Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-86/2026 08.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh2 və cavabdeh1 qarşı pul tələbi (Açar sözlər: pul tələbi, daşınmaz əmlak alqı-satqısı, beh müqaviləsi, imperativ forma tələbi, əqdin etibarsızlığı (əhəmiyyətsiz əqd), restitusiya, maklerin hüquqi statusu (vasitəçi), borclunun risk dairəsi) iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1, cavabdeh cavabdeh2 iştirakları ilə, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 ## ###### 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh cavabdeh1 5000 (beş min) manat pulun alınaraq iddiaçı1, cavabdeh cavabdeh2 11000 (on bir min) manat pulun alınaraq iddiaçı2, cavabdeh cavabdeh1 5000 (beş min) manat pulun alınaraq iddiaçı3 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər (iş vərəqə 01-04).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçılar tələblərini əsaslandıraraq göstərmişlər ki, cavabdeh cavabdeh2 fərdi yaşayış evini satmaq barədə elan vermiş, tərəflər arasında cavabdehin nümayəndəsi (vasitəçisi) makler cavabdeh1 iştirakı ilə evin 35.000 manata satılması barədə şifahi razılıq əldə olunmuşdur. Razılaşmaya əsasən, pulun 21.000 manatı nağd, qalan 14.000 manatı isə ayda 500 manat olmaqla hissə-hissə ödənilməli idi. Bu razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdeh cavabdeh2 göstərişi və razılığı ilə makler cavabdeh1 və birbaşa cavabdehə ümumilikdə 21.000 manat pul ödənilmiş, ödənişlərə dair beh və avans müqavilələri imzalanmışdır. Cavabdeh cavabdeh2 tərəfindən evin sənədləri iddiaçıya təqdim edilmiş, notarial qaydada etibarnamə verilmiş və evin bir otağı iddiaçının istifadəsinə verilərək əşyaları ora yerləşdirilmişdir. Lakin tərəflər arasında qalan pulun ödənilməsindən sonra cavabdehlə onun ailəsinin 1 ay ərzində evi boşaltması barədə razılıq əldə olunsa da, o, götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəzərdə tutulan müddətdə evi boşaltmaqdan imtina edərək iddiaçıları evə buraxmamışdır. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlər nəticəsində məsələnin mülki xarakterli olduğu və məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. Cavabdeh tərəfə göndərilmiş pretenziya məktubları da nəticəsiz qalmışdır.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
3. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Aslan Heydarov) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 5000 (beş min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat məbləğində pul alınıb iddiaçı iddiaçı1, cavabdeh cavabdeh2 11000 (on bir min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində pulun alınıb iddiaçı2, cavabdeh cavabdeh1 5000 (beş min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat məbləğində pul alınıb iddiaçı iddiaçı3 ödənilməsi, cavabdeh2 cavabdeh1 qarşı 11000 (on bir min) manat məbləğində pulun alınması barədə iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdi (iş vərəqə 89-98).
ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
4. Mübahisəyə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, tərəflər arasındakı daşınmaz əmlakın nisyə alqı-satqısı üzrə cavabdeh cavabdeh1 qəbul etdiyi ümumilikdə 10.000 manat avans ödənişinin digər cavabdeh cavabdeh2 verilməsinə dair mötəbər sübut olmadığından həmin məbləğ birbaşa cavabdeh1 tutularaq iddiaçılara qaytarılmalıdır. Daşınmaz əmlakla bağlı bağlanan 11.000 manatlıq beh müqaviləsi isə notarial qaydada təsdiq edilmədiyindən etibarsızdır və tərəflərin faktiki münasibətləri (etibarnamə verilməsi, evə əşya yığılması və nişan edilməsi) pulun cavabdeh2 razılığı ilə qəbul olunduğunu təsdiq etdiyi üçün həmin məbləğ cavabdeh2 alınıb iddiaçı iddiaçı2 qaytarılmalı, ödəniş qəbzləri təqdim edilməyən vəkil xərcləri rədd olunmalı, dövlət rüsumları isə təmin edilmiş tələblərə mütənasib olaraq cavabdehlər arasında bölüşdürülməlidir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.
5. Cavabdeh cavabdeh2 ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv olunmasını və iddianın ona münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 111-118).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
6. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin sözügedən qətnaməsi maddi hüquq normalarının pozulması və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi səbəbindən qanunsuz və əsassızdır. Belə ki, iddiaçılarla onun arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair hər hansı müqavilə və ya beh razılaşması olmamış, iddiaçılar bütün danışıqları birbaşa makler cavabdeh1lə aparmışdırlar. Evin yeni tikiləcək evlə dəyişdirilməsi barədə razılaşma maklerlə əldə edildiyindən, cavabdeh2 iddiaçılardan pul qəbul etməyə heç bir lüzumu və ehtiyacı olmamış, o, pulu götürməkdən imtina edərək iddiaçıları maklerə yönləndirmişdir. Mübahisəli 11.000 manatlıq məbləğ də əsl həqiqətdə ona verilməmiş, sadəcə makler cavabdeh1 ofisində tikiləcək evlə bağlı müzakirə aparılarkən, iddiaçılar tərəfindən sayılaraq birbaşa makler cavabdeh1 ödənilmişdir. Maklerin tərtib etdiyi "avans" müqaviləsində pulu qəbul edən qismində cavabdeh2 adının yazılması və onun bu sənədə imza atması pulu faktiki olaraq aldığını sübut edə bilməz, çünki makler cavabdeh1 də məhkəmə iclasındakı izahatında həmin 11.000 manatın ofisdə onun tərəfindən qəbul edildiyini təsdiqləmişdir. cavabdeh2 iddiaçılara ev satmaq niyyəti olmamış, hazırkı mənzili üzərində sərəncam vermək səlahiyyətini ona 5 ay ərzində yeni ev tikib təhvil verməsi şərtilə maklerə həvalə etdiyini bildirmişdir.
7. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə istinad etmiş, prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlil qeyd etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Işin apellyasiya icraatına qəbulu.
9. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “27” aprel 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ##### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
III. Izahatlar və prosesin gedişi.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, özünə məxsus evi elan vasitəsilə satışa çıxarmışdır. cavabdeh1 köməyi ilə evi internet elanlarına yerləşdirmişdi. Mürsəl ondan evin qiymətini soruşmuş, özü isə evin dəyərinin 60000 manat olduğunu, özünə ya 2 sot torpağın içərisində ev tikilməsini, ya da 60000 manat ödənilməsini bildirmişdir. Mürsəl isə pulu verəcəyini və evin boşaldılmasını ona demişdir. Daha sonra iddiaçılar gələrək evi bəyəndiklərini və onu almaq istədiklərini bildirmişdilər. Iddiaçılar Mürsəlin ofisinə gələrək ona 11000 manat pul vermişlər, bundan sonra Mürsəl ona müqaviləni imzalatmışdır. Bir aydan sonra iddiaçılar gəlib cavabdehə evini aldıqlarını və evi boşaltmalı olduğunu demişlər. Ona evi hansı qiymətə aldıqlarını deməmişlər, sonradan öyrənmişdir ki, evi 35000 manata alıblar. Özünün ərazilərində torpağın sotu 15000 manatdır, özü 7 sot torpağın içərisindəki evi onlara 35000 manata satmazdı. Qarşı tərəf polisə şikayət etsə də, bu, heç bir nəticə verməmişdir. Daha sonra onlar iddia ilə məhkəməyə müraciət etmişlər. Mürsəl birinci instansiya məhkəməsində keçirilən iclaslarda pulu özünün götürdüyünü, lakin sənədi onun imzaladığını bildirmişdi. Buna baxmayaraq, qərar özünün əleyhinə qəbul edilmişdi. Onu aldadaraq özünə məxsus olan evin sənədlərini əlindən almış və evin qapısına yeni kilid vurmuşlar. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, iddianın ona aid hissədə rədd edilməsini və evinin sənədlərinin alınıb özünə verilməsini xahiş edir.
11. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, evin sənədlərini iddiaçılara deyil, Mürsələ vermişdir. Iddiaçıların qızına elçi gələcəyini dedikləri üçün onlara evə əşyalarını gətirməyə icazə vermişdir. Evin kommunal xərclərini təmin etmək məqsədilə 2 aylıq etibarnamə vermişdir. Iddiaçıların nişan tədbiri ona məxsus evdə keçirilməmişdir və buna icazə verməmişdir. Mürsəl ona torpaq alacağını deyib, inandıraraq beh müqaviləsini imzalatmış və iddiaçılardan pulu almışdır. Evin alqı-satqısının aparılması məqsədilə Mürsəlin adına etibarnamə verməmişdir. Mürsəl onu aldatdığı üçün iddiaçılara özünə məxsus ev üzərində sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. Qarşı tərəfə verdiyi etibarnamə 2 ay müddətinə verilmişdi və o, qüvvədən düşmüşdür. Qeyd edilən ev halhazırda özünün mülkiyyətindədir və orada yaşayır.
12. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, cavabdeh cavabdeh2 almaq istədikləri evin sahibi olduğu üçün ona müraciət etmişlər. cavabdeh2 isə onları digər cavabdeh cavabdeh1 yönəltmişdir. Özlərinə dəyən ziyandan 11000 manatlıq hissəni də cavabdeh cavabdeh2 ödəməlidir. Cavabdeh onlara pulu cavabdeh1 vermələrini və Mürsəlin ona ev tikdiyini bildirmişdir. Cavabdeh cavabdeh2 digər müqavilələrdə imzası o, həmin vaxt işdə olduğu üçün olmamışdır. Cavabdehin özü də, həyat yoldaşı da Mürsələ etimad etdiklərini, evin alqı-satqı məsələsini onunla danışmalarını və evin də artıq onların olduğunu bildiriblər. Bununla bağlı evin sənədlərini onlara vermişlər və müvafiq addımların atılması üçün iddiaçının adına etibarnamə verilmişdir. Onlar qarşı tərəfdən sadəcə verdikləri pulu tələb edirlər.
13. Iddiaçı ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, iddia ərizəsini vəkil tərtib etdiyi üçün bütün məbləğin cavabdeh cavabdeh2 alınması qeyd edilməmişdir. Onlara evin kommunal borclarını ödədikdən sonra evi öz adlarına rəsmiləşdirə biləcəkləri deyilmişdi. Qarşı tərəf etibarnaməni evin onlara verildiyini təsdiq etmək üçün vermişdi.
14. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, ki, Evin alınması ilə bağlı 11000 manat pulu Mürsəlin ofisində Həsənə veriblər və bu zaman Mürsəl də orada idi, Həsən isə evin sənədini ona verib.
15. Iddiaçı ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, qarşı tərəfdən evin alınması zamanı ona ödənilmiş pulu tələb edirlər. Evin alınması ilə bağlı 11000 manat pulu sayaraq cavabdeh cavabdeh2 özü şəxsən verib. Özü pulu verdikdən sonra cavabdehin pul ilə nə etdiyini bilmir, çünki onlar artıq oradan çıxmışlar.
16. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, anasının qarşı tərəfə verdiyi 11000 manatı tələb edirlər. Cavabdeh cavabdeh2 pulun qarşılığında onlara evin pasportunu vermişdi və eyni zamanda o onlara həmin evdə xeyir işlərini keçirməyə icazə vermişdi. Həm də onlar həmin evdə 3 dəfə qonaq qəbul etmişlər və qarşı tərəf onlara əşyalarını yığmaq üçün həmin evdə bir otaq ayırmışdı.
17. Iddiaçı ona verilmiş suala cavab olaraq qeyd etmişdi ki, özlərinin əşyaları hələ də həmin evdədir.
18. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında (vaxtında) iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
19. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. IV. Işin halları:
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
21. - Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli məktubundan ünvan 2 ünvanında 600.17 kvadratmetr torpaq sahəsində yerləşən, ümumi sahəsi 121.17 kvadratmetr olan 3 otaqlı fərdi yaşayış evinin ## ##### 2019-cu il tarixdə Naxçıvan şəhər * saylı notariat ofisində qeydiyyata alınan *V-** nömrəli vərəsəlik şəhadətnaməsi əsasında ## ### 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdeh2 adına qeydiyyata alınması (iş vərəqə 26);
22. - ## #### 2025-ci il tarixli avans müqaviləsindən iddiaçı1 tərəfindən cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzil üçün 5000 (beş min) manat məbləğində ödəniş etməsi (iş vərəqə 23);
23. - ## #### 2025-ci il tarixli beh müqaviləsindən beh verən iddiaçı2 tərəfindən ev alqısatqısı müqaviləsi üzrə verəcəyi ödənişlərin hesabına beh alan cavabdeh2 vasitəçi cavabdeh1 iştirakı ilə 11000 (on bir min) manat məbləğində nağd pul ödəməsi (iş vərəqə 25);
24. - ## ##### 2025-ci il tarixli, AR-III seriyalı, ****** nömrəli etibarnamədən cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərin hazırlanması və daşınmaz əmlaka sərəncam verilməsi məqsədilə iddiaçı iddiaçı3 ## #### 2025-ci il tarixinədək qüvvədə olan rəsmi nümayəndəlik səlahiyyəti verməsi (iş vərəqə 15);
25. - ## ### 2025-ci il tarixli avans müqaviləsindən alıcı iddiaçı3 tərəfindən ev alqı-satqısı üçün vasitəçi cavabdeh1 iştirakı ilə 5000 (beş min) manat məbləğində pul vəsaitinin avans olaraq ödənilməsi (iş vərəqə 24);
26. - ## #### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan vətəndaş iddiaçı3 cavabdeh1 və cavabdeh2 21.000 manat pulu alaraq evi vermədikləri barədə şikayəti üzrə Naxçıvan Şəhər Polis Idarəsinin Istintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılması, tərəflər arasındakı mübahisənin əmlak alqı-satqısından irəli gələn mülki hüquqi xarakter daşıması və tərkibində cinayət əlamətlərinin olmaması səbəbindən cinayət işinin başlanılmasının rədd edilməsi və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun izah olunması (iş vərəqə 28-30);
27. - ## ######## 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan vətəndaş iddiaçı2 ev almaq məqsədilə 21.000 manat beh ödənişi etdiyi cavabdeh2 evi satmaması və əşyalarını götürməyə gedərkən aralarında baş vermiş mübahisə zamanı onu döyməsi barədə "102" xidmətinə etdiyi müraciəti üzrə Naxçıvan Şəhər Polis Idarəsinin Istintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparıldığı, keçirilmiş məhkəmə-tibb ekspertizası rəyinə və yenidən alınan izahatlara əsasən döymə faktının təsdiqini tapmadığı, xəsarətin (başın ənsə nahiyəsinin qançır halında şişkinliyi) mübahisə zamanı arxaya çəkilərkən başın divara dəyməsi nəticəsində ehtiyatsızlıqdan yarandığı və tərkibində cinayət əlamətləri olmadığı üçün cinayət işinin başlanılmasının rədd edildiyi aydın olur (iş vərəqə 81- 84).
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini cavabdeh cavabdeh2 mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Işin materiallarından və verilmiş apellyasiya şikayətindən aydın olur ki, cavabdeh cavabdeh2 sözügedən qətnaməni bütövlükdə deyil, qismən mübahisələndirir. Onun təqdim etdiyi apellyasiya şikayəti, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə onun üzərinə qoyulmuş 11000 (on bir min) manat məbləğində pulun iddiaçı iddiaçı2 ödənilməsi hissəsinin ləğv edilməsinə və iddianın yalnız ona (cavabdeh2) münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinə yönəlmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən qərarlarının tələblərini rəhbər tutaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını tam şəkildə deyil, yalnız cavabdeh cavabdeh2 tərəfindən mübahisə edilən həmin hissənin (11000 manat əsas tələb) hədlərində yoxlamalıdır.
VI. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. -144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır;
32. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;
33. - 329.1 və 329.2-ci maddələrində qeyd edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır;
34. - 337.1-ci və 337.2-ci maddələrinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
35. - 337.5-ci maddəsi ilə müəyyən edilir ki əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
36. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;
37. - 390.2-ci maddəsində qeyd edilir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir;
38. - 394-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir;
39. - 406.1-ci maddəsində göstərilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin;
40. -460.1-ci və 460.3-cü maddələrinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur;
41. - 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir;
42. - 491.2-ci maddəsindən aydın olur ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir;
43. - 492.1-ci maddəsinin tələbinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır;
44. - 492.2-ci maddəsinin tələbinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
45. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
46. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
47. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
48. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
49. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
50. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktları:
51. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
52. Kollegiya mülki iş materiallarını, verilmiş apellyasiya şikayətini, həmçinin işdə olan sübutları qarşılıqlı şəkildə öyrənərək qeyd edir ki, hazırkı mübahisə mahiyyəti etibarilə daşınmaz əmlakın (fərdi yaşayış evinin) gələcəkdə nisyə alqı-satqısının təmin edilməsi məqsədilə mülkiyyətçi, alıcılar və vasitəçi (makler) arasında formalaşmış pul-hesablaşma münasibətlərindən və həmin münasibətlərin sonradan pozulması nəticəsində tərəflərin birbirinə qarşı irəli sürdükləri qarşılıqlı pul tələblərindən irəli gəlir.
53. Mülki dövriyyənin azadlığı və müqavilə sərbəstliyi prinsipləri tərəflərə qanunvericiliyə zidd olmayan hər hansı şərtlərlə öhdəliklər yaratmaq hüququ versə də, daşınmaz əmlak bazarı ilə bağlı münasibətlərin spesifikliyi və tərəflərin hüquqi təhlükəsizliyi mülki qanunvericilikdə bu növ əqdlər üçün xüsusi, imperativ xarakterli forma və rəsmiləşdirmə tələblərinin müəyyən edilməsini zəruri qılır. Bu baxımdan, tərəflər arasında yaranmış faktiki münasibətlərə və tətbiq edilən hüquq normalarına düzgün qiymət verilməsi üçün, ilkin olaraq həmin öhdəliklərin hansı hüquqi zəmində formalaşdığı və qanunun tələb etdiyi formaya cavab verib-vermədiyi tam və obyektiv şəkildə aydınlaşdırılmalıdır.
54. Kollegiya vurğulayır ki, mülki mühakimə icraatında ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipləri əsasında həyata keçirilməsi, iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə həm birinci instansiya məhkəməsində tərəflərin fərdi izahatlarının, həm də icraat zamanı əldə olunmuş digər mötəbər materialların (o cümlədən, hüquq-mühafizə orqanlarının araşdırma sənədlərinin) məcmu halında, maddi hüquq normaları ilə qarşılıqlı əlaqədə qiymətləndirilməsini tələb edir.
55. Işin materiallarından müəyyən edilir ki, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı irəli sürdükləri yekun iddia tələbinin mahiyyəti, daşınmaz əmlakın alqı-satqısı məqsədilə hissə-hissə ödənilmiş və cavabdehlər tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən geri qaytarılmayan ümumilikdə 21000 (iyirmi bir min) manat məbləğində pul vəsaitinin, habelə buna mütənasib ödənilmiş dövlət rüsumlarının və vəkil xərclərinin tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsindən ibarətdir.
56. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə bu tələbin 10000 (on min) manatlıq hissəsi (iki dəfə 5000 manat avans ödənişləri) və mütənasib dövlət rüsumları birbaşa makler cavabdeh1 tutulmuş və qətnamənin bu hissəsi tərəflərdən hər hansı biri tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Hazırkı apellyasiya baxışında cavabdeh cavabdeh2 mübahisələndirdiyi hissə isə yalnız onun üzərinə qoyulmuş 11000 (on bir min) manat məbləğində pul tələbinin (beh müqaviləsi üzrə) iddiaçı iddiaçı2 ödənilməsi hissəsidir.
57. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərində göstərir ki, iddiaçılarla onun arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair hər hansı müqavilə və ya beh razılaşması faktiki olaraq mövcud olmamış, iddiaçılar ev alqı-satqısı ilə bağlı bütün danışıqları birbaşa makler cavabdeh1lə aparmışdırlar. Şikayətçi iddia edir ki, onun iddiaçılardan pul qəbul etməyə heç bir lüzumu və ehtiyacı olmamış, o, pulu götürməkdən imtina edərək iddiaçıları maklerə yönləndirmişdir. Mübahisəli 11000 manatlıq məbləğ də əsl həqiqətdə ona verilməmiş, makler cavabdeh1 ofisində tikiləcək evlə bağlı müzakirə aparılarkən, iddiaçılar tərəfindən sayılaraq birbaşa makler cavabdeh1 ödənilmiş və sonuncu tərəfindən qəbul edilmişdir.
58. cavabdeh2 həmçinin öz mövqeyini onunla əsaslandırır ki, maklerin tərtib etdiyi müqavilədə pulu qəbul edən qismində onun adının yazılması və sənədi imzalaması pulu faktiki olaraq aldığını sübut edə bilməz, çünki digər cavabdeh cavabdeh1 də birinci instansiya məhkəməsində verdiyi izahatında həmin 11000 manat pulun ofisdə onun tərəfindən qəbul edildiyini və özünün fəaliyyətinə (Həsən üçün torpaq alınmasına) xərcləndiyini təsdiq etmişdir. Eyni zamanda, şikayətçi iddiaçıların məhkəmə hazırlıq iclasında "pulları Mürsələ verdik" dediklərini, lakin baxış iclasında ziddiyyətli ifadələr verərək pulu Həsənə təslim etdiklərini bildirməklə həqiqəti gizlətdiklərini qeyd edir.
59. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü bu dəlillərin hüquqi əsaslılığının yoxlanılması və onlara düzgün qiymət verilməsi üçün, ilk növbədə, iddiaçı iddiaçı2 tələbinin maddi-hüquqi əsasını təşkil edən ## #### 2025-ci il tarixli müqavilənin mahiyyətinə və tərəflər arasında yaratdığı hüquqi nəticələrə diqqət yetirilməlidir. Iş materiallarında mövcud olan həmin sənədin məzmunundan aydın görünür ki, o, "Beh müqaviləsi" adı altında tərtib edilmiş və tərəflərin qarşılıqlı iradə ifadəsi ilə rəsmiləşdirilmişdir.
60. Sözügedən müqavilənin şərtlərinə əsasən, beh verən iddiaçı2 ilə beh alan cavabdeh2 arasında Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evinin alqı-satqısı barədə razılıq əldə olunmuş və bu əqddən irəli gələn öhdəliklərin icrasını təmin etmək, habelə müqavilənin bağlanmasını təsdiq etmək məqsədilə 11000 (on bir min) manat məbləğində pul vəsaiti beh qismində müəyyən edilmişdir. Müqavilə mətni mülkiyyətçi cavabdeh2 tərəfindən şəxsən imzalanmış və sənədin üzərinə vasitəçi (makler) cavabdeh1 fərdi möhürü vurulmuşdur.
61. Kollegiya qeyd edir ki, beh mahiyyəti etibarilə həm müqavilənin bağlanması faktını təsdiq edən, həm də gələcək icranı stimullaşdıran təminat üsuludur. Hazırkı mübahisədə iddiaçı iddiaçı2 cavabdeh cavabdeh2 qarşı yönəlmiş 11000 manatlıq pul tələbi də birbaşa bu müqavilə öhdəliyinin icra olunmaması və tərəflər arasında nəzərdə tutulan əsas alqı-satqı müqaviləsinin baş tutmaması faktına əsaslanır. Bu səbəbdən, cavabdehin "ortada ev satışı və ya beh razılaşması olmayıb" mülahizəsi işdə olan bu yazılı sübutun məzmunu ilə tamamilə təkzib olunur.
62. Kollegiya onu da vurğulayır ki, cavabdeh cavabdeh2 "ortada ev satışı və ya beh razılaşması olmayıb, iddiaçılarla mülki-hüquqi münasibətə girməmişəm" barədə apellyasiya şikayətindəki iddiaları iş materiallarında olan rəsmi sənədlərlə tamamilə təkzib olunur. Belə ki, tərəflər arasında adi yazılı formada beh müqaviləsi imzalandıqdan cəmi bir neçə gün sonra, yəni ## ##### 2025-ci il tarixdə cavabdeh cavabdeh2 notariat ofisində iddiaçı iddiaçı3 adına rəsmi etibarnamə rəsmiləşdirmişdir. Sözügedən etibarnamə ilə cavabdeh2 iddiaçıya mübahisəli daşınmaz əmlaka dair sənədlərin hazırlanması ilə yanaşı, həmin daşınmaz əmlaka sərəncam verilməsi (satılması) məqsədilə rəsmi nümayəndəlik səlahiyyəti ötürmüşdür. Bu faktiki hal və cavabdehin məhkəmə iclas protokollarındakı "Bəli, mən evi satmaq istəyirdim" etirafı (iş vərəqə 87) birgə qiymətləndirildikdə sübut edir ki, tərəflər arasında real bir mülkihüquqi münasibət formalaşmış, beh müqaviləsi məhz bu məqsədlə imzalanmış və etibarnamənin verilməsi ilə müqavilənin faktiki icrasına başlanılmışdır.
63. Belə olan halda, hazırkı mübahisənin düzgün və ədalətli hüquqi həlli üçün iddiaçıların tələbinin əsaslandığı həmin müqavilə münasibətlərinin etibarlı olub-olmaması məsələsinə mülki qanunvericilik prizmasından yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarında qeyd edildiyi kimi, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Daşınmaz əmlakla bağlı münasibətləri tənzimləyən mülki normalar bu növ əqdlər üçün xüsusi, imperativ forma müəyyən edir. Mülki Məcəllənin 491.2ci maddəsinin birbaşa tələbinə görə, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, mütləq notariat qaydasında təsdiq edilməlidir. Həmçinin mülki qanunvericiliyin 394-cü maddəsi də daşınmaz əşyaya mülkiyyət hüququnun digər tərəfə verilməsi barədə öhdəlik yaradan müqavilələrin notariat qaydasında təsdiqlənməsini məcburi (imperativ) şərt kimi irəli sürür.
65. Iş materiallarında mövcud olan ## #### 2025-ci il tarixli "Beh müqaviləsi"nin notariat qaydasında təsdiq edilmədiyi mübahisəsiz fakt olduğundan, Mülki Məcəllənin 491.2-ci maddəsinin qeyd edilən birbaşa və imperativ tələbinə əsasən, bu müqavilə bağlandığı andan etibarsız (əhəmiyyətsiz) əqd hesab olunur. Belə olan halda, cavabdeh cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü "pul fiziki olaraq mənə daxil olmayıb, makler Mürsəlin əli ilə götürülüb" dəlilinin hüquqi əhəmiyyəti kollegiya tərəfindən araşdırılmalıdır.
66. Kollegiya bildirir ki, mülki hüquqda müqavilə öhdəliyi üzrə məsuliyyət daşıyan subyekt və ya etibarsızlıq nəticəsində yaranan öhdəliklərin subyekti pulun fiziki olaraq kimin əli ilə sayılmasından və ya kimin ofisində ötürülməsindən asılı olaraq deyil, həmin əqdin hüquqi tərəfinin kim olmasından asılı olaraq müəyyən edilir. Sözügedən etibarsız beh müqaviləsinin mətnindən və tərəflərin rəsmi statusundan görünür ki, iddiaçı iddiaçı2 "Beh verən", cavabdeh cavabdeh2 isə birbaşa "Beh alan" (mülkiyyətçi satıcı) qismində çıxış etmiş və hər ikisi müqaviləni şəxsən imzalamışdır.
67. cavabdeh2 ## ###### 2026-cı il tarixli məhkəmə hazırlıq iclasının protokolunda əks olunmuş "Bəli, müqavilədəki imza mənə aiddir. Mənim razılığımla müqavilə bağlanıb" etirafı (iş vərəqə 64), habelə ## #### 2026-cı il tarixli iclasda makler cavabdeh1 "11000 manatı Həsənə verdilər, Həsən də pulun alınmasına razılıq verdi, Həsənin pulun alınmasından xəbəri olub" şəklindəki rəsmi izahatları (iş vərəqə 86-88) sübut edir ki, pul mülkiyyətçi cavabdeh2 hüzurunda, onun razılığı və birbaşa göstərişi ilə qəbul edilmişdir. Pul hüquqi olaraq cavabdeh2 adından və onun öhdəliyinin təminatı hesabına yönəldiyi üçün, həmin məbləğin birbaşa makler tərəfindən götürülməsi və ya sonradan onun daxili münasibətləri əsasında tikintiyə xərclənməsi cavabdeh2 alıcı qarşısında "Beh alan tərəf" statusundan və onun mülki-hüquqi məsuliyyətindən azad edə bilməz. Bu səbəbdən 11000 (on bir min) manatlıq pul tələbinin məhz cavabdeh cavabdeh2 qarşı yönəlməsi tam qanunidir.
68. Beləliklə, Mülki Məcəllənin 491.2-ci maddəsinin imperativ tələbi pozulmaqla bağlanan ## #### 2025-ci il tarixli beh müqaviləsi etibarsız (əhəmiyyətsiz) əqd olduğundan, bu halın mülki-hüquqi nəticələri birbaşa qanunun əks etdirdiyi qaydada həll olunmalıdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur və bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsi isə imperativ qaydada müəyyən edir ki, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur (ikitərəfli restitusiya).
69. Qeyd edilən maddi hüquq normalarının tələbi hazırkı mübahisəyə tətbiq edildikdə, etibarsız əqd əsasında iddiaçı iddiaçı2 cavabdeh cavabdeh2 adına və onun öhdəliyinin icrası üçün qəbul edilmiş 11000 (on bir min) manat məbləğində pul vəsaiti mülki qanunvericiliyin restitusiya qaydalarına əsasən cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, pulun faktiki olaraq digər cavabdeh cavabdeh1 tərəfindən götürülməsi və ya mənimsənilməsi tərəflər arasındakı daxili hüquqi münasibətlərin predmetidir və bu hal birinci instansiya məhkəməsinin düzgün qeyd etdiyi kimi, cavabdeh2 gələcəkdə makler cavabdeh1 qarşı reqress qaydada müstəqil iddia qaldırmaq hüququ verir. Lakin bu daxili münasibət etibarsız əqd üzrə zərərçəkmiş üçüncü şəxs olan alıcının pulunu geri tələb etmək hüququnu məhdudlaşdıra bilməz.
70. Beləliklə, yuxarıda şərh olunan maddi və prosessual hüquq normalarını, işdə olan yazılı sənədləri, məhkəmə protokollarındakı etirafları və tərəflərin faktiki davranışlarını qarşılıqlı əlaqədə qiymətləndirən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları hərtərəfli, tam və obyektiv tədqiq etmiş, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını yerində tətbiq edərək tam qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları formalaşdırmır. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh2 aid olan hissədə) dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
71. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
72. Məhkəmə xərclərinə gəldikdə isə Mülki-Prosessual Məcəllənin:
73. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
74. - 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
75. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərkən ## ##### 2026-cı il tarixli ********** nömrəli qəbzlə 62 (altmış iki) manat 60 qəpik dövlət rüsumu ödənilmişdir. Mülki-Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələrinin imperativ tələblərinə əsasən, apellyasiya şikayəti təmin edilmədiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanıldığından, cavabdeh cavabdeh2 şikayət vermək üçün çəkdiyi həmin məhkəmə xərcləri (dövlət rüsumu) onun öz üzərində saxlanılmalı və iddiaçılardan tutulmamalıdır.
76. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
77. - cavabdeh cavabdeh2 Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli;
78. - Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh cavabdeh2 11000 (on bir min) manat məbləğində pulun alınaraq iddiaçı iddiaçı2 ödənilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalı;
79. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh cavabdeh2 tərəfindən ödənilmiş 62.60 (altmış iki manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
80. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq
qət etdi:
Cavabdeh cavabdeh2 Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh cavabdeh2 11000 (on bir min) manat məbləğində pulun alınaraq iddiaçı iddiaçı2 ödənilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı cavabdeh cavabdeh2 tərəfindən ödənilmiş 62.60 (altmış iki manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev