Məhkəmə qərarları › İş №2(3-1)-63/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-63/2026

28.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-63/2026 28.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: zaminin reqres hüququ, müştərək borcluluq, daxili borc bölgüsü, estoppel prinsipi və müharibə veteranının dövlət rüsumundan azad olunması) cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Iddiaçı İddiaçı ## ####### 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 3931.55 (üç min doqquz yüz otuz bir manat, əlli beş qəpik) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-03).

b) Iddia tələbinin əsaslandırılması.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N-ci ildə hərbi hissədə birlikdə işlədiyi cavabdeh Cavabdeh ilə razılaşaraq, həm cavabdehin əvvəlki borclarının bağlanması, həm də özünün pula olan ehtiyacının ödənilməsi məqsədilə ## ###### 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən cavabdehin adına götürülmüş 11.500 (on bir min beş yüz) manat məbləğində kredit üzrə zamin durmuşdur. Həmin vəsaitdən cavabdehin əvvəlki 5040 (beş min qırx) manatlıq borcu bağlandıqdan sonra yerdə qalan məbləğin 3500 (üç min beş yüz) manatı ona borc kimi verilmiş, özü isə həmin borcun 600 (altı yüz) manatını hissə-hissə geri qaytarmışdır. Lakin kredit borcu üzrə ödənişlər gecikdirildiyi üçün Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə borcun onlardan müştərək qaydada tutulması qərara alınmış, nəticədə icra prosesi zamanı iddiaçının nağd ödənişləri və əməkhaqqından tutulmalar vasitəsilə ümumilikdə 6831.55 manat (əsas borc, rüsum və icra ödənişi) vəsait xaric edilmişdir. Tutulan bu məbləğin 2900 (iki min doqquz yüz) manatı özünün cavabdehə olan şəxsi borcuna aid olsa da, yerdə qalan 3931.55 (üç min doqquz yüz otuz bir manat, əlli beş qəpik) manat məbləğində vəsaiti məhz zamin qismində cavabdehin öhdəliyini yerinə yetirmək üçün artıq ödəmişdir. Zamin qismində ödədiyi həmin pulunvə hazırkı iddia üzrə ödənilmiş 96.81 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Günay Ismayıl) ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 3483.55 (üç min dörd yüz səksən üç manat, əlli beş qəpik) manat məbləğində pulun və 85.77 (səksən beş manat, yetmiş yeddi qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdi (iş vərəqə 105-111).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Birinci instansiya məhkəməsi işin hallarını, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları təhlil edərək müəyyən etmişdir ki, Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 7180.75 manat borcun tutulması icraya yönəldikdən sonra, zamin İddiaçı aylıq pul təminatından 2023-cü ilin oktyabr ayından 2025-ci ilin may ayına qədər ümumilikdə 5874.55 manat kredit borcu və 509.18 manat icra ödənişi olmaqla, cəmi 6383.73 manat tutulmuşdur. Məhkəmə iddiaçının 357 manatlıq əlavə ödəniş iddiasını sübuta yetirilmədiyi üçün rədd etsə də, cavabdeh tərəfindən iddiaçıya verilmiş 3500 manat borcdan 600 manatının geri qaytarılması faktını (yerdə qalan 2900 manat borcu) nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əməkhaqqından tutulan 5874.55 manatdan öz şəxsi borcu olan 2900 manat çıxıldıqdan sonra yerdə qalan 2974.55 manat birbaşa cavabdehin əvəzinə zamin qismində ödənilmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdeh borcu könüllü icra müddətində ödəməyərək iddiaçının 509.18 manat məbləğində icra ödənişi tutulmasına, yəni əlavə zərərə uğramasına səbəb olduğu üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələblərinə əsasən həmin zərər də cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə iddiaçının regress hüququndan irəli gələn tələbini ümumilikdə 3483.73 manat (2974.55 + 509.18) məbləğində əsaslı hesab etmişdi

d) Yekun məhkəmə aktında yol verilmiş yanlışlığın düzəldilməsi

5. Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Məhkəmənin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək Cavabdeh 3483.55 (üç min dörd yüz səksən üç manat, əlli beş qəpik) manat məbləğində pulun və 52.55 (əlli iki manat, əlli beş qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır (iş vərəqə 45 -147).

II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.

6. Cavabdehin nümayəndəsi Nümayəndə ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və tələb olunan pulun 1020 (bir min iyirmi) manat həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 118-123).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

7. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Imranın zaminliyi ilə 18 aylıq müddətə kredit go tu rmu şdu r. Həmin kreditin məbləğinin nə qədər oldug unu bilməyib. Kreditin bitməsinə az bir mu ddət qalmış Imran və Röyalın xahişi ilə oğlu Imranın zaminliyi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 11500 manat kredit go tu rərək banka olan əvvəlki borcunu o dədiyini və qalan pulun 4000 manatını Imrana və 4000 manatını isə Ro yala verdiyini, Imranın pulun 2 aylıg ını, yəni 600 manatı o dədiyini, o dədikdən sonra to rətdiyi og urluq əməlinə go rə sərəncama go tu ru ldu yu nu , Aqilin bankdan krediti 15 faizlə go tu rdu yu nu , bununla da Imranın Aqilə 4944 manat pul o dəməli oldug unu, həmin məbləg dən də 600 manat çıxanda 4344 manat pul qaldıg ını, Imranın 7 ay həbsdə oldug unu, həbsdən çıxdıqdan sonra isə borcunu vermədiyini, buna go rə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən ## ###### 2023-cu il tarixdə oğlu Aqil və Imrana qarşı 7272 manat borcun alınıb ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırıldıg ını, 14 ay Imranın banka pul ödəmədiyini, bankla əlaqə saxladıqda borcun bu qədər müddət gecikdiyi halda 15 faizin üzərinə 10 faiz də əlavə gəldiyini və 25 faizdən borcun hesablandıg ını bildirdiklərini, beləcə 4344 manat borcun 14 ay ərzində 25 faizdən hesabladıqda 1268 manat pul etdiyini və həmin faiz borcunun isə əsas borcla birlikdə 5612 manat oldug unu, yuxarıda qeyd etdiyi 7272 manatdan isə həmin pul çıxıldıqda Aqilin 1660 manat borcunun qaldıg ını, Aqilin pensiyasından 3 ay 80 manat, qalan aylar isə 40 manat olmaqla, ümumilikdə 640 manat pul tutulmuşdur. Haliyədə Aqilin 1020 manat borcu qalmışdır. Buna baxmayaraq məhkəmə işə faktiki hallara görə qiymət verməmiş, nəticədə 3483.55 (üç min dörd yüz səksən üç manat, əlli beş qəpik) manat məbləğində pulun Aqildən tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir.

8. Məhkəmədə cavabdehin 1660 manat borcunun qaldığını, onun pensiyasından 3 ay 80 manat, qalan aylar isə 40 manat pul çıxıldığını, ümumilikdə cavabdehin kartından 640 manat pul tutulduğunu, haliyədə cavabdehin iddiaçıya 1020 manat borcu qaldığını bildirərək, cavabdehin ödədiyi pullara dair hesabdan çıxarışı məhkəməyə təqdim etmək istəsə də, məhkəmə əsassız olaraq hesabdan çıxarışı iş materialına əlavə etməkdən imtina edərək, işin araşdırılmasında maraqlı olmamış, işin faktiki hallarına görə deyil, iddiaçının şəxsi mülahizəsinə əsaslanaraq onun mənafeyinə uyğun qətnamə qəbul etmişdir.

9. Həmçinin iddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında cavabdehin ona 3500 manat pul verdiyini, həmin kreditin 600 manatını ödədiyini, qalan 2900 manati isə məhkəmə qətnaməsi ilə banka ödədiyini bildirmişdir. Lakin məhkəmədə buna etiraz edərək 14 ay Imranın banka pul ödəmədiyini, bankla əlaqə saxladıqda borcun bu qədər müddət gecikdiyi halda 15 faizin üzərinə 10 faiz də əlavə gəldiyini və 25 faizdən borcun hesablandığını bildirsə də məhkəmə qətnamədə 2900 manat borc pula görə əlavə faiz hesablanmasına dair razılığın mövcud olmasının müəyyən olunmadığını, bununla bağlı məhkəməyə sübutlar təqdim olunmadığını bildirmişdir. Halbuki, kredit müqaviləsində verilən kreditə görə əlavə illik 15 faiz pulun ödənilməsi qeyd edilmiş, iddiaçı isə zaminlik müqaviləsini imzalamaqla bilavasitə üzərinə bununla bağlı öhdəlik götürmüşdür. Həmçinin iddiaçının cavabdehə borclu olduğu pula görə faiz hesablanmaması ilə bağlı düzgün qənaətə gəlmədiyindən, işin faktiki hallarına da düzgün qiymət verməmişdir.

10. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 76-cı və 174.2-ci maddələrinə istinad etmişdi.

c) Apellyasiya şikayətinin icraata qəbul edilməsi.

11. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## #### 2026-cı ildə daxil olmuş və ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Izahatlar və prosesin gedişatı.

13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək,verdiyi izahatında qeyd etmişdi ki, iddiaçı İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında da bankdan kredit götürmək istədiyini, lakin bunun mümkün olmadığını bildirmişdir. Övladının sağlamlığında problemlər olduğu üçün onu müalicə etdirmək məqsədilə kreditin verilməsi üçün bir neçə şəxsdən xahiş etmişdir. Kredit verildikdən sonra övladını müalicə etdirmişdir. Iddiaçı isə onun oğlundan kredit götürərək ona 4000 manat verməsini xahiş etmiş və faizləri özünün ödəyəcəyini demişdir. Ümumi məbləğ 4940 manat təşkil edirdi, iddiaçı iki ay ödəniş etdikdən sonra ümumi məbləğdən 4340 manat qalmışdır. Iddiaçı bankomatdan oğurluq etdiyinə görə 14 ay müddətinə həbs edilmişdir. Bank həmin müddətdə verilən kreditin faizini 15 faizdən 25 faizə dəyişmiş, buna görə də qeyd edilən məbləğin üzərinə 1260 manat əlavə olunmuşdur. Beləliklə, iddiaçının ümumi borcu 5600 manat olmuşdur. Nümayəndənin övladı iddiaçı ilə birlikdə borcla bağlı ödənişlər etmiş, öz veteranlıq təqaüdündən banka hər ay 40 manat kredit ödəmişdir. Həmin borcdan 600 manatdan çox pul ödənilmişdir. Hazırda oğlunun İddiaçı 1200 manat borcu qalmışdır. Iddiaçı həbs olunduqdan sonra övladı banka olan borcu bir müddət ödəmiş, lakin qalan borcu ödəməyəcəyini, iddiaçının həbsdən çıxdıqdan sonra kimin kimə nə qədər borcu olmasını müəyyən edərək pulun ödənilməsini bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçının mübahisə ilə bağlı şahidinin olmadığını, 3500 manat pul tələbinin isə əsassız olduğunu bildirmişdir.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

15. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

IV. Işin halları:

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:

17. - Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ## ###### 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında IK******* nömrəli kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən bankın Cavabdeh illik 15 faiz olmaqla, 24 ay müddətində 11500 (on bir min beş yüz) manat məbləğində kreditin verilməsi ilə bağlı müqavilə tərəflərinin razılığa gəlməsi (iş vərəqə 08);

18. - Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən, həmçinin ## ###### 2022-ci il tarixli, *******/***** nömrəli zaminlik müqaviləsindən eyni tarixli, IK******* nömrəli kredit müqaviləsi üzrə borcalanın - Cavabdeh bank qarşısında olan əsas öhdəliyinin icrasının təminatı üsulu kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsinin bağlanması (iş vərəqə 04-05);

19. - Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə ## ### 2023-cü ildə müraciət etməsi, onun tələbinin təmin edilməsi və ## ###### 2022-ci il tarixli, IK******* nömrəli kredit müqaviləsi üzrə 6820.08 (altı min səkkiz yüz iyirmi manat, səkkiz qəpik) manat əsas və 360.67 (üç yüz altmış manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7180.75 (yeddi min bir yüz səksən manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcunun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin qət edilməsi (iş vərəqə 06-15)

20. - Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və İddiaçı qarşı borcun tutulmasına dair iddia tələbinə baxılması zamanı məhkəmə hazırlıq iclasında iştirak edən həmin iş üzrə cavabdeh olan (hazırkı iş üzrə iddiaçı) İddiaçı izahatında, Cavabdeh izahatında bildirdiklərinə oxşar izahat verməsi, 2022-ci ilin yanvar ayında pula ehtiyacı olduğunu, özünə kredit götürülməsi üçün arayış verilmədiyini, bunu Aqilə dediyini, aralarında danışaraq Aqilin pulu götürüb ona və Abdullayev Röyala verməsi barədə razılaşdıqlarını, Aqilin bankdan 11500 manat kredit götürdüyünü, həmin puldan Aqilin banka olan 5040 manat borcunun çıxılıb qalan pulun Aqilə verildiyini, sonuncunun isə həmin pulu ona və Röyala verərək 1882 manat faizi, 147 manat sığorta pulunun onlar tərəfindən yarı-yarıya banka verilməsinə dair razılaşdıqlarını, razılaşmalarına əsasən əsas borcun 3640 manat hissəsini özünün, 3000 manat hissəsini isə Röyalın ödəyəcəyini, özü yeddi ay sərəncamda olduğundan əmək haqqı ala bilmədiyini və bu səbəbdən də banka olan borcunu ödəyə bilmədiyini, hazırda olan borcun 4260 manatının özünə, qalan borcun isə Abdullayev Röyala aid olduğunu bildirməsi (iş vərəqə 07);

21. - Babək Rayon Icra və X3 X4 X2 ünvanladığı ## ######## 2023-cü il tarixli məktubundan şöbənin icraatında olan Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli icra sənədinə əsasən borclular İddiaçı və Cavabdeh müştərək qaydada cəmi 7272.55 manat (7180.75 manat borc və 91.80 manat dövlət rüsumu) məbləğində vəsaitin alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin müəyyən edilməsi, "Icra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, borclu İddiaçı əməkhaqqından və ona bərabər tutulan digər gəlirlərindən 50 faiz miqdarında tutquların edilməsi və toplanmış vəsaitin müvafiq icra hesabına köçürülməsinin, əsas borc tam ödənildikdən sonra, icra sənədinin icrası ilə əlaqədar qanunla müəyyən edilmiş 509.08 manat (7% icra ödənişi) və icra hərəkətləri ilə bağlı xərclərin tutulması təmin edilməsinin xahiş edilməsi (iş vərəqə 68)

22. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli məktubundan, Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən MAHXHQ əsgər İddiaçı 2023-cü il oktyabr ayı üzrə 228.65 manat ( 7% icra borcu olmaqla), noyabr ayı üzrə 280.53 manat, həmçinin həmin ayda 19.02 manat ( 7% icra borcu olmaqla), dekabr ayı üzrə 299.53 manat, 2024-cü il fevral ayı üzrə 348 manat, mart ayı üzrə 314 manat, aprel ayı üzrə 348 manat, may ayı üzrə 348 manat, iyun ayı üzrə 348 manat, iyul ayı üzrə 348 manat, avqust ayı üzrə 348 manat, sentyabr ayı üzrə 348 manat, oktyabr ayı üzrə 348 manat, noyabr ayı üzrə 348 manat, dekabr ayı üzrə 340 manat, 2025-ci il yanvar ayı üzrə 348 manat, fevral ayı üzrə 348 manat, mart ayı üzrə 348 manat, aprel ayı üzrə 348 manat, may ayı üzrə 378 manat olmaqla, cəmi 6383.73 manat məbləğində aylıq pul təminatından tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının və Babək Rayon Icra və Probasiya Şöbəsinin hesabına köçürülməsi (iş vərəqə 20);

23. - N nömrəli hərbi hissənin Babək Rayon Icra və Probasiya Şöbəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli məktubundan Babək Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə borclu İddiaçı borcunun tam ödənilməsi, onun pul təminatlarından 5874.55 manat məbləğində əsas kredit borcu və 509.18 manat icra ödənişinin tutulması (iş vərəqə 69);

24. "Elektron məhkəmə" informasiya sistemindən, həmçinin "Zəfər" altsistemindən çıxarılmış məlumatlardan Cavabdeh müharibə veteranı olması aydın olur (iş vərəqə 160- 161).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

28. Cavabdehin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni qismən mübahisələndirir.

29. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının təmin edilmiş hissəsinin ləğv edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

31. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;

32. - 471-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur;

33. - 475.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər;

34. -500.1-ci və 500.2-ci maddələrinin tələbinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir;

35. - 503-cü maddəsi ilə müəyyən edilir ki, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur;

36. -509.1-ci maddəsinə görə birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir;

37. -509.2.-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar;

38. - 509.3-cü maddəsinə görə kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

39. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

40. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

41. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir;

42. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

43. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

45. - 82.3-cü maddəsindən aydın olur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;

46. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

47. - 392.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı:

48. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi

49. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyi tərəflərin üzərinə götürdükləri öhdəliklərin vicdanla icra edilməsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin tərəfindən borclunun öhdəliyinin icra edilməsi qanunvericilikdə reqres hüququnun yaranması ilə nəticələnir.

50. Mülki Məcəllənin 475.1-ci maddəsinin imperativ tələbi ondan ibarətdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu keçid zaminə borcludan həm əsas məbləği, həm də borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərlərin əvəzini tələb etmək hüququ verir.

51. Iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış rəsmi kredit müqaviləsində borclu qismində Cavabdeh, zamin qismində isə İddiaçı çıxış etsə də, faktiki olaraq həmin vəsait tərəflər arasında daxili razılaşma əsasında bölüşdürülmüşdür. Müəyyən edilmişdir ki, 11.500 (on bir min beş yüz) manatlıq kredit vəsaitinin təqribən 5040 (beş min qırx) manatı birbaşa cavabdeh Cavabdeh köhnə borclarına yönəlmiş, qalan məbləğdən isə 3500 (üç min beş yüz) manatı iddiaçı İddiaçı, bir hissəsi isə kənar şəxsə (Röyala) verilmişdir.

52. Kollegiya hesab edir ki, tərəflər arasındakı bu daxili borc bölgüsü onların bir-biri qarşısında yaranan qarşılıqlı tələblərinin həcmini müəyyən edən əsas faktiki haldır. Baxmayaraq ki, bank qarşısında zamin qismində çıxış edən İddiaçı, daxili münasibətlərdə həm də həmin əsas borc məbləğinin müəyyən hissəsinin (3500 manatın) faktiki istifadəçisi və borclusu statusunda olmuşdu.

53. Birinci instansiya məhkəməsi iddiaçının kreditin 3500 manatlıq hissəsini öz borcu kimi qəbul etməsini əsas götürərək, tutulan cəmi məbləğdən bu rəqəmi çıxmaqla qənaətə gəlmişdir. Lakin kollegiya hesab edir ki, məbləğlərin hesablanması zamanı iddiaçının Babək Rayon Məhkəməsində baxılmış əvvəlki (*(***)-***/**** nömrəli) iş üzrə verdiyi rəsmi izahatlar mütləq qaydada nəzərə alınmalı idi.

54. Belə ki, həmin məhkəmə icraatında İddiaçı izahatında özü etiraf etmişdir ki, faizlər və digər xərclər daxil olmaqla onun payına düşən borc öhdəliyi 4260 (dörd min iki yüz altmış) manatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin müvafiq şərhinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş və tərəf tərəfindən etiraf edilmiş bu fakt yenidən sübut edilmir və mübahisələndirilə bilməz. Buna görə də, riyazi hesablamalar iddiaçının özünün müəyyən etdiyi 4260 (dörd min iki yüz altmış) manatlıq öhdəlik həddi üzərindən aparılmalıdır.

55. Kollegiya vurğulayır ki, iddiaçının *(***)-***/**** nömrəli iş üzrə verdiyi "hazırda 4260 manat borcum var" ifadəsi, həmin vaxt onun əleyhinə olan bir faktın könüllü etirafı xarakteri daşıyırdı. Məhkəmə təcrübəsində bir şəxs hüquqi nəticə doğuran prosesdə öz ziyanına olan halı təsdiq edirsə, bu izahat sonradan öz xeyrinə verdiyi izahatdan daha yüksək sübutedici qüvvəyə malik hesab olunur. Çünki şəxsin öz əleyhinə həqiqətəuyğun olmayan məlumat verməsində heç bir marağı yoxdur.

56. Digər tərəfdən, burada "Estoppel" (ziddiyyətli davranışın qadağan olunması) prinsipi tətbiq edilməlidir. Bu prinsipə görə, tərəf bir məhkəmə icraatında müəyyən bir faktı təsdiq edib, həmin faktın hüquqi nəticələrindən istifadə etdikdən sonra, digər məhkəmə icraatında öz əvvəlki mövqeyinə zidd çıxış edərək daha əlverişli vəziyyət yaratmağa çalışa bilməz. Iddiaçının 2023-cü ildəki rəsmi izahatı Cavabdeh tərəfindən ağlabatan etimadla qəbul edilmiş bir mövqedir və bu etimad hüquq cəhətdən qorunur.

57. Həmçinin, Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbi yalnız məhkəmənin gəldiyi nəticəni deyil, həm də tərəflərin həmin işdə mübahisələndirmədiyi və qəbul etdiyi faktiki halları əhatə edir. Iddiaçının hazırkı iş üzrə iddia ərizəsində borcu 3500 manat (faizsiz) kimi göstərməsi, sadəcə onun hazırkı iddia strategiyasına uyğun bir subyektiv mülahizədir. Lakin 2023-cü ildəki izahat işin faktiki halları hələ təzə olduğu və tərəflər arasında daxili hesablaşmanın təfərrüatları tam müzakirə edildiyi vaxtda verildiyi üçün daha obyektiv və gerçək iradəni əks etdirən sübut kimi qiymətləndirilir.

58. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının sonradan öz xeyrinə dəyişdirdiyi rəqəmlər deyil, məhz borcun yaranma anına daha yaxın vaxtda və məhkəmə qarşısında rəsmi şəkildə etiraf etdiyi 4260 manatlıq məbləğ hesablamalar üçün yeganə mötəbər çıxış nöqtəsi qəbul edilməlidir.

59. Kollegiya müəyyən edir ki, tərəflər arasındakı daxili razılaşmaya əsasən, iddiaçı İddiaçı 600 manatlıq ilkin ödənişindən sonra yerdə qalan və onun payına düşən yekun öhdəlik (əsas borc və faizlər daxil olmaqla) 4260 manat təşkil etmişdir. Bu rəqəm cavabdehin əvvəlki məhkəmə icraatındakı izahatları ilə təsdiq olunur və icra sənədi çıxarılan anda iddiaçının bank qarşısında daşımalı olduğu real borc yükünü əks etdirir.

60. Işin sonuncu müəyyən edilmiş faktiki halından yola çıxaraq borcun hesablanmasına gəldikdə iş materiallarına əsasən, icra prosesi zamanı iddiaçı İddiaçı əmək haqqından ümumilikdə 6383.73 manat (5874.55 manat əsas borc və 509.18 manat icra ödənişi) vəsait tutulmuşdur. Cavabdeh müharibə veteranı olduğundan əvvəlki qətnamə üzrə müəyyən edilmiş 91.80 manat dövlət rüsumu məhz İddiaçı öz öhdəliyi hesab edilir. Beləliklə, iddiaçının öz payına düşən borcu tam bağlaması üçün ondan tutulmalı olan cəmi məbləğ 4351.80 manat (4260 + 91.80) olmalı idi. Bu halda iddiaçının cavabdehin əvəzinə ödədiyi (reqres hüququ yaradan) məbləğ belə hesablanır - İddiaçı faktiki tutulan cəmi məbləğdən (6383.73 manat) onun özünə aid olan ümumi pul (4351.80 manat) çıxılır (6383.73 - 4351.80 = 2031.93 manat).

61. Aparılmış hesablamanın nəticəsi olaraq kollegiya belə qənaətə gəlir ki, iddiaçı zamin qismində cavabdehin əvəzinə banka və icra qurumuna cəmi 2031.93 manat artıq ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci və 509.1-ci maddələrinə əsasən, həmin məbləğ cavabdeh Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır.

62. Birinci instansiya məhkəməsi isə iddiaçının öhdəliyini yalnız 3500 manat (əsas borc) kimi qəbul etməklə və onu faiz öhdəliyindən azad etməklə maddi hüquq normalarını yanlış tətbiq etmişdir. Kollegiya vurğulayır ki, kredit vəsaitindən istifadə edən şəxs (iddiaçı), həmin vəsaitin bank tərəfindən müəyyən edilmiş faiz xərclərini də öz payına mütənasib qaydada daşımalıdır. Iddiaçının əvvəlki məhkəmədə bildirdiyi 4260 manatlıq məbləğ məhz bu faizləri ehtiva edən dürüstləşdirilmiş rəqəmdir.

63. Eyni zamanda, cavabdehin "25 faizdən borcun hesablanması" və "faiz üzərinə faiz gəlməsi" barədə apellyasiya şikayətindəki dəlilləri müvafiq bank çıxarışları və ya rəsmi sənədlərlə tam sübuta yetirilmədiyi üçün, kollegiya hesablamanı tərəflərin ilkin etirafları və icra sənədlərində əks olunan real tutulmalar əsasında aparmağı daha ədalətli hesab edir.

64. Icra ödənişinə (509.18 manat) gəldikdə isə, bu məbləğ borcun könüllü icra müddətində ödənilməməsinə görə tətbiq olunan sanksiyadır. Borcun böyük hissəsi cavabdehə aid olduğu və onun tərəfindən ödənilmədiyi üçün iddiaçının bu xərci çəkməsi birbaşa zərər hesab olunur və reqres tələbinə daxil edilməlidir.

65. Birinci instansiya məhkəməsi tərəflərin əvvəlki prosesdəki etiraflarını və iddiaçının öz payına düşən faiz öhdəliyini (4260 manatın tərkibində olan hissəni) düzgün qiymətləndirmədiyi üçün tutulmalı olan məbləği əsassız olaraq artırmışdır.

66. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü borcun 1020 manat həddində müəyyən edilməsi barədə tələbi mötəbər sübutlarla təsdiq edilmədiyi üçün tam təmin edilə bilməz. Lakin birinci instansiya məhkəməsinin iddiaçının daxili razılaşma üzrə öz öhdəliyinə götürdüyü faiz borclarını (4260 manatlıq real öhdəliyi) nəzərə almaması maddi hüquq normalarının yanlış tətbiqi olduğundan, cavabdehin şikayəti qismən əsaslı hesab edilməli və tutulmalı olan məbləğ 2031.93 manatadək azaldılmalıdır. Bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin qismən təmin edilməsi ilə iş üzrə yeni qətnamənin çıxarılması üçün əsas təşkil edir.

67. Kollegiya müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi hüquq norması pozuntusu yalnız borcun hesablanması ilə məhdudlaşmır, eyni zamanda məhkəmə xərclərinin bölüşdürülməsində prosessual hüquq normasının pozulmasına yol verilmişdi.

68. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

69. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

70. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

71. -119.5-ci maddəsində qeyd edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

72. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

73. Kollegiya müəyyən edir ki, cavabdeh Cavabdeh müharibə veteranı statusu iş materiallarında mövcud olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələbi imperativ xarakter daşıyır və bu kateqoriyadan olan şəxslərin məhkəmədə tərəf qismində çıxış edərkən dövlət rüsumunu ödəməkdən azad olunmasını birbaşa şərtləndirir.

74. Birinci instansiya məhkəməsi nəinki qətnamə çıxararkən bu faktı nəzərə almamış, hətta ## ###### 2026-cı il tarixli "yanlışlığın düzəldilməsi" barədə qərardadı ilə rüsumun miqdarını dəyişsə də, onun cavabdeh tərəfindən ödənilməsi barədə qanuna zidd mövqeyində israr etmişdir. Bu, Mülki-Prosessual Məcəllənin 386-cı maddəsində nəzərdə tutulan "tətbiq edilməli olan qanunun tətbiq edilməməsi" halıdır və qətnamənin bu hissədə ləğvi üçün mütləq əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən həm mahiyyəti üzrə çıxarılmış qətnamədə, həm də prosessual yanlışlığın düzəldilməsinə dair ## ###### 2026-cı il tarixli qərardadda rüsumun cavabdehdən tutulması barədə gəlinən nəticə, maddi hüquq normasının yanlış tətbiqi ilə yanaşı, həm də dövlətin bu qrup şəxslər üçün müəyyən etdiyi sosial-hüquqi təminatların mahiyyətinə ziddir.

75. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı rüsumdan azad olunduqda rüsum cavabdehdən tutulsa da, qanunvericilik cavabdehin özünün rüsumdan azad olduğu hallarda həmin məbləğin onun üzərinə qoyulmasını istisna edir. Belə olan halda, iddia verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən 47,60 (qırx yeddi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır.

76. Habelə apellyasiya şikayəti qismən təmin edildiyindən və cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən apellyasiya şikayətinin verilməsi ilə qanunvericiliklə müəyyən edilmiş məbləğdə - 29.6 (iyirmi doqquz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir.

77. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinin tələbləri baxımından, belə bir vahid nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm borc məbləği, həm də dövlət rüsumu hissəsində işin hallarına uyğun gəlmədiyi və qanun pozuntusuna yol verildiyi üçün ləğv edilməli, yeni qətnamə ilə tələb düzgün müəyyən olunmuş hədlərdə təmin edilməlidir.

78. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

79. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

80. - Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti qismən təmin edilməli;

81. - Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (## ###### 2026-cı il tarixli düzəliş qərardadı da nəzərə alınmaqla) tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı;

82. - İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilməli;

83. - Cavabdeh 2031.93 (iki min otuz bir manat, doxsan üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli;

84. - iddia tələbi pul məbləğinin qalan hissəsinin tutulmasına dair hissədə, həmçinin apellyasiya şikayəti qalan hissədə əsaslı olmadığından rədd edilməli;

85. - cavabdeh Cavabdeh dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı üzərində saxlanılmalı;

86. - apellyasiya şikayəti verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 47,60 (qırx yeddi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı;

87. - cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 29.6 (iyirmi doqquz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir.

88. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

89. Baxılan mübahisə üzrə ümumi iddianın, həmçinin eyni zamanda qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan bu məhkəmə aktından kassasiya şikayəti verilməsinə yol verilmir.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (## ###### 2026-cı il tarixli düzəliş qərardadı da nəzərə alınmaqla) tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh 2031.93 (iki min otuz bir manat, doxsan üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Iddia tələbi pul məbləğinin qalan hissəsinin tutulmasına dair hissədə, həmçinin apellyasiya şikayəti qalan hissədə əsaslı olmadığından rədd edilsin. Cavabdeh Cavabdeh dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı üzərində saxlanılsın. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 47,60 (qırx yeddi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 29.6 (iyirmi doqquz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan ondan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar