik və ya pozuntu konkret sübutlarla təsdiq edilsin və iddiaçının hüquqları ilə birbaşa səbəb-nəticə əlaqəsi qurulsun.
46. İddiaçının “qanunda sonradan tələb etməyə qadağa yoxdur” arqumentinə gəldikdə isə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, burada diqqət yetirilməli əsas amil zaman aşımıdır. İddiaçı mübahisəli hüququnun yarandığı 2010–2014-cü illərdən təxminən 10 ildən artıq müddət keçdikdən sonra həmin hüquqların təmin olunmasını tələb edir. Bu isə artıq hüququn mahiyyəti və məqsədi prizmasından qiymətləndirilməlidir.
47. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sosial ödənişlərin (təqaüd, dərs vəsaiti üçün müavinət və birdəfəlik yardım) 2010–2014-cü illərdə ödənilməmiş hissəsinin, həmçinin inflyasiya nəzərə alınmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.
48. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, məhkəməyə iddia ilə müraciət etmək üçün əsas şərtlərdən biri hüquqi marağın mövcudluğudur. Hüquqi maraq iddiaçının hüquqlarına cavabdeh orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində real təsirin olmasını tələb edir. Hüquqi marağın araşdırılmasının məqsədi yalnız real və konkret təsirə məruz qalan şəxslərin məhkəməyə müraciət etməsini təmin etməkdir. Bu, əsassız və formal iddiaların qarşısını alaraq məhkəmə resurslarının səmərəli istifadəsinə xidmət edir.
49. Hüquqi marağın mövcudluğu müəyyən edilərkən iddiaçının mübahisəli münasibətdən şəxsi qaydada təsirlənməsi, marağın real və aktual olması, qanuni məqsədlərə xidmət etməsi və iddia edilən zərərlə səbəb-nəticə əlaqəsinin mövcudluğu kimi meyarlar qiymətləndirilməlidir.
50. Kollegiya qeyd edir ki, hazırkı işdə hüquqi maraq məsələsi iddianın mahiyyəti ilə sıx bağlı olduğundan ayrıca deyil, işin mahiyyəti üzrə araşdırılmalıdır. Çünki iddiaçının hüququnun olub-olmaması, onun davranışı və təqdim etdiyi sübutlar hüquqi marağın mövcudluğunu birbaşa müəyyən edir.
51. Bir daha qeyd olunmalıdır ki, mülki işin müəyyən olunmuş hallarına əsasən iddiaçının tələbi 2010–2014-cü illərdə təhsil aldığı dövrdə ona ödənilməli olan sosial ödənişlərin – aylıq artırılmış təqaüdün, dərslik və ləvazimat üçün müavinətin və məzun olduqda birdəfəlik ödənişin verilməsi ilə bağlıdır.
52. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, istinad olunan Qanunun məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin etməkdir. Bu təminatlar həmin şəxslərin təhsil aldıqları dövrdə sosial rifahını yaxşılaşdırmağa yönəlmişdir. Bu sosial təminatlar konkret dövr – yəni şəxsin təhsil aldığı müddət üçün nəzərdə tutulmuş və həmin dövrdə onun sosial ehtiyaclarının qarşılanmasına xidmət etmişdir.
53. Kollegiya qeyd edir ki, bu təminatlar davamlı və qeyri-məhdud hüquq deyil, konkret hüquqi status və həmin statusun təsdiqi ilə bağlı prosedurlar çərçivəsində həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı 2010–2014-cü illərdə müvafiq statusa malik olmuş, lakin həmin statusu təsdiq edən sənədləri təhsil müəssisəsinə təqdim etməsi sübuta yetirilməmişdir.
54. Eyni zamanda iddiaçı həmin dövrdə və ya dərhal sonrasında da bu ödənişlərin verilməməsi ilə bağlı müvafiq orqanlara müraciət etməmişdir. (Apellyasiya şikayətinin məzmunundan və apellyatorun izahatından məlum olur ki, iddiaçı artıq bu barədə 2017-ci ildə məlumatlı olmuşdur)
55. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uzun müddət ərzində (təxminən 10 ildən artıq) hərəkətsiz qalması və hüquqlarının müdafiəsi üçün vaxtında müraciət etməməsi hüquqlardan səmərəli və vicdanlı istifadə prinsipi ilə uzlaşmır. Bu davranış iddiaçının həmin dövrdə bu ödənişlərə real və aktual ehtiyacının olub-olmaması barədə də şübhə yaradır və sosial təminat institutunun məqsədinə uyğun gəlmir.
56. Nəticə etibarilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hazırkı mərhələdə irəli sürdüyü tələb sosial təminatın ilkin məqsədindən kənara çıxır və hüquqi marağın aktuallığı şübhə altına düşür.
57. Hazırkı işdə iddiaçı uzun müddət ərzində tələbini irəli sürmədiyindən və zəruri hüquqi addımlar atmadığından onun həmin ödənişləri alacağına dair əsaslandırılmış qanuni gözləntisi formalaşmamışdır. Bu səbəbdən iddiaçının tələbi hüququn müdafiəsi kontekstində qorunan “qanuni gözlənti” kimi qiymətləndirilə bilməz.
58. Qeyd olunmalıdır ki, sosial təminat institutları məhz ehtiyacın mövcud olduğu dövrdə tətbiq edilmək üçün nəzərdə tutulur. Uzun illər sonra irəli sürülən tələblərin təmin edilməsi həmin institutun məqsədinə uyğun sayılmır. Belə hüquq institutlarının əsas məqsədi həmin şəxslərə məhz ehtiyac duyduqları dövrdə sosial dəstək göstərməkdir. Uzun illər sonra irəli sürülən tələblərin təmin edilməsi isə bu institutun mahiyyəti ilə uzlaşmır.
59. Hüququn yarandığı tarix ilə onun həyata keçirilməsi üçün müraciət edilən tarix arasında keçən uzun zaman kəsiyi həlledici əhəmiyyət daşıyır və bu cür gecikmiş tələblərin təmin edilməsi sosial institutun məqsədini aradan qaldırır.
60. Bu hüquqi yanaşmadan çıxış edərək qeyd olunmalıdır ki, iddiaçı tərəfindən tələb olunan ödənişlər onun təhsil aldığı dövrdə – yəni sosial müdafiəyə real ehtiyac duyduğu mərhələdə təmin edilməli idi. Həmin ödənişlərin illər sonra, artıq həmin sosial münasibətlər başa çatdıqdan sonra tələb edilməsi bu institutun funksional məqsədinə uyğun gəlmir.
61. Digər tərəfdən, cavabdeh təhsil müəssisəsinin büdcə və maliyyə mexanizmləri də illik smeta əsasında formalaşır və yalnız həmin dövr üçün nəzərdə tutulmuş xərcləri əhatə edir. Keçmiş illərə aid, əvvəlcədən planlaşdırılmamış və hüquqi əsaslarla rəsmiləşdirilməmiş öhdəliklərin sonradan həmin qurumun üzərinə qoyulması hüquqi müəyyənlik prinsipini pozar.
62. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının statusu tanınsa da, həmin status üzrə hüquqların realizəsi üçün zəruri prosedur hərəkətləri vaxtında həyata keçirilməmiş, uzun müddət keçdikdən sonra irəli sürülən tələb sosial təminat institutunun məqsədinə uyğun gəlmir.
63. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə hüquqi baxımdan əsaslı hesab olunur və apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcud deyildir.
64. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, 2(078)-1540/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.